Heydər Əliyev dühası

 

XX əsr Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Ulu Öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmışdır.

Böyük istedadı və uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ hökumətinin ali hakimiyyət vəzifələrinə qədər yüksəlmiş, türk dünyasının böyük oğlu Heydər Əliyev bu imkanlardan xalqının iqtisadisosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilmişdir. O, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərmişdir.

Bu dünyaşöhrətli dahi şəxsiyyət haqqında dünyanın görkəmli elm, mədəniyyət, siyasət, dövlət xadimləri, diplomatları, hökumət başçıları çox yüksək fikirlər söyləmişlər. Həmin fikirlərdə zəmanəmizin bu nadir şəxsiyyətinin dahiliyi, həm də onun 30 ildən artıq bir dövrdə Azərbaycan tarixində oynadığı rol dəqiq göstərilmiş və yüksək qiymətləndirilmişdir. Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin belə bir fikrini xatırlayaq: “Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin yaradılması, asayişin bərpa olunmasıdır. Bu, asan deyildi. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşım üçün ən vacib şey müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir. Heydər Əliyev öz həyatını təhlükə altına alaraq Azərbaycandakı qardaş qırğınına son qoymuşdur”.

İlk dəfə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olmuşdur. 30 ildən artıq müddəti əhatə edən dövrdə Azərbaycan Respublikasının və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş uğurlar Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə sıx bağlı olmuşdur. Qədirbilən xalqımız öz böyük oğlunun millət naminə gördüyü möhtəşəm işlərə qiymət verərək bu dövrü çox haqlı olaraq Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi dəyərləndirir.

Xalqımızın çətin sınaqlarla qarşılaşdığı həmin dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamış, ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almış, özünün yaratdığı sabitlik və əmin-amanlıq şəraitindən istifadə etməklə misli görünməmiş quruculuq işlərini həyata keçirmişdir.

Vurğulamaq lazımdır ki, Sovetlər İttifaqı dövründə Azərbaycan postsovet məkanında Heydər Əliyevin rəhbərliyi və təşkilatçılıq bacarığı sayəsində misli görünməmiş nailiyyətlər əldə etmiş, həmişə digər respublikalara nümunə olmuşdur. Azərbaycanın sənaye, kənd təsərrüfatı, tikinti, elm, təhsil və səhiyyə sahələrində, sözün əsl mənasında, inqilabi sıçrayışlar baş vermişdir. O illərdə SSRİ-nin birinci şəxsinin söylədiyi “Azərbaycan iri addımlarla irəliləyir” fikri dillər əzbəri idi.

Heydər Əliyevin fəaliyyətinin müəyyən bir dövrü onun Moskva həyatı, Siyasi Bürodakı fəaliyyəti ilə bağlı idi. Moskvada çalışdığı dövrdə o, Azərbaycanı bir an da olsun yaddan çıxarmır, respublikamızın yüksəlişi naminə əlindən gələni əsirgəmirdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın hansı vəziyyətə düşməsi və nə kimi təhlükələrlə üzləşdiyi hamımızın yaxşı yadındadır. Həmin dövrdə Azərbaycanın iqtisadiyyatı dağıdılmlş, ölkədə siyasi böhran ən yüksək həddə çatmış, dövlət müstəqilliyinin itirilməsi üçün real təhlükələr yaranmış, vətəndaşların konstitusion hüquqlarının kütləvi şəkildə pozulması adi hala çevrilmişdi.

Məhz Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin “olum, ya ölüm” dilemması qarşısında qaldığı 1993-cü ildə doğma xalqının israrlı tələbi ilə yenidən hakimiyyətə gələrək ölkənin sükanı arxasında dayandı və müstəqilliyimizin qorunub saxlanmasına nail oldu. Ölkə fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi, böyük quruculuq işlərinə başlanıldı.

 Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi altında ölkəmizin inkişafının sosial-iqtisadi istiqamətləri ilə yanaşı, qanunun aliliyini təmin edən dünyəvi, demokratikhüquqi dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirilmiş, insan və vətəndaş hüquq və azadlıqlarının real təmini üçün bütün lazımi əsaslar yaradılmış, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutmuşdur.

 Heydər Əliyevin ən böyük xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası idi. Ulu Öndər milli Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, Şərqdə ilk dəfə ölüm cəzasını ləğv etdi. Mətbuat üzərində senzura götürüldü. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı - bələdiyyələr yarandı. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, milli diasporumuzun fəaliyyətinin canlandırılması, azərbaycançılıq ideyasının, milli özünüdərkin gücləndirilməsi Ümummilli Lider Heydər Əliyev zəkasının bəhrəsidir.

2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının I qurultayı diasporumuzun formalaşması baxımından Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. 36 ölkədən 406 nümayəndə və 63 qonağın qatıldığı bu mötəbər məclisdə Moldovadan diaspor rəhbəri kimi mən də iştirak edirdim. Qurultayda Heydər Əliyevin dediyi bu fikri heç vaxt unutmuram: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birimizin hüquqlarının qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik. Yaşadığı ölkədə özünəlayiq yer tutmasını istəyirik. Azərbaycanlı həmvətənlərimiz, həmyerlilərimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırsınlar ki, bu gün Azərbaycan nədir, Azərbaycanın gələcəyi nədir?!” Ulu Öndər Heydər Əliyevin bu fikirləri dünya azərbaycanlılarının təşkilatlanması prosesinin tarixi zərurət olduğunu təsdiqləyirdi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyasını işləyib hazırladı. Onun mərhələ-mərhələ həyata keçirilməsi yolundakı maneələr aradan qaldırılmaqla “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələrinin imzalanması və Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu sayəsində Ümumdünya Kommunikasiya Proqramının mühüm tərkib hissəsi olan tarixi İpək Yolunun bərpasına başlanması nəticəsində irimiqyaslı xarici investisiyaların respublikamıza axını başladı, hərtərəfli iqtisadi islahatlar keçirilməklə bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prioritet istiqamətlərə çevrildi

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 illik tarixi bir dövrdə nəhəng quruculuq, misilsiz təşkilatçılıq işləri ilə yanaşı, çox zəngin elmi-nəzəri və mənəvi irs yaratmışdır. Bu zəngin irs ən qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin qızıl fonduna daxil olmuş, milli dövlət quruculuğu prosesində əvəzsiz sərvətə çevrilmişdir.

 Azərbaycan Respublikasının müasir inkişaf mərhələsində Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ edilməsi ölkəmizin bütün vətəndaşlarının, alimlərinin, mütəxəssislərin, o cümlədən dövlətimizin gələcəyi olan gənc nəslin ən əsas vəzifəsidir.

Görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin azərbaycanşünaslığa böyük töhfə kimi qiymətləndirilə biləcək irsi bütövlükdə qədim və müasir tariximizin, milli ideologiyamızın, rəngarəng mədəniyyətimizin və elmimizin müxtəlif sahələrində aparılan sanballı elmi araşdırmaların zəngin metodoloji əsasıdır. Bu, böyük şəxsiyyətin elmi-nəzəri irsi, eyni zamanda müstəqil Azərbaycan dövlətinin qorunması, çiçəklənməsi və daha da inkişaf etdirilməsi üçün elmi baza rolunu oynayır.

Azərbaycanın gələcək inkişaf perspektivlərinin hazırlanmasında və milli tərəqqi konsepsiyasının müəyyənləşdirilməsində Heydər Əliyevin irsi çox zəngin mənəvi sərvətdir. Çünki bu, zamanın diktəsi ilə hazırlanmışdır və xalqımızın müasir tarixinin təcəssümü kimi əvəzsiz dəyərə malikdir.

Ulu Öndər Heydər Əliyev bütün səy və bacarığı ilə dövlətçiliyimizi, müstəqilliyimizi qoruyub saxlamağı bacardı. Azərbaycanın beynəlxalq aləmdəki imicini yüksəltdi. Nəticədə respublikaya külli miqdarda xarici investisiyalar gətirildi və bu, ölkənin inkişafına böyük təkan verdi.

Həyatının və siyasi fəaliyyətinin amalı, qayəsi olan doğma Azərbaycanın tərəqqisi və çiçəklənməsi Ümummilli Lider Heydər Əliyevin fədakar əməyi, böyük zəhməti, fitri istedadı sayəsində mümkün olmuşdur. Onun yaratdığı idarəetmə mexanizmi xalqımızın hələ bundan sonra uzun dövr üçün yaxşı yaşamasını, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcəkdir.

Ümummilli Lider Heydər Əliyev istər 70-80-ci illərdə,istərsə də müstəqillik illərində ölkənin energetika sahəsinə xüsusi qayğı və diqqət göstərmişdir. Bu gün paytaxtımızda və eləcə də regionlarımızda energetika sektorunda müsbət dəyişikliklər baş verir. 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan artıq onun ixracatçısına çevrilib.

Mən bir alim, bir Azərbaycan vətəndaşı kimi qürur hissi keşirirəm ki, işıqlı düha sahibi, bənzərsiz insan, türk dünyasının sevimlisi, iftixarı Heydər Əliyevlə şəxsi görüşüm olub. 1997-ci ilin noyabrında mən Moldovada çalışarkən bu ölkənin Prezidenti Petru Lucinschi ilə birlikdə nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmişdim. Cənab Petru Lucinschiyə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi ilə bağlı keçirilən mərasimdə Heydər Əliyevlə ikilikdə görüşüb söhbət etdik. Ulu Öndər qürbətdə yaşayan bir azərbaycanlı kimi məni çox mehribanlıqla qarşıladı, gələcək fəaliyyətimdə, xüsusilə milli diasporumuzun təşəkkül tapması sahəsində mənə öz tövsiyələrini verdi. Bu tarixi görüş mənim ömür yolumu işıqlandırdı, bundan sonra Vətənə, xalqa, doğma Azərbaycana daha sıx tellərlə bağlandım.

Heydər Əliyev qətiyyət və böyük şəxsiyyət deməkdir. O, Azərbaycan xalqını syasi, iqtisadi, mədəni və mənəvi cəhətdən daha yüksəkliyə qaldırdı.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı idarəçilik məktəbi dövlətimizin davamlı inkişafının qarantıdır və onun gələcək yüksəlişinin işıqlı olacağına heç bir şübhə yeri qoymur. Azərbaycan işıqlı ölkəyə çevrilib. Ulu Öndər Heydər Əliyevin idarəçilik məktəbinin ən layiqli yetişdirməsi olan möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda bərqərar olan siyasi, iqtisadisosial inkişaf siyasətini  uğurla davam etdirməsi hamımızda böyük nikbinlik, gələcəyimizin daha da möhtəşəm olacağına daxili inam hissi yaratmışdır. Azərbaycanın bütün sahələr üzrə beynəlxalq aləmə inteqrasiyası ölkəmizin xoş gələcəyindən, Cənubi Qafqazda liderliyini qoruyub saxlayacağından xəbər verir. Azərbaycan Respublikasının vaxtilə qarşısında duran işsizlik probleminin aradan qaldırılması istiqamətində Prezident cənab İlham Əliyevin apardığı titanik işlər əminlik yaradır ki, yaxın bir neçə il ərzində bu problem də tamamilə həllini tapacaq, insanların həyat tərzi daha da yaxşılaşacaqdır.

Bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin qurduğu dünyəvi və demokratik Azərbaycan dövləti öz tarixinin coşqun yüksəlişi ilə müşayiət olan şərəfli bir dövrünü yaşayır. Bugünkü müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir.

Böyük iftixar hissi ilə qeyd etməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərimizin dövləti idarəetmə ənənələri uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqının parlaq gələcəyinə inamı daha da artırır.

 

Tanrıverdi MUSTAFAYEV,

“Azərişıq” ASC sədrinin müşaviri

 

Azərbaycan.- 2021.- 12 dekabr.- S.11.