Bakıda Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin
hazırkı vəziyyəti və perspektivləri mövzusunda konfrans keçirilib
Dekabrın 16-da ADA Universitetində “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda iştirak edən ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Brüsseldə keçirilən görüşdən çox şey gözlədiklərini bildirib. “Biz regionda sabitliyin təmin olunması baxımından Rusiyanın dəstəyini həmişə hiss etmişik və ümid edirəm ki, bundan sonra da görəcəyik”, - deyə rektor əlavə edib.
Azərbaycan-Rusiya əlaqələrinin dərin köklərə malik olduğunu deyən Hafiz Paşayev innovasiya və startaplardan danışıb, səmərəli, müştərək işlər həyata keçirməyin, tədqiqatlar aparmağın vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, tədqiqatların aparılması elm və tərəqqi üçün faydalıdır. İnteqrasiya prosesi çərçivəsində Azərbaycan-Rusiya mütəxəssislərinin elm sahəsində müştərək tədqiqatlar aparması çox vacibdir.
Rusiya və Azərbaycanın çox sıx münasibətlərə malik olduğunu bildirən Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk inteqrasiya prosesi çərçivəsində ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsini reallıq kimi qiymətləndirərək deyib: “Azərbaycanın regionda Avropanı Asiya ilə birləşdirəcək kommunikasiyanın açılması təklifi reallaşır və bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri baxımından mühüm rol oynayacaq. Ölkələrimiz arasında dərin tarixi bağlılıq qarşıya qoyulan məqsədlərə çatmağımıza imkan verəcək. Məqsədimiz iqtisadiyyatın inkişafı üzrə vahid platforma yaratmaqdır. Bu, ticarət mübadiləsi üçün faydalı olacaq”.
Beynəlxalq razılaşmaları diqqətdə saxlamağın çox mühüm olduğunu qeyd edən A.Overçuk MDB-yə üzv ölkələr arasında münasibətlərin yeni müstəviyə qaldırılmasının vacibliyini vurğulayıb.
Pandemiyanın iqtisadiyyata mənfi təsirlərindən də danışan Rusiya Baş nazirinin müavini Azərbaycanın bu ağır və çətin prosesdən uğurla keçdiyini qeyd edib. MDB-yə üzv ölkələrdən beşinin bu mərhələdə vahid mexanizm kimi işlədiyini diqqətə çatdıran nazir müavini söyləyib: “İqtisadi sabitliyin qorunması baxımından maliyyə institutlarının yaradılması vacib amildir. Rusiya-Azərbaycan əlaqələri gündən-günə artan templə inkişaf edir. Azərbaycanda Rusiya biznesinin inkişaf etdirilməsində maraqlıyıq. Ölkələrimiz arasında logistika, enerji, nəqliyyat və digər sahələrdə inkişafın perspektivləri kifayət qədər böyükdür.
Rusiyanın Azərbaycana yatırdığı sərmayələrin həcminin 4,5 milyard ABŞ dollarına, Azərbaycanın bu ölkəyə qoyduğu investisiyaların həcminin isə 1,5 milyard dollara çatdığını bildirən A.Overçuk deyib: “Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair fəal müzakirələr və işlər aparılır. Rusiyanın Azərbaycanla müzakirə ediləcəyi geniş spektrli mövzular var. İkitərəfli münasibətlər çərçivəsində də müəyyən işlər görülür. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Bizim ortaq maraqlarımız çoxdur, üçtərəfli işçi qrupun görüşləri keçirilir. Sonuncu görüş avqustun ortalarında Moskvada keçirilib. Bütün tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasında maraqlıdır. Nəqliyyat marşrutlarının bərpası əmtəə dövriyyəsinin artırılması və genişləndirilməsi üçün yeni imkanlar yaradacaq”.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov hazırda ölkələrimiz arasında əlaqələrin inkişafının intensiv dövrü olduğunu qeyd edib. Deyib ki, əsas məsələ - regionda sabitlik təmin olunub və biz artıq münasibətlərin sonrakı inkişafı barədə danışırıq.
Səfir konfransın Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsinə və iqtisadi əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev diqqətə çatdırıb ki, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasından keçən 30 il ərzində ikitərəfli əlaqələr daim inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin siyasi iradəsi, onların şəxsi dostluq münasibətləri sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələrimiz arasında münasibətlərin çoxəsrlik mehriban qonşuluq, dostluq və əməkdaşlıq ənənələrinə əsaslandığını qeyd edən Şahin Mustafayev bildirib ki, son iki ildə dünya birliyinin üzləşdiyi yeni reallıqlar - koronavirus pandemiyası və onun nəticələri, silahlı münaqişələr, dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin sürətlə artması, mövcud logistika zəncirlərinin tarazlığının pozulması, dünya ticarət siyasətinin volatilliyi və ticarət müharibələri ticari-iqtisadi və humanitar sahələrdə beynəlxalq əməkdaşlığın ənənəvi formalarına təsir göstərir, lakin bu amillər eyni zamanda yeni imkanlar yaradır.
Ş.Mustafayev vurğulayıb ki, yeni reallıqlar çərçivəsində əsas səylər 2024-cü ilə qədər olan dövrdə Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin əsas istiqamətlərinin inkişafına dair planın reallaşdırılması üzərində cəmləşib. Ticarətdə mövcud maneələrin aradan qaldırılması, rəqəmsal iqtisadiyyatın və nəqliyyat infrastrukturunun inkişafı, elm tutumlu birgə istehsalatlar yaradılması, qarşılıqlı turist mübadiləsinin artırılması və başqa tədbirlər nəzərdə tutulan yeddi yol xəritəsi çərçivəsində əməkdaşlıq proqramı fəal həyata keçirilir. Diqqətə çatdırılıb ki, cari ilin yanvar-oktyabr ayları ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi nikbin olmağa əsas verir - bu sahədə təqribən 7 faiz (2,35 milyard dollar) artım qeydə alınıb. Beləliklə, Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas ticarət tərəfdaşı kimi qalır. Qarşılıqlı investisiyaların dinamikası da nikbinlik doğurur. Rusiya Azərbaycan iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyub. Öz növbəsində Rusiya iqtisadiyyatına Azərbaycan investisiyalarının həcmi 1,2 milyard dollardan çox olub. Azərbaycanda Rusiya kapitalına əsaslanan 1110 müəssisə qeydiyyata alınıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası çərçivəsində də yeni imkanlar yarandığını vurğulayan Baş nazirin müavini Rusiya şirkətlərinin 13 layihə barədə öz təkliflərini təqdim etdiklərini qeyd edib. Bu layihələrdən biri - Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz vadisi iqtisadi zonası” sənaye parkında
“KamAZ” müştərək servis mərkəzinin tikintisi artıq reallaşmaqdadır.
Ş.Mustafayev
aqrar-sənaye kompleksi üzrə əmtəə
dövriyyəsinə dair statistik məlumatlara istinadla qeyd edib
ki, Azərbaycan Rusiyadan aqrar məhsulların ən iri
alıcılarının ilk onluğuna daxildir. Qeyd edilib ki,
tranzit nəqliyyat sahəsində ən uğurlu layihələrdən biri
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir.
“Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Bu dəhliz vasitəsilə Bakı-Tbilisi-Qars
dəmir yolu ilə Rusiyadan
Türkiyəyə yüklər göndərilir. 2020-ci ildə
“Şimal-Cənub” dəhlizi üzrə
yükdaşımaların həcmi 15,3 faiz,
“Şimal-Qərb” dəhlizi üzrə 11 faiz
artıb.
Neft-qaz sahəsinin əməkdaşlığın mühüm istiqaməti olduğunu qeyd edən Ş.Mustafayev Azərbaycanda Rusiyanın çoxsaylı enerji şirkətləri, o cümlədən “Gazprom”, “Transneft”, “Lukoil” şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini bildirib. “Lukoil” şirkətinin Azərbaycanda “Şahdəniz” layihəsində və digər layihələrdə iştirakının genişləndirilməsinə dair saziş bağlanması nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə artıq bir neçə ildir Rusiya nefti nəql olunur.
İştirakçıların diqqətinə çatdırılıb ki, iqtisadi sahə ilə bərabər, humanitar sahədə də əməkdaşlıq uğurla həyata keçirilir. Ötən illər ərzində təhsil və elm, səhiyyə, mədəniyyət, idman sahələrində fəaliyyət göstərən təşkilatlar arasında əlaqələr xeyli fəallaşıb.
Ş.Mustafayev koronavirus pandemiyasına qarşı mübarizədə Rusiyanın Azərbaycana göstərdiyi köməyi yüksək qiymətləndirib. Azərbaycan Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Rusiyadan 300 min doza “Sputnik V” Rusiya vaksini idxal edilməsinə icazə verilib. Bu vaksinin çox hissəsi artıq ölkəmizə gətirilib.
Azərbaycan Respublikasının Baş nazirinin müavini vurğulayıb ki, regionun gələcəyinə uzunmüddətli Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, nəticə etibarilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi kontekstində nəzərdən keçirilməlidir. Ş.Mustafayev hərbi əməliyyatların dayandırılmasında və regionda vəziyyətin sabitləşməsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xüsusi rolunu vurğulayıb. Azərbaycan birgə bəyanatların müddəalarının tam həcmdə reallaşmasına, habelə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə tərəfdardır.
Baş nazirin müavini vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin bərpası ölkəmizin strateji prioritetidir. Bu məsələlərin həlli üçün dövlət büdcəsindən külli məbləğdə vəsait ayrılıb, özəl investisiyalar cəlb edilir. Azad edilmiş ərazilərin bərpası həm də regional əməkdaşlığın inkişafı üçün böyük perspektivlər deməkdir. Bu ərazilərdə layihələrin həyata keçirilməsinə xarici investorların, o cümlədən Rusiya biznes birliyinin marağı qeyd edilib.
Ş.Mustafayev deyib ki, Cənubi Qafqaz regionunda yeni reallıqlar regiondakı bütün ölkələr arasında, o cümlədən Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlıq potensialını əhəmiyyətli dərəcədə genişləndirib, bu reallıqlar yeni məzmunlu ideya və layihələr hesabına genişlənir. Bu gün Azərbaycan region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin fəal tərəfdarıdır.
Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri İ.Andronova, ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dekanı Ə.Vəliyev, Avrasiya İqtisadi Komissiyasının İnteqrasiyanın İnkişafı Departamentinin direktor müavini V.Yanutenyok, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru E.Məmmədov, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səlahiyyətli nümayəndəsi S.Yejov, Avrasiya İqtisadi Komissiyasının Daxili bazarın tənzimlənməsi departamentinin direktor müavini K.Elikbaev, Avrasiya İnkişaf Bankının nümayəndəsi A.Malaxov, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İ.Vəlizadə, ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin dosenti L.Cumayeva və siyasi icmalçı, Azərbaycandakı Rus icmasının sədr müavini A.Lavrina mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Konfrans
müzakirələrlə davam edib.
Azərbaycan.-
2021.-17 dekabr.- S.3.