Kiçik Naxçıvandan başlayan böyük
Qurtuluş
Vaxtilə Ulu Öndər Heydər Əliyevlə görüşən insanların sayı-hesabı yoxdur və onların zərrə-zərrə toplanan xatırələri ucsuz-bucaqsız dənizlər kimi sonsuzluğa qədər uzanır. Bizim Ulu Öndərlə xatirələrimiz ötən əsrin 70-90-cı illərinə təsadüf edir. Yarım əsr öncə 1974-cü ildə o bir qərarı ilə bizim - dostumla mənim bütün həyatımızı dəyişdi.
70-ci illər idi, Bakı
Energetika Texnikumunda oxuyurduq. İki dost - birimiz Qubadan, digərimiz
Ordubaddan idik. Ən maraqlı xatirələrimizi
bölüşərdik, mən yeşiyə alma
düzməyimdən, Paşa da İrəvan bazarına lobya, ərik
çıxarmağından söz salardı. Elə
gələcəyimizə də bazardan baxardıq.
Rusiyaya bir maşın mal vuraq, bir az da gəzək
oraları.
Oxuyub kursdan-kursa keçdikcə gələcəyimizi
düşünür, planlar cızır və
anlayırdıq ki, Rusiya bazarına alma çıxarmaq o qədər
də güclü arzu deyil, daha
üstün dəyərlərə can atmaq
lazımdır. İki dost qərar verdik ki, texnikumu
“qırmızı” diplomla bitirib, bir imtahanla Moskva Energetika
İnistitutuna qəbul oluruq, əla qiymətlərlə
oxuyaraq gedirik Drezden Texniki Universitetinə. Həqiqətən
də əla qiymətlərlə oxuyurduq. Fərqlənmə
diplomu almağımıza az
qalmışdı. Günlərin bir
günü əməlli-başlı dilxor olduq. Sən demə, bizim Moskva Energetika İnistitutunda
oxumağımız mümkün deyil, çünki ora qəbul
olmaq üçün rus dilini bilmək, rus dilində imtahan
vermək lazımdır. Hər ikimiz bu dildən bixəbər
idik... İllər boyu can atdığımız
işıqlı gələcək qaranlığa bələndi
və biz aqibətimizlə barışmaq məcburiyyətində
qaldıq.
Amma qəbul imtahanlarına xeyli
qalmış Azərbaycan KP MK-nın qərarı
çıxdı ki, qəbul imtahanlarında Azərbaycan
dilində imtahan verib yüksək bal
toplayan məzunlar da hamı kimi Sovet İttifaqının ən
güclü ali təhsil müəssisələrinə
oxumağa göndəriləcəklər. Həmin il Ulu Öndərin qərarı ilə Azərbaycandan
keçmiş ittifaqın ən nüfuzlu məktəblərinə
200-ə yaxın tələbə yola düşdü. Biz Heydər Əliyevi o qədər
tanımırdıq, amma o insan bircə qərarı ilə
arzumuza gedən yollara vurulan qıfılları
sındırdığı üçün bizə
hamıdan yaxın oldu. Elə o vaxtdan
yadımızda qeyri-adi insan kimi qalmaqdadır.
Moskvada oxuduğumuz illərdə
də onun diqqəti üstümüzdən əskik
olmadı. Azərbaycandan
bizə gəlib baş çəkirdilər,
maraqlanırdılar və hətta istisna kimi rus dilini bilməyənlər
üçün Moskvanın ali məktəblərində
kurslar təşkil
edilirdi. Dostum Paşanı da iki ildən
sonra Azərbaycandan Drezden Texniki Universitetinə oxumağa
göndərdilər. Təbii ki, bu da Heydər
Əliyevin təhsil siyasətinin sayəsində idi.
Başqa şəhərlərdə ali məktəbləri qurtarıb geri
qayıdan tələbələrin işlə təmin
olunması ilə birbaşa Mərkəzi Komitənin
şöbələri məşğul olurdu. Heydər
Əliyev bütün məsələləri şəxsi nəzarətində
saxlayırdı. Bizim ev növbəsinə
alınmağımızda, işlə təmin
olunmağımızda heç bir problem ola bilməzdi. Bundan başqa, milli kadrların karyerası da Heydər
Əliyevin ciddi nəzarəti altında idi.
Sonra 20 Yanvar faciəsi baş verdi və həyatımızın adi
axarının məcrası dəyişdi. Ulu Öndər Azərbaycana
qayıtdı. Moskvada oxuyanların çoxu
onunla əlaqə saxlamağa çalışır, onu ziyarət
edirdilər. Bu görüşlər bizim
üçün vacib idi. Amma
Naxçıvana gedib onun əlini sıxanda biz bu təmasların
onun özü üçün də zəruri olduğunu
görürdük.
Naxçıvana zəng
vurub onunla bir neçə dəfə telefonda
danışdıq. Bakıda indiki müxalifət at belində
idi. Heydər Əliyevə siyasi oponentləri
aramsız hücumlar edirdi və kimin hansı gücə malik
olduğunu təyin etmək bəziləri üçün
çətin idi. O zaman Ulu Öndərlə
görüşənin başı ağrıya da bilərdi.
Biz Heydər Əliyevlə
görüşmək üçün Naxçıvana
uçduq. Ona görə ki, orada vəziyyət daha ağır
idi. Ulu Öndər bizimlə birlikdə
Türkiyənin millət vəkillərinı də qəbul
etmişdi. O bizi qonaqlarına təqdim etdi. Dedi ki, bu gəncləri
Sovet İttifaqının məşhur universitetlərində
mən oxutmuşam, indi də məni yoluxmağa gəliblər.
Türkiyəli qonaqlar ayrılanda soruşdular ki, Heydər bəy,
bizim başımızın böyüyü Turqut bəyə
çatdırılası sözünüz varmı? Ulu
Öndər cavab verdi ki, sizin Ermənistanla sərhədləriniz
bağlıdır, ermənilərin əli sizə
çatmır deyə bizdən qisas alırlar. Bunu
çatdırın. Türkiyəli millət vəkilləri
deyəndə ki, Turqut bəy bunları çox yaxşı
bilir, Ulu Öndər israr etdi: “Bir də mənim adımdan
deyin”.
Ulu Öndərin başqa bir
jurnalistlə Bakıda görüşü də maraqlı
idi. Röyter agentliyinin Moskva bürosunun rəhbəri
Tim Xyüel 1991-ci ildə Bakıya gəlmişdi. O biləndə
ki, Heydər Əliyevlə əlaqəmiz var, çox sevindi,
görüşmək istədiyini bildirdi. Ulu
Öndərlə əlaqə saxladıq, Röyter agentliyinin əməkdaşının
onunla görüşmək istədiyini bildirdik. O bizə Milli Məclisin binasında iclasdan sonra vaxt
ayırdı. Foyedə pilləkənlərin altında
görüşdük və Tim ilk sualını verdi: “Heydər
Əliyevıç, siz Kommunist Partiyasının
Siyasi Büro üzvlüyündən bu partiyanın
düşməninədək uzun bir həyat yolu
keçmisiniz. Necə fikirləşirsiniz, bu,
bir insan həyatına sığarmı?”
Sual şəxsən mənə
həddən ziyadə ağır təsir etdi. Fikirləşdim
ki, bu, Ulu Öndərin də xoşuna gəlməyə bilər.
Amma əcnəbi jurnalist onu təəccübləndirə
bilmədi, Heydər Əliyev bərkdən şaqqanaq çəkib
güldü, suala da səmimi cavab verdi:
“Bilirsinizmi, əgər mən Kommunist Partiyasının
üzvü olmasaydım, bu vəzifələrə yüksələ
bilməzdim və məni güclü kadr kimi irəli çəkməzdilər.
O zamanlar kommunist ideologiyası güclü idi və məni
güclü kadr kimi irəli çəkirdilər,
hamımız bu ideologiya ilə yaşayırdıq. Lakin illər
dəyişdi, qanlı hadısələr baş verdi və mən bu baş verənləri qəbul
etmədim, etirazımı bildirdim. Mənim
Kommunist Partiyasını tərk etməyim və onun
düşməninə çevrilməyim təbiidir. Çünkü bütün vicdanlı insanlar belə
hərəkət edirdilər”.
Tim Xyüel bütün suallarına ətraflı
cavab aldı, dərin minnətdarlıq hissi ilə Ulu Öndərlə
vidalaşdı.
Tim Xyüel mənə
danışdı ki, Bakıda, demək olar, bütün
siyası partiyaların liderləri ilə
görüşüb, hamıdan ətraflı müsahibələr
götürüb. Soruşdum ki, necə fikirləşirsiniz,
görüşdüyünüz liderlerin içində ən
güclüsü kimdir, kim qalib gələcək.
Onun cavabını unutmaq mümkün deyil, çox
yığcam və lakonik danışdı: “Əmin ola bilərsiniz ki, Heydər Əliyev qalib gələcək,
o cox güclü və heyrətamiz insandır”.
O zaman Heydər Əliyevin hansı
gücə qadir olduğunu bilməyənlər də var idi və
bəzilərinə əvvəllər elə gəlirdi ki, xalq hərəkatının
liderləri ölkənin aqibətini yaxşıya doğru dəyişə
bilən gücə qadirdirlər. Bir neçə
aydan sonra xalqın inamı və qonağımız olan
ingilis jurnalistinin proqnozları özünü doğrultdu.
Ulu
Öndərlə 1992-ci ilin may ayında Naxçıvanda bir
neçə dəfə görüşdük.
Bakıda vəziyyət
ağır idi. Şuşa ermənilərə təslim
edilsə də, bunu bir neçə gün xalqdan gizlətdilər.
Ermənilər isə bütün dünyaya car
çəkdilər ki, dinc erməni əhalisi Şuşaya
evlərinə qayıtdı. Bakıda vəhşi
bir xaos hökm sürürdü. Bəzən
axşam yatanda elə gəlirdi ki, səhər ermənilər
qapını təpiklə sındıracaqlar. Şəhərdə
xaos və müəmmalar hökm sürürdü, hamı bədbinlik
və vahimə içində idi.
Orada olduğumuz günlərdə
aydın görünəni o idi ki, elə bil Bakı bir qədər
başını itirib əyalətə çevrilmişdi,
Naxçıvan isə siyasi hadisələrin
qaynadığı vacib mərkəzə çevrilmişdi. 1992-ci ilin may ayında
Bakıda ordu da, ozamankı iqtidar da şokda idi. Onlar sanki nələrin baş verdiyini
anlamırdılar. Naxçıvanda isə
vəziyyətin mürəkkəb və çıxılmaz
olmasına baxmayaraq, hadisələr idarə olunurdu. İnsanı heyrətləndirən bir
arxayınlıq var idi, hamı sakit və qətiyyətli idi.
Naxçıvan Bakıdan daha fərqli, daha
soyuqqanlı, daha müdrik görünürdü. Bakı qaçqınlar və şayiələrlə
dolu olsa da, Naxçıvanda insanlar cəsarətlə
döyüşürdülər.
Bir neçə günə
“Həyat yolu” körpüsünün tikintisi başa
çatırdı və açılışı olmalı
idi. Buna görə həmin istiqamətdə ermənilər
hücuma keçmişdilər. Onlar nəyin
bahasına olursa-olsun körpünün
açılışını dayandırmaq,
Naxçıvanı Türkiyəyə bağlayan on
kilometrlik yolu ələ keçirmək istəyirdilər.
Düşmən bütün beynəlxalq
normaları pozaraq kimyəvi silah tətbiq etməkdən belə
əl çəkmirdi. O vaxt əməkdaşı
olduğum “WTN” Ümumdünya televiziya xəbərləri
üçün ermənilərin kimyəvi silah tətbiq etməsi
barədə informasiyanı çətinliklə
hazırladıq və bu xəbər 26 dövlətə
yayıldı. Orada olduğumuz müddət ərzində
ən ağır döyüş bölgələrinə
getdik, dağlardakı postlara qalxdıq, gecə yarısı
işığı sönən xəstəxanalarda
aparılan cərrahiyyə əməliyyatlarının
şahidi olduq. Amma hər
yerdə insanları mərd ,
döyüşkən və cəsarətli gördük. Hamı Ulu Öndərin Naxçıvanda olması
ilə fəxr edirdi, hamı ona güvənirdi.
Ermənilər körpünün
mayın 28-nə nəzərdə tutulan
açılışına mane ola bilmədilər.
Süleyman Dəmirəl Heydər Əliyevlə
Milli Məclisdə jurnalistlərlə görüşdü,
sonra böyük bir izdiham Sədərəyə yola
düşdü, körpünün
açılışı Türkiyənin ərazisində
qeyd edildi. İsa
Qənbər Naxçıvana gəlsə də,
gözə dəymədi, dedilər ki, küsüb Bakıya
qayıdıb.
Yaxşı yadımdadır,
jurnalistlərdən biri Ulu Öndərdən soruşmuşdu
ki, siz böyüklükdə insan bu kiçik torpağa necə
sığışırsınız? Heydər
Əliyev gülümsəyərək çavab vermişdi
ki, bu torpaq düşündüyünüz qədər də
kiçik deyil,
Naxçıvanı qucaqlamağa məndən də
böyük insan lazımdır.
Bahadur
İMANQULİYEV
Azərbaycan.- 2021.- 12 dekabr.- S.10.