Ermənistanın geriyə yolu yoxdur
Daha ağır məğlubiyyət, daha
dərin böhranla qarşılaşa bilər
Ermənistan Qarabağ savaşında aldığı zərbədən sonra heç cür özünə gələ bilmir. Bu səbəbdən müharibədə ağır məğlubiyyət yaşamış ölkə havadarlarına arxayın olub döyüş meydanında itirdiklərini diplomatiya müstəvisində kompensasiya etmək barədə düşünür.
Ermənilərin “bazarlıq” etmək istədiyi iki mühüm məsələ var. Bunun birincisi, Zəngəzur dəhlizinin açılmasına mane olmaq, ikincisi isə Qarabağın “status” məsələsini yenidən müzakirə mövzusuna çevirməkdir. Noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında keçirilən üçtərəfli görüşdə N.Paşinyan bu məsələləri gündəmə gətirmək istəsə də, alınmadı. Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin mövqeyi qəti idi: Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan sazişin bütün bəndlərini yerinə yetirməlidir. Rusiyanın dövlət başçısı birmənalı olaraq bildirdi ki, tez bir zamanda sərhədlərin demarkasiyası və delimitasiyasına başlanılmalı və Zəngəzur dəhlizinin açılması üçün lazımi işlər görülməlidir. Bu qəti mövqedən və tələbdən sonra ermənilərin qurduğu xəyallar növbəti dəfə puç oldu. Ermənistan böyük ümidlə getdiyi Soçi görüşündən “əli ətəyindən uzun” qayıtmalı oldu.
Amma Ermənistanın kiməsə güvənməsi, hardansa mədət umması bitmək-tükənmək bilmir. Soçi görüşündən sonra bütün ümidlərini Brüssel görüşünə bağlayan İrəvan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşü səbirsizliklə gözləyirdi.
Bu görüşün isə nə ilə bitdiyini bilmək üçün Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri N.Paşinyanla keçirilən üçtərəfli görüşdən sonra verdiyi bəyanatda aydın görünür. Şarl Mişelin bəyanatında vurğulanır ki, regionda bütün kommunikasiyalar açılmalı, dəmir yolu xətti çəkilməlidir. Ən başlıcası isə odur ki, Avropa İttifaqı Şurası da Ermənistanı 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr görüşləri və bəyanatlarından irəli gələn öhdəlikləri yerinə yetirməyə çağırdı. Bu bəyanatdan o da aydın oldu ki, Avropa İttifaqı Şurası Azərbaycanın beynəlxalq qanunlara və ədalətə söykənən haqlı mövqeyini müdafiə edir.
Ermənilərin ən çox siyasi manevrlər etmək istədiyi məsələ Zəngəzur dəhlizidir. Onlar danışıqlar zamanı bu dəhlizin açılması ilə özlərinə birtərəfli dividendlər əldə etmək istəyirdilər. Lakin bu məsələdə də Pezident İlham Əliyevin mövqeyi qəti idi: Zəngəzur dəhlizi bütün tərəflərin maraqlarına cavab verməlidir. Azərbaycanın dövlət başçısının bu ədalətli mövqeyi İrəvanın həm iqtidar, həm də müxalifət düşərgəsinə şok yaşatdı. Amma Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyanın dediyi kimi, artıq “heç kəsi Ermənistanın fikri maraqlandırmır”dı.
Zəngəzur dəhlizi ilə bağlı qəti mövqeyini NATO-nun baş katibi Yens Stoltenberglə keçirdiyi birgə mətbuat konfransında da bildirən İlham Əliyev “Azad Avropa” radiosunun müxbirinin analoji sualını belə cavablandırmışdır: “Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir”.
Dövlət başçısının “Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o Laçın dəhlizinin eynisi olmalıdır” bəyanatı da ermənilərin Zəngəzur dəhlizi ilə bağlı ikili standartına son qoydu. Bununla Ermənistanın Laçın dəhlizindən Azərbaycanın nəzarəti olmadan istifadə etməsi fonunda Zəngəzur dəhlizinə nəzarət etmək istəyinin baş tutmayacağı təkcə İrəvanın yox, regionda marağı olan tərəflərin hamısına bəyan edildi.
Rüstəm KAMAL
Azərbaycan.-
2021.-19 dekabr.- S.1; 3.