Tezliklə Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin də köçkünlük həyatına son qoyulacaq
Oktyabrın 25-i qədim yurd yerimiz Qubadlının çoxəsrlik tarixinin ən işıqlı səhifəsidir desək, səhv etmərik. 27 illik ayrılığa baxmayaraq, qubadlılılar doğma yurda qayıdacaqları günü səbirsizliklə gözləyirdilər. Nəhayət, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 2020-ci il oktyabrın 25-də həmin həsrətə son qoydu.
Ötən illər ərzində qubadlılılar daha çox məskunlaşdıqları Sumqayıtda öz rayonlarının tarixini qoruyub saxlaya bilmişlər. Bu işdə əvəzsiz xidməti olan Qubadlı Tarix-Diyarşunaslıq Muzeyi rayon icra hakimiyyətinin Sumqayıtdakı inzibati binasında yerləşir, təbii ki, hələlik...
“Hazırda muzeyimizdə 700-ə yaxın eksponat var”, - deyə muzeyin direktoru Vaqif Babayev bildirdi. Muzeydə rayonun işğal altında olan 93 kəndi barədə geniş məlumat toplandığını söyləyən direktor vurğuladı ki, Qubadlıya köçəcəkləri günü səbirsizliklə gözləyirlər.
Muzeyin girəcəyində respublikamızın dövlət atributları yerləşdirilib. Böyük zalda isə müxtəlif guşələr var. “Heydər Əliyev və Azərbaycan” guşəsində Ulu Öndərin həyat və fəaliyətini əks etdirən foto-şəkillər diqqəti cəlb edir. Ümummilli Liderin Qubadlı rayonunun sakinləri ilə görüşlərindən xatirə şəkilləri muzeyin dəyərli eksponatlarıdır. Muzeydə həmçinin Qubadlı şəhidləri, rayonun ictimai həyatında rol oynamış insanları barədə məlumat toplanıb.
Digər tərəfdə 44 günlük Vətən savaşındakı Zəfərimizin qəhrəmanlıq anları sənədlərlə nümayiş etdirilir. Həmin Zəfəri bizlərə yaşadan qəhrəmanlarımızın döyüş və ömür yolları, şəxsi əşyaları, eləcə də müharibənin lentə köçürülən döyüş anları da muzeyin qiymətli sənədləri sırasındadır.
Ümumiyyətlə, muzeydə 673 eksponat qorunub saxlanılır. Mis və saxsı qablar, məişət əşyaları (cəhrə, həvə, kirkid və s.), habelə əslən Qubadlıdan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları muzeyə gələnlərin marağına səbəb olur. Burada xalq qəhrəmanı Qaçaq Nəbiyə aid guşə də fəaliyyət göstərir. Guşədə Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri nümayiş etdirilir.
Bütün bunlar imkan verir ki, muzeyə gələnlər Qubadlının tarixi ilə yaxından tanış olsunlar, rayonun kəndləri, relyefi, təbii sərvətləri, mədəniyyət ocaqları ilə təmas qura bilsinlər. Yeri gəlmişkən, qeyd edək ki, ətraf şəhər və rayonların sakinləri də vaxtaşırı muzeyə gəlir, eksponatlarla tanış olurlar. V.Babayev dedi ki, yaxın bir neçə ay ərzində Qubadlı və Sumqayıtla yanaşı, Qusar, Quba, Şabran, Siyəzən rayonlarının mədəniyyət işçiləri buranı ziyarət etmişlər. Muzeyin əməkdaşları həmçinin Sumqayıt və Abşerondakı məktəblilərin muzeyə ziyarətlərini təşkil edir, Qubadlının keçmişi barədə informasiyaları canlı olaraq gənc nəslə çatdırırlar.
“Ümumiyyətlə, bizi ən çox ziyarət edənlər məktəblilərdir. Qubadlının Sumqayıtda, ətraf rayonlarda məskunlaşan məktəbliləri vaxtaşırı muzeyə gəlir, tariximizlə tanış olurlar”, - deyən V.Babayev onu da bildirdi ki, muzeyin elektron saytı fəaliyyət göstərir: “Saytda muzeydə olan eksponatlar və işğal zamanı dağıdılan abidələr barədə məlumat yerləşdirilib. Azad edilən torpaqlarda görülən işlər də saytda nümayiş etdirilir”.
Bu gün Qubadlı azaddır. Ötən illərdən yadigar qalan eksponatlar tezliklə Qubadlıya qaytarılacaq və bununla muzey fəaliyyətini davam etdirərək köçkünlük həyatına son qoyacaq.
Akif ƏLİYEV
Azərbaycan.-
2021.-17 dekabr.- S.7.