Neft
kapitalını insan kapitalına çevirən lider
Bakı Ali Neft Məktəbinin
yaradılmasının 10 ili tamam olur
Düz 10 il əvvəl
Azərbaycan təhsil məkanında yeni, tam fərqli və
müasir tələblərə cavab verən bir ali məktəbin
təməli qoyuldu. Bu ali təhsil
ocağı inkişaf etdi, böyüdü, ölkənin
iqtisadiyyatı və sənayesinə peşəkar,
ingilisdilli, beynəlxalq səviyyəli mütəxəssislər
bəxş etdi. Artıq Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə
yaradılmış Bakı Ali Neft Məktəbinin (BANM) 10
illik yubileyidir. Dövlət ali təhsil
müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılan
Bakı Ali Neft Məktəbi bu 10 ildə böyük nailiyyətlərə
imza atıb. Ötən 10 il ərzində
BANM ölkənin ən nüfuzlu ali təhsil müəssisəsinə
çevrilib, böyük etibar qazanaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
etimadını doğruldub, vəzifəsinin öhdəsindən
layiqincə gəlməyi bacarıb.
Bakı Ali Neft Məktəbi 10 il əvvəl zamanın tələbi ilə
yaradılmışdı. Azərbaycanda
müasir tədris proqramları və təlim
texnologiyaları əsasında ingilisdilli, yüksəkixtisaslı
mühəndis kadrlar yetişdirən müəssisəyə
ciddi ehtiyac var idi. Bu müəssisə fəaliyyətini
genişləndirərək qlobal şirkətə çevrilən
SOCAR-ın, həmçinin ölkənin digər sənaye
müəssisələrinin peşəkar ingilisdilli mühəndis
kadr ehtiyaclarını ödəməli idi. Sevindirici
haldır ki, Bakı Ali Neft Məktəbi 10 il
ərzində yaranma məqsədlərinə yüksək səviyyədə
nail ola bilib. Bu gün ali məktəbin məzunları
SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində,
eyni zamanda transmilli şirkətlərdə
çalışaraq iqtisadiyyatın, sənayenin
inkişafına töhfələr verir, dünyanın
nüfuzlu ali məktəbləri və nəhəng şirkətlərində
Azərbaycanı layiqincə təmsil edirlər.
Bakı Ali Neft Məktəbi
müasir tələblərə cavab verən təhsil
infrastrukturu, tədris prosesinə yüksəkixtisaslı
professor-müəllim heyətinin cəlb olunması, zəngin
kitabxana-informasiya fondu, çoxfunksiyalı laboratoriyaları ilə
fərqlənir. Bakı Ali Neft Məktəbinin kampusu
Qafqaz regionunun zəngin maddi-texniki bazaya malik ən
böyük kampuslarından biridir. Ali Məktəbimizin
kampusunda SOCAR, ABB, “Avandsis Group”, “Emerson ProcessManagement”, “Huawei”
kimi nüfuzlu şirkətlərin dəstəyi ilə
yaradılan laboratoriyalar, müasir standartlara cavab verən tələbə
şəhərciyi, yeməkxana kompleksi, iki idman zalı və
hovuz fəaliyyət göstərir. Bu kampusun
açılışı 2017-ci il may
ayının 1-də möhtərəm Prezident İlham
Əliyev tərəfindən həyata keçirilib. Dövlət
başçısı yeni kampusun
açılışındakı
çıxışında demişdir: “Bu gün ölkəmizin
həyatında çox əlamətdar bir gündür. Bakı Ali Neft Məktəbinin şəhərciyinin
açılışını qeyd edirik. Bu şəhərcik ən yüksək standartlara
cavab verir. Bakı Ali Neft Məktəbi
artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər
ərzində ali məktəb Azərbaycanın
təhsil məkanında artıq öz layiqli yerini tuta bilibdir.
Bu gün ali məktəb yeni şəhərciyə,
yeni binaya köçür. Burada oxumaq, biliklərə
yiyələnmək üçün bütün şərait
yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur.
Bütün binalar çox gözəl,
zövqlə tikilib, burada ən müasir laboratoriyalar fəaliyyət
göstərir və bu gün mənə təqdimat da edildi.
Burada təhsilin səviyyəsi ən yüksək
standartlara cavab verəcək”.
Böyük qürur və fəxarətlə
bildiririk ki, Bakı Ali Neft Məktəbi ən müasir
texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin
olunmuş innovativ təhsil müəssisəsi kimi inkişaf
edib, yüksək nüfuz qazanıb. İlk gündən Azərbaycan ali
təhsil müəssisələrinin reytinq cədvəlində
öz liderliyini saxlayan, orta bal üzrə respublika birincisi
olan, ilk qəbul aparılan ildən Dövlət İmtahan Mərkəzinin
(DİM) qəbul imtahanının nəticələrinə
görə tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil
müəssisəsi arasında lider kimi tarixə düşən
BANM 10 il ərzində ixtisaslarının sayını
artırıb. 2012/2013-cü tədris ilində iki ixtisas -
Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi üzrə
tələbə qəbulu həyata keçirən Bakı Ali
Neft Məktəbi hazırda ixtisaslarla yanaşı, Proseslərin
avtomatlaşdırılması mühəndisliyi,
İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi
və Biznesin idarə edilməsi ixtisasları üzrə
bakalavr, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi,
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
və Biznesin idarə edilməsi (MBA) ixtisaslarında magistr
pilləsi üzrə qəbul həyata keçirir. Ali məktəbimizdə
doktorantura (PhD) pilləsi, həmçinin Neft-qaz mühəndisliyi
ixtisası üzrə təkrar ali təhsil
almaq istəyənlər üçün də tədris
aparılır. 2021/2022-ci tədris ili
üçün ali məktəbimiz ilk dəfə II ixtisas
qrupu üzrə də tələbə qəbulu keçirdi və
böyük qürur hissi ilə vurğulayıram ki, bu ixtisas
üzrə qəbul olunanların 11 nəfəri Prezident təqaüdünə
layiq görüldü. Bu, Bakı Ali Neft Məktəbinin
qazandığı nüfuzun, əldə etdiyi etibarın daha
bir sübutudur.
Bakı Ali Neft Məktəbi
beynəlxalq səviyyəli tədris proqramı, yeni
yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti,
yerli və xarici şirkətlərlə əməkdaşlıq,
peşəkar mütəxəssislər tərəfindən təlim
və müzakirələrin təşkili və bu kimi digər
nailiyyətləri ilə ölkə gənclərinin rəğbətini
qazanıb. Bu
rəğbətin nəticəsidir ki, ölkənin ən
savadlı, intellektli, bacarıqlı gəncləri bu ali məktəbi seçirlər. Ali məktəbimizdə
təhsil alan Prezident təqaüdçülərinin
sayı ilbəil artır. Əgər 10 il öncə BANM-ə
ilk qəbul həyata keçirilərkən Prezident təqaüdünə
layiq görülən tələbələrimizin sayı 11 nəfər
idisə, 2021/2022-ci tədris ilində Prezident təqaüdçülərimizin
sayı 33 nəfərə yüksəlib. Onu da
qeyd edim ki, ölkə üzrə Prezident təqaüdünə
layiq görülən tələbələrin ümumi
sayı 102 nəfər olub. Ölkə üzrə 102
Prezident təqaüdçüsündən üçdəbirinin
bir ali təhsil müəssisəsinin tələbəsi
olması Azərbaycanın təhsil tarixində ilkdir. Bununla BANM rekorda imza atıb. Bu il
də qəbul imtahanlarında ölkə üzrə ən
yüksək bal toplamış tələbə BANM-i
seçib. İlk dəfə qəbul
apardığımız II ixtisas qrupu üzrə ən
yüksək bal toplamış abituriyentin
seçimi də Bakı Ali Neft Məktəbi olub. Hazırda ali məktəbimizin Prezident təqaüdçülərinin
sayı 205 nəfərə çatıb. Bütün bunlar cəmi
10 illik tarixə malik ali təhsil müəssisəsi
üçün böyük uğurdur.
Bakı Ali Neft Məktəbinə
ortalama qəbul balı 650 və ondan
yuxarıdır ki, bu da Azərbaycanda ən yüksək
göstəricidir. Ali məktəbimiz 700 bal
toplamış tələbələrin sayına görə də
fərqlənir. İndiyədək 700 bal
toplamış 27 tələbənin seçimi Bakı Ali Neft
Məktəbi olub.
BANM-in sənaye sahələri
ilə sıx əlaqələri mövcuddur. Bakı Ali
Neft Məktəbi həm milli, həm də beynəlxalq
miqyasda işçi qüvvəsinin inkişafında əhəmiyyətli
təcrübəyə malikdir. Ali məktəbimizdə
tədris prosesi istehsalatla sıx əlaqədə həyata
keçirilir.Tədris proqramlarının, nəzəri
predmetlərin daha dərindən mənimsənilməsi məqsədilə
tələbələr SOCAR-ın müvafiq profilli istehsalat
müəssisələrində, eləcə də bp,
“Equinor”, “Total, Schlumberger”, ABB, “Halliburton”, “Atenau” Ltd, “Schneider
Electric”, “Microsoft”, “Baker Hughes”, “Emerson Process Management”, “Avandsis
Group”, “Maire Tecnimont”, “Nəzarət Ölçü
Cihazları və Avtomatika” MMC, SOCAR-ın Türkiyədəki
“Petkim” Neft-Kimya Kompleksi və STAR Neft Emalı Zavodu kimi
qurumlarda yay və istehsalat təcrübəsi keçir,
hesabatlar hazırlayır və müdafiə edirlər. Bu amil tələbələrin sənayenin
qabaqcıl mütəxəssisləri ilə effektiv münasibət
qurmasına, beynəlxalq standartlara uyğun kadrlar kimi
yetişməsinə, işlə təminatına və
uğurlu karyeranın əsasını qoymağa böyük
imkanlar yaradır.
Bakı Ali Neft Məktəbi
cənab Prezidentin “Biz neft kapitalını insan kapitalına
çevirməliyik” devizinin bariz nümunəsidir və bu
devizə uyğun olaraq tələbələrə yüksək
keyfiyyətli təhsil verilməklə yanaşı,
onların işlə təminatına da xüsusi əhəmiyyət
verilir. Həyata
keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir
ki, 2017-ci ildə bu ali məktəbdə
ilk məzun buraxılışı keçirilən vaxtdan bu
günədək bütün məzunlar işlə təmin
olunublar. BANM bu xüsusiyyətinə görə də ölkə
ali məktəbləri arasında fərqlənir.
Ali məktəbimiz artıq 5-ci məzun
buraxılışı keçirib. Bu gün ali məktəbimizin
məzunları SOCAR və onun “Azneft” İB, “Azərikimya”
İB, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ),
“SOCAR Ümid” və “SOCAR Polymer” şirkətləri, eləcə
də “SOCAR Türkiyə”nin “Petkim” Neft-Kimya Kompleksi və
STARNeft Emalı Zavodunda çalışırlar. BANM-in məzunları
təkcə SOCAR-da deyil, BP, “Schlumberger”, “Halliburton”, “Maire Tecnimont”
və s. kimi iri transmilli şirkətlərdə də işə
cəlb olunublar. Ötən 10 il ərzində
Bakı Ali Neft Məktəbinin beynəlxalq standartlara cavab verən
kadr hazırlığı, peşəkarlıq səviyyəsinin
yüksək olmasının nəticəsidir ki, bir çox tələbəmiz
məzun olmadan iş təklifi alır. Bu isə ali məktəbin “Biz iş axtarmırıq,
iş bizi axtarır” şüarını təsdiq edir. Hazırda əmək fəaliyyətinə
başlamayan məzunlarımız isə Azərbaycanın, eləcə
də dünyanın nüfuzlu universitetlərində
magistratura və doktorantura pilləsində təhsillərini
davam etdirirlər.
Bakı Ali Neft Məktəbi Azərbaycanın
tam ingilisdilli yeganə texniki ali məktəbidir.
Bakı Ali Neft Məktəbi ilk vaxtlardan beynəlxalq
əməkdaşlığa xüsusi əhəmiyyət
verib. Ali məktəbimiz ilk illərdən
Böyük Britaniyanın “Heriot-Vatt” Universiteti ilə əməkdaşlığa
başlayıb. 2012-ci il may
ayının 26-da “Heriot-Vatt” Universiteti ilə birgə mütəxəssis
hazırlığının təşkilinin əsas prinsiplərini
özündə əks etdirən müqavilə, 2013-cü il
yanvar ayının 31-də 2013-2017-ci illər ərzində
iki ixtisas üzrə ikili diplom layihəsi çərçivəsində
mütəxəssis hazırlığı üçün əməkdaşlıq
haqqında razılaşma imzalanıb və uğurlu əməkdaşlığın
əsası qoyulub. BANM beynəlxalq əməkdaşlığını
artırmaqda davam edir, dünyanın bir çox nüfuzlu
universitetləri ilə əməkdaşlıq edir, həmin
universitetlərlə tələbə və müəllim
mübadilə proqramlarını həyata keçirir.
Birləşmiş Krallıq, Bolqarıstan, İsveçrə,
Türkiyə, Estoniya, Polşa, Koreya, ABŞ, Norveç,
Slovakiya, Fransa, Rusiya, Yunanıstan, İtaliya, Almaniya və bir
çox başqa ölkələrin 50-dən artıq
universitetləri ilə mütəxəssis
hazırlığında əməkdaşlıq haqqında
müqavilələr imzalanıb. BANM Qara Dəniz
Universitetləri Şəbəkəsi (BSUN), Avrasiya Universitetləri
Birliyi (EURAS) və Dünya Neft Universitetləri Şəbəkəsinin
(WEUN) üzvüdür. Son illər ərzində
Ali Məktəb “Erasmus+” layihəsi çərçivəsində
tələbələrini Yunanıstan, Bolqarıstan,
İspaniya, Almaniya kimi ölkələrə təhsil
almağa göndərib, həmçinin Rumıniyadan tələbələr
qəbul edib.
2016-cı ildən BANM, bp və onun tərəfdaşlarının
birgə əməkdaşlığı, həmçinin
Böyük Britaniyanın “TwentyEighty Strategy Exercution” (STRATEX)
şirkəti ilə birgə həyata keçirilən,
ABŞ-ın Corc Vaşinqton Magistr sertifikatı ilə təmin
edən təlim proqramı - Layihələrin İdarəedilməsi
Məktəbi BANM və STRATEX şirkətinin birgə əməkdaşlığı
ilə uğurla davam edir. 2021-ci ildə BANM
Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX)
şirkəti və Dyuk Universiteti ilə birgə Layihələrin
İdarəedilməsi Məktəbinin yeni mərhələsinə
başlanılıb.
BANM Azərbaycanda fəaliyyət
göstərən ali təhsil müəssisələri
içərisində ISO 9001 (Keyfiyyət idarəetmə
sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS
18001 (Əməyin mühafizəsi və təhlükəsizlik
texnikası idarəetmə sistemləri) və ISO 10002
(Müştəri məmnuniyyəti - şikayətlərin
idarə edilməsi üzrə rəhbər göstərişlər)
sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.
Bakı Ali Neft Məktəbi
ötən müddət ərzində həm də ən
müasir tələblərə cavab verən infrastruktur
yarada, idarəetmə və pedaqoji heyəti formalaşdıra
bilib, professor-müəllim heyətinin tədrisdə, tələbələrin
isə təhsildə motivasiyalarını yüksəltmək
üçün silsilə həvəsləndirici və səfərbəredici
tədbirlər həyata keçirib.
Bakı Ali Neft Məktəbi yüksəkixtisaslı ingilisdilli kadrlar yetişdirməklə yanaşı, layiqli vətəndaş hazırlamaq missiyasını da şərəflə, qürurla yerinə yetirir. Ali məktəbimiz hədəf və məqsədlərinə uyğun olaraq elm və təhsilin istehsalatla inteqrasiyasının təmin edilməsi, tələbələrin yaradıcılıq imkanlarının genişləndirilməsi, sosiallaşması, intellektual səviyyəsinin yüksəldilməsi, xüsusi istedadlıların müəyyən edilməsi, bilik və bacarıqlarının effektli reallaşdırılmasına təkan verməklə yanaşı, tələbə gənclərdə ölkəmizin qloballaşan dünyaya inteqrasiyası kontekstində milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik ideologiyasının təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində də fəal iş aparır. Ölkəmizin intellektual əsgərləri olaraq onlar Azərbaycanı dünyanın müxtəlif ölkələrində, beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. BANM tələbələri NASA-nın 2022-ci ildə keçirəcəyi “Human Exploration Rover Challenge” müsabiqəsində dünyanın müxtəlif orta və ali məktəblərindən 91 komanda arasında Azərbaycanı tarixində ilk dəfə olaraq təmsil etmək imkanı qazanıblar. BANM-in İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alan Hüseyn Qəmbərov “WorldSkills Asia” tərəfindən təşkil edilmiş beynəlxalq yarışda Azərbaycanı kibertəhlükəsizlik sahəsi üzrə təmsil edərək böyük uğura imza atıb. O, Azərbaycanın ilk dəfə qatıldığı bu nüfuzlu yarışda 26 ölkədən 122 nümayəndə arasında ümumi reytinqdə 707 bal ilə 4-cü yeri qazanaraq Azərbaycanın adını Cənubi Koreya və Rusiyadan sonra 3-cü yerə yüksəldib “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib. Bütün bunlar həm ali məktəbimiz, həm də ölkəmiz adına böyük qürurdur.
10 yaşını tamamlayan BANM ən yüksək nüfuzlu ali təhsil müəssisəsinə çevrilə bilib və Azərbaycanda peşəkar mühəndis kadrlarının hazırlanmasında liderdir. Ali məktəbimiz əmək bazarında hər zaman tələb olunan ixtisaslarda tədris aparmaqla, yüksək peşəkarlığa malik kadr hazırlamaqla işəgötürənlərin ehtiyaclarını uğurla qarşılayır. İrəlidəki hədəflərimiz, məqsədlərimiz də böyükdür. Hədəflərimizdən biri də dünya reytinqinə daxil olmaq və ilk sıralarda yer almaqdır. Bu yolda irəliləyərkən bundan sonra da beynəlxalq səviyyəli, yüksək peşəkarlığa malik kadr hazırlamaq istiqamətində fəaliyyətimizi böyük səylə davam etdirəcək, ölkəmizə, xalqımıza faydalı intellektual əsgərlər yetişdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Elmar QASIMOV,
Bakı Ali Neft Məktəbinin rektoru,
Yeni Azərbaycan
Partiyasının İdarə Heyətinin üzvü
Azərbaycan.- 2021.-21 dekabr.- S.5.