Azərbaycanın Brüssel uğuru ölkəmizin beynəlxalq mövqelərini
daha da gücləndirdi
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqaz regionunda tamamilə yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda atılan addımlar Cənubi Qafqaza əbədi sülh və tərəqqi vəd edir. Elə dünya ölkələri və təşkilatlarının da prosesə yanaşması bundan ibarətdir.
Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın regionda əməkdaşlıq, o cümlədən kommunikasiya əlaqələrinin bərpası, Zəngəzur dəhlizinin açılması istiqamətində təklif və təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməyə başlandı. Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar, 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatlarında əksini tapmış kommunikasiyalarla bağlı məsələyə Avropa İttifaqı da öz dəstəyini ifadə etdi.
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra verilən bəyanat da bunu təsdiqlədi. Şarl Mişelin adından yayılan bəyanatda regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Avropa İttifaqının açıq dəstəyi ifadə olundu.
Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğuladı. Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunuldu. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırıldı.
Bu, Azərbaycanın daha bir mühüm diplomatik qələbəsi, ölkəmizin mövqeyinin Avropada dəstəklənməsi deməkdir. Brüsseldə üçtərəfli görüşdən əvvəl Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır: “Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması. Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə etdi”.
Bu yanaşma üçtərəfli görüşdən sonra Şarl Mişelin yaydığı bəyanatda da əks olunub. Göründüyü kimi, Azərbaycan Zəngəzur dəhlizinin hüquqi-iqtisadi reallaşması istiqamətində məqsədinə nail olur, bu prosesdə Rusiyadan sonra Avropadan da tam dəstək alır. Avropa İttifaqı iqtisadi və investisiya resursları vasitəsilə Zəngəzur dəhlizinə və digər kommunikasiya xətlərinin işə düşməsinə yardım etməyə hazır olduğunu bildirir. Azərbaycanın yanaşması bundan ibarətdir ki, regional nəqliyyat əlaqələrinin inteqrasiyası Cənubi Qafqaz üçün böyük imkandır. Brüssel danışıqlarında Ermənistan öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Ermənistanın baş naziri Nikol Paşinyan bu xüsusda qeyd edib: “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti ilə dəmir yolunun bərpa olunması barədə razılığı təsdiqlədik”.
Bu da o deməkdir ki, Ermənistan ərazisindən keçəcək dəmir yolu vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsi yaradılacaq. Ermənistan bununla bağlı olaraq Qərbi Zəngəzur ərazisində dəmir yolu xəttinin bərpa və çəkilişinə başlayacaq. Qərbi Zəngəzurda çəkilən bu dəmir yolu xətti perspektivdə Horadiz-Ağbənd dəmir yolu ilə birləşəcək. Bununla ölkəmizin qərb rayonlarından Naxçıvana, buradan da Türkiyəyə birbaşa dəmir yolu əlaqəsi yaranacaq.
Azərbaycan və Ermənistan liderləri dəmir yolu ilə yanaşı, Zəngəzur dəhlizindən keçən magistral yolun inşası məsələsini də müzakirə ediblər. Bu məsələ reallaşandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkəti mümkün olacaq. Zəngəzur dəhlizinin açılması, digər kommunikasiya əlaqələrinin bərpası istiqamətində Azərbaycanın atdığı addımlar regionda sülh və əməkdaşlığa ölkəmizin verdiyi mühüm töhfədir və bu, Avropa İttifaqı tərəfindən də tam dəstəklənir.
Zəngəzur dəhlizi “Şərq-Qərb” nəqliyyat dəhlizinin əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın Avrasiya məkanında tranzit ölkə kimi əhəmiyyət və imkanlarını daha da artıracaq.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.-19
dekabr.- S.1; 3.