YAP Mərkəzi Aparatında “Vətəndaş mövqeyi: fərdi və ictimai məsuliyyət” mövzusunda konfrans keçirilib

 

Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Vətəndaş mövqeyi: fərdi və ictimai məsuliyyət” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə konfransın aktual mövzuya həsr olunduğunu bildirib. O qeyd edib ki, hər bir cəmiyyətdə fərdi və ictimai məsuliyyət mühüm amildir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Azərbaycan gənclərinin yüksək vətəndaşlıq mövqeyinə uyğun formalaşdığını deyib. Onun sözlərinə görə, buna nümunə olaraq 44 günlük Vətən müharibəsini göstərmək olar. Belə ki, gənclərimiz əsl vətəndaş mövqeyindən çıxış edərək torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak ediblər.

Konfransda YAP Veteranlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov məruzə ilə çıxış edib. Mövzunu elmi-nəzəri təhlillərlə izah edən Ş.Əsgərov bildirib ki, vətəndaş mövqeyinə təsir edən amillər çoxdur. Bura siyasi, iqtisadi, milli-mənəvi amilləri aid etmək olar. Amma əsas amil təhsil və tərbiyədir. Ona görə də, gənclərimiz milli-mənəvi dəyərlərimizə sadiq olmalı, eləcə də yüksək biliklərə yiyələnməlidirlər.

Ş.Əsgərov qeyd edib ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin vətəndaş mövqeyi hər kəs üçün nümunə olmalıdır. O, həmçinin milliictimai maraqlarımızın qorunması ilə bağlı gənclərə tövsiyələrini də verib.

YAP Veteranlar Şurasının üzvü, AMEA-nın RiyaziyyatMexanika İnstitutunun direktoru, professor Misir Mərdanov çıxış edərək vətəndaşlıq mövqeyini yüksək keyfiyyət kimi dəyərləndirib. Onun fikrincə, hər bir vətəndaş baş verən proseslərə öz mövqeyini bildirməlidir. M.Mərdanov 1990-cı illərin əvvəllərində respublikada baş verən mürəkkəb proseslərlə bağlı öz vətəndaş mövqeyini cəsarətlə nümayiş etdirən insanların, ziyalıların fəaliyyətinin gənclərə nümunə olduğunu söyləyib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov isə bildirib ki, hazırda dünyadaregionumuzda ciddi proseslər baş verir. Belə bir şəraitdə Azərbaycanın milli maraqlarının müdafiə edilməsi hər bir vətəndaş üçün əsas vəzifə olmalıdır. Bu prosesdə vətəndaş cəmiyyəti və siyasi partiyalar da ön sıralarda getməlidir. Ölkəmizdə 3700-dən çox qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyini deyən R.Qonaqovun sözlərinə görə, QHT-lər öz fəaliyyətlərində milli maraqlarımızı öndə tuturlar. O cümlədən, siyasi partiyalar da daim dövlət və xalq amilinə önəm verməlidir. R.Qonaqov bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyətinin digər siyasi partiyalar üçün nümunə olduğunu diqqətə çatdırıb.

YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova isə vətəndaş mövqeyinin ailə münasibətləri əsasında formalaşdığını söyləyib.

Konfransda, həmçinin YAP Veteranlar Şurasının üzvləri Adilə Abasova, Tahir Məmmədov, Sudeyf İmamverdiyev və “91-lər”dən biri Munis Bayramov çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanda dövlət maraqları, ictimaimilli maraqların təmin olunması prioritetdir. Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd edilən məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər. Natiqlər çıxışlarında gənclərə daim vətəndaş mövqeyindən çıxış etməyi, milli maraqlarımızı qorumağı tövsiyə ediblər.

Daha sonra konfrans diskussiya şəraitində davam edib, gəncləri maraqlandıran suallar da cavablandırılıb.

 

Azərbaycan.- 2021.- 15 dekabr.- S.6.