Norveç Azərbaycanla bütün  sahələrdə əməkdaşlığa önəm verir

 

Dekabrın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Sönsberq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Səməd Seyidov ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətindən, müxtəlif sahələri əhatə edən əməkdaşlıqdan danışıb.

Komitə sədri Milli Məclisin fəaliyyəti barədə qonağa məlumat verib. Azərbaycan və Norveç parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini bildirən Səməd Seyidov ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlardan, bu islahatların hüquqi bazasını təşkil edən qanunvericiliyin təkmilləşdirilməsindən bəhs edib.

Söhbət zamanı komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı bir sıra yüksəksəviyyəli görüşlər keçirdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq  Fransa Prezidenti Emmanuel Makronla görüşlərinin əhəmiyyətindən söhbət açıb. Səməd Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşündə kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub.

Komitə sədri Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarını öz gücü ilə azad etdiyini xatırladıb, bunun nəticəsində regionda yeni reallığın yarandığını bildirib. O, hazırda işğaldan azad olunmuş  torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərindən söhbət açıb.

Azərbaycanla Ermənistan arasında delimitasiyademarkasiya proseslərinin həyata keçirilməsi məsələsinə toxunan Səməd Seyidov qeyd edib ki, bütün kommunikasiyaların açılması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Norveçin Azərbaycandakı səfiri Erlinq Sönsberq Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüşün məhsuldar keçdiyini bildirib. Brüsseldə üçtərəfli görüşün əhəmiyyətindən söz açıb. Diplomat  ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa önəm verdiyini vurğulayıb.

Söhbət zamanı müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, parlamentlərarası əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2021.-17 dekabr.- S.4.