ÜST-ün Azərbaycan Ofisinin
təşkilatçılığı ilə Gəncədə konfrans keçirilmişdir
Gəncə Tibb Kollecində Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə icra etdikləri “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi və “Aİ-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək” aksiyası çərçivəsində təlim proqramlarının aralıq nəticələrinin təqdim olunması məqsədi ilə konfrans keçirilmişdir.
Konrfansda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi, ölkəmizdəki Ofisinin rəhbəri Hande Harmancı, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri, habelə Türkiyənin Ondokuz Mayıs, Hacettepe, Ege və Dokuz Eylül universitetlərinin ekspertləri, yerli tibb məktəblərinin, Gəncə şəhər tibb müəssisələrinin və milli təlim mərkəzlərinin mütəxəssisləri iştirak etmişlər.
Konfransdan əvvəl iştirakçılar Gəncə Tibb Kollecində yaradılan şəraitlə tanış olmuşlar. Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev tədbirin Gəncə Tibb Kollecinin 90 illik yubileyinə təsadüf etdiyini qeyd edərək rəhbərlik etdiyi təhsil ocağı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqları əsasında görülən işlərdən danışaraq qeyd etmişdir ki, həyata keçirilən bütün tədbir və islahatlar əhalinin sağlamlığının qorunmasına, səhiyyə sisteminin dünya standartları səviyyəsində qurulmasına yönəlmişdir. Bu baxımdan orta ixtisaslı kadrlar hazırlayan Gəncə Tibb Kollecinin üzərinə böyük vəzifələr düşür.
Hande Harmancı “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi və “Aİ-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək” aksiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 15 təlim mərkəzi yaradılmışdır. Bu mərkəzlərdə Aİ və ÜST tərəfindən təşkil edilən “COVID-19 vaksinasiyası, təməl və təkmil həyat dəstəyi” və “COVID-19 xəstələrinin stasionarda idarə edilməsi” mövzusunda təlimlər keçirilir. Dekabr ayının sonunadək davam edəcək təlimlər Aİ tərəfindən maliyyələşdirilən və ÜST-ün icra etdiyi iki layihə - “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” və “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi ilə birgə reallaşdırılır. Bu günədək təlim kursları çərçivəsində ümumilikdə 5240, COVID-19 vaksinasiyası üzrə 1850, təməl həyat dəstəyi üzrə 3000, təkmil həyat dəstəyi üzrə 190, COVID-19 xəstələrinin stasionarda idarə edilməsi üzrə isə 200 tibb işçisi təlim keçmişdir.
Sonra ÜST-ün Azərbaycan Ofisinin layihə rəhbərləri Azərbaycanda tibb işçiləri üçün COVID-19 ilə bağlı davamlı peşəkar inkişafa dəstək çərçivəsində həyata keçirilmiş tədbirlərin aralıq qiymətləndirilməsini təqdim etmişlər. Səhiyyə işçilərinin davamlı peşəkar inkişafına həsr olunmuş mini-simpoziumda çıxış edən türkiyəli mütəxəssislər tibb bacısı ixtisası, onun vəzifə və öhdəlikləri, səhiyyə işçilərinin təhsilindəki təməl müddəalar, tibb personalı üçün keçirilən təlim proqramlarının səmərəsi, həmçinin səhiyyə işçilərinin bacarıqlarının təkmilləşdirilməsi kimi mövzulara toxunmuşlar.
Hande Harmancının moderatorluğu ilə keçirilən “dəyirmi masa”da isə Azərbaycanda tibb bacısı ixtisası üzrə təhsil, onun hazırkı vəziyyəti və gələcək istiqamətləri kimi məsələlər müzakirə edilmişdir.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunizasiya proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üçillik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlamışdır.
“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi isə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-ün Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək layihəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.
Bu layihələr Avropa İttifaqı və ÜST-ün Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.
Sabir ƏLİYEV
Azərbaycan.- 2021.- 14 dekabr.- S.6.