Ad günündə şəhadətə qovuşan zabit

 

Vətənimizin ərazi  bütövlüyünün  bərpasında, dədə-baba torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsində xidməti olan igidlərimizdən biriRuslan Qəhrəmanovdur.

Azərbaycan Milli Ordusunun zabiti  Qəhrəmanov Ruslan  Mehman oğlu 1988-ci il oktyabrın 6-da Almaniya Respublikasının Maqdeburq  şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Həmin ölkədə hərbi xidmətdə olan atası 1990-cı  ildə Azərbaycanın başı üzərində qara buludlar dolaşanda doğma yurdu Şəmkirə qayıdır. Az müddətdən sonra  Gəncədəki “N” saylı hərbi  hissədə xidmətə başlayır.

Xidmətdə olarkən o, Goranboy və Daşkəsən, Gədəbəy, Tovuz və Qazaxın Ermənistanla həmsərhəd ərazilərinə, habelə Qarabağda Bərdə və Tərtər rayonlarında erməni quldur birləşmələrinin qəfil hücumlarının qarşısının alınmasında fəal iştirak edir. Mehman 1992-ci ilin oktyabrında döyüşlərin birində ağır yaralanır. Onda Ruslan dörd yaşında idi. O, böyüdükcə, atasını əlil edənləri xatırlayır, müsəlmanlara qarşı olan vəhşiliklərdən xəbər tutduqca qəlbində erməni quldurlarına qarşı nifrət və qisas hissi baş qaldırırdı. Yaxınlarının dediyinə görə, elə bu səbəbdən Ruslan  hərbçi olmaq, atasının peşə və döyüş yolunu davam etdirmək fikrinə düşür. Bu istəklə o, 2004-cü  ildə Bakıdakı  Cəmşid Naxçıvanski adına  Hərbi Liseyə daxil olur. 2007-ci ildə liseyi müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə  davam etdirir. Daha sonra Təlim-Tədris Mərkəzində kurs  keçir. 2012-ci ildə “N” saylı hərbi hissədə xüsusi təyinatlı qüvvələrdə xidmətə başlayır.  Bundan dörd il sonra gənc zabit 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olur, hücum əməliyyatlarının uğurlu alınmasında böyük şücaətlər göstərir.

Ruslanın ən böyük arzusu Qarabağın, eləcə də respublikamızın digər sərhədyanı bölgələrində erməni işğalı altında olan  torpaqlarımızın azad olunması idi.  O, İkinci Qarabağ savaşında döyüş əməliyyatlarının hazırlanmasında fəal iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən  müharibəsində göstərdiyi  şücaətlər isə diqqətçəkən olmuşdur. Zabit yoldaşlarının dediyinə görə, tez-tez ön xəttə olur, tapşırıq əməliyyatlarını nəzərdən keçirirdi. Yaralı əsgərlərə xüsusi diqqət göstərirdi. Hətta döyüşlərin beş addımlığında güllənin yağış kimi yağdığı şiddətli nöqtələrə gedib yaralılara yardım edir, şəhid olanları çiyninə alıb arxaya, təhlükəsiz əraziyə çıxarırdı.

Onun qardaşına göndərdiyi “Mən  hər  şeyə  hazıram.  Şəhid  olsam,  ağlamayın, fəxrlə “Vətən sağ olsun!” deyin. Səbirsizliklə  gözləyirəm gecənin qaranlığında  Kəlbəcərə girməyi”. Bu mesaj indi yaxınlarının çoxunun mobil telefonunun yaddaşındadır.

Vətənin azadlığını canından çox sevən  Ruslan 32 yaşının tamamına bir gün qalmış - oktyabrın  4-dən  5-nə  keçən  gecə Cəbrayıl uğrunda gedən döyüşdə qəhrəmanlıqla döyüşüb şəhidlik zirvəsinə yüksəlmişdi. Ad günündə Şəmkirin Xuluf kəndində əbədiyyətə qovuşan Ruslan Qəhrəmanov komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və  medallara layiq görülmüşdür.

Kapitan Ruslan Qəhrəmanov şəhadətindən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

R.Qəhrəmanov ailəli idi, iki qız və ölümündən 10 gün əvvəl dünyaya göz açmış oğul övladı bizlərə yadigardır. Şəhidin doğum və anım günündə, bayramlarda rayon və kənd ictimaiyyətinin nümayəndələri, məktəblilər, döyüşçü yoldaşları, ailə üzvləri və yaxınları vətənpərvər igiddən qürur duyduqlarını bildirərək onun məzarını ehtiramla ziyarət edirlər.

 

Əntiqə  CAMALQIZI,

“Şəmkir” qəzetinin  redaktor  müavini

 

Azərbaycan.- 2021.-19 dekabr.- S.5.