“Şahdəniz” İlham Əliyevin neft-qaz siyasətinin şah əsəri

 

Bu gün Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanmasının 8 ili tamam olur. “Şahdəniz” son onilliklərdə dünyada kəşf olunmuş ən böyük karbohidrogen yataqlarındandır. Odur ki, onun mərhələlərlə işlənməsi təsadüfi deyil.

“Şahdəniz” dedikdə CQBK (Cənubi Qafqaz Boru Kəməri), BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri), TAP (Trans-Adriatik Qaz Boru Kəməri) yada düşür. Bu yataq “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir. Bir sözlə, “Şahdəniz” həmin yataqdır ki, onun sayəsində qədim zamanlardan neft diyarı kimi tanınan Azərbaycan həm də qaz ixrac edən ölkə kimi şöhrət tapdı.

 “Şahdəniz”in nailiyyətləri göstərdi ki, Ulu Öndər Heydər Əliyevin yeni neft-qaz strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və növbəti, daha qlobal layihələrlə təkcə Azərbaycana deyil, bir çox digər ölkələrə də fayda, xeyir-bərəkət gətirir. Dörd seqmentindən birincisi “Şahdəniz-2”nin işlənməsi olan “Cənub qaz dəhlizi” bütün dünyaya əyani surətdə sübut etdi ki, ölkəmiz ən mürəkkəb və nəhəng neft-qaz layihələrini də gerçəkləşdirməyə qadirdir. “Şahdəniz” qazını daşıyan “Cənub qaz dəhlizi” məhz belə bir layihədir və onun təşəbbüskarı Azərbaycan Prezidentidir, aparıcı qüvvəsi Azərbaycandır!

 Təkcə bir faktı qeyd etmək yetər ki, “Cənub qaz dəhlizi” Məşvərət Şurasının 2015-ci ildən bəri ildə bir dəfə keçirilən 7 toplantısının 6-na Azərbaycan evsahibliyi edib. (Yalnız sonuncu tədbir koronavirus pandemiyası səbəbindən videoformatda keçirilib). Bu da Prezident İlham Əliyevin dünyadakı hörmət və nüfuzunun daha bir təsdiqidir. Həm də vurgulamaq yerinə düşər ki, dövlət başçısının şəxsən iştirak etdiyi bu iclasların layihənin bütün seqmentlərinin həyata keçirilməsində mühüm əhəmiyyəti olub. Ümumiyyətlə, dünyanın bir çox görkəmli siyasətçiləri və neft-qaz mütəxəssisləri haqlı olaraq deyirlər ki, “Cənub qaz dəhlizi”nin reallaşmasında cənab İlham Əliyevin müstəsna əməyi və rolu var.

8 il əvvəl Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində dövlət başçısının dediyi sözləri xatırlayaq: “Gələcəkdə biz hasil edə biləcəyimiz qədər qaz həcmini nəzərdə tutulmuş kəmərlər vasitəsilə nəql edəcəyik. Təbii ki, “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. “Şahdəniz” layihəsinin imzalandığı 1990-cı illərdə bu belə deyildi. Bu gün isə bu artıq reallıqdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır”.

Prezidentimiz qarşıya qoyduğu digər ali məqsədlər kimi, buna da nail oldu. İşlənməsinin birinci mərhələsi çərçivəsində artıq 15 ildir qazkondensat verən “Şahdəniz”dən 2018-ci ilin ortalarından ikinci mərhələ üzrə də hasilata başlanıb. Bu gün təkcə yaxın qonşularımız Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də Azərbaycan qazı alır.

 Hazırda “Şahdəniz” yatağında “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformaları istismar olunur. “Şahdəniz-1” və “Şahdəniz-2”dəki bu qurğuların hasilat gücü gündə təxminən 70 milyon standart kubmetr, ildə 25 milyard standart kubmetrdən çoxdur. 2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravodan gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatmışdır. Cari ilin ilk üç rübündə yataqdan ümumilikdə - iki platformadan birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil olunub.

Xatırladaq ki, “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 4-də Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib. 1999-cu ildə isə yataq kəşf edilib.

“Şahdəniz” Bakıdan təqribən 70 kilometr cənub-şərqdə yerləşir. Burada suyun dərinliyi 50 metrdən 600 metrədək dəyişir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir. Bu, 140 kvadratkilometrdən artıq sahəsi və ilkin hesablamalara görə, təqribən 1 trilyon kubmetr mavi yanacaq və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biridir. Belə ki, 1997-2001-ci illərdə “Şahdəniz” strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə quyuları onun dünya səviyyəli qaz-kondensat yatağı olduğunu təsdiq etmişdir.

Bu həmin illər idi ki, cənab İlham Əliyev SOCAR-da çalışırdı və şirkətin birinci vitse-prezidenti kimi “Şahdəniz”in kəşf edilməsində və işlənməyə başlamasında böyük rolu olmuşdur. Görkəmli geoloq, akademik, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yuzifzadə

Ömrümün illəri və izləri” kitabında o günləri belə xatırlayır: “İllər ötüb keçdikcə neftqaz sənayesinin inkişafında İlham Əliyevin xidmətləri barədə düşünəndə Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlara dair müqavilələrə onun hamilik fəaliyyətinin ayrı-ayrı məqamlarını da yada salır və İlham müəllimlə söhbətlərimi xatırlayıram. Yadımdadır, “Şahdəniz” strukturunda 1998-ci ildən qazılan 1 nömrəli axtarış quyusunda işlər bir sıra texnikitexnoloji səbəblərdən uzanırdı. Bundan əvvəl Xəzərin Azərbaycan sektorunda kəşf olunmuş “Əşrəfi” və “Qarabağ” yataqlarından gözlənilən nəticə alınmamış və bu yataqlarda nisbətən az miqdarda karbohidrogen ehtiyatları aşkar edilmişdi ki, bu da respublikada bəzi mütəxəssislər arasında müəyyən söz-söhbətə, müxtəlif şayiələrin yayılmasına səbəb olmuşdu. Belə bir vaxtda cənab İlham Əliyev məni açıq söhbətə dəvət etdi. Mən ona “Şahdəniz” barəsində geniş məlumat verdim. Məlumatı diqqətlə dinlədikdən, müəyyən məsələləri özü üçün dəqiqləşdirdikdən, təqdim etdiyim geoloji məlumatlarla tanış olduqdan sonra tam inandı ki, yatağın böyük perspektivləri vardır. Həqiqətən də, “Şahdəniz”dən alınan son məlumatlar həmin söhbət zamanı söylənilən fikirlərin düzgünlüyünü təsdiq etdi”.

 “Şahdəniz” üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalanmış, 2013-cü ilin dekabrında “Şahdəniz-2”yə qərar verilməklə 2048-ci ilə qədər uzadılmışdır. “Şahdəniz-2” özlüyündə dünyanın ən böyük və ən mürəkkəb qaz layihələrindən biridir. Bu, Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və bp şirkətinin çalışdığı ölkələrdə idarə etdiyi ən iri sualtı infrastrukturudur.

 “Şahdəniz-2” layihəsi dənizdə 26 sualtı quyu, 500 kilometrlik sualtı boru kəmərləri və axın xətləri, körpü vasitəsilə birləşdirilmiş qoşa platformadan ibarətdir. Qaz 85 kilometrlik borularla quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində CQBK-də genişləndirilmiş və Azərbaycanda 428 kilometrlik, Gürcüstanda isə 59 kilometrlik yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3500 kilometrlik məsafəni qət etməsi üçün üç yeni kompressiya obyekti inşa edilmişdir.

Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə “Şahdəniz”dən ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100 min bareldən çox kondensat təşkil edəcək.

Hazırda “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC-yə), Türkiyə (BOTAŞ-a) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edir. Yataqdan çıxarılan kondensat isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur.

Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Tariximizdə Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir” - deyir Prezident İlham Əliyev.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2021.- 17 dekabr.- S.5.