Ölkəmizin hər bir vətəndaşının rifahı dövlətin diqqət mərkəzindədir

 

Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 732 min şəxsin sosial ödənişləri artırıldı

 

Prezident İlham Əliyev  2021-ci il  oktyabrın 16-da  imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamının icrası ilə bağlı bir sıra yeni qərarlar verib.

Ölkədə əhalinin  rifahına xidmət edən sosial islahatların  yeni mərhələsinə başlayan dövlət başçısı cari  il dekabrın 20-də daha bir sıra fərman və sərəncamlar  imzalayıb. Bu sənədlərə əsasən  həyata keçiriləcək  tədbirlər əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılmasının  xüsusilə son illərdə geniş miqyas aldığının daha bir təsdiqidir.

Yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlaronlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları  əhatə edilir. Sözügedən sənədlər eləcə də  beşdən çox uşağı olan qadınlara, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələrə, övladlığa uşaq götürənlərə, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorlarına, “Xalq” və “Əməkdar” fəxri adı olanlara,  həmçinin doktorant və tələbələrə aiddir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirirlər ki, əlilliyə görə müavinətlər 2022-ci ilin əvvəlindən etibarən I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə isə 110 manatdan 120 manata çatdırılacaq. Bu da  son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlərin I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artması deməkdir. Həmin müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunurlar. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə  dövlət başçısının aylıq təqaüdü olaraq I dərəcə üçün 400 , II dərəcə üçün 350, III dərəcə üçün 300 manat ödənilir. Həmin təqaüdlər bu ilin əvvəlində növbəti dəfə orta hesabla 50 faiz artırılıb.

 

Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60 faiz artırılaraq gələn ilin əvvəlindən 80 manata çatdırılır.

Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlar pensiya almadıqda müavinət və təqaüd formasında ayda I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat alacaqlar. Bu da 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 dəfə, 2,2 dəfə və 2,2 dəfə çoxdur.

Həmin kateqoriyalara aid əlilliyi olan şəxslər əmək pensiyası aldıqda orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat alacaqlar. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72 faiz, 81 faiz və 97 faiz çoxdur. Ümumi səbəbdən əlilliyi olan şəxslər üzrə sosial ödənişlərdə son 3 ildə həmin artımlar dərəcələr üzrə müvafiq olaraq 50 faiz, 59 faiz və 112 faiz təşkil edir.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata yüksəldilib. Onlara qulluğa görə 2019-cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni fərmanla həmin təqaüd də 60 faiz artımla 50 manatdan 80 manata çatdırılıb. Beləliklə, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcək.

Prezidentin dekabrın 20-də imzaladığı yeni fərmanlarla bir sıra digər kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb. Belə ki, ələn il yanvarın 1-dən yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılır. 2019-cu ilin əvvəlində bu müavinət 73 manat idi, ümumilikdə 2,5 dəfə artırılmaqla gələn ilin əvvəlindən 180 manat təşkil edəcək. Bununla da 2022-ci ildə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumunu (176 manat) üstələyəcək.

Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata çatdırılır. Bununla da üç il əvvələ (68 manat) nisbətən həmin müavinət 47 faiz artırılıb.

Müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət üç il əvvəl 68 manat idisə, 2019-cu ilin aprelindən 100 manata çatdırıldı. Yeni fərmanla isə 2022-ci ilin əvvəlindən 120 manat təşkil edəcək. Bu da son üç ildə həmin müavinət 76,5 faiz artırılması  deməkdir.

Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata çatdırılır. Bununla da həmin şəxslər üçün müavinətdə üç il əvvələ (61 manat) nisbətən təqribən 2 dəfə artım baş verir.

Dövlətimiz  çoxuşaqlı  anaları da  unutmayıb. Belə ki, beşdən çox uşağı olan qadınlara (hər uşağa görə) aylıq müavinət isə 55 manatdan 70 manata artırılır. Ümumilikdə son üç ildə bu müavinət 2,1 dəfə artırılaraq 33 manatdan 70 manata yüksəlib.

Bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı dövlət sosial yardımı təyin edilmiş) ailələrə hər uşağa görə müavinət isə yeni fərmanla əvvəlki 55 manat  əvəzinə 70 manat  olub. Yəni həmin uşaqlar üçün müavinətdə üç il əvvələ (45 manat) nisbətən 55,6 faiz artım baş verir.

Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud uşağa görə müavinət 2021-ci ilin əvvəlindən təsis olunubyeni fərmanla bu müavinət də 25 faiz artırılaraq hər uşağa görə 160 manatdan 200 manata, sağlamlıq imkanları məhdud hər uşağa görə isə 480 manatdan 600 manata çatdırılıb.

Əgər övladı dünyaya gələn ailələr  əvvəl  dövlətdən 200 manat birdəfəlik müavinət alırdılarsa, indi bu məbləğ 300 manat olacaq. Həmin müavinət üç il əvvəlki məbləğlə (109 manat) müqayisədə 2,8 dəfə artırılıb. Dəfn üçün müavinətin məbləği isə 300 manatdan 350 manata çatdırılıb. Üç il əvvələ (146 manat) nisbətən bu müavinətdə 2,4 dəfə artım baş verib.

Məlum olduğu kimi, azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına 2021-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü təsis olunub. Yeni fərmanla bu təqaüd elmlər doktorları üçün 50 faiz artırılaraq 200 manatdan 300 manata, fəlsəfə doktorları üçün 67 faiz artırılaraq 120 manatdan 200 manata çatdırılır.

Yeni sərəncamla fəxri adlara görə aylıq təqaüdlər də “Xalq” fəxri adına görə 33,3 faiz artımla 150 manatdan 180 manata, “Əməkdar” fəxri adına görə isə 20 faiz artımla 100 manatdan 120 manata yüksəldilib.

Dövlət başçısının digər sərəncamı doktorantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdlərinin 20 faiz artırılmasını nəzərdə tutur.

Beləliklə, dövlət başçısının yeni fərman və sərəncamları əlilliyi olan şəxslər və digər kateqoriyalardan ibarət ümumilikdə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək müavinət və təqaüd formasında onlara yönələn sosial ödənişlərin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2021.-21 dekabr.- S.1-2.