“Ermənilər vahiməyə düşüb
qaçırdılar”
Komandirin amiranə səsi eşidildi: “Düşmənin əlində olan Ağdağ postunu almaq üçün irəli!” Tağım komandiri leytenant Ərtoğrul Nadirlinin rəhbərliyi ilə manqalarda birləşən əsgərlər göstərilən istiqamətdə irəliləməyə başladı. Düşmənlə bizim mövqelərimizin arasındakı neytral ərazidə çoxlu mina basdırılmışdı. Minaların əksəriyyəti üstüaçıq vəziyyətdə idi. Əsgərlərimiz kimsə minanı tapdalayarsa, başqaları zərər çəkməsin deyə, ara məsafə saxlayaraq irəliləyirdi. Çox çətinliklə olsa da, ölüm saçan ərazidən salamat keçə bildilər.
Erməni silahlılarının postu döyüşçülərimizin hərəkət etdiyi yüksəkliyin alt tərəfində idi. Üç qrupda birləşən əsgərlərimiz düşmən mövqeyinə hücuma keçdi. Cəsarəti, hünəri ilə seçilən əsgər Fərid Aslanov döyüşçü dostları ilə çiyin-çiyinə düşmən üzərinə şığıyırdı. Əsgərlər bu 22 yaşlı, ucaboylu, pəhləvan cüssəli gənci igidliyinə görə “Aslan” deyə çağırırdılar. Samuxda doğulmuş, Gəncə Dövlət Regional Kollecinin idman fakültəsini bitirmiş, həqiqi hərbi xidmətdə olmuşdu. Ordudan qayıtdıqdan dörd ay sonra uzun müddətli hərbi xidmətə qərar vermişdi. İkinci Qarabağ savaşı - Vətən müharibəmiz başlanan gündən barıt qoxulu cəbhələrdə idi. Ölüm dəfələrlə Fəriddən yan keçmişdi. Yaralanmış, aldığı xəsarətdən üz-gözü, ayaqları, qolları qançır olmuşdu. Buna baxmayaraq yenidən döyüşlərə atılmışdı.
***
Fəridgilin taboru Kəlbəcər döyüşlərindən sonra Daşkəsənə gəlib meşədə yerləşmişdi. Komandanlıqdan əsgərlərə belə bir sorğuyla müraciət etmişdilər: “35 yaşınadək olanlar sırasından kim könüllü surətdə xüsusi təyinatlıların tərkibində vuruşmaq istəyir?” Fərid ilk olaraq irəli çıxmış, onun ardınca 32 gənc döyüşçü də hərbi əməliyyatlara qatılmaq istədiyini bildirmişdi. Onların arasında ailəlilər də vardı, nişanlısı yol gözləyənlər də, Fərid kimi subaylar da.
Axşam saatlarında “Ural” maşını könüllüləri aparmaq üçün döyüşçülərimizin yerləşdiyi düşərgəyə yaxınlaşdı. Sanki dözümlülərin yarışı başlanmışdı. Gənc əsgərlərin hər cür çətinliyə, gərginliyə, aclığa, susuzluğa tab gətirməsi yoxlanılır, onlar sınaqdan keçirilirdi.
Fəridin dediklərindən:
- Dözüm imtahanından üzüağ çıxdıq. Şəmkirə, Beyləqana, oradan isə Hadruta gedəcəkdik. Sözün əsl mənasında, çətin bir yolçuluğa çıxmışdıq, bütün tapşırıqları canla-başla yerinə yetirirdik. Hadrutda bir gün qaldıq. Bizi həsrətində olduğumuz Şuşaya yönləndirdilər. Öncə Laçın dəhlizinə doğru irəliləyir, dərin sızma əməliyyatlarında iştirak edir, kəşfiyyat işi aparır, ərazidəki bütün şübhəli nöqtələri hərtərəfli, xırda detallarınadək öyrənirdik. Bu strateji əhəmiyyətli dəhlizə çatana kimi səkkiz gün piyada yol qət etmişdik. Dörd tərəfimiz erməni postları idi, yağılar bu dəhlizədək hər iyirmi metrdənbir səngər qurmuşdular. Yorğun olsaq da, normal qidalanmasaq da, “uf” demədən düşmənin üzərinə yeriyirdik. Bizə atırdılar, yaralanırdıq, yenə gedirdik. Qorxmadan, “Allahu əkbər” deyib onların üzərinə şığıyırdıq. Ermənilər bu sədadan vahiməyə düşüb, çığırışır, hərbi maşınlara doluşub qaçmağa üz qoyurdular. Əsas yolları tutmuşduq ki, yağıların qarşısını kəsək, Şuşaya girmək asanlaşsın.
Şəhərə girəndə artıq dan yeri ağarırdı, hər yer aydın-aşkar görünürdü. Bir qrup Şuşaya qayalardan qalxmışdı, digər qrup isə şəhərə Şuşa həbsxanasının yanından daxil olmuşdu. Halbuki erməni tərəfi bizi Laçın dəhlizi istiqamətindən gözləyirdi. Bir də ayıldılar ki, şəhərin içindəyik. Şuşa səmasında cövlan edən “Bayraqdar”lar, PUA-lar da düşmənə göz açmağa aman vermədi. Onlar vahimə, qorxu, təlaş və çaşqınlıq içindəydi. Ermənilər canlarını götürüb, döyüş texnikasını, silahlarını tullayıb güman gətirdikləri Xankəndi istiqamətinə qaçırdılar.
Başının hayına qalan düşmənin dabanına tüpürüb qaçmasına baxdıqca sövq-təbii Xocalı soyqırımını xatırladım. İllər öncə törətdikləri qanlı Xocalı faciəsində günahsız dinc sakinləri doğma yurdlarından necə qovub çıxarmışdılarsa, indi özləri də çarəsiz duruma düşmüşdülər. Azərbaycan əsgərinin üstünlüyü ilə hərb salnaməmizə yazılan döyüşlərdə, əlbəyaxa vuruşlarda əzilmək, məhv olmaq durumuna... “Dəmir yumruq” öz sözünü demişdi.
***
Artıq noyabrın 8-i idi. Şuşada gedən döyüşlər səngimiş, Qarabağın tacı olan bu qala şəhəri şəhidlərimizin canı-qanı, qazilərimizin hünəri ilə düşməndən təmizlənmişdi. Zəfər savaşımız, cəngavər oğullarımızın bizə bəxş etdiyi qalibiyyət ab-havası ürəklərə bir rahatlıq, hüzur gətirmişdi. Fərid də döyüşçü dostlarının arasındaydı. Üzündən-gözündən yorğunluq yağsa da, özünü və cəbhə dostlarını mənən güclü, yenilməz hesab edirdi. Silah yoldaşları kimi, o da evə zəng edib atasına belə demişdi: “Şuşanı aldıq, Şuşa azaddır!” Neçə gündən bəri intizarla gözlənilən bu zəng atası Farizi, anası Şəhlanı kövrəltmiş, onlara dağ boyda sevinc bəxş etmişdi.
Müdrik Sərkərdəmiz, hünərvər əsgər və zabitlərimiz möhtəşəm Zəfər savaşında gerçək tarix yazmışdı. “Aslan” ləqəbli döyüşçümüz 30 illik həsrəti 44 gündə bitirən rəşadətli Azərbaycan Ordusunun əsgəri olduğu üçün qürurluydu. Zəbt edilmiş yurd yerlərimizin, o cümlədən Şuşanın əsarətdən qurtulması naminə döyüşlərə qatılmaq üçün ürəyində hələ uşaqlıq, yeniyetməlik çağlarından yaşatdığı ən böyük istəyi, ülvi arzusu həyata keçmişdi.
Ermənistanın işğalı altında olan əzəli torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşməndən təmizlənməsi uğrunda gedən hərbi əməliyyatlarda fədakarlıq, şəxsi igidlik və şücaət göstərmiş Fərid Fariz oğlu Aslanovun “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunması bu mübariz Vətən oğlunun layiqli haqqıdır.
Zemfira MƏHƏRRƏMLİ
yazıçı-publisist
Azərbaycan.-
2021.-19 dekabr.- S.5.