Bu il 573 nəfər Vətən
müharibəsinin iştirakçısı və şəhid
ailələrinin üzvləri polis
orqanlarında xidmətə qəbul olunub
Dekabrın 16-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 337 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 90 nəfəri Vətən müharibəsinin iştirakçıları və şəhid ailələrinin üzvləri olub.
Ümumilikdə isə il ərzində daxili işlər orqanlarında xidmətə qəbul edilən gənclərdən 573 nəfəri torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər və şəhid ailələrinin üzvləri olub.
Nazir V.Eyvazov
xidmətə qəbul ediləcək gəncləri
qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
təbrik edərək onlara polis adını və şərəfini daim uca tutmalarını, müasir informasiya
texnologiyalarının sirlərinə yiyələnmələrini,
vətəndaşların müraciətlərinə həssaslıqla
və operativ şəkildə
yanaşmalarını, onlarla ünsiyyətdə,
rəftarda hər zaman yüksək mədəniyyət
və təmkinlik nümayiş etdirmələrini,
ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində
peşəkar həmkarlarının təcrübəsindən
yararlanmalarını tövsiyə edib.
Azərbaycan.-
2021.-17 dekabr.- S.3.