Yaralı olsa da, savaş meydanına dönən igid

 

Məhəmmədəli İbrahimli elmdə də şəhidliyi kimi zirvələrə yüksəlirdi

 

44 günlük Vətən müharibəsində ordumuz ərazilərimizi işğaldan azad etməklə tarixə qəhrəmanlıq salnaməsi yazdı. Birinci Qarabağ savaşındakı kimi, gənclərimiz Vətən müharibəsində də örnək oldular. Onlar göstərdikləri misilsiz şücaətləri, bitib-tükənməyən Vətən sevgiləri ilə dillərdə dastana çevrildilər.

Həmin gənclərdən biri də Məhəmmədəli Mütəllim oğlu İbrahimlidir. O, 1996-cı ildə Beyləqan rayonunda anadan olmuşdu. 44 günlük Vətən müharibəsinədək işğal altında qalan Füzuli rayonunun Cuvarlı kəndindən idi. 2003-2014-cü illərdə 215 saylı orta məktəbdə oxumuşdu. Dörd il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, sonra isə Azərbaycan Texniki Universitetində magistr təhsilini başa vurmuşdu. Məhəmmədəli vətənpərvərliyi ilə seçilən, hər kəsin dərin hörmət və sevgisini qazanan şəxsiyyət kimi tanınmışdı.

Düşmən səngərinə kəşfiyyatçı kimi girən Məhəmmədəlinin 2020-ci ilin yayında doktorantura səviyyəsində təhsil almaq fikrindən imtina edərək, həqiqi hərbi xidmətə yollanması da vətənpərvərliyinin bariz nümunəsi idi. O, Vətən müharibəsində Azərbaycan Ordusunun kəşfiyyatçısı kimi işğal altında olan ərazilərimiz uğrunda gedən döyüşlərə qatıldı. Oktyabrın 3-dən 4-nə keçən gecə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid və tövsiyələrə baxmayaraq, yenidən cəbhəyə qayıtdı. 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid oldu.

Qəhrəmancasına döyüşüb, düşmənə layiqli cavab verən igidlərin şəhidliyi müqəddəsdir. Lakin elə məsələlər olur ki, o, ürək ağrısı ilə xatırlanır. Şəhid Məhəmmədəlinin nəşinin döyüş bölgəsindən düz 63 gündən sonra götürülməsi yalnız doğmalarına deyil, silahdaşlarına da ağır mənəvi-psixoloji zərbə oldu. 2020-ci il dekabrın 15-də Bakının Sabunçu rayonundakı Şəhidlər xiyabanında dəfn edilən, xalq arasında qəhrəmanlığı dillərdə gəzən Məhəmmədəlini hər kəs, xüsusən də döyüş dostları əsl qəhrəman kimi dəyərləndirir, sayğı, ehtiramla xatırlayırlar. O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundu.

Yalnız onu deyək ki, yaralı-yaralı döyüşlərə dönən igid Məhəmmədəli İbrahimli elmdə də şəhidliyi kimi zirvələr fəth edəcəkdi, təəssüf ki, amansız düşmən buna aman vermədi, yolları da ömrü kimi yarımçıq qaldı...

Əlbəttə, Məhəmmədəli kimi igidlərin Vətən qarşısındakı xidmətlərinin mükafatı xalqın sevgisi, bir də qazandıqları şəhidlik zirvəsidir!

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2021.-19 dekabr.- S.5.