Azərbaycanın “yaşıl enerji”sinə beynəlxalq dəstək

 

Ölkəmizdə bu sahədə görülən işlərə xarici şirkətlərin marağı getdikcə artır

 

Bərpaolunan enerjidən istifadə məsələsinə diqqət bütün dünyada olduğu kimi, ölkəmizdə də getdikcə artır. Çünki Azərbaycanın bərpaolunan enerji sahəsini inkişaf etdirmək üçün böyük imkanları var. Xəzər sahilinin və dağlıq bölgələrimizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin təbiəti külək enerjisi layihələrinə geniş meydan verir. Günəş enerjisindən istifadəyə də günəşli diyarımızın bir çox yerlərində əlverişli təbii şərait mövcuddur.

Təsadüfi deyil ki, “ Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioriretlər”də ölkəmizdə “yaşıl enerji”yə geniş yer verilməsi də müəyyənləşdirilib. Prezident İlham Əliyev enerji istehsalı gücündə bərpaolunan enerjinin payının indiki 17,3 faizdən 2030-cu ildə 30 faizə çatdırılmasını qarşıya vəzifə kimi qoyub.

Beynəlxalq enerji şirkətləri Azərbaycanın bu məqsədini dəstəkləyir. Belə deməyə dünyanın bir sıra tanınmış şirkətlərinin bu sahədəki planlarımıza marağının getdikcə artması əsas verir.

Məlumdur ki, indiyədək Səudiyyə Ərəbistanı, Yaponiya, Almaniya, Böyük Britaniya və digər ölkələrin enerji şirkətləri ilə müəyyən layihələrlə bağlı müqavilələr, yaxud danışıqlar, razılaşmalar, fikir mübadilələri olub. Son günlər müvafiq qurumlarda keçirilən bir sıra görüşlərdən məlum olur ki, Azərbaycan bərpaolunan enerji sahəsində də möhkəm beynəlxalq tərəfdaşlıq platforması yarada biləcək. Məsələn, Energetika Nazirliyində Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ilə keçirilən görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinə, o cümlədən energetika sahəsində mövcud əməkdaşlıq münasibətlərinə toxunulub. Neft-qaz sahəsindəki sıx əməkdaşlıqdan danışılmaqla yanaşı, bərpaolunan enerji mənbələrinə keçidin əhəmiyyəti, bu istiqamətdə ölkəmizdə aparılan islahatlar, xüsusilə dənizdə külək enerjisi potensialı, bu resurs hesabına gələcəkdə elektrik enerjisi və “yaşıl hidrogen” istehsalı planları haqqında məlumat verilib. İki ölkə arasında mövcud əməkdaşlığın “yaşıl enerji” sahəsində genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Koreya arasında da energetika sahəsində əməkdaşlıq niyyətləri var. Belə ki, Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bu sahə üzrə əməkdaşlığın hazırkı səviyyəsindən də bəhs olunub. Bildirilib ki, Azərbaycan tarixən karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınsa da, hazırda əsas hədəflərdən biri bərpaolunan enerji mənbələri üzrə qoyuluş gücünün 2030-cu ilədək 30 faizə çatdırılmasıdır. Dövlət başçısı bərpaolunan enerjinin inkişafına xüsusi diqqət yetirir. Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdən biri “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaqdır. Həmçinin işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevirmək üçün mühüm strateji vəzifələr müəyyənləşdirilib. Bu bölgələr enerji tələbatının ödənilməsində bərpaolunan enerji mənbələrindən maksimum istifadə ilə dünyada unikal zona kimi tanınacaq.

Görüşdə həmçinin Xəzər dənizinin külək enerjisi potensialı, bunun sayəsində “yaşıl hidrogen” istehsalı və ixracı perspektivləri haqqında məlumat verilib, müvafiq istiqamətdə əməkdaşlıq imkanlarının olduğu qeyd edilib. Energetika sahəsində qanunvericilik bazasının gücləndirilməsi istiqamətində görülən işlər də qarşı tərəfin diqqətinə çatdırılıb.

 Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin səlahiyyətli nümayəndəsi yeni şimal siyasəti barədə məlumat verərək bildirib ki, siyasətin əhatə etdiyi 14 ölkə sırasında Azərbaycan coğrafi nöqteyi-nəzərdən ən uzaqda yerləşir. Buna baxmayaraq, Koreyanı Azərbaycanla sıx münasibətlər birləşdirir. O, Koreyada enerji siyasəti, bərpaolunan enerji mənbələrindən istifadə və ətraf mühitin qorunması istiqamətində görülmüş işlər haqqında da danışıb. Ölkəsində “yaşıl enerji”, o cümlədən hidrogen enerjisi sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin olduğunu deyərək bu istiqamətdə Azərbaycanın hədəflərinin Koreya şirkətləri ilə əməkdaşlıq üçün potensial yaratdığını qeyd edib.

Görüş zamanı eləcə də “yaşıl enerji” sahəsində fəaliyyət göstərən Koreya şirkətləri üçün ölkəmizdə müvafiq investisiya imkanları haqqında məlumatlandırma tədbirinin əhəmiyyəti vurğulanıb.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının və Fransanın İnkişaf Agentliyinin təmsil olunduğu nümayəndə heyəti ilə Energetika Nazirliyində keçirilən görüşdə də ölkəmizdə bərpaolunan enerji, enerji səmərəliliyi sahələrində görülən işlər və islahatlar barədə məlumat verilib. Azərbaycanda sosial-iqtisadi inkişaf strategiyasının əsasını təşkil edən milli prioritetlər haqqında danışılıb, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi qeyd edilib. Ölkəmizdə bərpaolunan enerjienerji səmərəliliyi sahəsində potensial layihələr barədə konkret təkliflər irəli sürülüb.

“Azərenerji” ASC-də isə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiclə görüşdə iki ölkənin enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr aparılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, elektroenergetika sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi edilib. Eləcə də Xorvatiyanın elektrik avadanlıqları istehsal edən şirkətlərinin imkanları barədə geniş məlumat verilib.

İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad şəhərində keçirilən 15-ci Zirvə Toplantısındakı çıxışında Prezident İlham Əliyev demişdir: “Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir”.

Bərpaolunan enerjidən istifadə istiqamətində atılan addımlar bu sahədəki hədəflərimizə yüksək dəstəyi təmin edəcək.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2021.- 12 dekabr.- S.11.