Prezident İlham Əliyev Ermənistanı
öhdəliklərə əməl etməyə
çağırdı
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.
AZƏRTAC mətbuat konfransını təqdim edir.
Moderator: Hər vaxtınız xeyir. Biz Baş katibin və Prezidentin bəyanatlarından başlayacağıq və sonra bir neçə sual üçün vaxtımız olacaq. Cənab Baş-katib.
Baş katib Yens Stoltenberq: Prezident Əliyev, NATO-nun mənzil-qərargahına bir daha xoş gəlmisiniz. Sizi bir daha görmək xoşdur. Siz əslində yeni binada ikinci dəfə olursunuz. Keçən dəfə ikitərəfli görüşümüz köhnə binada keçirilmişdir. Bizim çox konstruktiv müzakirəmiz oldu və Siz indi bütün 30 müttəfiqin iştırakı ilə Şimali Atlantika Şurasının iclasında iştirak edəcəksiniz.
Bu, NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın önəmini göstərir. Uzun illər ərzində aramızda güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. NATO müttəfiqləri, həmçinin sizə köhnə sovet ordusundan qalmış artıq minaların və silah-sursatın zərərsizləşdirilməsi ilə bağlı kömək göstərmişdir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə etdik.
Azərbaycan bizim Əfqanıstandakı sabiq missiyamıza mühüm töhfələr vermişdir və Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik.
Prezident Əliyev, icazə verin NATO-nun mənzil-qərargahına gəldiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim. Mən NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Bir daha xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Çox sağ olun, cənab Baş katib. Əvvəlcə dəvətiniz üçün təşəkkür edirəm. NATO-nun mənzil-qərargahını bir daha ziyarət etmək mənim üçün böyük şərəfdir. Biz artıq mənim bu binada ikinci dəfə olduğumu müzakirə etdik. Lakin mən NATO-nun mənzil-qərargahına yeddinci dəfədir ki, səfər edirəm. Bütün bunlar bizim əməkdaşlığımızın dinamizmini göstərir. Qətiyyətli Dəstək Missiyasına verdiyimiz töhfə barədə sözləriniz üçün təşəkkür edirəm.
Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbiçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nin hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırki və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir.
Biz cənab Baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə etdik. Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik.
Biz, həmçinin cənab
Baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini
müzakirə etdik. Mən cənab Baş katibə məlumat
verdim ki, bu gün Azərbaycan NATO-ya üzv 4 ölkənin
etibarlı təbii qaz təchizatçısıdır.
Əminəm ki, qarşıdakı illərdə onların
sayı arta bilər. Bu, həmçinin regional
sabitlik, təhlükəsizlik üçün
mühümdür. Çünki, enerji təhlükəsizliyi
artıq ölkələrin milli təhlükəsizliyinin bir
hissəsidir. Ümumilikdə biz NATO ilə yüksəksəviyyəli
qarşılıqlı fəaliyyətdə olmaqdan çox
şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi
qiymətləndirir və bu gün biz regionun xeyrinə və
dünyada təhlükəsizlik üçün birgə səyləri
davam etdirməklə bağlı razılığa gəldik.
Bir daha dəvətə
görə təşəkkür edirəm.
Moderator: Mən for Europe-in sual vermək
istədiyini görürəm.
Riko Just for Europe təşkilatından. Mənim hər
ikinizə sualım var. Cənab Əliyevlə
başlayıram. Cənab Əliyev, Siz Ermənistanla
əlaqələri qeyd etdiniz. Məsələlərdən
biri Zəngəzur dəhlizidir. Siz həmin
dəhlizdə Ermənistanın gömrük
yoxlamalarını qəbul edərsinizmi? Azərbaycanın
bununla bağlı fikri nədir? Bir də
soruşa bilərəmmi, bu gün Siz cənab Paşinyan və
cənab Mişellə görüşəcək, onlarla nahar
edəcəksiniz. Siz
bağlılığa dair müəyyən bəyannamə
imzalamalısınız. Bu, konkret olaraq nə
deməkdir? Siz Ermənistanla hansı cür
bağlılıq məsələlərinin ola
biləcəyini qeyd edə bilərsinizmi?
Cənab Stoltenberqə
sualım. Bu gün Rusiya rəsmisi raketlərə, yaxınmənzilli
raketlərə moratorium barədə danışıb. Siz bunu bir növ sülh mesajı kimi
görürsünüz, yoxsa
düşünürsünüz ki, Rusiyanın
çıxdığı saziş orta və yaxınmənzilli
raketlərin ləğvinə dair sazişə geri qayıtmaq
yaxşı olardı? Təşəkkür
edirəm.
Prezident İlham Əliyev: Zəngəzur
dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu
kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın
baş naziri və mənim tərəfimdən
imzalanmış üçtərəfli bəyannamədə
öz əksini tapıb. Beləliklə,
bütün lazımi şəraiti təmin etmək Ermənistan
üçün bir növ öhdəlikdir. Baxmayaraq ki,
bir ildən çox vaxt ərzində irəliləmək asan
olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan
vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir
yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq,
həmçinin magistral yol inşasına dair razılıq əldə
etmişik. Lakin magistral yolun dəqiq marşrutu
hələ ki, müəyyən olunmayıb. Bu, gələcək
müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab
Şarl Mişelin ev sahibliyi edəcəyi
üçtərəfli görüşdə mütləq
müzakirə edəcəyik.
Zəngəzur dəhlizinin
hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin
eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda
açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan
arasında əlaqə üçün təhlükəsizliyi
və maneəsiz çıxışı təmin edir və
Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası
arasında əlaqələr üçün eyni maneəsiz
çıxış və təhlükəsizliyi təmin
etməlidir. Beləliklə, bu gün
Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində
də gömrük olmamalıdır. Əgər
Ermənistan yük və insanlara nəzarət etmək
üçün öz gömrük qurumlarından istifadədə
israr etsə, onda biz Laçın dəhlizində eynisində
israr edəcəyik. Bu, məntiqidir və
qərar Ermənistan tərəfindən qəbul edilməlidir.
Biz hər iki varianta hazırıq, ya hər
ikisində heç bir gömrüyün olmaması, ya da hər
ikisində hər iki gömrüyün olması.
Bağlılığa gəlincə,
regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən
də region üçün böyük imkandır. Çünki,
Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan
Muxtar Respublikasına çıxış əldə etməyimiz
üçün deyil, həm də Ermənistanın
Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla
dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da
Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla
dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə
dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi
yoxdur. Bu, regionda həqiqətən
müsbət ab-hava yarada bilər və bu hər kəsin
xeyrinə olacaqdır. Hesab edirəm ki, bu
imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin
planlaşdırılması baxımından olduqca vacibdir.
Bir daha qeyd edirəm, biz
hazırıq.
Biz artıq bir neçə dəfə ictimai
şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik
səhifəsini çevirərək sülh sazişi üzərində
çalışmaq istəyirik. Cənab
Paşinyan və cənab Mişel ilə keçiriləcək
görüş bir çox məsələlərə
aydınlıq gətirəcəkdir.
Baş katib Yens Stoltenberq: Raketlər
məsələsinə gəldikdə uzun illər ərzində
ortamənzilli raketlərə dair qadağa qüvvədə
idi. Bu, Avropada bu tip raketləri qadağan edən
və 1987-ci ildə imzalanan İNF müqaviləsi idi. Artıq bu müqavilə mövcud deyil,
çünki Rusiya uzun illər ərzində Avropa ərazisində
nüvə başlığı daşımaq imkanına
malik ortamənzilli raketlər yerləşdirib. Beləliklə, moratorium ilə bağlı Rusiya tərəfindən
irəli sürülən təklif etibar edilən deyil. Ortada qadağa mövcud idi, onlar isə həmin
qadağanı pozdular. Rusiya təsdiq oluna
biləcək qaydada “SSC8” tipli raketlərini məhv etməyənə
qədər, hansı ki, həmin tip raketlər İNF
müqaviləsini pozmuş oldu, onların artıq yerləşdirdiyi
raketlərə dair moratorium təklifinə etibar oluna bilməz.
NATO Rusiyanın hərəkətləri
ilə bağlı qarşılıqlı addımlar atmaq
niyyətində deyil. Bizim nüvə başlığı daşımaq
imkanına malik raketləri Avropada yerləşdirmək
fikrimiz yoxdur. Biz Rusiya ilə dialoqu qurmağa
hazırıq və hesab edirik ki, silahlanma
yarışının qarşısını almaq
üçün silahlara nəzarətə ehtiyac var. Burada
moratoriumdan söhbət gedə bilməz, çünki Rusiya
sübut etməlidir ki, Avropada ortamənzilli raketləri
qadağan edən müqaviləni qüvvədən salan
silahlar məhv edilib.
Moderator: Sonuncu sualımıza vaxt
var.
Mənim adım Vuqar
Seyidovdur və Azərbaycan Dövlət İnformasiya
Agentliyini (AZƏRTAC) təmsil edirəm. Mənim
sualım cənab Stoltenberqədir. İkinci
Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycan
qalib ölkə kimi dəfələrlə Ermənistana
ölkələrin ərazi bütövlüyü və
suverenliyini tanımaq şərtilə sülh sazişi üzərində
işləməyi təklif edib. Əfsuslar
olsun ki, Ermənistan bu günə qədər bundan boyun
qaçırır. Nəzərə alsaq
ki, NATO ilə Ermənistan arasında əlaqələr
inkişaf edir, NATO Ermənistanı Azərbaycanla sülh
sazişi bağlamağa inandırmaq işində nə kimi
rol oynaya bilər? Sağ olun.
Baş katib Yens Stoltenberq: İlk
növbədə biz qarşıdurmanın bitməsi və hərbi
əməliyyatların dayandırlması imkanının əldə
edilməsini alqışlayırıq. İkincisi,
biz qəti şəkildə inanırıq ki, Azərbaycan və
Ermənistan arasında münasibətlərin
normallaşdırlmasını davam etdirmək vacibdir. NATO Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşdırılması və
dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə
Prezident və mən bu məsələləri ətraflı
müzakirə etdik və mən bu gün üçtərəfli
görüşün keçirilməsini də
alqışlayıram. Bu, onu nümayiş
etdirir ki, dialoq davam edir, münasibətlərin
normallaşdırılması düzgün məcrada gedir.
Əsas məsələ
zorakılığın yenidən alovlanmasına rəvac verə
biləcək addımlardan çəkinmək və qalan məsələləri
diplomatik yollarla həll etməkdir.
NATO tərəf tutmur,
çünki Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır,
Ermənistan da bizim dəyərli tərəfdaşımızdır. Beləliklə, biz
diplomatik səyləri, üçtərəfli səyləri
dəstəkləyirik və Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin
normallaşdırılması səylərini də
güclü şəkildə dəstəkləyirik.
Azərbaycan.-
2021.-15 dekabr.- S.1; 2.