Media məkanı sağlamlaşacaq
Bu sahə ilə bağlı yeni qanunun qəbulundan
sonra jurnalistika daha da inkişaf edəcək
Son illər ərzində dövlət media sahəsinin inkişafı, bu sahədə keyfiyyət dəyişikliyinin aparılması üçün çoxsaylı işlər görsə də, çatışmazlıqların, sui-istifadə hallarının olduğunu, hətta onların sayının getdikcə artdığını müşahidə edirik. Mövcud problemlər ciddi jurnalistikanın inkişafına maneələr yaradır. Hazırda Milli Məclisdə müzakirə olunan “Media haqqında” qanun layihəsinin qəbulu ilə bu kimi problemlərin öz həllini tapacağına ümid edilir. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək. Dövlətin təminatı altına alınan media azadlığı daha da güclənəcək, jurnalistika müasir tələblər səviyyəsində daha da inkişaf edəcək.
KİV məkanındakı neqativ halların
qarşısı alınmalıdır
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirir ki, Azərbaycan dövlətinin kütləvi informasiya vasitələri ilə bağlı siyasəti cəmiyyətin informasiya tələbatının müasir dövrün standartları səviyyəsində ödənilməsinə, demokratik, hüquqi dövlət quruculuğu prosesinin mühüm şərti sayılan informasiyalı cəmiyyətin prinsip və normalarının dərinləşməsinə, idarəçilikdə şəffaflığın, səmərəliliyin artırılması üçün medianın yaradıcı potensialından istifadənin təminatına yönəlib: “İnformasiya-kommunikasiya texnologiyalarının (İKT), innovativ ideya və təşəbbüslərin KİV-ə tətbiqini rəhbər tutan bu siyasət eyni zamanda məsuliyyət mühitinin formalaşdırılmasını, peşəkarlığın beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsini hədəf seçir. Qarşıya qoyulmuş məqsədlər KİV infrastrukturunda mühüm əhəmiyyət daşıyan problem və çətinliklərin aradan qaldırılmasını tələb edir. Azərbaycanın media orqanlarının əsaslı şəkildə yenilənməsinə, ümumən, dünyanın media məkanına inteqrasiyası istiqamətində addımların atılmasına ehtiyac yaranıb. Ölkəmizdə kütləvi informasiya vasitələri sahəsində qanunvericiliyə müxtəlif illərdə edilmiş dəyişikliklər onu İKT-yə uyğunlaşdırmaq məqsədi daşıyıb. Lakin müasir dövrün tələblərinə adekvat olan bu prosesin davamlılığını zəruri edən reallıqlar var. Azərbaycanda altı minə yaxın KİV qeydiyyatdan keçib, yüzlərlə internet resursu fəaliyyət göstərir. Hazırkı bolluq şəraitində hər bir kəsin qəzet, jurnal, informasiya agentliyi və internet informasiya resurslarında hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsində səmərəliliyi artırmağa ehtiyac yaranıb”.
Əflatun Amaşovun sözlərinə görə, KİV məkanındakı sui-istifadələrin və digər neqativ halların qarşısının alınması da vacibdir və bu baxımdan hazırda geniş müzakirə predmetinə çevrilmiş “Media haqqında” qanun layihəsi günümüzün tələbidir: “Ümumən, media sahəsində tənzimləmələr son dərəcə vacibdir. Bunu əsaslandırmaq üçün iki məqam üzərində dayanmaq istərdim. Birincisi, media ictimai münasibətlər sistemində bir növ katalizator funksiyasını yerinə yetirir. Yəni onun operativliyi, dürüstlüyü və belə demək mümkünsə, səliqəliliyi bütövlükdə cəmiyyətin eyni xarakterə köklənməsini təmin edir. Əbəs yerə deyilmir ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyət güzgüyə baxanda özünü təmiz görmək istəyir. Deməli, bu sahədəki səliqə-sahman həm də istər-istəməz həmin güzgüyə baxanların arzusudur. Düşünürəm ki, 9 fəsil, 78 maddədən ibarət “Media haqqında” qanun layihəsi vəzifələri doğrultmaq iqtidarında olan mühüm dövlət sənədidir”.
20 mindən
çox şəxs jurnalistikadan sui-istifadə edir
Yeni qanun layihəsi media fəaliyyətinə
bütöv orqanizm kimi baxmağa imkan verir. Sənəddə
bu fəaliyyətin günümüz üçün aktual
olan elə bir istiqaməti yoxdur ki, ora hansısa formada
toxunulmasın, nəzər salınmasın. Bu barədə danışan Ə.Amaşov qeyd edir
ki, layihədə demək olar ki, jurnalistika sahəsindəki
bütün fəaliyyətlər, həmin fəaliyyətlər
üzrə obyekt və subyektlər öz əksini tapıb.
Bu isə layihənin dolğunluğundan xəbər
verir. “Media haqqında” qanun layihəsi hələ
Milli Məclisdəki müzakirəyədək
ayrı-ayrı redaksiyalarda, jurnalist birliklərində
diskussiya predmetinə çevrilmiş, müxtəlif
maraqlı tərəflərin fikir və təklifləri
öyrənilmişdi. Layihənin
dolğunluğunu şərtləndirən ən vacib amil də
məhz budur.
Layihədəki ən əsas
məsələlərdən birinin “media reyestri”
anlayışı olduğunu deyən Ə.Amaşov hesab edir
ki, cəmiyyət kimin həqiqətən jurnalist olduğunu
anlayacaq.
İndiki mənzərədə isə bunu müəyyənləşdirmək
çox çətindir: “Bəzən ən müxtəlif
peşə sahiblərinin ciblərindən jurnalist vəsiqələri
çıxır. Təqribi hesablamalara görə,
bu kateqoriyadan olan şəxslərin ümumi sayı 20 mindən
artıqdır. Onlar jurnalistikadan sui-istifadə
edir, peşəni özlərinin korporativ maraq və mənafelərinin
təminat alətinə çevirirlər. Beləliklə, jurnalist adını ləkələyir,
gözdən salırlar. Təəssüf
ki, illərdir bu cür hallara qarşı aparılmış
mübarizə qanuni rıçaqlar olmadığından istənilən
faydanı verməyib”.
Mətbuat
Şurasının sədri əlavə edir ki, reyestr, ümumən,
informasiya işinin stratejililiyi, həssaslığı
baxımından son dərəcə vacibdir. Gələcəkdə
qanunun həyata vəsiqə almasından sonra onun icrası ilə
əlaqədar qəbul ediləcək digər dövlət sənədləri
ümumi işə töhfə verəcək, media reyestrinin
önəmini daha da artıracaq. Bu isə
o deməkdir ki, həmin reyestrdə olmaq, əslində, ciddi
imtiyaz sayılacaq.
İnternet
medianın KİV kimi qəbul edilməməsi çətinliklər
yaradır
Ə.Amaşov onu da bildirir
ki, yeni qanunun əhəmiyyətli cəhətlərindən
biri internet medianın ölkəmizin hüquqi münasibətlər
sistemində özünə yer tutmasıdır. Qanunun qəbulundan
sonra internet media üzərindəki qeyri-müəyyənlik
tarixin arxivinə qovuşacaq. Bu məsələnin
iki cəhətdən vacib olduğunu düşünən Mətbuat
Şurasının sədri deyir ki, Azərbaycanda ictimai rəy
əsasən internet üzərindən yayımlanan resurslarla
formalaşır. Ancaq maraqlıdır ki,
onların əksəriyyəti təşkilati-hüquqi forma
baxımından KİV deyillər. Bu vəziyyət
onlara KİV kimi şamil edilməli olan imtiyazların tətbiqinə
imkan vermir. Faktiki olaraq orada
çalışan jurnalist jurnalist yox, əksər hallarda məhdud
məsuliyyətli cəmiyyətin əməkdaşı olur.
Digər tərəfdən, hüquqi münasibətlər
sistemimizdə internet medianın KİV kimi qəbul edilməməsi
onun fəaliyyətinin mübahisələndirilməsində də
çətinliklər yaradır: “Təsəvvür edin,
hansısa sayt kiminsə barəsində təhqiramiz fikir
yayır. Həmin şəxs məhkəməyə
müraciət edir. Məlum olur ki, təşkilati-hüquqi
forma baxımından KİV sayılmadığından
cavabdeh saytın yaydığı material da təhqir və ya
böhtan müstəvisində dəyərləndirilə bilməz.
Axı qanunvericiliyimizdə deyilmiş fikrin təhqir
və ya böhtan sayılması üçün onun nə dərəcədə
kütləvi yayılması əsas götürülür.
Hüquqi baxımdan yanaşsaq, MMC kütləvi
məlumat yayıcısı ampluasında deyil. Bununla bağlı MŞ-yə də
çoxsaylı müraciətlər olub. Hətta
məhkəmələrin özləri tərəfindən də
belə müraciətlər edilib. Onların
nümayəndələri qərar verməkdə çətinlik
çəkdiklərini bildiriblər. Faktiki
olaraq yayılmış material təhqir və
böhtandır, ancaq hüquqi baxımdan məsələni məhz
bu cür dəyərləndirmək hansısa mənada
qeyri-qanunidir. Təsəvvür edirsinizmi,
vəziyyətin məhz belə alınması nə qədər
cəmiyyət üzvünün hüquqlarının
pozulması deməkdir?! Düşünürəm
ki, “Media haqqında” qanunun qəbulu və qanundan irəli gələn
fəaliyyətin həyata keçirilməsi mövcud sahədə
də müsbət ab-hava yaradacaq”.
Əsas niyyətin media məkanımızın
sağlamlaşdırılması olduğunu deyən
Ə.Amaşov nəzərə çatdırır ki, media məkanında
məsuliyyət məsələsi həqiqi jurnalistləri hər
zaman narahat edib. Onlar bu məkanın
saflaşmasının, belə demək mümkünsə,
alaq otlarından təmizlənməsinin tərəfdarı
olduqlarını dəfələrlə dilə gətiriblər.
Bu baxımdan əhəmiyyətli olan qanun layihəsində
KİV və jurnalistlərin məsuliyyət formaları
konkretləşdirilir.
Problemlərin
qısa müddətdə həll olunacağını
düşünmək sadəlövhlük olardı
“Xalq cəbhəsi” qəzetinin
baş redaktoru, Əməkdar jurnalist Elçin Mirzəbəyli
hesab edir ki, “Media haqqında” qanun layihəsi qəbul
olunacağı təqdirdə media sahəsində
bütün istiqamətlər üzrə islahatların həyata
keçirilməsi üçün zəruri hüquqi
platforma, prosesin sürətlə həyata keçirilməsinə,
boşluqların aradan qaldırılmasına zəmin
yaranacaq. Lakin bununla yanaşı, layihənin qəbulu ilə
bu sahədə mövcud olan bütün problemlərin
qısa müddətdə həll olunacağını
düşünmək sadəlövhlük olardı: “Təəssüf
ki, belə gözləntilər də var. Bu, çox
yanlış yanaşmadır. Çünki
sözügedən qanunun və bütövlükdə
qanunların təməl fəlsəfəsində hansısa
problemlərin həlli dayanmır. Qanun
konsepsiya, yol xəritəsi deyil, hüquqi çərçivədir.
Bu hüquqi çərçivə mühafizəkar
xarakterli, əhatə etdiyi sahəni yeniliklərə,
inkişafa qapayan hüquqi məcmuə də ola
bilərdi. Amma “Media haqqında” qanun layihəsi əhatə
etdiyi sahəni yeniliklərə açan, kreativ
düşüncənin, yaradıcı potensialın
stimullaşdırılmasına xidmət edən bir sənəddir”.
E.Mirzəbəylinin qənaətinə
görə, qanunun qəbulu ilk növbədə media subyektlərinin
və jurnalistlərin fəaliyyətinin hüquqi müstəvidə
tənzimlənməsinə, bu sahədə xaos və
özbaşınalığın aradan
qaldırılmasına imkan yaradacaq, media subyektlərinin
ayrı-ayrı şəxslərin, yaxud qrupların cinayət
əməllərinin həyata keçirilməsi
üçün vasitəyə çevrilməsinin
qarşısını alacaq. Layihənin üstün cəhətlərindən
biri Konstitusiyada yer alan əsas
azadlıqların daha imperativ və aydın şəkildə
ifadə olunması, bu azadlıqların qorunması ilə
bağlı daha təkmil mexanizmlərin yer almasıdır. Media reyestrinin yaradılması isə mediaya etimadsız
münasibətin formnalaşmasına xidmət edən neqativ
amillərin qarşısının alınmasında müstəsna
rol oynayacaq. Reyestrə daxil olanlar qanunvericilik
qaydasında onlara verilən imtiyazlardan istifadə edəcəklər:
“Bu, çox önəmli məqamdır. İmtiyazların
ayrı-ayrı qurumlar və səlahiyyətli orqanlar vasitəsilə
verilməsi asılılıq yaradır, amma qanunvericilik
çərçivəsində verilən imtiyazlar
asılılığa səbəb olmur. Əksinə,
jurnalistin öz fəaliyyətini daha sərbəst şəkildə
həyata keçirməsinə zəmin yaradır. Mahiyyət
etibarilə qanun layihəsində yer alan
bütün imtiyaz və güzəştlərin əsas qayəsi
media subyektlərinin və jurnalistlərin maddi
azadlıqlarının təmin edilməsinə yardım
göstərmək, media subyektlərinin gələcəkdə
öz ayaqları üzərində dayanmasına zəmin
yaratmaqdır. Layihənin qəbulu bu sahədəki
bir çox boşluqların aradan qaldırılmasına
müsbət təsir göstərəcək, ən əsası
isə media sektorunda həyata keçirilən islahatları
sürətləndirəcək”.
Media reyestrinə
daxil edilməyən jurnalistlərin fəaliyyəti məhdudlaşdırılmayacaq
“Media haqqında” qanun layihəsini məsuliyyətli
medianın inkişafına təkan verəcək mütərəqqi
sənəd kimi xarakterizə edən “Səs” Media Qrupunun rəhbəri,
Əməkdar jurnalist Bəhruz Quliyev deyir ki, media reyestrinə
daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin
təqdim olunması könüllülük prinsipi əsasında
həyata keçirilsə də, media mühitinin
sağlamlaşmasına müsbət təsir göstərəcək.
O, bir çox ölkələrdə,
o cümlədən Türkiyədə bu sistemin çoxdan
effektli şəkildə fəaliyyət göstərdiyini
söyləyir. Vahid vəsiqəsi olan jurnalistlərə veriləcək
imtiyazları açıqlayan B.Quliyev nəzərə
çatdırır ki, belə KİV nümayəndələrinin
jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə
bağlı dövlət və bələdiyyə mülkiyyətində
olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin
həyata keçirildiyi obyektlərə ödənişsiz
daxil olmaq, dövlət orqanları, müəssisə və təşkilatlar,
qeyri-hökumət təşkilatları tərəfindən
akkreditasiya olunmaq, müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan tərəfindən təşkil
edilən təlimlərdə ödənişsiz və ya
güzəştli əsaslarla iştirak etmək, dövlət
və cəmiyyət üçün əhəmiyyət kəsb
edən məsələlər üzrə layihələrə
qatılmaq, maliyyə xarakterli güzəşt və
imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil
olmaqla) istifadə, sosial müdafiənin gücləndirilməsi
və maddi təminatının
yaxşılaşdırılması ilə bağlı
güzəştlərdən yararlanmaq və s. imkanları
olacaq.
B.Quliyev deyir ki, jurnalistlərin
adının məlumat bazasında qeyd olunması onlara bir
çox üstünlüklər versə də, media reyestrinə
daxil edilməyən jurnalistlərin də fəaliyyətinə
heç bir maneə nəzərdə tutulmur. Vahid jurnalist vəsiqəsi
olmasa belə şəxs jurnalist kimi fəaliyyət göstərə
bilər. Qanunda təsbit olunan “jurnalist”
anlayışı xidmət müqaviləsi əsasında
işləyən jurnalistləri də əhatə edir. Media subyektləri onlarla işləyən jurnalistlərə
özlərinə məxsus vəsiqələri verməkdə
tam müstəqildirlər. Qanun sosial şəbəkə
bloqçularının fəaliyyətini tənzimləmir.
Onlar vahid vəsiqə almadan, əmək
müqaviləsi olmadan sərbəst şəkildə fəaliyyət
göstərəcəklər. Üstəlik,
media məkanında yaranacaq müsbət vəziyyət
onların da işinə fayda verəcək. Bu şəxslərdən peşəkar tələblərə
cavab verənlər arzu etdikdə peşəkar mediada işləyə
biləcək.
Lisenziya almayan
internet TV-lər fəaliyyətlərini maneəsiz davam etdirəcəklər
Son vaxtlar sayı sürətlə
artan internet televiziyaların lisenziya almaq üçün
müraciət etmələrinin məcburi xarakter
daşımadığını deyən B.Quliyevin sözlərinə
görə, lisenziya almayan belə televiziyalar öz fəaliyyətlərini
maneəsiz davam etdirə biləcəklər. Yeni qanunla
media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki
müəlliflik hüquqlarının qorunması təmin ediləcək,
media subyektlərinin bir-birilərindən material “oğurlamaq”
vərdişləri aradan qalxacaq. Layihənin
13-ci maddəsinə görə, bir media orqanı
başqasının hazırladığı materialı
bütövlükdə götürüb yaya və ondan bəhrələnə
bilməz. Abunəlik və ya müqavilə
olmadıqda media subyekti digər media subyektinin hər bir
informasiyasının yalnız üçdə birindən
çox olmayan hissəsini istinad etməklə istifadə edə
bilər. Bu, xüsusilə onlayn media vasitələrinin
“copy-paste” prinsipi əsasında
çalışmasının qarşısını alacaq və
jurnalistlərin məsuliyyətini artıracaq. Qanun
jurnalistlərin əmək və sosial hüquqlarını da
qoruyacaq: “Bir çox jurnalistlər əmək müqaviləsi
olmadan işlədiyi üçün işçi kimi
hüquqlarından istifadə edə bilmirlər. Qanun bu sahədə vəziyyəti kökündən
dəyişəcək. Media orqanları əməkdaşlarını
rəsmi müqavilə əsasında işə götürməli
olacaqlar və onlara ölkə üzrə müəyyənləşdirilmiş
minimum aylıq əməkhaqqından aşağı məbləğdə
maaş verə bilməyəcəklər”.
B.Quliyev hesab edir ki, bir
neçə şəxs tərəfindən layihənin qəsdən
səhv yozulması bəzi insanlarda çaşqınlıq
yaratsa da, buna heç bir əsas yoxdur. Deyildiyinin əksinə
olaraq, çap mediası və onlayn media subyektinin təsis
edilməsi üçün dövlət orqanlarından icazə
tələb olunmur. Çap mediası
subyektlərinin fəaliyyətə başlamazdan əvvəl
bu barədə məlumat verməsi isə yeni bir prosedur deyil.
Müsahibimiz onu da əlavə
edir ki, son dövrlərdə mediadan şəxsi məqsədlər
üçün istifadə, antidövlət təbliğatı
aparma hallarının sayı xeyli artıb. Bir çox
media vasitələlərində, xüsusən onlayn media məkanında
tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi prinsiplər
arxa plana keçib. Əvəzində
sifarişli, qərəzli, cəmiyyətin tələbatını
ödəməyən materiallar çoxluq təşkil edir.
Bunları nəzərə aldıqda qətiyyətlə
demək mümkündür ki, dövlətin bu sahədə
vətəndaşların hüququnu təmin etmək,
dünya standartlarına uyğun fəaliyyət göstərəcək
peşəkar media orqanlarının formalaşması
üçün optimal tənzimlənmə mexanizmi yaratmaq cəhdi
təqdirəlayiqdir. Parlamentdə qəbul
olunacağı gözlənilən yeni qanunun bu sahədə
vəziyyəti fundamental şəkildə dəyişəcəyinə
ümid etmək olar.
İlhamə
İSABALAYEVA,
Azərbaycan.- 2021.- 17 dekabr.- S.1; 5.