Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Dövlət vergi
orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin
keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 9 aprel tarixli 1309 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 297; 2009, ¹ 6, maddə 419; 2011, ¹ 3, maddə 182; 2017, ¹ 5, maddə 802; 2021, ¹ 4, maddə 314) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə üzrə:
1.1. 1.2-ci bəndin birinci cümləsinə “vergi orqanlarında” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilsin;
1.2. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.5. Müsahibə bu Əsasnamənin 2-ci hissəsinə əsasən yaradılan Müsabiqə Komissiyası (bundan sonra - Komissiya) tərəfindən aparılır.”;
1.3. 1.6-cı bənddə “Müsabiqəyə” sözü “Müsabiqədə” sözü ilə, “vətəndaşları buraxılırlar” sözləri “vətəndaşlarının (bundan sonra - şəxslər) iştirak etmək hüququ vardır” sözləri ilə əvəz edilsin;
1.4. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.7. Aşağıda göstərilən namizədlər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər:
1.7.1. maliyyə, büdcə və iqtisadi sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
1.7.2. prokurorluq orqanlarında və hüquq-mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə xidmət edən şəxslər;
1.7.3. əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər;
1.7.4. ali
təhsil tələb
olunmayan vəzifələrə
qəbul olunmaq üçün müraciət
edən şəxslər;
1.7.5. iqtisadiyyat və ya hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
1.7.6. baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər;
1.7.7. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil almış şəxslər.”
2. 2-ci hissə üzrə:
2.1. 2.1-ci bəndin birinci cümləsində “Müsabiqə Komissiyası (bundan sonra - Komissiya)” sözləri “Komissiya” sözü ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:
“2.2-1. Komissiya aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
2.2-1.1. qanunçuluq - müsabiqənin təşkili və keçirilməsi ilə bağlı normativ-hüquqi aktların tələblərinə riayət edilməsi, habelə namizədlərlə bağlı məcburi tələblərin yalnız normativ-hüquqi aktlarla müəyyənləşdirilməsi;
2.2-1.2. obyektivlik - namizədin dövlət vergi orqanlarında xidmətə uyğunluğunun bu Əsasnaməyə əsasən yalnız müsabiqə və ya müsahibə əsasında qiymətləndirilməsi;
2.2-1.3. qərəzsizlik - Komissiya üzvlərinin özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsir etməsinin, habelə malik olduğu hüquqlardan öz maraqları üçün istifadənin yolverilməzliyi;
2.2-1.4. müstəqillik - Komissiyanın və Komissiya üzvünün müsahibələr keçirilməsi və müsahibə üzrə qərar qəbul edilməsi ilə bağlı müstəqilliyi və onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi;
2.2-1.5. bərabərlik - irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün namizədlərin müsabiqənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinə təminat verilməsi;
2.2-1.6. şəffaflıq və aşkarlıq - müsabiqənin nəticələrinin açıq elan edilməsi və müsahibə keçirilən zaman videoçəkilişdən istifadə olunması;
2.2-1.7. peşəkarlıq - namizədin potensial imkanlarından istifadə etməyin mümkünlüyünün aşkara çıxarılması və dövlət vergi orqanlarında xidmətə yararlılığını müəyyən etmək üçün hərtərəfli qiymətləndirilməsi.”;
2.3. 2.3-cü bənd üzrə:
2.3.1. birinci cümlədə “Komissiyanın qərarları” sözləri “Komissiya” sözü ilə əvəz edilsin;
2.3.2. ikinci cümlədə “komissiya” sözü “Komissiya” sözü ilə əvəz edilsin;
2.3.3. aşağıdakı məzmunda üçüncü - beşinci cümlələr əlavə edilsin:
“Bu Əsasnamənin 3.14-cü bəndində qeyd edilən hal istisna olmaqla, Komissiyanın iclaslarında hər üzvün bir səsi olmaqla qərarlar açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrlik edənin səsi həlledicidir. Komissiya üzvünün xüsusi rəyi olduqda rəy qərara əlavə edilir.”
3. 3-cü hissə üzrə:
3.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.1. Xidmət dövlət vergi orqanlarında vakant vəzifələrə işə qəbulla əlaqədar sənədlərin təqdim edilməsi üçün son müddət göstərilməklə, kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında müsabiqə elanı verir. Müsabiqə elanı müsabiqənin başlamasına azı bir ay qalmış verilir və bu barədə Mərkəzə məlumat göndərilir.”;
3.2. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:
“3.1-1. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak etmək istəyən şəxslər elektron qaydada Xidmətə müraciət edir.”;
3.3. 3.2-ci bəndə “vergi orqanlarına” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilsin;
3.4. 3.3-cü bənddə “Vergi” sözü “Dövlət vergi” sözləri ilə əvəz edilsin;
3.5. 3.3.5-ci yarımbəndə “surəti” sözündən sonra “(bu Əsasnamənin 1.7.4-cü yarımbəndində göstərilən şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin;
3.6. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.5. Müsabiqəyə buraxılmış namizəd müsabiqənin test imtahanı mərhələsində iştirak etmək üçün Mərkəzin internet portalında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir, Xidmət tərəfindən namizədin elektron poçt ünvanına göndərilmiş bildirişdə göstərilmiş müvafiq linkə daxil olmaqla Mərkəzin internet portalında öz ərizəsini təsdiq edir və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən dövlət qulluğuna qəbulla bağlı test imtahanında iştirak üçün müəyyən edilmiş tariflərə uyğun məbləği Mərkəzin hesabına ödəyir.”;
3.7. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:
“3.5-1. Ərizəsini təsdiq etmiş və imtahanda iştirak üçün müəyyən olunan məbləği ödəmiş namizədə test imtahanının keçirilməsinə azı 2 gün qalmış “İmtahana buraxılış vərəqəsi” onun şəxsi kabinetinə göndərilir.”;
3.8. 3.11-ci bəndin üçüncü və dördüncü cümlələri çıxarılsın;
3.9. 3.12-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.12. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işi müsahibədən əvvəl Komissiyaya təqdim edilir.”;
3.10. aşağıdakı məzmunda 3.12-1 - 3.12-4-cü bəndlər əlavə edilsin:
“3.12-1. Komissiyanın üzvlərindən birinin müsahibədə iştirak edən namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq münasibəti olduqda, həmin üzv özü-özünə etiraz edir. Belə əsaslar olduqda müsahibə başlanmazdan əvvəl namizəd Komissiyanın hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.
3.12-2. Bu Əsasnamənin 3.12-1-ci bəndinə uyğun olaraq əsaslandırılmış etiraz edildikdə barəsində etiraz edilmiş və ya özü-özünə etiraz etmiş şəxslər həmin namizədlə müsahibədə Komissiyanın üzvü kimi iştirak edə bilməzlər.
3.12-3. Müsahibə zamanı videoçəkiliş aparılır. Videoçəkiliş müsahibənin keçirilməsinə, eləcə də Komissiyanın normal fəaliyyətinə maneə törətməməlidir.
3.12-4. Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün Komissiyanın ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi və Komissiya üzvlərinin müşahidə aparması yolu ilə həyata keçirilir.”;
3.11. 3.13-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.”;
3.12. aşağıdakı məzmunda 3.13-1 - 3.13-6-cı bəndlər əlavə edilsin:
“3.13-1. Komissiyanın üzvləri aşağıdakı tələblərə riayət etməlidirlər:
3.13-1.1. müsahibə aparılacaq yerə təyin edilmiş vaxtda gəlmək;
3.13-1.2. bu Əsasnamə ilə, vakant vəzifəyə dair vəzifə təlimatları və namizədin şəxsi işi ilə tanış olmaq;
3.13-1.3. bu Əsasnamənin 3.12-1-ci bəndində nəzərdə tutulmuş hallarda özü-özünə etiraz etmək;
3.13-1.4. müsahibənin keçirilməsi ilə bağlı normativ-hüquqi aktların tələblərinə riayət etmək;
3.13-1.5. namizədin və digər Komissiya üzvlərinin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmaq, müsahibə zamanı nəzakətli, diqqətli və səbirli olmaq;
3.13-1.6. müsahibə zamanı müsahibə otağını üzrlü səbəb olmadan tərk etməmək;
3.13-1.7. sualları və tapşırıqları verərkən müəyyən edilmiş vaxt bölgüsünə əməl etmək;
3.13-1.8. müsahibənin gedişi zamanı namizədə vakant vəzifəyə uyğun olub-olmaması barədə fikir bildirməmək;
3.13-1.9. müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməmək.
3.13-2. Namizəd aşağıdakı tələblərə riayət etməlidir:
3.13-2.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;
3.13-2.2. Komissiyanın üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;
3.13-2.3. suallara mahiyyəti üzrə cavab verməyə və tapşırıqları mümkün qədər qısa vaxtda yerinə yetirməyə çalışmaq;
3.13-2.4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək;
3.13-2.5. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.
3.13-3. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə Komissiyanın üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.
3.13-4. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə yeni müsahibənin keçirilməsinə yol verilmir.
3.13-5. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə yeni müsahibənin keçirilməsinə Komissiyanın qərarı əsasında yol verilir.
3.13-6. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı Komissiyanın üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır.”;
3.13. 3.14-cü bənddə “orta balı” sözlərindən sonra “3” və” sözləri əlavə edilsin.
4. 4-cü hissə üzrə:
4.1. 4.5-ci bəndə “vergi orqanlarına” sözlərindən əvvəl “dövlət” sözü əlavə edilsin;
4.2. 4.6-cı bəndin birinci cümləsinə “vergi orqanlarında” sözlərindən əvvəl “dövlət” sözü əlavə olunsun və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi qaydası Xidmət tərəfindən müəyyən olunur.”;
4.3. aşağıdakı məzmunda 4.7-ci bənd əlavə edilsin:
“4.7. Namizədlərin müsahibə sənədləri (o cümlədən müsahibə qeydləri və videoçəkilişlər) 5 il müddətində mühafizə olunur.”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2021-ci il
Azərbaycan.- 2021.- 21 dekabr.- S.7.