Çingiz
Hüseynzadə: “Ən böyük hədəfimiz “Paris-2024”
XXXIII Yay Olimpiya Oyunlarında uğurla çıxış
etməkdir”
Bu gün Azərbaycan Milli Olimpiya
Komitəsinin (MOK) səkkizinci hesabat-seçki Baş Məclisini
keçirdik. Əslində, bu iclas ötən il keçirilməli
idi. Bildiyiniz kimi, bu tədbiri hər Yay Olimpiya Oyunlarından
sonra keçirirdik. Lakin pandemiya ilə əlaqədar həm
Olimpiya Oyunları, həm də hesabat tədbirimiz təxirə
salındı. Bugünkü tədbirdə Milli Olimpiya Komitəsinin
ötən beş ildəki fəaliyyəti barədə
hesabat verildi.
AZƏRTAC xəbər verir ki, bu
sözləri yenidən MOK-un vitse-prezidenti seçilən
Çingiz Hüseynzadə dekabrın 16-da jurnalistlərə
müsahibəsində deyib.
Pandemiya ilə əlaqədar
iclasın onlayn formatda təşkil olunduğunu deyən
Ç.Hüseynzadə tədbirə MOK-un 112 səlahiyyətli
nümayəndəsindən 105-nin qoşulduğunu deyib.
Bildirib ki, hesabat məruzəsi dinlənildikdən sonra səsə
qoyularaq qəbul olundu, yeni seçkilər keçirildi. Azərbaycan
Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin
prezidenti seçildi. Həmçinin İcraiyyə Komitəsinin
yeni tərkibi müəyyənləşdi. İcraiyyə
Komitəsinin işinin səmərəli olması
üçün mövcud say tərkibi bir qədər
azaldıldı və üzvlərin sayı 17-dən 11-ə
endirildi. Baş Məclisdə həm də Təftiş
Komissiyasının hesabatı təqdim edildi. Həm
İcraiyyə Komitəsinə, həm də Təftiş
Komissiyasına yeni üzvlər seçildi.
“Baş Məclisdən sonra
İcraiyyə Komitəsinin ilk iclası oldu. MOK-un Nizamnaməsinə
əsasən, Komitənin vitse-prezidentləri və baş
katibi müəyyənləşdi. Fərid Qayıbov və
Zemfira Meftaxətdinova vitse-prezident seçildilər. Mənə
yenidən etimad göstərildi və vitse-prezident kimi fəaliyyətimi
davam etdirəcəyəm. Azər Əliyev isə baş katib
təyin olundu. İcraiyyə Komitəsinin əvvəlki
üzvlərinə - Mehriban xanım Əliyevaya, Zərifə
xanım Salahovaya, Rəfiqə xanım Şabanovaya və
Ağacan Abiyevə böyük əməklərinə və
səmərəli fəaliyyətlərinə görə təşəkkürümü
bildirirəm”, - deyə vitse-prezident əlavə edib.
Ən böyük hədəfin
“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında uğurla
çıxış etmək olduğunu deyən
Ç.Hüseynzadə bildirib: “Yarışa üç ildən
də az vaxt qalıb. Hazırlıq dövrü
başlamalıdır. MOK yeni heyətlə növbəti
Olimpiya Oyunlarının hazırlığına start verəcək.
Eyni zamanda, Gənclər və İdman Nazirliyi ilə birgə
hazırlıq proqramı tərtib olunacaq. Pandemiya bizə mane
olmasa, Paris Yay Olimpiya Oyunlarına yaxşı hazırlaşa
bilərik. Bütün tədbirlərdə - Beynəlxalq
Olimpiya Komitəsinin, Avropa Olimpiya Komitəsinin tədbirlərində
iştirak etməyi planlaşdırırıq. Mötəbər
turnirlərdə – gələn il keçiriləcək
İslam Həmrəyliyi Oyunlarında, 2023-cü ildə təşkil
olunacaq Avropa Oyunlarında, gənclər arasında Olimpiya
festivallarında və digər nüfuzlu yarışlarda fəal
iştirak etməliyik. Ümid edirəm ki, yeni uğurlar
qazanacağıq”.
Azərbaycan.- 2021.-17 dekabr.- S.4.