Bədii dəyərləri ilə məşhur olan əsər

 

“İsgəndərnamə” Nizami Gəncəvinin “Xəmsə” toplusuna daxil olan beşinci poemasıdır. Əsər fars dilində yazılmışdır. Şairin lirik şeirlərində və digər poemalarında qaldırdığı ictimai problemlər burada tam bədii əksini tapmışdır.

“İsgəndərnamə” iki hissədən ibarətdir: birinci hissə “Şərəfnamə'', ikinci hissə “İqbalnamə” adlanır. “Şərəfnamə” Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə, “İqbalnamə” isə Mosul hakimi Məlik İzzəddinə ithaf edilmişdir. “İsgəndərnamə” tarixi-romantik poema olub, həcmcə müəllifin ən böyük əsəridir, 10460 beyti əhatə edir. Əsərin 6835 beyti “Şərəfnamə”də, 3625 beyti isə “İqbalnamə”də toplanmışdır. Poema əruz vəzninin mütəqarebe məqsur (məhzuf) bəhrində yazılmışdır.

“İsgəndərnamə” özünün yüksək ideya və bədii dəyərləri ilə Yaxın Şərq xalqları ədəbiyyatına güclü təsir göstərmişdir. Qəhrəmanın mənşəyinə dair müxtəlif variantlı rəvayətlərin təsvirindən sonra İsgəndərin doğulması, tərbiyə illəri, hakimiyyətə keçərək ədalətli bir hakim olması nəql edilir. Əsər boyu qəhrəmanın sərkərdə, alim və peyğəmbərliyini əks etdirən müxtəlif hadisələr verilir. İsgəndərin sərkərdəlik fəaliyyəti ilə bağlı olan hadisələr əsərin birinci hissəsində tamamlanır, sonra isə təsirli müharibə səhnələri, hökmdarlar arasında gedən müxtəlif münaqişələr təsvir edilir. Hadisələr ibrətamiz hekayələrlə təsvir edilir və qəhrəman bu hekayələrdən ibrət alır.

“İsgəndərnamə” haqqında ilk məlumat Məhəmməd Ovfinin (XIII əsr) “Lübabül-əlbab” əsərində verilir. Bu təzkirə Nizaminin ölümündən sonra yazılmışdır.

Əbdürrəhman Cami “İsgəndərnamə”nin Nizaminin 60 yaşından sonra yazdığı son əsəri olduğunu qeyd edir. Məşhur şərqşünas Hammer “İsgəndərnamə”dən 100-ə qədər beyti alman dilinə tərcümə etmişdir.

Nizami Gəncəvi hər dastanın məzmununu nəql etməzdən əvvəl adətən giriş xarakterli nəsihətnamə verir.

Əsərin  “Şərəfnamə” hissəsini Abdulla Şaiq, “İqbalnamə”ni Mikayıl Rzaquluzadə Azərbaycan dilinə tərcümə etmişdilər.

 

Azərbaycan.- 2021.-19 dekabr.- S.6.