Abşeron rayonunda Bakı Musiqi
Akademiyasının 100 illik yubileyi qeyd edilmişdir
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) prorektoru professor Nərminə Quliyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, rayon musiqi məktəblərinin nümayəndələri, akademiyanın tələbələri və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə BMA-nın yaranmasından bu günə qədər olan fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilmişdir. Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov çıxış edərək bildirmişdir ki, BMA-nın yaranmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir və bu çərçivədə növbəti konsert proqramı Xırdalan şəhərində təşkil edilib.
Tədbirdə çıxış edən Abşeron RİH-in başçısı İradə Gülməmmədova BMA-nın kollektivini və tələbələrini bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Bakı Musiqi Akademiyasının yaranma tarixindən, inkişaf yolundan danışan İ.Gülməmmədova bu müqəddəs ocağın yetişdirdiyi istedadlı musiqiçilərdən söz açaraq qeyd etmişdir ki, bu gün onlarca abşeronlu akademiyada təhsil alaraq musiqinin sirlərinə yiyələnirlər. Bir qədər keçəcək və həmin gənclər ölkəmizin musiqi salnaməsinə öz adlarını yazacaqlar.
Daha sonra çıxış edən BMA-nın prorektoru Nərminə Quliyeva və Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev keçirilən silsilə tədbirlərdən danışmışlar.
Sonda BMA-nın tələbələrinin və Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.
Akif ƏLİYEV
Azərbaycan.- 2021.- 14 dekabr.- S.6.