Azərbaycan
dünyada cox önəmli strateji mövqe tutur
Prezident
İlham Əliyev Brüsseldə İtaliyanın “İl Sole
24 Ore” qəzetinə müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
Müxbir: Əvvəla, görüşmək imkanı
yaratdığınız üçün Sizə təşəkkürümü
bildirirəm. Mən dəfələrlə Azərbaycanda
olmuşam, bir çox seçkilərin keçirildiyi
vaxtlarda Azərbaycanda səfərdə olmuşam.
Prezident İlham Əliyev: Sonuncu dəfə nə vaxt olmusunuz?
-Sonuncu dəfə ilyarım bundan öncə. Çox
maraqlı ölkədir və etiraf edirəm ki, Siz
böyük irəliləyişə nail olmusunuz. Mən
“İl Sole 24 Ore”nin Yaxın Şərq üzrə müxbiriyəm.
Bu, İtaliyanın ən böyük siyasi qəzetidir.
-Bundan xəbərim var.
-Etiraz etmirsinizsə, mən müsahibə zamanı Azərbaycanın
İtaliya ilə güclü münasibətlərinə
toxunmaq istərdim.
-Bəli, böyük məmnuniyyətlə.
-İqtisadiyyatın şaxələndirilməsi. Bu,
çox maraqlı mövzudur. Beynəlxalq media, zənnimcə,
bunu layiqincə işıqlandırmayıb.
-Razıyam.
-İcazənizlə başlayaq. Mənim ilk sualım
Dağlıq Qarabağ məsələsi ilə
bağlıdır. Dünən Siz maraqlı bir
görüş keçirmisiniz. Səhv etmirəmsə, Sizin
dünən Ermənistanın baş naziri və cənab
Şarl Mişellə görüşünüz olub.
Görüş necə keçdi və bizim bilməli
olduğumuz hər hansı bir yenilik varmı?
-Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, ötənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilmişdir. Əlbəttə, Avropa Komissiyasının səyləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O, bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük dəyər veririk.
Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi. Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi. Əlbəttə, biz postmüharibə vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik. Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək. Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Çünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Biz, həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı. Mən çox məmnunam.
-Siz bir fikir
bildirdiniz və burada ağlıma belə bir sual gəldi. Avropa İttifaqı bu yaxınlarda Ermənistana 2
milyard dollar həcmində dəstək paketini elan etdi. Ukraynaya da 2 milyard dollara yaxın yardım
ayrılacaq. Səhv etmirəmsə, Azərbaycana isə
sadəcə, 140 milyon avro ayrılacaq. Yəni, burada çox
böyük fərq var. Sizcə, nə üçün belədir?
Belə bir qərar haradan qaynaqlanır?
-Bunun nədən belə olduğunu
demək çətindir. Çünki bu suala
cavab vermək üçün ixtiyarımda kifayət qədər
fakt olmalıdır. Mən yalnız bununla
öz fikrimi bildirə bilərəm. Siz
tamamilə haqlısınız. Bu, bir
çox müşahidəçiləri təəccübləndirən
fakt oldu və Azərbaycan əhalisi üçün də
çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni
dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən
Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard
dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon.
Yəni, fərq təqribən 20 dəfədir.
Bu, ədalətlidirmi? Xeyr.
Bu, hər iki ölkənin real ehtiyaclarına
müvafiqdirmi? Xeyr. Hətta azad
olunmuş ərazilərdə Ermənistan tərəfindən
törədilmiş dəhşətli
dağıntıları kənara qoysaq belə, hər iki
ölkənin əhalisinin sayına nəzər salsaq, görərik
ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi
10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə,
işğal illəri ərzində Livanın sahəsinə bərabər
ərazilər tamamilə dağıdılıb. Bu gün əcnəbi vətəndaşlar və
jurnalistlər həmin ərazilərə səfər edəndə
dağıntıların miqyasını öz gözləri
ilə görürlər. Eyni zamanda, bizim
hesablamalara görə orada 1 milyona yaxın mina
basdırılıb. Minaları təmizləmə
prosesi olduqca baha başa gəlir və çox vaxt aparır.
Ermənistanda heç bir dağıntı
yoxdur. Bu ölkə işğal edilməmişdi,
o, özü işğalçı idi. Fiziki
cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu
nəhəng həcmli paketi mənimsəyə bilməz.
Beləliklə, bu, çox təəccüblüdür
və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana
səfərindən sonra biz bu mövzunu daim müzakirə
edirik. Biz istəyirik ki, yanaşma vahid
standartlara əsaslansın. Biz ədalət
istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə,
eyni həcmdə vəsaitin verilməsini istəyirik.
-Cənab Prezident,
Siz tamamilə haqlısınız. Minaların təmizlənməsi
çox həssas, vacib və strateji fəaliyyətdir. Həqiqətən
də azərbaycanlıların azad olunmuş ərazilərə
geri dönməsi və məskunlaşması arzu olunursa, həmin
ərazilərin təhlükəsizliyi təmin edilməlidir.
Bu səbəbdən mən təəccübləndim.
Minaların təmizlənməsi kimi həssas
bir məsələnin Avropa İttifaqını daha öncə
hərəkətə keçməyə vadar etməməsi
Sizi təəccübləndirirmi?
-Bilmirəm. Mən dəfələrlə
bu məsələləri qaldırmışam və dünən
də cənab Mişellə görüşdə hətta təklif
etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə
Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini
nəzərdən keçirsin. Dedim ki, pulu bizə verməyin,
minaların təmizlənməsi ilə məşğul olan
Avropa şirkətlərinə maliyyə yardımı
ayırın ki, onlar Azərbaycana gəlsinlər və işə
başlasınlar. Çünki Azərbaycan
üçün fiziki olaraq bunu qısa müddətdə etmək
mümkün deyil. Bundan əlavə, bu,
çox bahalı işdir və siz tamamilə
haqlısınız ki, minalar təmizlənməsə, biz
insanların geri qayıdışını təmin edə
bilmərik. Onlar bunu 30 ilə
yaxındır ki, gözləyirlər. Hazırda
genişmiqyaslı bərpa işlərinə başlanılan
ərazilər minalardan təmizlənib, digər yerlər isə
yox. Yəni, geri dönəcək insanlar
ciddi problemlər və həyati təhlükə ilə
üzləşəcəklər. Beləliklə,
mən ümid edirəm ki, təmaslarımızda buna daha
çox aydınlıq gətiriləcək. Əlbəttə, bizim ehtiyaclarımız
minaların təmizlənməsi ilə məhdudlaşmır.
Hər şey dağıdılıb. Oralarda nə şəhər, nə də kənd
var - tamamilə dağıdılmış ərazilərdir.
Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistana
maliyyə töhfəsinin səviyyəsi istər ianə
olsun, istərsə də kredit, Azərbaycanla eyni
olmalıdır.
-Ola bilərmi ki,
Avropa İttifaqı burada bir az ehtiyatlı
davranır. Çünki bəzi hesabatlara görə Azərbaycanda
hələ də insan hüquqları, mətbuat
azadlığı sahəsində müəyyən problemlər
var? Azərbaycan bu günə qədər inkişaf edib və
hər kəsə məlumdur ki, bu proses zaman tələb edir.
Sizcə, bu məsələ həmin fəaliyyəti
ləngidə bilərmi?
-Xeyr, mən belə
düşünmürəm. Əvvəla, indi
Avropa təsisatlarında daha aydın təsəvvür var ki,
insan hüquqları və media azadlığına dair problemlərin
olması təəssüratı şişirdilib. Çünki Azərbaycanda media ilə bağlı
məhdudiyyətlər yoxdur, bizdə azad internet var və
senzura mövcud deyil. Azərbaycan əhalisinin
80 faizindən çoxu internet istifadəçisidir,
medianı məhdudlaşdırıb azad internetə malik olmaq
mümkünsüzdür. Eynilə insan
hüquqları məsələsi. Bütün
insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər
əvvəl üzləşdiyi tənqidə məruz
qalmır. Çünki birincisi, biz
avropalı tərəfdaşlarımızı
inandırmağa müvəffəq olduq ki, onların məlumatı
əsasən səhv ssenariyə əsaslanıb və biz
genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata
keçirdik. İkincisi, əgər siz
mahiyyətə diqqət etsəniz, görərsiniz ki, Ermənistanda
insan haqları və siyasi azadlıqlar kobud şəkildə
pozulur. Məsələn, siyasi
partiyaların çoxlu təmsilçiləri həbsdədir.
Əsas siyasi partiyaların liderlərinə
qarşı cinayət işləri açılıb. Ermənistanda repressiyalarla bağlı böyük
ictimai narazılıq var və bütün bunlar
açıq-aşkar faktlardır. Lakin Ermənistanın
sanki bir daimi çətiri var, orada nə baş verməyindən
asılı olmayaraq, o, demokratiya hesab olunur. Bir növ
ikili standartlar...
-Üzr istəyirəm.
Daha bir sual. Mən çox açıq ola bilərəm?
-Bəli, əlbəttə.
-Siz Ermənistan silahlı
qüvvələrinin birinci müharibə zamanı ələ
keçirdiyi rayonları ayyarıma geri qaytardınız. Demək olar
ki, 15 illik danışıqlarda Siz bu nəticəni əldə
etməmişdiniz. Mənim sualım belədir: Əvvəllər
Minsk qrupunun fəaliyyətinin qeyri-rəsmi olaraq status-kvoya,
sadəcə, sülhün saxlanılmasına yönəldiyi
görünürdü. Bu, bəlkə də
Rusiya üçün əlverişli idi ki, o, işlər bu
cür getdiyi müddətdə rol oynaya bilsin. Minsk qrupunun rolu ilə bağlı fikirləriniz nədən
ibarətdir? Çünki Sizin
özünüzdə də bu qrupun fəaliyyəti ilə
bağlı skeptisizm, hətta məyusluq var idi.
-İlk növbədə, demək
istərdim ki, Minsk qrupu ATƏT-in mandatına əsasən,
1992-ci ildən münaqişəni həll etməyə məcbur
idi. Onlar
ötən il noyabrın sonunadək, biz 44
gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində
fəaliyyət göstərdilər. Mənim
Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan
xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi. Biz həqiqəti
deməliyik. Məsələnin gün
işığı kimi aydın olduğu halda, biz siyasi
korrektlik naminə bunun əksini söyləyə bilmərik.
Əgər Minsk qrupunun həmsədrləri - dünyanın
aparıcı ölkələri, Təhlükəsizlik
Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə
dövləti, dünyanın ən güclü ölkələri
Ermənistanın işğalına son qoya bilmədilərsə
və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir
ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?
-Sözünüzü
kəsdiyimə görə, üzr istəyirəm. Madrid prinsiplərindən başlayaq. Lakin bu,
uzun dövrdür.
-Bəli, Madrid prinsipləri 10 il əvvəl idi. Onlar isə
1992-ci ildə fəaliyyətə başladılar. Mənim
qeyd etdiyim üç aparıcı ölkə isə bundan
bir neçə il sonra həmsədr oldu. Lakin istənilən halda, 20 ildən çox fəaliyyət
göstəriblər, nəticə sıfra bərabər olub.
Bəs, niyə? Bəlkə
də ona görə ki, siz qeyd etdiyiniz kimi, status-kvo onlar
üçün qəbuledilən idi. Buna
baxmayaraq, sizə deyə bilərəm ki, müəyyən mərhələlərdə,
hətta Minsk qrupu həmsədr ölkələrinin dövlət
başçıları səviyyəsində müsbət bəyanatlar
var idi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir.
Bu, bizi çox ümidləndirirdi. Lakin əfsuslar olsun ki, heç bir hərəkət
yox idi. Bu, çox sadə idi. Mən bu məsələni dəfələrlə
qaldırmışam. Ermənistanı Azərbaycan
ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik
Şurasının bunu tələb edən qətnamələrinə
əməl etməyə yola gətirmək və ya məcbur
etmək üçün yeganə yol Ermənistana
qarşı sanksiyalar tətbiq etmək idi. Biz bilirik ki, müəyyən hallarda bu sanksiyalar digər
ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana
qarşı yox. Yenə də ikili
standartlar, yenə də ədalətsiz yanaşma. Azərbaycan xalqı Minsk qrupu
üçlüyünün bu daimi səfərlərindən
yorulmuşdu. Onlar ildə bir neçə
dəfə gəlib-gedirdilər və heç bir nəticə
yox idi. Onların fəaliyyəti faktiki
olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri
“Qarabağ Ermənistandır” bəyan edəndən sonra
tamamilə iflic oldu. Bu, o demək idi ki,
danışıqların sonudur. Çünki
əgər Ermənistan “Qarabağ Ermənistandır” deyirsə,
nə barədə danışmaq olar? Digər məsələ
ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi
dedi ki, Qarabağ müstəqil ölkədir. Bu
da əvvəlki bəyanatla ziddiyyət təşkil edirdi.
Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər.
Əlbəttə ki, bu cür davranış
yalnız Ermənistanı danışıqlar masasında
mövqeyini möhkəmləndirməyə və
işğalı sonsuz etməyə cəsarətləndirdi.
Ermənistanın hədəfi bu idi və təəssüflər
olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi.
-Təşəkkür
edirəm, cənab Prezident. Gəlin regiona, xüsusilə
Avropa ilə Rusiya arasındakı problemə keçək. Bu, əslində, Sizin işiniz deyil, lakin Azərbaycan
Avropaya kömək edə bilər. Avropa
İttifaqında narahatlıqlar var ki, Rusiyanın Ukraynanı
işğal etmək ehtimalı elə gərginlik yarada bilər
ki, bəzi layihələr təxirə salınar və hətta
Rusiya təbii qazı silah kimi istifadə edə bilər. Onu nəzərdə
tuturam ki, Avropa İttifaqı öz təchizat
marşrutlarını şaxələndirməyi həddindən
çox istəyir və əslində, Cənub Dəhlizi ən
maraqlı gələcək kanallardan biri kimi
görünür. Sizin böyük həcmdə
qazınız var, Sizin yaşıl enerji ilə bağlı
maraqlı proqramınız var. Sizin ixrac etmək
üçün daha çox qazınız var. Siz hətta
TAP-la bitən xətti iki dəfə uzadaraq Yunanıstandan
Burqasadək çatdıra bilərsiniz. Avropa
İttifaqı Sizdən daha çox təbii qazın təchiz
edilməsi ilə bağlı kömək istəsə, Siz bu
müraciəti mümkün qədər tez bir zamanda təmin
etməyə hazır olacaqsınızmı?
-Sözsüz ki, bizim qaz
strategiyamız çox aydın və açıq olub. Biz
uzun illər ərzində bu mühüm layihəni həyata
keçirmək üçün Azərbaycanda çox iş gördük, tərəfdaşlarla birgə
işlədik. Bu, XXI əsrin ən böyük
infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi
Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək
dağlıq ərazilərdən keçərək
İtaliyaya çatır. Bu, texniki
baxımdan çox mürəkkəb və əlbəttə
ki, çox bahalı layihədir. Azərbaycan
Cənub Qaz Dəhlizinin 4 seqmentinin hamısında əsas
maliyyə yükünü öz üzərinə
götürüb. Ötən ilin
dekabrında layihənin tam başa çatmasından əvvəl
biz artıq istehlakçılarla müqavilələr
imzalamışdıq. Bizim qazımız
müqavilə əsasında alındı və qiymətlə
bağlı, belə deyək, qaz böhranı zamanı bizim
istehlakçılar heç bir dəyişiklik hiss etmədilər.
Gələcək
planlarımız barədə danışırıqsa,
sözsüz ki, hasilatı artırmaq, ixracı artırmaq
imkanı var. Lakin bu, sözsüz ki, avropalı
istehlakçıların tələbindən asılı
olacaq. Avropa Komissiyası bu prosesdə bizə kömək
göstərdi. Biz Cənub Qaz Dəhlizinin
Məşvərət Şurasını mütəmadi olaraq
Bakıda Avropa İttifaqının nümayəndələri
və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk.
Növbəti sessiya gələn ilin fevralında
keçiriləcək, orada biz bütün məsələlərlə
məşğul olacağıq və gələcək
addımlarımızı planlaşdıracağıq. Bu, şirkətlərin, bankların və ölkələrin
böyük bir qrupudur. İndi komanda
böyüyür, çünki biz artıq Avropanın təchizatçısı
olmuşuq. Yanvarın 1-dən başlayaraq biz İtaliya,
Yunanıstan və Bolqarıstanı 7,2
milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard
kubmetr olacaq. Beləliklə, bu, ciddi
artımdır. Lakin hasilatı artırmaq
üçün biz, əlbəttə ki, investisiya yatırmalıyıq
və bunu etmək üçün bizim istehlakçılarla
müqavilələrimiz olmalıdır. Beləliklə,
birincisi müqavilələr, ikincisi investisiya və
üçüncüsü qaz. Prosesin mərhələlərinin
ardıcıllığı belədir. Lakin
biz hazırıq, sizin qeyd etdiyiniz kimi, nəhəng
yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var,
Avropanın digər yerlərinə də
bağlayıcıların çəkilməsi
mümkündür. Siz Balkanları qeyd
etdiniz və mən Mərkəzi Avropanı əlavə edərdim.
Bu, bizim üçün təchizatın şaxələndirilməsi
və istehlakçılar üçün şaxələndirmə
olacaq.
-Bəli. Gəlin
zənn edək ki, hər şey doğru istiqamətdə
gedir. Siz hasilatı, Avropaya ixracı artıracaqsınız. Siz Rusiyanın reaksiyasından qorxmursunuz?
Çünki Rusiya Sizin çox mühüm iqtisadi tərəfdaşınızdır,
həmçinin regionda nəhəng gücdür. Sizdən xeyli çox qaz ixrac etməsi faktdır.
Lakin bu, rəmzi addım ola bilər. Siz Rusiyanın reaksiyasından qorxmursunuz?
-Xeyr, qətiyyən. İlk növbədə, bu məsələ ölkələrin liderləri arasında heç vaxt yüksək səviyyədə müzakirə olunmayıb. Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi. İkincisi, Rusiya bizim siyasətimizə, xarici siyasətimizə, enerji siyasətimizə tam hörmət edir. Biz rəqib deyilik. Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə şişirdilir. Biz heç bir halda Rusiyanın rəqibi deyilik. Çünki Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır. Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu, belə qala bilər. Ona görə də, bu, heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz.
-Gəlin, Sizin iqtisadiyyatınıza keçək. Ölkəniz enerji, əsasən, neft və təbii qaz ixracından asılıdır. Düşünürəm ki, iqtisadi şaxələndirmə prosesi bu gün Sizin üçün prioritetdir. Açığını desək, indiyədək bu proses çox yavaş gedib. Siz necə sürətləndirmək niyyətindəsiniz? Onu irəliyə aparmaq üçün hansı hədəfiniz var?
-Bizim iqtisadiyyatın quruluşuna gəlincə, hesab edirəm ki, neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşuq. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu. Lakin bizim ixracımıza gəldikdə, əlbəttə ki, ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Ölkə üçün bu üstünlükdür, çünki biz bazarlara daxil ola bildik, biz neft, təbii qaz, elektrik enerjisi, neft-kimya və neft məhsulları ixrac edirik və bunlar da iqtisadiyyatımıza çoxlu maliyyə axını gətirir. Qazı nə qədər çox ixrac etsək, - çünki qazın həcminin artması açıq-aşkardır, - qeyri-neft məhsullarının ixrac əməliyyatlarında payı bir o qədər də azalır. Neft və qaz üçün biz bazarları axtarmalı deyilik. Neft dünya bazarındadır, qazın artıq bazarı var. Lakin digər, məsələn, kənd təsərrüfatı məhsulları kimi məhsullarımız üçün biz regional bazarlarla məhdudlaşırıq. Avropa bazarına daxil olmaq çox çətindir, çünki Avropa bazarında ölkələr özləri bir-biri ilə rəqabət aparır. Beləliklə, biz əsasən Türkiyəyə, Rusiyaya və bəzi digər ölkələrə ixrac edirik. Deyərdim ki, bu il o baxımdan çox əlamətdar oldu. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artdı. Bizim energetikaya aid olmayan sənayemiz 20 faiz artdı. Bu, həqiqətən də əlamətdar nəticədir. Yenə də ixracın həcmində qeyri-neft seqmentinin nisbəti aşağıdır. Lakin hesab edirəm ki, bu seqment artacaq, xüsusilə azad edilmiş ərazilərdə yeni imkanları və kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin və sənayenin nəhəng potensialını nəzərə alsaq. Beləliklə, biz gələcəkdə neft və qazdan asılılığı azaltmağı planlaşdırırıq. Lakin eyni zamanda, biz başa düşməliyik ki, gələcək bir neçə onilliklər ərzində neft və qaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq.
-Gəlin İtaliyaya keçək. Çünki
İtaliya Azərbaycan üçün çox
maraqlıdır. İtaliya Azərbaycanın ilk xarici ticarət
tərəfdaşı olub, Roma və Bakının
yaxşı münasibətləri var. Təbii qazdan əlavə
olaraq Azərbaycan aparıcı neft təchizatçısıdır.
Azərbaycan iqtisadiyyatının şaxələnməsində
italyan şirkətləri üçün imkanlar varmı? Məsələn,
Siz azad edilmiş əraziləri yenidən qurmaq niyyətində
olduğunuzu dediniz. Hətta yaşıl resurslarla bağlı
həyata keçirilə biləcək çoxlu layihələr
var.
-Əlbəttə ki, İtaliya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Prezidentlərin və digər hökumət rəsmilərinin yüksək səviyyəli səfərləri olub. Sizin qeyd etdiyiniz kimi, İtaliya bizim əsas ticari tərəfdaşımızdır. İndi isə Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. Eyni zamanda, dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Birincisi Türkiyə idi, ikincisi İtaliya. Sizə deyə bilərəm ki, hazırda italyan şirkətlərinin orada icra etdiyi çoxlu layihələr var. Biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik. Bu, çox rəmzi məna daşıyan bir jestdir, çünki Şuşa bizim üçün müqəddəs yerdir. Şuşa Azərbaycanın mədəni paytaxtıdır. Dini məkanlar isə hər kəs üçün müqəddəsdir. Bu, çox yüksək səviyyəli etimaddır. Bu yaxınlarda Şuşaya səfər edəndə işlərini necə görəcəklərini mənə nümayiş etdirən italyan şirkətlərinin nümayəndələri ilə görüşdüm. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Bu, rəmzi məna daşıyan digər bir jestdir, çünki siz bu tarixi Qələbənin bizim üçün nə qədər böyük məna daşıdığını təsəvvürünüzə gətirə bilərsiniz. Biz tərəfdaşlığımızı nümayiş etdirmək üçün və italyan şirkətlərinin yüksək səviyyəli fəaliyyətini, zövqünü və ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq, məhz buna görə italyan şirkətini dəvət etdik. Mən sizə italyan şirkətlərinin çox fəal iştirak etdiyi azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində çoxsaylı tikinti layihələrini qeyd edə bilərəm. Sizə deyə bilərəm ki, Prezident Mattarellanın ölkəmizə səfəri zamanı biz birlikdə italyan şirkəti tərəfindən tikilmiş neft-kimya zavodunun açılışını etdik. İndi isə eyni şirkət bizim neft emalı zavodumuzun yenidən qurulması üzərində fəal şəkildə işləyir. Bunlar bir neçə milyardlıq layihələrdir. Bu sahələr sənaye, neft-kimya məhsulları, tikinti, memarlıq, bərpa işləri, geniş diapazonlu məsələlərdir. Bir daha qeyd edirəm, bu, bizim dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir.
-İcazə verin, sonuncu sualımı verim. Azərbaycan fərqli ölkə
olduğu üçün oradakı iqtisadi məsələlər
haqqında eşitmək maraqlı idi. Beləliklə,
Azərbaycan dünyada, Asiyada çox önəmli strateji
mövqe tutur. O, nəinki enerji habına, eyni zamanda, Qərb və
Şərq arasında, Çindən Avropaya qədər sanki
bir kommersiya, nəqliyyat habına çevrilə bilər. Bu,
iqtisadiyyatın şaxələndirilməsinin bir yolu da ola bilər, regionda sabitliyi təmin edə bilər.
Eyni zamanda, bu, vəziyyətin sabitləşdirilməsi və
sülhə nail olmaq üçün kömək edə bilər.
Bu haqda nə düşündüklərinizi mənə
deyə bilərsinizmi?
-Mən sizin fikrinizlə tamamilə
razıyam. Əslində, biz bunu Azərbaycanda ən
azından son onillikdə fəal şəkildə həyata
keçiririk. Azərbaycanı
Avrasiyanın nəqliyyat habına çeviririk. Bu, asan
iş deyil, çünki bizim açıq dənizə
çıxışımız yoxdur. Biz,
birinci növbədə, qonşularımızla yaxşı
münasibətlərdə olmalıyıq. Çünki bu münasibətlər olmadan heç
bir ölkə tranzit ölkəyə çevrilə bilməz.
Bu imkanı yaxşı regional əməkdaşlıq
mühiti, üstəgəl nəqliyyat infrastrukturuna investisiya
yaratdı. Lakin bu, asan deyildi,
çünki biz çoxlu sərmayə yatırmalı idik.
Bu gün, məsələn, Azərbaycanda bizim
altı beynəlxalq hava limanımız var və azad
olunmuş ərazilərdə üç beynəlxalq hava
limanımız var. Birinin açılışı artıq
olub, ikisi də olacaq. Biz ölkəmizi
bütün qonşu ölkələrlə birləşdirən
dəmir yolu sistemini şaxələndirdik. Bizim müasir magistral yollarımız var. Yeri gəlmişkən,
Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların
keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti
və dəmir yolu nəqliyyatı xidmətinə görə
11-ci və 12-ci yerdə qərarlaşıb. Beləliklə, bu, artıq baş verir. Biz artıq Mərkəzi Asiyadan gələn mallar
üçün tranzit ölkəyə çevrilmişik.
Çin də öz mallarını Avropa məkanlarına
daşıyır. Üstəgəl, əlavə
üstünlük ondan ibarətdir ki, Azərbaycan Şimal-Cənub
nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan,
İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından
asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan
seqmentində aparılan bütün tikinti işləri
artıq tamamlanıb. Əlbəttə ki, İkinci
Qarabağ müharibəsindən sonra hər yerdə artıq
Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi
açmaq üçün imkan var. O, Azərbaycandan Ermənistana
və oradan Azərbaycanın Naxçıvan Muxtar
Respublikasına gedərək Türkiyə və Avropaya qədər
uzanır, bu da nəqliyyat üçün alternativ marşrut
olacaq. Üstəgəl biz Bakının
yaxınlığında Ələt qəsəbəsində
yerləşən azad iqtisadi zonanın yaradılması
üzərində fəal çalışırıq.
Bu zona gələn il fəaliyyətdə
olacaq. Ümid edirik ki, bu coğrafi mövqe,
artıq şaxələnmiş nəqliyyat şəbəkəsi
bizə orada çalışmağa üstünlük verən
investorları cəlb etməyə kömək edəcək.
Beləliklə, nəqliyyat sektoru enerji
sektorundan sonra aparıcı sektorlardan biri olacaq və bu
komponentə yatırılmış investisiyalar, əlbəttə
ki, çoxlu mənfəət gətirir. Mən
üstəlik Xəzər dənizində ən böyük
ticarət limanının açılışını qeyd
edərdim. Onun yükaşırma
gücü 25 milyon tona qədər arta bilər. Gəmiqayırma zavodunun tikintisi. Biz artıq özümüzü bütün növ
yük gəmiləri, tanker və bərələrlə təmin
edirik. Beləliklə, bu, həqiqətən
də böyük aktivdir. Üstəgəl
sizin qeyd etdiyiniz kimi, Azərbaycandakı sabitlik,
etibarlılıq. Çünki biz
heç vaxt heç bir müqaviləni pozmuruq, müqavilədə
olan hətta bir sözü belə pozmuruq. Odur ki, bizim tərəfdaşlar bizə etibar edir və
bütün qonşularımızla yaxşı münasibətlərimiz
var. Əlavə olaraq, ümid edirik ki, Ermənistanla da
münasibətlər normallaşacaq, dünən baş nazir
Paşinyan və Prezident Mişellə müzakirə etdiyimiz
kimi. Onda Ermənistanın da regional nəqliyyat
şəbəkəsinin üzvü olmağa imkanı olacaq,
çünki indi o, çıxılmaz vəziyyətdədir.
Onun Rusiya ilə dəmir yolu əlaqəsi
yoxdur, olacaq. Onun İranla dəmir yolu əlaqəsi
yoxdur, Azərbaycan ərazisindən olacaq. Azərbaycan
Ermənistan ərazisindən Naxçıvan Muxtar
Respublikasına gedəcək. Burada uduzan tərəf
yoxdur. Hesab edirəm, Ermənistanda bu
qızıl fürsəti həqiqətən dərk etməlidirlər
ki, onlar daha da fəal hərəkət etsinlər və bu gələcək
planlarda bizə qatılmaq üçün tərəddüd
etməsinlər.
-Çox sağ olun, cənab Prezident.
-Təşəkkür
edirəm.
Azərbaycan.-
2021.- 19 dekabr.- S.1-2.