“İlham Əliyev sayəsində bizi işıqlı günlər gözləyir”
Brüssel görüşünü
müzakirəyə çıxaran ermənilər xilas
yollarını Zəngəzur
dəhlizinin açılmasında görürlər
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, sülh və əməkdaşlıq üçün irəli sürdüyü təkliflər artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Zəngəzur dəhlizinin açılmasına, sərhədlərin müəyyən edilməsinə dair Azərbaycanın təkliflərinə çoxsaylı ölkələr tərəfindən tam dəstək ifadə olunur. Ermənistan buna əvvəllər müqavimət göstərməyə çalışsa da, dünya dövlətlərinin yanaşması onların Azərbaycanı dəstəklədiyini, Ermənistanın tək qaldığını göstərir.
Bu fonda Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə Brüssel görüşü İrəvanda da böyük reaksiyaya səbəb olub. Artıq ictimaiyyət də ölkələrinin xilas formulunun Azərbaycanla münasibətləri normallaşdırmaqda gördüklərini davamlı şəkildə bildirirlər.
Ancaq revanşist qüvvələr bu prosesin baş tutmaması üçün məkrli niyyətlərini gizlətmədən aşkarda nümayiş etdirirlər. Buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər. Lakin ölkədə nüfuzunu itirən keçmiş hərbi xunta nümayəndələrinin sərsəmləmələrinə xalq heç önəm belə vermir. Ermənilər anlamağa başlayıblar ki, təhlükəsizliklərinə və iqtisadi inkişafa regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət verə bilməz.
Eyni zamanda kommunikasiyaların bərpasının Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracağını da başa düşürlər. Erməni siyasi ekspert Manvel Baqdasaryan deyib ki, Soçidən sonrakı Brüssel görüşündə aparılan müzakirələr göstərir ki, kommunikasiyaların bərpası Ermənistanın xilası olacaq: “İnsanlarla söhbətləri, Brüsseldəki görüş ətrafındakı mövcud xəbərləri nəzərə alaraq deyə bilərik ki, Zəngəzur bu anda regionun geosiyasi mərkəzidir. Dəhlizin açılmasını ermənilər çox böyük səbirsizliklə gözləyirlər. Bu dəhliz sayəsində iqtisadi tərəqqinin şahidi olacağıq”.
“4rd.am” saytı yazır ki, Zəngəzur dəhlizinin açılmasının geçikməsi Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsini sürətləndirir. Müəllif məqalədə diqqəti buna yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir. Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir: “Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin pərakəndə əmtəə dövriyyəsində kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır. Regionlar, qlobal layihələrdən kənarda qalmağımız da prosesə birbaşa təsir edir. Ermənistan hələ də qlobal kommunikasiya layihələrindən kənarda qalmaqdadır. Qlobal meyillər durmadan dəyişir və ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı da itirməkdədir. Amma əvəzində Azərbaycan prosesdən uğurla faydalanır. Sülh müqaviləsinin imzalanmasının gecikməsində Ermənistan itirən tərəfdir”.
“İnstagram” sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan səhifələr “Soçidən sonra Brüsseldə də görüş” xəbərini paylaşaraq “Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nələr vəd edir?” sualını ünvanlayıblar. Bir çox izləyici bu paylaşmanın altında rəylər yazıb. Onlardan biri - ixtisasca iqtisadçı olan Aşot Levonyan yazır: “Müqayisə aparsaq, Azərbaycan iqtisadi cəhətdən Ermənistandan çox öndədir. Azərbaycan daha da güclənir və belə vəziyyət Zəngəzur dəhlizinin açılması ilə Ermənistan iqtisadiyyatına mütləq şəkildə öz müsbət təsirini göstərəcək. İqtisadiyyat dirçələcək, insanların sosial rifahı yaxşılaşacaq. Bir çoxlarınızın qəzəbinə səbəb olsa da, deməliyəm. İlham Əliyev sayəsində bizi işıqlı günlər gözləyir. Paşinyan isə bu məsələni çox yubadır. Gecikmək ölkəmizin ziyanına işləyir”.
Bu arada İrəvanda fasiləsiz etirazlar keçirilir. Aksiyalar istər iştirakçıların sayı, istərsə də miqyası baxımından genişlənməkdədir. Paytaxtla yanaşı, Gümrü və daha bir neçə şəhərdə insanlar küçələrə çıxmağa başlayıblar. Hakimiyyətə qarşı təşkil edilən etiraz aksiyalarına polisin müdaxiləsi nəticəsində indiyədək 30-dək insan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Etiraz edənlər sırasında 44 günlük müharibədə iştirak edən hərbçilər də var. Onlar iqtidarın laqeyd münasibətindən narahatçılıqlarını ifadə ediblər. Qarabağ separatçılarının təhlükəsizlik üzrə keçmiş “müşaviri”, deputat Tiqran Abrahamyan ölkəsində müharibə iştirakçılarına diqqət göstərilməməsindən gileylənib. O, müfdafiə naziri Suren Papikyanı da konkret faktlarla ittiham edib. Bildirib ki, bir ay əvvəl 44 günlük müharibədə iştirak edərək yaralanmış vətəndaş ərizə ilə müraciət edərək ona qarşı ədalətsiz rəftarın, özbaşınalığın olmasından şikayətləndi. Mən bu məsələ ilə bağlı tələsik müdafiə nazirinə məktub göndərdim. Amma Ermənistan qanunlarına zidd olaraq məktubum hələ də cavabsız qalır. Başqa sözlə, hakimiyyətə görə insanları yalnız orduya çağırmaq olar. Amma yaralıların problemini görməzdən gəlmək lazımdır: “Müdafiə naziri nə işlə məşğuldur? Daxili siyasi mesajlar hazırlayır, həmkarlarının itkin düşənlər və ya məhbuslarla bağlı bəyanatlarını səssizcə qəbul edir? Heç olmasa unutmayın ki, müharibə bitməyib, ölkənin müdafiəsi həmin atılmış insanların çiynindədir”.
Elçin CƏFƏROV
Azərbaycan.- 2021.-17 dekabr.- S.2.