Fədakar alim
Elm xadimləri
Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşdirilməsində Əməkdar elm xadimi, akademik Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir.
XX əsrin əvvəllərində dünyaya gələn, ölkəsində və xaricdə tanınmış alimlərdən olan akademik Həsən Əliyev müasirləri kimi çətin, əzablı yol keçmişdir. 1917-ci ildə ermənilərin törətdikləri qırğınlara görə digər soydaşlarımız kimi onun da ailəsi Naxçıvana köçmüşdü. 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) Aqronomluq fakültəsinə qəbul edilmiş və oranı vaxtından əvvəl bitirmişdi. Həmin təhsil ocağında bacarığı və qabiliyyəti ilə fərqləndiyinə görə 1932-ci ildə Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspiranturasında saxlanmışdı. Oranı 1934-cü ildə başa vurmuş və AKTPİ-nin Şirvan təcrübə stansiyasına direktor vəzifəsinə göndərilmişdi. Bir müddət sonra SSRİ EA-nın Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi vəzifəsində çalışmışdır.
İkinci Dünya müharibəsi başlananda könüllü ordu sıralarına yazılmış və çətin döyüşlərdə iştirak etmişdi. Döyüşlərdən birində ağır yaralanmış və təsadüfən sağ qalmışdı. O, cəbhədə olarkən vətənə layiqincə, şücaətlə xidmətini davam etdirmişdi. Lakin həmin işi yenidən elmi yaradıcılığı ilə həyata keçirmişdi.
1945-ci ilin martında, faşizm üzərində qələbəyə az qalmış keçmiş SSRİ EA Rəyasət Heyəti Azərbaycanda müstəqil Elmlər Akademiyasının yaradılması barədə qərar verir. Dövlətin sənaye, kənd təsərrüfatı, sosial həyat tərzi və digər sahələrə dair inkişaf planları və proqramları AMEA-nın Rəyasət Heyətindən keçirdi. Bu elm məbədində müxtəlif məsul vəzifələrdə işləyən Həsən Əliyev sələflərinin xalqımızın qarşısında verdikləri sözə sadiq qalmış, ömrünün son günlərinədək fədakarcasına çalışmış, üzərinə düşən vəzifələri şərəflə daşımışdı.
Akademikin yiyələndiyi peşə - torpaqşünaslıq o dövrdə xüsusilə böyük zəhmət və dözüm tələb edirdi. Həsən müəllimin dediklərindən: “1920-ci ilə qədər Azərbaycanda torpaq tədqiqatları aparılmamışdı. Torpaqşünaslardan yalnız H.B.Zərdabinin və V.Dokuçayevin ayağı Azərbaycana dəymişdir. 1924-cü ildə Azərbaycan SSR MİK və Xalq Komissarları Şurası ərazini rayonlaşdırmaq üçün torpaq tədqiqatını planlaşdırdılar. Respublikada kadr olmadığına görə kənardan mütəxəssislər dəvət etdilər. Onlar 4500 km uzunluğunda məsafə qət etməli idilər. Alimlər və mütəxəssislər, fəhlələr çöllərdə çox çətin şəraitdə işləyirdilər. Susuzluq, gürzələrin fışıltısı, gecə vaxtı əqrəblərin düşərgələrin lampa işığına axışıb gəlməsi nəticəsində işçilərin bəziləri çöl işini qoyub getmişdilər. Müxtəlif məntəqələrdə 1330 kəsim qoymuşlar, onlardan yalnız 220-sindən nümunə götürmüşlər. Toplanan bütün torpaq materialları başqa şəhərlərdə analiz edilmişdi”.
1930-cu illərdən etibarən Həsən Əliyevin iştirakı ilə Mingəçevirdən Pirsaatadək Şirvan düzü torpaqları, 1940-cı ildən Samur-Dəvəçi torpaqları öyrənilməyə başlanılmışdır. Müharibədən sonra isə respublikamızın müxtəlif zonaları, eləcə də Böyük və Kiçik Qafqaz torpaqları kompleks tədqiq edilmişdir. Özünün yazdığı kimi, Azərbaycan torpaqları əsaslı şəkildə 1962-1967-ci illərdə, hər birində 200 nəfərdən çox olan iki ekspedisiya - Bakı, Gəncə ekspedisiyaları ilə öyrənilmiş, beləliklə, Azərbaycanda torpaqşünasların, yer quruluşçularının ayaqları dəyməyən ərazi qalmamışdır. Ən önəmlisi odur ki, Həsən müəllim torpağı sevdiyi kimi, onu sevdirə də bilmişdi.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işlər üzrə direktor müavini, Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi, AMEA-nın akademik-katibi vəzifələrinədək yüksəlməklə onun elmi və praktiki işlərdə fəaliyyəti daha da genişlənmişdir. Həsən Əliyev Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya, Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya institutlarının yaradılmasında və inkişafında, kadrların hazırlanmasında, elmi-tədqiqat mövzularının və laboratoriyaların formalaşmasında böyük işlər görmüşdür.
1949-1952-ci illərdə Azərbaycan EA Botanika İnstitutuna rəhbərlik etdiyi zaman institutun meşəçilik laboratoriyasının yaradılmasına, ətrafda Botanika bağının möhkəmlənməsinə, Mərdəkanda isə Dendrologiya bağının salınmasına nail olmuşdur. Həmin dövrdə Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşəmeliorasiya İnstitutunun Mərdəkandan Bərdəyə köçürülməsi onun elmi məntiqə əsaslanan təklifinin nəticəsi idi.
1968-ci ildə AMEA-nın Coğrafiya İnstitutuna direktor təyin edilən Həsən Əliyevin səyi ilə bu elmi müəssisədə şərait daha da yaxşılaşdırıldı. Alimlər üçün yaşayış binası tikildi. Akademikin təşəbbüsü ilə institutda az vaxtda 5 şöbə və 6 laboratoriya, eləcə də SSRİ EA sistemində ilk Təbiəti mühafizə şöbəsi yaradıldı.
Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə elminin yaradıcısı olmaqla həmin sahənin tətbiqi məsələlərində də Həsən Əliyev böyük əmək sərf etmişdir. Onun elmi rəhbərliyi ilə yerinə yetirilmiş “Azərbaycanda torpaq eroziyası və torpaqların mühafizəsi” xəritəsi AMEA-nın müxbir üzvü K.Ələkbərovla həmin məzmunda respublikada aparılan ilk tədqiqat idi. Meşələrin mühafizəsi, seyrəlmiş meşələrin bərpası və yeni meşə sahələrinin salınması üzrə alimin rəhbərliyi ilə aparılmış elmi-tədqiqat işlərinin nəticələrindən “1976-1980-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatının İnkişafının Baş Sxemi”nin tərtibində geniş istifadə edilmişdir.
Akademikin tətbiqi əhəmiyyət kəsb edən tədqiqat işlərinin bir qismi özünün rəhbərliyi ilə həyata keçirilmişdir. Bakı-Sumqayıt zonasındakı, eləcə də Ceyranbatan, Dəvəçi-Siyəzən, Şamaxı-Zaqatala yollarındakı meşələr bu gün də onu xatırladır. Onların bir hissəsi quru meliorasiya yolu ilə salınmışdır.
Azərbaycanda 1970-ci illərdən etibarən xalq təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoyulması ilə əlaqədar təbiətə münasibət və təbiəti mühafizə yeni istiqamətdə idarə olunmağa başlanmışdı. Meşə-bərpa işində dönüş yaratmaq məqsədilə onun təklifi və rəhbərliyi ilə Ağstafa, Ağdaş meşə təsərrüfatı ərazisində yeni tipli qoruqların yaradılmasının çox vacib olduğu fikri irəli sürülmüşdü. Kür çayı boyunca təbii şəraiti yaxşılaşdırmaq, burada istirahət və sağlamlıq ocaqları təşkil etmək və ərazini estetik cəhətdən daha da gözəlləşdirmək alimin böyük arzusu idi.
Görkəmli elm xadiminin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanın müxtəlif bölgələrində radioaktiv elementlərin yayılması da araşdırılmışdı. Uranın və toriumun miqdarı nisbətən yüksək olan 30-dan artıq sahə aşkar edilmiş, torpaq qatlarında radioaktiv elementlərin izotoplarının, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrin və pestisidlərin ekoloji şəraitə təsirinin öyrənilməsi dövrün ən əhəmiyyətli tədqiqatlarından idi.
O, torpaq fondunun inventarlaşmasına, torpaqşünaslığın çox mühüm sahəsi olan meşəaltı torpaqların tədqiqatına da rəhbərlik etmişdi.
Akademikin müxtəlif istiqamətli tədqiqatları əhatə edən əsərləri 800 adda nəşr edilmişdir. O cümlədən 8 cildlik “Azərbaycan florası” elm aləmində hadisə kimi qiymətləndirilmişdir. “Azərbaycanda qara torpaqların yayılması”, “Yüksək dağlıq zonada torflu torpaqların bəzi xüsusiyyətləri”, “Böyük Qafqazın torpaqları və onların səmərəli istifadə yolları” və digər fundamental tədqiqatların nəticəsi olan əsərlərdən bu gün olduğu kimi, gələcəkdə də səmərəli istifadə ediləcəkdir.
Alimin əməyi ictimai xadim kimi də əvəzedilməz idi. Azərbaycan SSR Ali Sovetinin deputatı və Təbiəti Mühafizə Komissiyasının sədri olarkən respublikada ekoloji durumun yaxşılaşdırılması istiqamətində xeyli işlər görmüş, zərərli müəssisələrin bağlanması və ya başqa yerə köçürülməsində əməli fəaliyyət göstərmişdi.
Respublikada o zaman mövcud olan 14 dövlət qoruğundan 7-si (Hirkan, Qarayazı, İsmayıllı, İlisu, Altıağac, Türyançay və Bəsitçay) bilavasitə Həsən Əliyevin təşəbbüsü və ardıcıl təkidi ilə yaradılmışdır.
Onun təbiəti mühafizə ideyaları məhsuldar qüvvələrin yerləşdirilməsi, idarəedilmənin təkmilləşdirilməsi ilə də əlaqələndirilirdi. Buna Mingəçevir yaxınlığında yeni Azərbaycan DRES-in ekoloji tələblərə uyğun inşa edilməsini, bir sıra dağlıq bölgələrdə respublika əhəmiyyətli avtomobil yollarının çəkilməsini, yeraltı sulardan səmərəli istifadəni və s. misal göstərmək olar. Qafqazda AES tikilməsi ideyasına akademikin xüsusi münasibəti var idi. O, Ermənistanda və Gürcüstanda AES tikilməsinə etiraz etdiyi kimi, Azərbaycanda da bu işin əleyhinə idi.
1955-ci ildə Azərbaycan SSR EA Təbiəti Mühafizə Komissiyasının sədri kimi Bakı şəhərində təbiəti mühafizə problemləri üzrə ilk Cənubi Qafqaz müşavirəsi keçirildi. Müşavirənin qərarlarında dövlət miqyasında yeni təbiəti mühafizə təşkilatının yaradılması və komissiyanın işinin yaxşılaşdırılması üçün vəzifələr irəli sürüldü. Həmin qərarlar 1963-cü ildə yenə onun təşəbbüsü ilə Respublika Təbiəti Mühafizə Cəmiyyətinin təşkilində misilsiz rol oynamışdı. Yaradılmasına böyük səy göstərdiyi “Azərbaycan təbiəti” jurnalı və orada gedən aktor (şair Məmməd Araz) təbiətsevərləri özünə cəlb etmişdi. “Həyəcan təbili” kitabı ilə respublika ictimaiyyətinin böyük hissəsini təbiəti mühafizə etməyə səfərbər edə bilmişdi. Əslində, bu məsələ 1980-ci illərdə Azərbaycanda bir hərəkata çevrilmişdi.
Akademikin rəhbərliyi ilə 1959-cu ildə təbiəti mühafizə qanununun layihəsi hazırlanmış və Azərbaycan SSR Ali Sovetinin ikinci sessiyasında müzakirə olunaraq qəbul edilmişdi. Göstərilənlər sonralar Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin yaradılmasına əsas vermişdi.
Görkəmli alim yaradıcı gənclərə qayğı göstərirdi. İnstitutlar vasitəsilə aspiranturaya və doktoranturaya qəbul məsələlərinə önəm verirdi. 40-dək aspirant və dissertant onun rəhbərliyi ilə namizədlik və 8 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir.
O, ali və orta ixtisas məktəblərində işləmək üçün ekoloq və ətraf mühiti mühafizə üzrə ixtisaslaşmış kadrların hazırlanmasına da xüsusi fikir verirdi. Azərbaycanda ətraf mühiti mühafizəyə dair ilk kafedranın (1980) Bakı Dövlət Universitetində açılması ideyasını irəli sürən və təşəbbüs göstərənlərdən birincisi Həsən Əliyev olmuş, həmin kafedrada xüsusi kurs üzrə mühazirələr oxumuşdu. Mühazirələrə görə verilən zəhmət haqqını da almamışdı.
Akademiki xarici ölkələrdə də yaxşı tanıyırdılar. SSRİ EA-nın Coğrafiya, Torpaqşünaslıq və digər institutları ilə səmərəli əlaqələr yaratmışdı. Onu təbiətşünaslıq sahəsində yüksək yaradıcı tədqiqatçı kimi mühazirələr və məruzələr oxumaq üçün tez-tez dəvət edirdilər. 1958-ci ildə Yunanıstanda olarkən təbiətin və təbii ehtiyatların mühafizəsi üzrə Beynəlxalq İttifaqın üzvü seçilmiş, 1960-cı ildə Polşada keçirilən Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın VII Baş Məclisinin nümayəndəsi, 1966-cı ildə həmin ittifaqın İsveçrədə keçirilən IX Baş Məclisinin nümayəndəsi, 1970-ci ildə Londondakı Beynəlxalq Biblioqrafiya nəşriyyatı redaksiyasının üzvü, UNESCO və UNEP kimi beynəlxalq təşkilatların eksperti, 1982-ci ildə ABŞ-ın Tukson Dünya Universitetinin təbiəti mühafizə üzrə fəxri mədəniyyət doktoru seçilmişdir. Bir sözlə, alim 5 qitənin hamısında elmimizi, xalqımızı təmsil etmişdir.
Alimə vətənində də böyük mükafatlar və fəxri adlar verilmişdir. O, “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı ulduz”, “I dərəcəli Vətən müharibəsi”, “Şöhrət” ordenləri və bir çox medallarla təltif edilmişdir. Azərbaycanın Əməkdar elm xadimi adına, Azərbaycan Respublikası Dövlət mükafatı laureatına, Vavilov adına medala layiq görülmüşdür.
Bütün bunlarla yanaşı, humanizmi və xeyirxahlığı alimi Azərbaycan xalqının, ictimaiyyətinin sevimlisinə çevirmişdi. Həsən Əliyevin çoxtərəfli fəaliyyətində Heydər Əliyev fenomeninin rolunu da danmaq olmaz. Xüsusi qeyd etməliyik ki, o, respublikanın birinci şəxsindən aldığı köməyi ancaq elmə, Azərbaycanın təbiətinə sərf edirdi.
Bu gün Həsən Əliyevin elmi irsinə diqqət yetirməklə yanaşı, onun bir şəxsiyyət kimi də yada salınmasına zərurət var. O, xalqa xidmət ruhunda tərbiyə olunub yetişmişdir. Həsən Əliyevin insanpərvərliyindən, xeyirxahlığından danışarkən Peyğəmbərimizin (s.) Şərqin böyük dühalarından olan Cami və Füzulinin tərcüməsi ilə bizə çatdırılan hədisi yada düşür: “Bacardıqca xalqa fayda ver. Lütfünlə xalqı şad elə, sevindir. Dünyada ən gözəl adam odur ki, onun xasiyyətindən xalqa çox xeyir yetişsin”.
Bu müqəddəs sözləri təkrar edərkən akademikin xalq məsəlinə çevrilən hikmətli sözləri də yada düşür: “Təbiəti sevən, təbiətlə daima təmasda olan insan heç zaman rəhmsiz, vicdansız ola bilməz”.
Şövqi GÖYÇAYLI
coğrafiya elmləri doktoru,
professor
Azərbaycan.-
2021.- 15 dekabr.- S.7.