NATO-dan İlham
Əliyevə tam dəstək
Baş katib Yens
Stoltenberq Azərbaycanın alyansla etibarlı tərəfdaş
olduğunu bəyan etdi
Müasir beynəlxalq
münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin
qurulmasına, transmilli qlobal layihələrin
reallaşdırılmasına, Avropanın enerji təhlükəsizliyinə
töhfəsini verən Azərbaycan bu gün regional güc
kimi qəbul edilməkdədir.
Müstəqil dövlət kimi bir
sıra beynəlxalq təşkilatlara, o cümlədən
NATO, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı,
İƏT, MDB və çoxlu sayda digər təşkilatlarla
fəal əməkdaşlığı durmadan inkişaf etdirən
Azərbaycan həm də GUAM regional qrupunun təsisçilərindən
biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə
iştirakı ilə Azərbaycan öz milli maraqlarını
gerçəkləşdirir.
Prezident İlham Əliyevin
dekabrın 14-də Belçika Krallığında
işgüzar səfəri çərçivəsində
ölkəmizin əməkdaşlıq etdiyi təşkilatlarla
münasibətlərinin yüksək səviyyədə
olduğu bir daha təsdiqləndi.
Dövlətimizin
başçısının NATO-nun Baş katibi Yens Stoltenberqlə
keçirdiyi görüş, Şimali Atlantika
Şurasının iclasında iştirakı və mətbuata
bəyanatı bunu bir daha təsdiqləyən
reallıqlardır.
Azərbaycan - NATO
münasibətlərinin tarixi
Azərbaycanla NATO
arasındakı ilk təmasların tarixi ölkəmizin bir
sıra Mərkəzi və Şərqi Avropa dövlətləri
ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi
forumuna - Şimali Atlantika Əməkdaşlıq
Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq
Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf
edir.
Azərbaycanla NATO arasında məzmunlu
tərəfdaşlığın əsası isə
Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü ildə
Sülh Naminə Tərəfdaşlıq Çərçivə
Sənədinin imzalanması ilə qoyulub.
Azərbaycanın NATO ilə
tərəfdaşlığı onun Avro-Atlantik
strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Ölkəmizin
NATO ilə tərəfdaşlığında əsas istiqamətlər
siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları,
meydana gələn təhlükəsizlik təhdidləri və
əsas vurğusu müdafiə məsələlərinə
yönələn geniş spektrli istiqamətlər üzrə
praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin
aradan qaldırılmasında Azərbaycanın
qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq
etməsi Azərbaycanın Milli Təhlükəsizlik
Konsepsiyası və Hərbi Doktrinasında da öz əksini
tapıb.
Azərbaycan fərdi tərəfdaşlıq
məsələlərini özündə ehtiva edən əsas
sənədlərdə əks olunmuş prinsiplərin yerinə
yetirilməsi məqsədi ilə NATO-nun müvafiq tərəfdaşlıq
mexanizmlərindən fəal istifadə edir.
1996-cı il SNT Təqdimat
Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq
və Əməkdaşlıq Proqramı çərçivəsində
Azərbaycan hər il 200-dən artıq tədbirdə
iştirak edir. Fərdi Tərəfdaşlıq
və Əməkdaşlıq Proqramı NATO-ya üzv və bəzi
tərəfdaş ölkələr tərəfindən təşkil
edilən təcrübə mübadiləsinə,
hazırlığın artırılmasına, həmçinin
ekspert müzakirələrinə xidmət edən tədbirlərdə
iştiraka şərait yaradır.
Əfqanıstanı
sonuncu tərk edən Azərbaycan sülhməramlıları
olub
Prezident İlham Əliyevin
Belçikaya budəfəki səfərində də
keçirdiyi görüşlərdə tərəflər
arasındakı münasibətlərin daha da gücləndirilməsi
məsələləri müzakirə mövzusu oldu. NATO-nun Baş katibinin dəvəti
əsasında İlham Əliyevlə alyansın Baş katibi
Yens Stoltenberq arasında keçirilən görüşdə
Baş katib Azərbaycanın alyansın dəyərli tərəfdaşı
olduğunu deyərək Azərbaycan Silahlı Qüvvələrinin
Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı
xidmətini yüksək qiymətləndirdi. Qeyd
etdi ki, Azərbaycan sülhməramlıları
Əfqanıstanı sonuncu tərk edən hərbi
qulluqçular olublar və onlar 120 mindən çox
insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə
töhfə veriblər. Yens Stoltenberq buna
görə Prezident İlham Əliyevə təşəkkürünü
bildirdi.
Alyansın mənzil-qərargahına
7-ci dəfə səfər etdiyini söyləyən Prezident
İlham Əliyev isə Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı
olduğunu bildirdi və dedi ki, hərbçilərimiz 2002-ci
ildən 2021-ci il avqustun sonunadək
Əfqanıstanda xidmət ediblər.
Söhbət zamanı
postmünaqişə dövründə regional məsələlər
ətrafında fikir mübadiləsi aparıldı və Azərbaycanın
Ermənistanla sülh sazişi üzrə
danışıqlara hazır olduğu bildirildi.
NATO-nun Şimali Atlantika
Şurasının iclasında isə Azərbaycan-NATO əməkdaşlığı
və praktiki müstəvidə əməkdaşlığın
inkişafı, Alyansın Əfqanıstanda keçirilən
“Qətiyyətli dəstək” missiyasına ölkəmizin
töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma
analiz prosesi və digər proqramlar çərçivəsində
əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin
Azərbaycanın Avropanın enerji təchizatında rolu,
regional proseslər barədə ətraflı fikir mübadiləsi
aparıldı.
NATO-ya üzv dövlətlər
tərəfindən ölkəmizin ərazi
bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına bir daha dəstək ifadə olundu. Bu mövqenin
NATO-nun sammit sənədlərində də dəfələrlə
təsbit olunduğu qeyd edildi.
Prezident İlham Əliyev Azərbaycanın
regionda oynadığı rol, xüsusilə Vətən
müharibəsinin başa çatmasından sonra bölgədə
yaranmış yeni geosiyasi vəziyyət, Ermənistanla
sülh müqaviləsi üzrə danışıqlara
başlamağa hazır olması, həmçinin sərhədlərin
delimitasiyası və demarkasiyası prosesinə
hazırlıq kimi məsələlər haqqında ətraflı
məlumat verdi.
Azərbaycan
NATO-nun dəyərli tərəfdaşıdır
İlham Əliyev ilə Yens
Stoltenberqin birgə mətbuat konfransında isə Baş katib
bu görüşü NATO-nun Azərbaycanla tərəfdaşlığında
dialoqun və qarşılıqlı anlaşmanın önəminin
göstəricisi adlandırdı.
Qeyd edildi ki, Azərbaycanla təşkilat
arasında uzun illər ərzində güclü əməkdaşlıq
olub. Bu gün əməkdaşlıq bir çox sahələri,
bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə
qədər olan sahələri əhatə edir.
İlk olaraq Azərbaycanın
Əfqanıstandakı sülhməramlılarının fəaliyyətinə
toxunan Baş katib bildirdi ki, Azərbaycan təşkilatın
Əfqanıstandakı sabiq missiyasına mühüm töhfələr
verib: “Azərbaycan Silahlı Qüvvələri Kabil hava
limanında bu yay aparılan təxliyə işləri
zamanı təhlükəsizliyin təmin edilməsində
mühüm rol oynamışdır. NATO müttəfiqləri
bir neçə gün ərzində 120 mindən çox
insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə
nail olmuşdur. Bütün səyləriniz və dəstəyiniz
üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik
bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində
gələcəyini təmin etmək üçün biz hər
ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan
və Ermənistan arasında münasibətlərin
normallaşdırılmasını dəstəkləyirik.
Prezident Əliyev, icazə verin NATO-nun mənzil-qərargahına
gəldiyiniz üçün Sizə bir daha təşəkkürümü
bildirim. Mən NATO və Azərbaycan
arasında əməkdaşlığın daha da dərinləşdirilməsi
üçün işimizin davam etdirilməsini səbirsizliklə
gözləyirəm”.
Yeddinci səfər
- əməkdaşlığın
dinamizminin göstəricisi
Azərbaycan NATO-nun
etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Bunu Prezident də
bildirdi. Müfəssəl
xarakterə malik əməkdaşlıq möhkəm təməl
üzərində qurulub. Bu səfərin
7-ci olması isə əməkdaşlığın
dinamizmini göstərir.
İlham Əliyev həmçinin
diqqətə çatdırdı ki, təkbətək
görüşdə əməkdaşlıqla bağlı gələcək
planlar və Cənubi Qafqazda postmüharibə vəziyyəti
müzakirə edilib: “Azərbaycan sülhə, sabitliyə və
proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz
regionda hər hansı yeni müharibə risklərinin minimuma
endirilməsi məqsədini daşıyır. Bunun üçün ən yaxşı yol
kommunikasiyaların açılması, aktiv dialoqun
qurulması və yenidən qonşu olmağı öyrənməkdir.
Bizim siyasətimiz çox açıq və
aydındır. Ümidvaram ki, əgər
Ermənistan tərəfindən xoş məram olsa, biz təklif
etdiyimiz kimi iki ölkə arasında sülh
razılaşması üzərində işləyə və
düşmənçiliyə son qoya bilərik”.
Prezident bir daha Azərbaycanın
Zəngəzur dəhlizinin açılmasında israrlı
olduğunu söyləyərək Ermənistana və
havadarlarına mesaj ünvanladı.
Konfransda İlham Əliyevə
ünvanlanan “Siz həmin dəhlizdə Ermənistanın
gömrük yoxlamalarını qəbul edərsinizmi? Azərbaycanın bununla
bağlı fikri nədir?” suallarına cavabında Azərbaycan
Prezidenti konkret fikir bildirdi: “Zəngəzur dəhlizi ilə
bağlı demək istərdim ki, regionda bu
kommunikasiyaların açılması təklifi ötən
il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş
naziri və mənim tərəfimdən imzalanmış
üçtərəfli bəyannamədə öz əksini
tapıb. Beləliklə, bütün lazımi
şəraiti təmin etmək Ermənistan üçün
bir növ öhdəlikdir”.
Ermənistana
növbəti xəbərdarlıq
Gömrük postu olmasına
gəlincə isə, dövlətimizin
başçısı deyib ki, bu gün Azərbaycanın nəzarət
etdiyi Laçın dəhlizində gömrük yoxdur. Əgər Ermənistan Zəngəzur
dəhlizinə gömrük postu təyin etsə, Azərbaycan
da Laçın dəhlizində analoji addımı atacaq:
“Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində
də gömrük olmamalıdır. Əgər
Ermənistan yük və insanlara nəzarət etmək
üçün öz gömrük qurumlarından istifadədə
israr etsə, onda biz Laçın dəhlizində eynisində
israr edəcəyik. Bu, məntiqlidir və
qərar Ermənistan tərəfindən qəbul edilməlidir.
Biz hər iki varianta hazırıq, ya hər
ikisində heç bir gömrüyün olmaması, ya da hər
ikisində hər iki gömrüyün olması”.
Bağlılığa gəlincə,
Prezident dedi ki, nəqliyyat əlaqələrinin
inteqrasiyası həqiqətən də region
üçün böyük imkandır. Çünki
Zəngəzur dəhlizi təkcə Azərbaycanın
Naxçıvan Muxtar Respublikasına çıxış əldə
etməyi üçün deyil, həm də Ermənistanın
Naxçıvan vasitəsilə İranla dəmir yolu əlaqəsi
üçündür. Bununla həmçinin
Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə
İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə
dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi
yoxdur. Bu, regionda həqiqətən müsbət
ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə
olacaqdır. Hesab edirəm ki, bu
imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin
planlaşdırılması baxımından olduqca vacibdir.
İlham Əliyev bir daha Azərbaycanın
buna hazır olduğunu bəyan etdi. Baş katib Yens Stoltenberq isə dedi
ki, NATO qarşıdurmanın bitməsini və hərbi əməliyyatların
dayandırılması imkanının əldə edilməsini
alqışlayır və Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşdırılması, dialoqun qurulması səylərini
dəstəkləyir. Əsas məsələ
zorakılığın yenidən alovlanmasına rəvac verə
biləcək addımlardan çəkinmək və qalan məsələləri
diplomatik yollarla həll etməkdir: “NATO tərəf tutmur,
çünki Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır.
Beləliklə, biz diplomatik səyləri,
üçtərəfli səyləri dəstəkləyirik
və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin
normallaşdırılması səylərini də
güclü şəkildə dəstəkləyirik”.
Göründüyü kimi,
NATO Azərbaycanın Zəngəzur dəhlizinin
açılması istiqamətində irəli
sürdüyü təklifləri dəstəkləyir. Ermənistan nə
qədər vaxt udmağa çalışıb bəhanələr
gətirsə də, tezliklə Zəngəzur dəhlizi
açılacaq və Azərbaycan regionda yeni nəqliyyat-logistik
mərkəzə çevriləcək.
R.
BAXŞƏLİYEV
Azərbaycan.- 2021.-16 dekabr.- S.1; 6.