Ankarada Azərbaycan-Türkiyə qardaşlığına həsr edilmiş kitabın təqdimatı olub

 

Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluğa, Azərbaycan-Türkiyə qardaşlığına həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə rəsmi şəxslər, azərbaycanlı və türkiyəli deputatlar, elm adamları, KİV təmsilçiləri iştirak ediblər.

Tədbirdə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Ankara valisi Vasip Şahin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Ədalət və İnkişaf Partiyasından millət vəkili Öznur Çalık, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran çıxış ediblər.

Çıxışların əsas mövzusunu tarixi Qarabağ Zəfəri, Azərbaycan-Türkiyə qardaşlığı təşkil edib. Natiqlər diqqətə çatdırıblar ki, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” və Ümummilli Lider Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir!” şüarları bu gün reallıqdır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri, birgə qərarları, qətiyyətli addımları tarixi Zəfərin qazanılmasında mühüm amil oldu. Əminliklə bildirilib ki, bütün dünya üçün nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı regionda sülhü, sabitliyi və inkişafı təmin edəcək və qoruyacaq.

Tədbirdə müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından və şücaətindən danışılıb.

Həmçinin təqdimatı keçirilən kitab barədə ətraflı məlumat verilib, tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyəti yüksək dəyərləndirilib. Vurğulanıb ki, keçirilən tədbirin mahiyyəti, sadəcə, kitabın təqdimatı deyil, Azərbaycan-Türkiyə tarixi qardaşlığının təcəssümüdür.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun və Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarın rəyləri əsasında hazırlanan kitabın redaktoru Türkiyə Böyük Millət Məclisinin deputatı Öznur Çalıkdır.

Nəşr Milli Məclisin deputatı Məlahət İbrahimqızının ideya müəllifliyi ilə hazırlanıb.

Kitaba prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın 2003-cü ildən bəri ikitərəfli və çoxtərəfli görüşlərindəki çıxışları, bəyanatları, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin mətni daxil edilib.

Təqdimatda Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin başçılığı ilə Şuranın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti - sədr müavini, deputat Eldar İbrahimov, Şuranın İdarə Heyətinin üzvü, deputat Ağalar Vəliyev, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli və “MediaTurk TV”nin rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı iştirak ediblər.

Nəfis tərtibat və yüksək poliqrafiya ilə çap edilən kitab iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Kitabın hazırlanmasında Azərbaycan Prezidentinin və Türkiyə Prezident Administrasiyasının, Azərbaycan Prezident Kitabxanasının rəsmi saytlarında və AZƏRTAC-da dərc olunan informasiyalardan istifadə edilib.

Nəşrdəki fotolar AZƏRTAC-a məxsusdur.

Sonda Xalq artisti Azərinin ifasında konsert proqramı təqdim olunub.

 

Azərbaycan.- 2021.-17 dekabr.- S.4.