AMEA Naxçıvan Bölməsi ilə Ümumdünya Təbiəti Mühafizə Fondu arasında əməkdaşlıq inkişaf edir
Ümumdünya Təbiəti
Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin
direktoru Elşad Əsgərov AMEA Naxçıvan Bölməsinin
qonağı olub.
Bölmənin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yığıncaqda çıxış edən Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev dünya üzrə biomüxtəlifliyin deqradasiyası probleminin artdığını və bu məsələyə dünya dövlətlərinin diqqətli yanaşmalı olduğunu deyib. Bu qlobal təbiət probleminin əksinə olaraq Naxçıvan Muxtar Respublikası ərazisində bitki və heyvanat aləminin zənginləşdiyini diqqətə çatdıran İsmayıl Hacıyev bildirib ki, yaşıllıqların artırılması, meşə örtüyünün ilbəil genişləndirilməsi, heyvanların ovlanmasına qadağaların qoyulması biomüxtəlifliyin zənginləşməsinə səbəb olub. Muxtar respublika ərazisində təbiətin mühafizəsi istiqamətində görülən işlər, ekspedisiyaların təşkilinə dəstəkdən bəhs edən alim göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Akademik deyib ki, heyvanların sayında müşahidə edilən artımın müntəzəm izlənilməsi, qeydlərin aparılması, dünyaya çatdırılması Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi ilə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşlığının səmərəli fəaliyyətinin nəticəsidir.
Naxçıvanda olmaqdan məmnunluq ifadə edən Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov bildirib ki, layihənin reallaşması ideyası məhz axtarışlar zamanı ilk dəfə olaraq Ordubad rayonu ərazisində bəbirin qeydə alınması ilə başlayıb, sonradan bu areal daha da genişlənib. Nümayiş olunan təqdimat vasitəsilə görülən işlər, əldə olunan uğurlar, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan planlar barədə məlumat verən Elşad Əsgərov çöl ekspedisiyaları zamanı istifadə olunan fototələlərdən və GPS xaltalardan bəhs edib.
Sonda Elşad Əsgərov tədbir
iştirakçılarının suallarını
cavablandırıb.
Azərbaycan.-
2021.-19 dekabr.- S.4.