Surxay Noçuyev əfsanəsi
Şəhidlər
ölməz, vətən bölünməz!
Cümə günüdür. Həmişəki kimi Əbdül kişi işdən çıxıb evə tələsir. Həyat yoldaşı Mehribanı da götürüb nəvələri Uğurla Fidanı görməyə yollanır. Yolboyu hər ikisi susur, danışmırlar. Lakin bir-birilərindən xəbərsiz ürəklərində Allaha yalvarırlar: “İlahi, kaş bu dəfə üzümüzə qapını Surxayın özü açaydı!..
Yenə cümə günüdür. Uğur biryaşlı bacısı Fidanı oynadır. Anası Lalə isə mətbəxdə biş-düşlə məşğuldur. Evi şən körpə səs-küyü götürüb. Amma bu səs-küyün ortasına arabir sükut çökür, ətrafa qulaq verirlər. Budur, nəhayət, qapıdan səbrsizliklə gözlədikləri tanış taqqıltı səsi gəlir. Həmişəki kimi Lalə də, Uğur da ürəklərindəki o ümidlə qapını açmağa tələsirlər:
“İlahi, kaş bu dəfə qapının arxasındakı Surxay olaydı...”
“Kaş, gələn atam olaydı...”
Qapı açılır... Övlad, ömür-gün yoldaşı, ata intizarını çəkən insanlar qucaqlaşırlar, Surxayın yoxluğunu, həsrətini, nisgilini, özləmini bir-biri ilə ovutmağa çalışırlar...
“Şuşanı azad etməyincə heç birinizə
ölməyə icazə vermirəm!..”
O gün nədənsə hava qaşqabağını daha da tökmüşdü... Topa-topa qara buludlar getdikcə sıxlaşır, yarğanlardan sürünə-sürünə gələn bəyaz duman hər yeri bürüyürdü. Ətrafa sakitlik çöksə də, arabir uzaqdan eşidilən raket, top mərmilərinin partlayış səsi bu sükutu pozur, Daşaltının üzərindən Şuşaya uzanan sıldırım qayalarda əks-səda verərək itirdi... Neçə gün idi ki, uğrunda şiddətli döyüşlər gedən Daşaltı düşməndən təmizlənmişdi. İndi də növbə Şuşanı azadlığına qovuşdurmaq idi. Elə bu həlledici tapşırığı da müvəffəqiyyətlə yerinə yetirmək üçün tabor komandiri kapitan Surxay Noçuyev döyüş yoldaşlarının qarşısında düşmənə coşan qəzəb hissi ilə elə bir çıxış edirdi ki, sanki qəzəb tanrısı yerlərə enmişdi. Noçuyev deyirdi: “Nəyin bahasına olur olsun, Şuşanı azad etməliyik!” Sonra bir-bir gözünü döyüşçü yoldaşlarının üzərində gəzdirir, səsindəki titrəkliklə söyləyirdi: “Xahiş edirəm, özünüzü qoruyun!”
Amma tez də komandir qətiyyəti ilə əlavə edirdi: “Bu bir əmrdir!.. Şuşanı azad etmədən heç birinizə ölməyə icazə vermirəm!..”
O gecə Daşaltının sıldırım qayaları ilə üzü Şuşaya doğru igid oğullarımız Zəfər cığırı açırdılar. Və bu müqəddəs yolda sanki ulduzların, ayın üzünə rübənd çəkən qara buludlar da, ətrafı göz-gözü görməyən zülmətə çevirən duman da qəhrəmanlarımızı namərd düşmənin gözündən yayındırmaq üçün sipərə çevrilmişdi...
Çıxdığımız haqq savaşının hədəf nöqtəsi Şuşaya ayaq basmağın təsvirəgəlməz qürur hissi ilə sinəsi köksünə sığmayan Surxaygil irəli şığıyır, şəhərin hər qarışı uğrunda çarpışaraq düşməni sürətlə qovurdular.
Zəfərə cəmi yarım gün
qalmışdı...
...Surxay Noçuyev döyüşə-döyüşə İsa bulağına qədər irəliləmişdi ki, birdən qarşıdakı sıx ağaclıqdan açılan avtomat güllələri sağından, solundan çovuyaraq keçməyə başladı. Dərhal yaxınlıqdakı işıq dirəyinin arxasına sığınan Surxay silahını zülmətə tərəf tuşlayaraq atəş açmağa başladı. Artıq zaman məfhumu onun üçün itmişdi və daldalanacaqda gizlənmiş düşmənlərə qarşı açıq meydanda neçə müddətdir ki təkbaşına vuruşduğunu, döyüş yoldaşlarını qoruduğunu bilmirdi. Arxa ilə əlaqə yaradaraq təcili kömək də istəmişdi və tezliklə qüvvə gələcəkdi. Elə Surxayın atdığı güllələr də hədəfdən yayınmırdı, indi qarşıdan güllələr tək-tük atılırdı. Kapitan bunları düşünə-düşünə ağaclığa tərəf daha bir-neçə güllə atıb mövqeyini dəyişmək istəyirdi ki, boynunda qəfildən dəhşətli ağrı hiss etdi... Gözləri qaraldı, ayaq üstündə durmaq istəsə də, qeyri-ixtiyari dizləri büküldü, üzüquylu ana torpağın bağrına uzandı...
Aradan çox keçmədən doğma hənir duydu, kömək yetişmişdi, daha qarşıdan da heç bir güllə atılmırdı, düşmən əbədi susdurulmuşdu...
...Yaman üşüyürdü, alışıb-yanan ürəyi isə su istəyirdi, amma getdikcə susuzluq hissi də keçirdi və daha heç nə istəmirdi. Sakitcə uzanmaq və qulaqlarında haradansa peyda olaraq laylay kimi səslənən bir körpənin qığıltısına qulaq vermək istəyirdi...
Beləcə, Vətənin daha bir mərd oğlu, 1988-ci il dekabrın 19-da Zəngilanın Məmmədbəyli kəndində anadan olan tabor komandiri kapitan Surxay Əbdül oğlu Noçuyev ömrünün baharında həyatda hər kəsdən, hər nəsnədən çox sevdiyi Vətənin qoynunda əbədiyyətə qovuşur, şəhidlik zirvəsinə ucalırdı...
2020-ci il noyabrın 8-dən 9-na keçən gecəydi, Vətən müharibəsinin Zəfərlə bitməsinə cəmi yarım gün qalmışdı...
Ya general
olacaqdı, ya da şəhid...
Vətən müharibəsinin
qəhrəman döyüşçüsü, hərb sənətimizə
“Surxay Noçuyev taktikası” kimi mükəmməl taktika bəxş
edən kapitan Surxay Noçuyev yeniyetməliyindən hərb
elminə bağlanmışdı. O, qətiyyətlə irəlilədiyi
bu yolda özü üçün iki uca zirvə də müəyyənləşdirmişdi:
ya general olacaqdı, ya da şəhid...
1995-2002-ci illərdə Xarici Dillər
Təmayüllü Gimnaziyada, 2003-2006-cı illərdə Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə
təhsil alan Surxay 2006-2010-cu illərdə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru
Qoşunları fakültəsini və Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris
Mərkəzinin Zabit ixtisas kursunu müvəffəqiyyətlə
bitirmişdi. Ona leytenant hərbi rütbəsi
verilmişdi. Surxay Noçuyev zabit kimi fəaliyyəti
müddətində tağım komandiri, bölük komandiri,
qərargah rəisi və tabor komandiri vəzifələrini
icra etmiş, 2016-cı ilin aprelin 2-5-də baş verən və
silahlı qüvvələrimizin qələbəsi ilə
başa çatan döyüşlərdə iştirak edərək
vəzifə borcunun öhdəsindən layiqincə gəlmişdi.
Surxay Noçuyev 2020-ci il sentyabrın 27-də Ermənistanın
növbəti təxribatına qarşı əks-hücum əməliyyatlarına
da qoşularaq işğal altında olan ərazilərimizin
azad edilməsi uğrunda mübarizəyə
başlamışdı. O, Cəbrayılın, Füzulinin, Zəngilanın,
Qubadlının, Xocavəndin və Şuşanın
azadlığı uğrunda gedən döyüşlərdə
tabor komandiri kimi ön xətdə qəhrəmanlıqla
döyüşmüşdü. Kapitan
Noçuyev bu döyüşlərdə düşmənin
çoxsaylı canlı qüvvəsini və
texnikasını məhv etmişdi. Qəhrəmanlıqları
dillər əzbərinə çevrilən mərd igidimizin
son döyüşü isə noyabr ayının 9-da Şuşa şəhərində olmuşdu. Vətən müharibəsinin sonuncu günündə
qəhrəmancasına şəhid olan Surxay Noçuyev
noyabrın 12-də II Fəxri xiyabanda dəfn olunmuşdu.
Surxay Noçuyevin Vətən
müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıqlar
yüksək qiymətləndirilərək ən ali təltiflərə layiq görülüb.
Prezident İlham Əliyevin sərəncamına əsasən,
Surxay Noçuyevə ölümündən sonra “Vətən
Müharibəsi Qəhrəmanı” fəxri adı verilib,
eyni zamanda “Vətən uğrunda”, “Qubadlının azad
olunmasına görə”, “Şuşanın azad olunmasına
görə”, “Füzulinin azad olunmasına görə”
medalları ilə təltif olunub. Surxay Noçuyev hərbi
xidməti dövründə III dərəcəli “Qüsursuz
xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyi” yubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley
medallarına da layiq görülüb.
Ailəli olan Surxaydan geriyə
iki körpə balası qalıb. Biryaşlı Fidan və
beşyaşlı oğlu Uğur.
Müharibəyə
yollandığı gün dünyaya gələn qızının
üzünü görə bilmədi
Taleyin qismətidir ki, Surxay
Noçuyev Vətən müharibəsinə yollandığı
gün adını özü verdiyi qızı Fidan
dünyaya gəlir və ataya övladının
üzünü görmək nəsib olmur. Surxay, sadəcə, həyat
yoldaşı Lalə ilə telefonda danışarkən
körpə Fidanın hıçqırıq
gülüşünü eşidə bilir...
Surxayla axırıncı dəfə
danışanda atasına da, anasına da deyir ki,
“uşaqları yığın başınıza, onlardan
muğayat olun...” Həmin vaxt bu sözləri adi hal kimi
qarşılasalar da, sonradan valideynləri ürəkağrısı
ilə anlayırlar ki... Bəlkə də, müharibədən
geri dönməyəcəyi Surxayın ürəyinə
damıbmış...
Qəhrəman şəhidin
33 yaşını onsuz qeyd edəcəyimiz bu ərəfədə
atası Əbdül Noçuyevlə görüşüb
Surxaylı xatirələrini bölüşdük. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı
Əbdül Noçuyevi, əslində, bu ilin 20 oktyabrında
Zəngilanın işğaldan azad edilməsinin bir ilini qeyd
etdiyimiz gün bütün Azərbaycan xalqı tanıdı,
bir daha Surxay kimi igid oğul yetişdirən ataya minnətdar
oldu. Zəngilana onun doğma sakinləri ilə birlikdə səfər
edən Prezident İlham Əliyevin Əbdül Noçuyevlə
görüşünü, şəhid atasını
qucaqlayarkən kövrəlməsini, ona ürək-dirək
verməsini kadrlardan izləyən hər kəs
duyğulandı, Vətən uğrunda canını qurban verən
Surxayın timsalında bütün şəhidlərimizin
ruhuna dualar oxudu.
Surxay haqqında
keçmiş zamanda danışmaq çox ağırdır
Əbdül müəllim deyir ki,
Surxaydan sonra Surxay haqqında danışacağı heç
zaman ağlına gəlməzdi, bilməzdi ki, bu dərdin
yükü altında beli əyilsə də, şax
durmağa, məhz oğluna olan əmanət borcunu yerinə
yetirmək, onun övladlarını böyüdüb
boya-başa çatdırmaq üçün yaşamağa
çalışacaq...
Lap kiçik yaşlarından Surxayda
hərbçi nizam-intizamı var idi. Uşaq vaxtından köynəyinin bütün
düymələrini sonuna kimi düymələyər,
yatağını özü yığışdırar,
yeriyəndə şax yeriyərdi. Hətta
oxuduğu məktəbdə sinif yoldaşları onu “əsgər”
deyə çağırardılar. Çox
danışmazdı, qaraqabaq idi, güləndə isə sinəsindən
bircə dəfə uca qəhqəhə çıxardı,
vəssalam (indi Uğur atası kimi gülür)...
Xasiyyəti də sərt
idi. Zabit kimi xidmətə başlayanda elə bilirdim ki, əsgərlərinə
qarşı da bu cür sərtdir, sən demə, belə
deyilmiş. Döyüş
yoldaşlarını qardaşı, övladları kimi
sevirmiş, onlara qayğı göstərirmiş. Şəxsi heyətinin bir nəfərini belə
itirməmək üçün əlindən gələni
edirmiş. Mən bunları bilmirdim,
çünki Surxay heç zaman evdə hərbi fəaliyyəti
ilə bağlı danışmazdı. Elə
müharibədə göstərdiyi qəhrəmanlıqları
da yalnız ölümündən sonra döyüş
yoldaşlarından eşidib bildik...
“Ata, fikir etmə,
hər şey yaxşı olacaq”
Ötən ilin 27
sentyabrında, Vətən müharibəsinin
başladığı gün səhər saat 6-da Surxay
atasına zəng vuraraq gülə-gülə
gözaydınlığı verib deyir ki, gözlədiyimiz
gün gəlib çatdı. Düşmən hücum edib və
bu dəfə biz onların dərsini verəcəyik, onlar
azğınlıq edirlər... “Surxay,
özündən muğayat ol!” söyləyən atanın səsindəki
xırıltını duyanda isə oğlu əminliklə
söyləyir ki, “ata, kövrəlib eləmə, bu
müharibə tez bir zamanda bizim üstünlüyümüzlə
bitəcək, hər şey yaxşı olacaq. Fikir etmə,
yaxşı?..”
- Bir də dedi ki, uşaqlarla
başını qat, darıxma. O, mənə elə təskinlik
verdi ki, arxayınlaşdım. Ümumiyyətlə, müharibə dövründə
hər danışığımızda Surxay bizdə elə
təəssürat yaradırdı ki, sanki hansısa rahat
kabinetdədir və oradan döyüşü idarə edir.
Sən demə, özü od-alovun içində
ola-ola bizi düşünürmüş ki, narahat olmayaq.
Uşaqlığında da elə idi, heç
zaman bizə əziyyət verməzdi, bütün çətinliklərin
öhdəsindən təkbaşına gəlməyə
çalışardı.
O, ilk dəfə deyəndə ki, hərbçi
olmaq istəyirəm, söz yox ki, valideyn kimi bir az narahat olduq. Çünki biz
onu tamamilə başqa sahədə görürdük. Buna baxmayaraq, Surxayı fikrindən daşındırmadıq.
Yadımdan çıxmaz, hərbi liseyə qəbul
olanda sevinclə üstümüzə elə
qaça-qaça gəldi ki, sanki dünyanın xoşbəxtidir.
Sonra orada keçirilən yaşına uyğun
40 günlük çətin sınaq müddətini də
müvəffəqiyyətlə başa vurdu. Liseydə əlaçı kimi 90 manat təqaüd alırdı.
Özü həmin təqaüddən çox cüzi miqdarda
istifadə edib qalanını anasına verirdi ki, bu, mənim sənə
hədiyyəmdir...
Surxayın arzusu general olmaq
idi və həyatını itirməsəydi, bu arzusuna
mütləq çatacaqdı, çünki onun göstəriciləri
bunu deyirdi. Həm
Naxçıvanskidə, həm də Ali Hərbi Məktəbdə
hər zaman kursantlar arasında olan bölgüdə Surxay
komandir olub. Zabitlik fəaliyyəti
dövründə də müvəffəqiyyətləri
böyük idi. Elə olurdu ki, Surxay bir
ildə iki vəzifə dəyişirdi. Hansı
ki ən yaxşı halda iki ildən bir vəzifə dəyişmək
mümkündür. Amma Surxay 28
yaşında artıq tabor komandiri idi. Vətən
müharibəsində də tabor komandiri kimi qəhrəmanlıqla
vuruşub, düşməni məhv etməklə bərabər,
həm də son ana qədər şəxsi heyətinin həyatını
canı bahasına qorumağa çalışıb.
Hər bir yaralanan, şəhid olan əsgərinin
alnından öpüb yola salırdı
Şəhid atası
İkinci Fəxri xiyabanda uyuyan qəhrəman oğlunun məzarını,
adətən, tənha ziyarət edir. Belə olanda, sanki oğlunun ruhuyla
daha rahat söhbətləşir, ürəyindən qaynayaraq
gözlərində yaşa çevrilən acı
damlaların axmasına mane olmur...
O gün də şəhid oğlunun
məzarını tək ziyarət etmiş, təzəcə
toxtamışdı, ki, “komandirimi, tapdım!” - deyən
həyəcanlı səslər eşitdi. Hərbigeyimli bir nəfər
yaxınlaşaraq, məzarın qarşısında
diziüstə çöküb hönkürə-hönkürə
söyləyirdi: “Komandir Noçuyev, axı biz belə
danışmamışdıq. Məni hospitala göndərəndə
dedin ki, Əsgər, sən sağalıb bura mənim
yanıma, döyüşə qayıtmalısan. O, bir əmr
kimi mənim üzərimdə qalıb. Mən
qayıtmışam, axı, sən yoxsan, komandir!..”
Surxay Noçuyevin Əsgər
adlı əsgəri Əbdül kişiyə
danışmışdı ki, döyüşlərin birində
ağır yaralanır. Onu ölmüş bilərək sanitar
maşınına qoyurlar və gözləyirlər ki,
komandir Noçuyev gəlib onunla halallaşaraq yola salsın:
“Şüurum üstümdə olsa da, hərəkət edə
bilmirdim. Komandir gəldi və elə bildi ki,
yenicə keçinmişəm. Bu zaman
yoldaşlarımızdan biri dedi ki, komandir, deyəsən, o,
ayağını tərpədir. Bunu biləndən
sonra o tapşırdı ki, məni təcili hospitala
çatdırsınlar. Son dəfə isə əyilib
dedi ki, yəqin eşidirsən məni, Əsgər, səni
burda gözləyirik ha...”
Gəldim hospitalda ayıldım və
xəbər tutdum ki, artıq komandirim Surxay Noçuyev şəhid
olub...”
- Bütün yoldaşları
danışırlar ki, Surxayın döyüşçülərinə
məhəbbəti çox böyük idi. Hər
bir yaralanan, şəhid olan əsgərini alnından
öpüb yola salırdı.
Deyirlər ki, bir dəfə
Füzulidə döyüş zamanı minaatan
atışı nəticəsində bir əsgərimiz tamamilə
torpağa qarışır. Döyüşün
yenicə qurtarmasına, təhlükənin hələ
sovuşmamasına baxmayaraq, axşam o özü ilə bərabər
3 nəfər döyüşçü də götürərək
gedir və həmin əsgəri çıxarıb gətirir.
Şəhidin bədəni tamamilə
tanınmaz hala düşmüş, parçalanmış
olur, sadəcə qan qarışıq torpağa
bulaşmış sifəti salamat qalır. Surxay gəlib şəhid əsgərinin
alnını torpaqdan təmizləyərək öpür və
deyir ki, “Allah rəhmət etsin. Rahat yat,
bil ki, qisasın alınacaq, torpaqlarımızı mütləq
azad edəcəyik!”
O gündən
sonra bir daha
Surxaydan xəbər ala bilmədik
- Hardasa, oktyabrın 2-3-də
döyüşlərin şiddətli dövründə
Surxay mənə zəng vurub dedi ki, ata, Beyləqanda
qaldığımız evdə əşyalarımı
yığmışam. İşdəki sənədlərini,
şəxsi əşyalarını, telefonunu, kompüterini,
printerini hara qoymuşdusa, bir-bir yerini mənə deyirdi ki,
gedib yığışdırarsan. Mən o anlarda ürəyimə
daman şübhələri özümdən
qovaraq Surxaya dedim ki, bunları mənə niyə deyirsən,
sonra özün götürərsən də... Amma qorxduğum başıma gəldi. Müharibədən sonra Beyləqana gedib Surxayın
əşyalarını onsuz yığışdırmalı
oldum. O ağır səhnəni təsvir etməkdə
çox çətinlik çəkirəm...
- Sonuncu dəfə isə Zəngilan
işğaldan azad olunan gün danışdıq, təbrik
etdi məni. Məmmədbəylinin yanından keçdiklərini
söylədi, dedi ki, kəndimizdən əsər-əlamət
qalmayıb. Noyabrın 1-də isə həyat
yoldaşı ilə danışmışdı,
uşaqlarını soruşmuşdu. O gündən sonra
bir daha nə Surxayın özü ilə danışa, nə
də ondan xəbər ala bildik...
Artıq 10 gün
keçmişdi, kiminlə danışırdıqsa, deyirdi
ki, şəbəkə yoxdur, əlaqə saxlamaq olmur. Düzü,
bircə təsəllimiz bu idi. Sən demə,
artıq hər kəs bilirmiş ki, Surxay şəhid olub, sadəcə,
mənə demirmişlər. Məndən
əvvəl qardaşıma demişdilər, qohum-əqrəba
da onlara yığışmışdı. Noyabrın
11-də Surxayın nəşi Bakıya gətiriləndən
saat yarım əvvəl mənə xəbər verdilər...
Dəfndə iştirak edən
döyüşçü yoldaşlarının
danışığından bildim ki, oğlum böyük qəhrəman
olub, Vətən uğrunda sona qədər döyüşərək
canını belə qurban verməkdən çəkinməyib.
Füzulinin Qaraxanbəyli kəndinin
azad edilməsi uğrunda gedən döyüşlərdə
həyata keçirilən döyüş taktikası
Surxayın adı ilə bağlıdır. Məhz həmin
kənddə tətbiq olunan taktikaya “Surxay Noçuyev
taktika”sı adı verilmişdi. Ümumiyyətlə,
həmin taktika Füzuli uğrunda döyüşlərdə
özünü təsdiq etmişdi və müharibənin
sonrakı mərhələlərində də uğurla
istifadə olunmuşdu. “Surxay Noçuyev taktikası”ndan
hansı döyüşdə istifadə olunurdusa, orada minimum
itki və yüksək qələbə olurdu...
“Bütün
şəhid valideynlərinin, övladlarının,
yaxınlarının İlham Əliyev kimi böyük
dayağı var”
Ən böyük təsəllimiz
odur ki, bu gün Surxay kimi igid oğullarımızın
qanı tökülən yerlərə biz sahibləri hakimik. Dərd onda olardı ki,
onların qanı tökülən yerdə mənfur
düşmən gəzərdi...
Allah qoysa, Şuşaya gedərək
Surxayın şəhid olduğu yeri də ziyarət edəcəm,
bu, mənim üçün bir təskinlik olar...
Artıq Prezidentimizlə
birlikdə gedib doğma Zəngilanımızı
görmüşəm. Orada cənab İlham Əliyevlə olan
görüş hər birimizdə ömür boyu
yadımızdan çıxmayacaq böyük təəssürat
yaratdı. İlham Əliyev mənimlə söhbət
etdi, sözlərimi diqqətlə dinlədi, sonra qəhrəman
oğullarımız, şəhidlərimiz haqqında
danışdı, çıxışı zamanı isə
neçə dəfə tutuldu, məni də qucaqlayaraq
kövrəldi... Bilirsiniz, o anlarda
özümü çox arxa-dayaqlı hiss etdim. Bir daha əmin
oldum ki, bütün şəhid valideynlərinin,
övladlarının, yaxınlarının İlham Əliyev
kimi böyük dayağı var...
Bu dünyadan bir qəhrəman
keçdi...
- Bilirəm ki, Surxayın ruhu
uşaqlarının yanındadır. Mənim Surxaya bu dünyada
bir vəfa borcum var, onu verməliyəm... Çətin
də olsa, gərək ayaq üstdə duram. Axı uşaqları mənə əmanətdir.
Bununla bağlı içimdə daim bir qorxu da var ki, birdən
tez ölərəm, hər şey yarımçıq qalar...
Uğura deməmişik ki,
atan yoxdur. Amma o özü bilir ki, atası gəlməyəcək.
Biz Surxayın yoxluğunu ona demədiyimiz kimi, o
da bunu bildiyini körpə qəlbində gizli tutur, bizə
bildirmir. Görürsən ki, bəzən
danışanda atası haqqında keçmiş zamanda
danışır...
Ona demişik ki, atan göylərdə,
Allahın yanındadır. Hərdən uçan
təyyarələri görəndə sual verir ki, “dədə,
atam da onun içindədir?”
Bütün bunları eşitməyə,
yaşamağa isə ürək dözmür...
Bircə təskinliyimiz odur
ki, Surxayın övladları var. Uğurun yerişi,
duruşu, hərəkətləri, gülüşü sanki
Surxaydır.
Körpə Fidan isə Surxaydan sonra Allahın bizə göndərdiyi
mələkdir...
Ötən bu bir il
müddətində şəhid atası ürəyində elə-hey
çək-çevir edir, özünə min dəfələrlə
sual verir, bəlkə, Surxay hərbi yox, başqa sahəni
seçsəydi, hər şey başqa cür olardı? Gözləri önündə Surxayı həkim,
müəllim, mühəndis və digər peşə sahibi
kimi canlandırmağa çalışır. Dönə-dönə Surxayın fotolarına,
videoçəkilişlərinə, səs yazılarına, əşyalarına
baxır. Amma bütün fotolardan sərt
baxışlı hərbçi baxır, səs
yazılarından qətiyyətli döyüş əmrləri
eşidilir, kadrlardan boylu-buxunlu, şax qamətli, zər
paqonlu, Vətəni uğrunda canını belə qurban verməkdən
çəkinməyən əfsanəvi qəhrəman Surxay
Noçuyev keçir...
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2021.-17 dekabr.- S.6.