Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibə verib. AZƏRTAC müsahibənin tam mətnini təqdim edir.
Müxbir: Əvvəla, bizi qəbul etdiyiniz, Brüsseli
ziyarət etdiyiniz üçün Sizə təşəkkür
edirik. Belə bir xüsusi məqamda bizi qəbul etdiyinizə
və bizə bu müsahibənin aparılmasına imkan
yaratdığınıza görə təşəkkür
edirik. Geosiyasi vəziyyət nöqteyi-nəzərindən
böyük miqyasda, Avropa İttifaqı və onun
qonşuları nöqteyi-nəzərindən kiçik
miqyasda çox maraqlı məqamdır. Buna görə Sizə
təşəkkür edirik.
Əvvəlcə, mən Ermənistanla hazırkı vəziyyət haqqında Sizdən soruşmaq istəyirəm. Hazırda vəziyyət nə yerdədir? Biz bir aydan da az müddətdən əvvəl sərhəddə ölümcül toqquşmaların olduğunu bilirik. Əlbəttə ki, hər iki tərəf məsuliyyəti bir-birinin üzərinə atır. Bu son hadisələrdə nəyin baş verdiyini və hazırkı vəziyyətin nədən ibarət olduğunu bilmək istəyirəm.
Prezident İlham Əliyev: Müharibə bitəndən bəri 1 ildən çox müddət keçib və ümumiyyətlə, vəziyyət nisbətən sabitdir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidən danışırıqsa, vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Bunun səbəbi isə əfsuslar olsun ki, Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.
Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Beləliklə, keçən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə həmin ərazidə iqlim şəraiti digər ərazilərdən fərqli idi. Uca dağlar və qarla dolu bir ərazi idi. Bu ilin may ayında qar əriməyə başladı. Bu baş verən kimi Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı və bu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqe tutdu. Yəni, hadisə belə olub. Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq. Qarabağ müharibəsinin bitməsindən sonra lap ilk günlərdən Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif etdik. Müharibə bitəndən sonra bir ildən çox müddətdə Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz oldu. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi. Eyni hal keçən ay baş verdi. O zaman onlar bilərəkdən Azərbaycan Ordusuna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi. İlk günlər ərzində atəş açılmırdı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını və getməli olduqlarını onlara başa saldı və onlar da getdilər. Lakin bizə qarşı artilleriya hücumlarına başladılar. Bizdə bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırmamışdıq, əks halda biz dayanmazdıq. Noyabrın 16-da baş vermiş toqquşma bir gündən az davam etdi. Səhər başladı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq.
Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular də bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik.
- Cənab Prezident, Sizcə Ermənistanla, sadəcə,
atəşkəs deyil, real sülh sazişi haqqında nə
zaman danışmaq olar?
-Yəqin ki, bu sualı Ermənistana ünvanlamaq lazımdır. Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Mən bu cür bəyanatları altı aydan çoxdur ki, dəfələrlə etmişəm. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. İkinci Qarabağ müharibəsindən əvvəl onlar deyirdilər və onların baş naziri açıq şəkildə bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu bəyanat, əslində, danışıqlar prosesini məhv etdi və onların keçən il yaşadığı acı məğlubiyyətin elementlərindən biri idi. Lakin indi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Sizin dediyiniz kimi, bu, atəşkəs razılaşması yox, tam sülh razılaşması olacaq. Lakin ümid edirəm ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər.
-Siz indi sərhədləri təkrar açmaq istəyirsiniz?
Əlbəttə ki, bu sual əvvəlki sualla
bağlıdır. Ermənistanla münasibətləri
normallaşdırmaq üçün Siz sərhədləri
açmağa hazırsınızmı və bunun baş verməsi
üçün şərtlər nədir?
-Bəli, biz sərhədləri açmaq istəyirik. Bu vaxta kimi Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində bir neçə dəfə danışıqlar baş tutub. Bu işçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmişkən, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik. Beləliklə, bu, baş verəcək. Yeri gəlmişkən, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb.
-Ermənistanın baş naziri ilə
görüşün keçirilməsi Brüsseldə elan
olunduqda Avropa İttifaqının bəyanatında deyilirdi ki,
niyyət firavan və sabit Cənubi Qafqaz naminə gərginliklərin
aradan qaldırılması yollarını tapmaqdır. Əlbəttə
ki, mən Ermənistan ərazisindən keçən bu dəmir
yolunu və avtomobil
yolunu düşündüm. Lakin Brüsseldəki
görüşdən nələri gözləyə bilərik?
-Bunu söyləmək çətindir, çünki biz bu gün keçiriləcək görüşün nə ilə nəticələndiyini görməliyik. Lakin biz Avropa Komissiyasının və şəxsən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin fəaliyyətini çox yüksək qiymətləndiririk. O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir. Prezident Mişelin bu yay regiona səfəri çox məhsuldar olub. Yeri gəlmişkən, hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan onun təşəbbüsü də işləyir. Beləliklə, indi bu kommunikasiya kanalı artıq səmərəlidir. Bu, Avropa Komissiyasının Cənubi Qafqazda sabit mühitin yaradılmasına şərait yaratmağa və gələcəkdə üç Cənub Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatının yaradılmasına imkan yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Biz onu özümüz, güc yolu və siyasi vasitələrlə həll etdik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra bunu birtərəfli qaydada həyata keçirdik və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır. Çünki postmüharibə vəziyyətinin gedişatından gördüyümüz kimi əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Çünki mən bir neçə dəfə demişəm ki, bizim Ermənistana qarşı ərazi iddialarımızın olması üçün çox tarixi səbəblərimiz var. Onlar sülh razılaşması üzərində işləməli və XXI əsrdə normal davranışa riayət etməlidirlər. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə demişik ki, buna hazırıq. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir müsbət işarə almamışıq. Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət və bayaq qeyd etdiyim kimi, müharibədə məğlubiyyətlərindən sonra məyusluq və yumşaq desəm, narazılıq, şişirdilmiş gözləntilər, hərbi və siyasi potensiallarının qeyri-real qiymətləndirilməsi səbəbilə onların cəmiyyətində bir növ psixoloji travma yarandı. Ona görə də, Ermənistan hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul Ermənistan hökuməti və siyasi elita tərəfindən qəbul edilsə, bizim irəliləyiş üçün şansımız var. Bizə gəlincə isə, bizim mövqeyimiz açıq-aşkardır. Mən bunu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çiçəklənən gələcək istəyirik.
-Sizcə, burada, Brüsseldə Avropa
İttifaqının rəhbərliyi ilə təmas
Soçidəki son görüşdən nə ilə fərqlənir?
Demək istəyirəm ki, görünür, cənab Putinin rəhbərliyi
ilə artıq çox işlər görülüb. Siz
Brüsseldəki təmasların fərqi barədə nə
deyərdiniz?
-Səmimi desək, mən heç bir fərq görmürəm. Çünki mən iki ölkə arasındakı münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini görürəm. Əks halda, onlar bu danışıqlarda bizə vaxt sərf etməzdilər və bizim vaxtımızı almazdılar. Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçulardandır. Onların görəcəyi çox iş var, çox geniş gündəlikləri var. Əgər onlar bu məsələni müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək üçün bir dəfə deyil, mütəmadi olaraq vaxt sərf edib səy göstərirlərsə, bu, o deməkdir ki, onların əsl istəyi kömək etməkdir və biz bunu qiymətləndiririk. Biz burada hər hansı rəqabət görmürük, baxmayaraq, bəziləri düşünə bilər ki, bu, bir növ rəqabətdir, qətiyyən belə deyil. Bizə gəlincə, görürük ki, bu səylər bir-birini tamamlayır, bu səylər sülh prosesini dəstəkləyə bilər. Mən onu da bilirəm ki, Prezident Putin və Prezident Mişel arasında təmaslar olub, onlar Azərbaycanla Ermənistan arasındakı münasibətlər də daxil olmaqla, bir çox məsələləri müzakirə ediblər. Düşünürəm ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Çünki uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər. Əgər Ermənistan sülh sazişinin hazırlanmasında bizimlə əməkdaşlıq etməyə razılaşsa, sözsüz ki, fəsilləri, əsas prinsipləri formalaşdırmaq və həll tapmaq üçün bizim beynəlxalq təcrübəyə, beynəlxalq tərəfdaşlara ehtiyacımız olacaq. Beləliklə, mənim gözləntilərim bununla əlaqədardır. Sözsüz ki, hər şey bugünkü üçtərəfli görüşün necə keçməyindən asılı olacaq. Lakin bizim mövqeyimiz aydındır. Biz buraya müsbət dinamikanı gücləndirməyə gəlmişik.
-Beynəlxalq Ədalət Məhkəməsinin
sonuncu bəyannaməsi Sizin hökumətinizdən, – mən
olduğu kimi oxuyuram, – erməni milli və ya etnik mənşəyini
hədəfə alan irqi nifrət və diskriminasiyanın təhriki
və təbliğinin qarşısını almaq, 2020-ci il
münaqişəsi ilə əlaqədar əsir
götürülmüş və saxlanılan bütün
şəxsləri zorakılıq və bədən xəsarətlərindən
qorumaq və onların təhlükəsizliyini və qanun
qarşısında bərabərliyini təmin etmək
üçün lazımi tədbirlər görməyi
xahiş edib. Mən Sizdən soruşmaq istərdim, vəziyyətlə
bağlı bu istiqamətdə hansı addımlar
atılıb?
-İlk növbədə, mən demək istərdim ki, beynəlxalq məhkəmə, həmçinin bizim Ermənistana qarşı işimizlə bağlı ilkin rəyini açıqlayıb. Mən deyərdim ki, indiyədək bu qurumun qəbul etdiyi qərar balanslaşdırılmışdır. Əgər siz Ermənistana verilən tövsiyəni oxusanız, yəqin ki, daha dəqiq və daha israrlı ifadələr görəcəksiniz. Bizə gəlincə, Azərbaycanda dövlət siyasətimiz münasibətlərin normallaşdırılması məqsədi daşıyır. Ona görə də, bu, bizim mövqeyimizdir və mən bunu açıq şəkildə bəyan edirəm.
İctimai rəyə gəlincə, başa düşmək lazımdır ki, demək olar, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib və bunlar - bütün binaların qəsdən dağıdılması və dini abidələrimizin məhvi Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal dövründə törədilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Yerdə qalan 2 məsciddə onlar azərbaycanlıların heysiyyətini təhqir etmək üçün donuz və inək saxlayıblar. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insan, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var. Bu, təbiidir. Mən “xeyr, müharibə başa çatıb, indi gəlin dost olaq” desəydim, bu, səhv olardı. Bu, vaxt aparacaq. Lakin məsələ dövlət siyasətindədir. Mən artıq dəfələrlə demişəm ki, tariximizdəki bütün bu faciəvi hadisələrə, dağıntılara, Xocalıdakı soyqırımına baxmayaraq, biz səhifəni çevirməliyik. Əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq, yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik. Bizim siyasətimiz budur. Saxlanılan şəxslərə gəlincə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. Onlar bu terror aktlarını törədiblər, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər. İndiyədək biz 100-dən çox saxlanılan şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər. Digər məsələ ondan ibarətdir ki, saxlanılan şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra, – onlardan 10-unu 10 gün əvvəl qaytarmışıq, – Ermənistanda həbs olunub. Bu, bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar.
-İcazə verin, hərbi əsirlərlə
bağlı bir daha soruşum, çünki təkcə Ermənistan
tərəfdən deyil, beynəlxalq təşkilatlar tərəfindən
də birbaşa iddialar var ki, saxlanılan onlarla insan var,
heç kim əsl sayını bilmir. Bu yaxınlarda hərbi əsirlər
sizin ərazilərinizdəki mina xəritələrinin təqdim
edilməsi müqabilində dəyişdirilib. Mən bilmək
istərdim, bu şəxslərin siyahısı varmı və
Siz saxlanılan həmin şəxslərin
siyahısını paylaşmağa
hazırsınızmı? Siz iddia edirsiniz ki, onlar
terrorçudurlar, digər tərəf iddia edir ki, onlar hərbi
əsirdirlər. Bizim adlar və sayın göstərildiyi
siyahını əldə etmək imkanımız varmı?
-Burada heç bir sirr yoxdur. Siyahı bəllidir, beynəlxalq təşkilatlar və
ermənilər də bundan xəbərdardır. Məsələn, noyabr ayının ortalarında hərbi
təxribat həyata keçirərkən 30-dan artıq erməni
hərbçisi saxlanılıb. Onların
biri yaralı idi və bizim həkimlər onun qeydinə
qaldılar, o, əməliyyat olundu və sağalan kimi biz onu
geri qaytardıq. Bu, həqiqətdir və
təsdiqini tapmış məsələdir. Həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb
və onların bir çoxu artıq Ermənistanda həbsdədir.
Beləliklə, Ermənistanın noyabrdakı hərbi
təxribatı nəticəsində təqribən 30, ötən
ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir
düşüb və biz bu rəqəmləri gizlətmirik.
Ermənistan tərəfinə əsirlərin
ad, soyad və təvəllüdləri ilə bağlı
siyahı təqdim edilib. Yəni,
onların bundan xəbəri var, beynəlxalq təşkilatların
məlumatı var, biz bunu gizlətmirik, çünki burada
sirr yoxdur. Eyni zamanda, məhkəmələrin
qərarları ictimaiyyətə açıqdır və hər
kəs əsirlərin sayını bilir. Lakin
yenə də deyirəm, bu, ədalət mühakiməsi məsələsidir.
O şəxslər ki, cinayət törətməyib, azərbaycanlıları
qətlə yetirməyib, onlar geri qaytarılıb. Artıq qeyd etdiyim kimi, belə şəxslərin
sayı 100-dən çoxdur. Məndə
olan məlumata görə, xırda cinayətlər törədənlər
yüngül cəzalar alıb. Ancaq azərbaycanlıların
qətlində əli olanlar məhkəmə
qarşısında cavab verməlidir və bu, istənilən
ölkədə belədir. Bir daha deyirəm,
bu şəxslər İkinci Qarabağ müharibəsinin
başa çatmasından 20 gün sonra saxlanılıb.
Onlar azad olunmuş ərazilərə noyabrın 26-da göndərilib
və ötən il dekabr ayının əvvəlində
saxlanılıblar. Növbəti qrup isə qeyd
etdiyim kimi, bu ilin noyabrında saxlanılıb. Burada mənzərə tamamilə şəffafdır.
-Həmin şəxslərin
hərbi əsir kimi qiymətləndirilməsi və hərbi əməliyyatların
dayandırılması razılığına əsasən,
Ermənistan tərəfinə qaytarılması ehtimalı
varmı?
-Dediyim kimi, onlardan 10 nəfəri on
gün bundan əvvəl qaytarılıb. Proses humanitar əsaslarda
davam edir. Biz heç vaxt “yox” deməmişik, ancaq proses Azərbaycan
qanunvericiliyi çərçivəsində, ədalət və
humanizm üzərində qurulmalıdır. Bu
amillərin vəhdəti mövcuddur, proses gedir, onun davam edəcəyini
istisna etmirik. Burada nəyin nə vaxt baş verəcəyini
deyə bilmərəm, ancaq proses gedəcək.
-Təbii qaz məsələsinə
toxunmaq istəyirəm. Bildiyiniz kimi, son vaxtlarda Avropa
İttifaqının qaz ehtiyatları azalmaqdadır, qazın
qiyməti isə artır. Bizim üçün
ən əsas qaz təchizatçısı
idxalımızın 40 faizinin payına düşdüyü
Rusiya ilə münasibətlərdə gərginlik var.
Münasibətlər özünün ən pis
dövrünü yaşayır. Azərbaycanın
iqtisadiyyatı neft və qaz ixracına əsaslanır, ixrac
bazarları isə Aİ və Qərbdir. Siz hazırkı vəziyyəti
necə təhlil edərdiniz, Aİ və ümumilikdə
region hazırkı böhranın öhdəsindən necə
gələ bilər?
-Əvvəla, demək istəyirəm
ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi,
neft və qaz sahəsindən asılılığın
azaldılması üzərində fəal
çalışırıq. Bizim ümumi daxili məhsulumuzun
strukturuna nəzər salsanız, neft və qaz amili 50 faizdən
aşağıdır. İxraca gəldikdə
isə əlbəttə, bu, bizim əsas
ixracımızdır və təbii qaza gəldikdə, bu
ixrac artmaqdadır. Hazırda qazın qiyməti
ilə bağlı, necə deyərlər, böhranın səbəbi
mənə məlum deyil və səmimi desəm, bu, məni
maraqlandırmır. Biz isə öz növbəmizdə
ev tapşırığımızı
yerinə yetirirdik, neft və qaz sektoruna milyardlarla
ölçülən sərmayə cəlb edirdik və XXI əsrin
ən mühüm infrastruktur layihələrindən olan Cənub
Qaz Dəhlizi üzərində çalışırdıq.
Həmin layihə ötən ilin son
günündə başa
çatdırılmışdır. Layihənin
dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi və həmin
vaxtdan bizim Avropaya ixracımız başladı. Bundan əvvəl bizim ixrac bazarımız əsasən
Türkiyə və Gürcüstan idi. Beləliklə,
bizim qazımızı yeni alan ən
böyük istehlakçı İtaliyadır, sonra isə
Yunanıstan və Bolqarıstandır. Burada
coğrafiyanı genişləndirmək üçün
potensial mövcuddur. Bu il artıq biz
Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz
ixrac etmişik. Gələn il biz 9 milyard
kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi
planlaşdırırıq. Bu rəqəm arta
da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir.
Burada müqavilələr əvvəlcədən
bağlanmalıdır. Hazırda ixrac
etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin
istifadəyə verilməsindən öncə bağlanıb.
Qaz sahəsində biznes bu şəkildə
aparılır. Beləliklə, hasilatı
artırmaq və ya Avropa İttifaqının yeni üzvləri
ilə əməkdaşlığı planlaşdırmaq
üçün praktiki səviyyədə
danışıqlar aparılmalı, həmin bazarın
potensialı və Avropada qaz infrastrukturu sistemlərinin
bağlılığı qiymətləndirilməlidir.
Bilirəm ki, hazırda Avropada yeni bağlantılar üzərində
iş gedir. Yəni, bunu planlaşdırmaq
lazımdır, çünki bizim qazımız uzunmüddətli
müqavilələr əsasında satılır və biz
müqavilələri 100 faiz yerinə yetiririk. Azərbaycan Avropa İttifaqı üçün
etibarlı tərəfdaşdır və əlbəttə,
bu mövzu daim bizim gündəlikdədir. Mənim qiymətləndirməm ondan ibarətdir ki,
bizim nəhəng təbii qaz ehtiyatımız var. Biz Avropaya təbii
qazın ənənəvi təchizat marşrutlarından daha
qısa marşruta malikik və bizim mənbə Avropa
bazarı üçün yenidir. Siz
artıq qeyd etdiniz, Avropa İttifaqı və Avropa
İttifaqına üzv olmayan bəzi ölkələrdə
hasilatın səviyyəsi azalır və hamımız
bilirik ki, bəzi dövlətlərin enerji strategiyasına
dair qərarlarından irəli gələrək Avropanın təbii
qaza ehtiyacı artacaq. Azərbaycan
Avropanın etibarlı tərəfdaşı və dostudur.
Təsəvvür edin, Azərbaycan Bakıdan
İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə
gedən 3500 kilometrlik boru xəttini inşa edib. Yəni, hər şey hazırdır və qaz idxal
olunur. Burada görüləcək iş Avropa
Komissiyası və bizdən daha artıq həcmdə qaz almaq
istəyən və ya yeni həcmdə qaz idxal etmək
arzusunda olan ölkələrlə təmas qurmaq və
danışıqlara başlamaqdan ibarətdir.
-Ötən il həyata keçirdiyiniz yeni qaz dəhlizi –
TAP layihəsinə cənab Putin ilə söhbətlərinizdə
toxunulubmu? Bu, Rusiya qazına alternativ olduğu
üçün cənab Putini narahat edən məsələdirmi?
-Xeyr. İl ərzində
müntəzəm olaraq görüşməyimizə və
tez-tez telefon söhbəti aparmağımıza baxmayaraq, səmimi
desəm, biz heç vaxt Prezident Putinlə bu məsələni
müzakirə etməmişik. O, bu məsələni
heç vaxt qaldırmayıb, çünki zənnimcə, bu
rəqabət məsələsi böyük mənada
şişirdilib. Bizim təchiz etdiyimiz qazın
həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə
bilməz. Rusiyanın Avropaya ixracı 100
milyardlarla kubmetr təşkil edir və bu rəqəm
artmaqdadır. Bizim Avropaya ixracımız
dediyim kimi, rəqabət təşkil etmir və biz heç
vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi.
Bu gün bütün boru kəmərləri və
infrastruktur hazır olduğu üçün Avropa və digər
ölkələrə qaz təchizatının əsas mənbəyi
olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi
artıb. Yəni, o, kommersiya
baxımından çox cəlbedici olub. Biz
nəhəng qaz ehtiyatlarına malikik və bizim bazara
ehtiyacımız var idi. Bizim üçün bazar hara ola bilərdi? Bu, Rusiya ola
bilməzdi, çünki Rusiya özü
ixracatçıdır. Bu, Gürcüstan da ola
bilməzdi, çünki onun qaza olan ehtiyacı nisbətən
azdır. Bu, Türkiyə ola bilərdi və
oradan isə Avropa. Biz məhz belə də
etdik. Türkiyəyə ixrac 2006-cı ildə
başlandı. Həcm getdikcə
artırdı və daha sonra Avropaya ixrac başlandı. Yəni, bizim üçün bu, bir kommersiya layihəsi
idi, lakin onu siyasiləşdirdilər. Təəssüf
ki, böyük mənada bunun heç bir mənası yox idi.
Rusiya Federasiyası və onun rəhbərliyi məsələnin
əsl mahiyyətini anlayır. Bizim
qazımız heç bir halda alternativ deyil. Bu, yalnız istehlakçıların ehtiyacı
olduğu əlavə həcmdir. Məsələn,
bu gün bizim qazımız Türkiyənin ehtiyacının
20 faizini və Gürcüstanın ehtiyacının təqribən
90 faizini təmin edir. Qazımız
artıq Avropaya nəql edildiyindən biz Avropa
İttifaqının bəzi üzv ölkələrinin
ehtiyaclarının əhəmiyyətli hissəsini təmin
edəcəyik.
-Sonuncu sualım
dronlar haqqındadır. Ermənistanla müharibədə
Sizdə dronların olması çox mühüm əhəmiyyət
təşkil edirdi. Bu haqda
düşüncələrinizi bilmək istərdim. Səhv
etmirəmsə, Sizdə İsrail və Türkiyə
texnologiyası əsasında hazırlanmış dronlar var.
Bilmək istəyirəm ki, bu dronlar indi dünya
satışına çıxarılacaqmı? Onları
müstəqil şəkildə istehsal etmək və
dünyaya satmaq imkanınız var. Dünya bunda
maraqlıdırmı? Ümumiyyətlə, bu, müasir
müharibəni və dronların müasir müharibələrin
zəruri bir elementinə necə çevrilməsini əks
etdirir.
-Bəli, bu, beynəlxalq hərbi
mütəxəssislərin ümumi dəyərləndirməsidir
ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən
əvvəl heç kim müharibəni bu
cür aparmayıb. Təkcə dronlar deyildi,
çox dəqiq kəşfiyyat var idi. Qeyd
etdiyiniz kimi, hər iki ölkədən – Türkiyə və
İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Bizdə olan İsrail dronları kəşfiyyat
dronları və kamikadze dronları idi, Türkiyə
dronları kəşfiyyat dronları və qırıcı
dronlar idi. Bunları bir hərbi əməliyyatda
birləşdirmək asan deyildi. Eyni
sözü bizim hava hücumundan müdafiə sistemi barədə
demək olar. Bizdə İsrailin hava
hücumundan müdafiə sistemi var, Rusiyanın hava
hücumundan müdafiə sistemi var – S300. Bizim
“BUK” tipli hava hücumundan müdafiə sistemimiz var. Beləliklə,
bu hava hücumundan müdafiə sistemlərini birləşdirmək
də həmçinin ciddi hədəf idi və hava
hücumundan müdafiə sistemlərinin effektiv istifadəsi
ilə biz özümüzü böyük faciədən
qoruduq. Çünki Ermənistan bizə
qarşı ballistik raketlər ataraq yuxuda olan şəhərləri
dağıdırdı. Gəncə şəhəri
bir neçə dəfə SCUD raketinin hücumuna məruz
qaldı. Onlar yaşayış məntəqələrini
dağıtmaq üçün hədəfə
alırdılar. Onlar “İsgəndər-M”
ballistik raketlərindən istifadə etdilər. Bu, sonuncu gün Şuşanı dağıtmaq
üçün istifadə olunmuşdu. Bir
dənə deyildi. Bu raketlərin çoxu
bizim hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilmişdi.
Beləliklə, hava hücumundan müdafiə
sistemi, dronlar, artilleriya. Dronlar artilleriyaya hədəfi
göstərirdi. Artıq sirr deyil ki,
müharibənin ilk günlərində biz Ermənistanın
hava hücumundan müdafiə sistemini aşkar etmək
üçün kiçik, yüngül təyyarələrdən
istifadə edirdik. Pilot tullanırdı və kənd təsərrüfatı
məqsədləri üçün nəzərdə
tutulmuş kiçik təyyarə mövqelərə gedirdi,
Ermənistanın hava hücumundan müdafiə sistemi bu
lazımsız hədəfə hücum etməklə
özünü aşkar edirdi. Sonra biz Ermənistanın
hava hücumundan müdafiə sistemini məhv edirdik. Bu amillərin birləşməsi, üstəlik, ilk
növbədə, öz həyatlarını qurban verən əsgər
və zabitlərimizin motivasiyası və cəsarəti.
Üç minə yaxın azərbaycanlı
öz vətənləri uğrunda həlak oldu. Bütün bu amillər çox çətin
coğrafi şəraitdə qələbədə həlledici
rol oynadı. Çünki biz dağlara
çıxmalı olurduq, elə şəraitdə ki, ermənilər
demək olar, 30 il ərzində 6 istehkam xətti
qurmuşdular, minalar basdırmışdılar. Yalnız müharibədən sonra bizdə demək
olar ki, 200 nəfər minaya düşərək həlak olub
və ya yaralanıb. Sözsüz ki,
bütün bunlar bizim qələbəmiz üçün təməl
yaratdı. Dronlara gəlincə, biz
onları almağa davam edirik. Müharibə
başa çatandan sonra biz yeni modifikasiyalar almaq
üçün yeni müqavilələr imzaladıq və
qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil,
kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara
çıxarılır. Azərbaycan
30-dan çox ölkəyə öz hərbi məhsullarını
ixrac edir və biz artıq əsas ehtiyaclarımızı
ödəyən hərbi sənaye kompleksini inkişaf
etdirmişik. Biz bunu davam etdiririk,
çünki qeyd etdiyim kimi, hələ də erməni
revanşizmi təhlükəsi var, hələ də sabitliyin
pozulması təhlükəsi var. Beləliklə, biz hər
zaman sərhədlərimizi müdafiə etməyə
hazır olmalıyıq.
-Müharibənin
nəticəsi Sizin hərbi məhsullara
marağınızı artırıbmı?
-Bəli, əlbəttə ki. Buna və eyni zamanda, bizim təcrübəmizə
marağı artırıb. Çünki
təcrübəmizi öyrənmək istəyən bir
neçə ölkə artıq bizə müraciət edərək
bunu necə etdiyimizlə maraqlanıb. Lakin
müharibəyə ilk gündən son günədək rəhbərlik
edən Ali Baş Komandan olaraq sizə bir daha deyə bilərəm
ki, bunu necə etdiyimizi izah etmək çətin olar.
Çünki siz bunu hiss etməlisiniz. Çünki biz demək
olar ki, 30 il ərzində ermənilərin
işğalından, təhqirindən, təkəbbüründən
əziyyət çəkirdik. Onlar bütün
beynəlxalq təşkilatların sənədlərinə
zidd olaraq bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı
dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur.
BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa
Şurası, Avropa Parlamenti - onların hamısı bizi dəstəkləyən
qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə,
orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik
orada oturacaqlar. Beləliklə, motivasiya, ruh
yüksəkliyi və cəsarət qələbəmizin əsas
amili oldu. Bu, milli ləyaqət və
qürur məsələsi idi. Baxmayaraq,
bir çoxları bizə bunu necə etdiyimizlə
bağlı müraciət etsə də,
düşünürəm ki, bunu izah etmək
üçün uzun illər lazımdır.
-Vaxt ayırıb
müsahibə verdiyinizə görə təşəkkür
edirəm.
-Təşəkkür edirəm.
-Bugünkü
görüşlərinizdə və növbəti günlərdə
Sizə uğurlar arzulayıram.
Azərbaycan.- 2021.- 16 dekabr.- S.2-3.