Qətiyyətin İlham Əliyev
nümunəsi
Ötən həftə Prezident İlham Əliyev Brüsselə səfəri zamanı mühüm görüşlər keçirdi və qalib gəldiyimiz Vətən müharibəsindən sonra ilk dəfə olaraq Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirdi.
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə 4 saata yaxın keçirilən 3 tərəfli görüşdə isə İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, postmüharibə dövrünün praktiki elementləri, xüsusilə də kommunikasiyaların açılması məsələsi müzakirə mövzusu oldu. Görüşdən sonra verilən bəyanatlardan bəlli odu ki, Ermənistan 10 noyabr Bəyanatının müddəalarını tam olaraq icra etməlidir.
Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi geniş müsahibədə görüş zamanı aparılan danışıqlara və gələcək perspektivlərə toxundu.
Ermənistan ev tapşırığını
yerinə yetirməlidir
Öncə İlham Əliyev Ermənistanın dəmir yolu xətti çəkilişi məsələsinə aydınlıq gətirərək dedi ki, bu məsələyə xüsusi diqqət yetirilib: “Görüşdə Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək”.
Görüşdə müzakirə edilən əsas məsələlərdən biri də minaların təmizlənməsi prosesi olub. İlham Əliyev bir daha bu məsələni qaldıraraq bildirib ki, müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb. Şarl Mişel isə Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə edib.
Ancaq bəllidir ki, minaların təmizlənməsi çox həssas, vacib və strateji fəaliyyətdir. Həqiqətən də, Böyük qayıdışa başlamaq üçün əhalinin azad olunmuş ərazilərə geri dönməsi, məskunlaşması arzu olunursa, həmin ərazilərin təhlükəsizliyi təmin edilməlidir. Lakin Ermənistanın yalançı mina xəritələri və hələ də özündə saxladığı bəzi məlumatlar bu prosesi ləngidir.
Avropa İttifaqının ayıracağı kreditlərin bölgüsü ədalətli deyil
Prezident İlham Əliyev Şarl Mişellə görüşdə təklif edib ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Yəni ayrılacaq vəsait Azərbaycana deyil, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə verilsin. Bundan sonra isə həmin şirkətlər Azərbaycana gələrək əməliyyatlara başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil.
İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycanın ehtiyacları minaların təmizlənməsi ilə məhdudlaşmır. Çünki işğal dövründə hər şey dağıdılıb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır.
Amma maraqlısı odur ki, Avropa İttifaqının bu yaxınlarda elan etdiyi dəstək paketində Ermənistana 2,6 milyard dollar, Azərbaycana isə, sadəcə, 140 milyon avro vəsait ayrılacaq. Yəni burada çox böyük fərq var, bu ədalətsizlikdir.
Prezident haqlı olaraq qeyd edib ki, bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Ayrılan vəsaitə diqqət etsək görərik ki, fərq təqribən 20 dəfə çoxdur.
Bunun ədalətli və hər
iki ölkənin real
ehtiyaclarına müvafiq bölgü
olmadığını söyləyən dövlət
başçısı deyib ki, hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən
törədilmiş dəhşətli
dağıntıları kənara qoysaq
belə, hər iki ölkənin əhalisinin
sayına nəzər salsaq, fərqin 5 dəfədən
çox olduğunu
görərik: “Azərbaycanın əhalisi 10 milyon,
Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal
illəri ərzində Livanın sahəsinə bərabər
ərazilər tamamilə dağıdılıb... Eyni zamanda, bizim hesablamalara görə, orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə
prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir
dağıntı yoxdur.
Bu ölkə işğal edilməmişdi,
o, özü işğalçı
idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz”.
Göründüyü kimi, məsələ çox təəccüblüdür. Qeyd edək
ki, hətta Aİ bu paket elan
edildikdən sonra Şarl Mişel Azərbaycana səfər etmişdi. Prezident İlham Əliyev müsahibəsində də
qeyd edib ki, bu səfər
zamanı mövzu müzakirə edilib və Azərbaycanın istəyi açıq şəkildə elan edilib: “Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni
həcmdə vəsaitin
verilməsini istəyirik”.
XXI əsrin ən böyük infrastruktur layihələrindən biri
İlham Əliyev Azərbaycanın
enerji siyasətindən
də söz açaraq həm yeni perspektivləri qiymətləndirib, həm
də gələcək
hədəflərdən danışıb. Azərbaycanın
qaz strategiyasının
çox aydın və açıq olduğunu deyən dövlət başçısı
uzun illər ərzində ərsəyə
gələn “Cənub
qaz dəhlizi”nin Avropa üçün əhəmiyyətini
vurğulayıb.
“Cənub
qaz dəhlizi” XXI əsrin ən böyük infrastruktur layihələrindən biri
hesab olunur. Uzunluğu 3500 kilometr olan kəmər
Bakıdan Adriatik dənizinin dibi ilə yüksək dağlıq ərazilərdən
keçərək İtaliyaya
çatır. Bu, texniki baxımdan çox mürəkkəb
və əlbəttə
ki, çox bahalı layihədir.
Azərbaycan “Cənub
qaz dəhlizi”nin 4 seqmentinin hamısında əsas maliyyə yükünü
öz üzərinə
götürüb. Ötən ilin
dekabrında layihənin
tam başa çatmasından
əvvəl Azərbaycan
artıq istehlakçılarla
müqavilələr imzalayıb.
Gələcək planlara gəldikdə isə, Azərbaycan Prezidenti deyib ki, hasilatı
və ixracı artırmaq imkanı var. Lakin bu, sözsüz
ki, avropalı istehlakçıların tələbindən
asılı olacaq: “Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi. Biz “Cənub
qaz dəhlizi”nin Məşvərət
Şurasını mütəmadi
olaraq Bakıda Avropa İttifaqının
nümayəndələri və
Azərbaycanın sədrliyi
ilə bir araya gətiririk. Növbəti sessiya gələn
ilin fevralında keçiriləcək. Bu toplantıda gələcək
addımlar planlaşdırılacaq.
Bu, şirkətlərin, bankların və ölkələrin böyük
bir qrupudur. İndi komanda böyüyür, çünki biz artıq Avropanın təchizatçısı
olmuşuq.”
Yanvarın 1-dən başlayaraq
Azərbaycan İtaliya,
Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz edib. Gələn il bu, 9
milyard, 2023-cü ildə
azı 11 milyard kubmetr olacaq. Lakin bu gün Azərbaycanın
imkanları bununla bitmir. Hazırda ölkəmizin nəhəng
yataqları, tam yeni, müasir infrastrukturu var, Avropanın digər yerlərinə də bağlayıcıların
çəkilməsi mümkündür.
Buraya həm Balkanları, həm də Mərkəzi Avropanı əlavə etmək olar. Bu isə
Azərbaycan üçün
təchizatın şaxələndirilməsi
və istehlakçılar
üçün şaxələndirmə
olacaq.
Ermənistan da
regional nəqliyyat şəbəkəsinin
üzvü ola
bilər
Sonda isə İlham Əilyev bir daha Ermənistana açıq mesaj ünvanlayıb. Dövlət başçısı bəyan
edib ki, Azərbaycanın dost və
tərəfdaşlıq etdiyi
ölkələr bizə
etibar edir və ölkəmiz bütün
qonşularla yaxşı
münasibətdədir. Ermənistan nə
qədər sülh sazişini imzalamaqdan boyun qaçırsa da, Azərbaycan ümid edir ki, münasibətlər normallaşacaq. Belə
olan halda isə qazanan Ermənistan olacaq: “Baş nazir Paşinyan və Prezident Mişellə müzakirə etdiyimiz kimi. Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü
olmağa imkanı olacaq, çünki indi o, çıxılmaz
vəziyyətdədir. Onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq. Onun İranla dəmir
yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq.
Azərbaycan Ermənistan ərazisindən
Naxçıvan Muxtar
Respublikasına gedəcək.
Burada uduzan tərəf yoxdur. Hesab edirəm, Ermənistanda
bu qızıl fürsəti, həqiqətən,
dərk etməlidirlər
ki, onlar daha da fəal
hərəkət etsinlər
və gələcək
planlarda bizə qatılmaq üçün
tərəddüd etməsinlər”.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2021.-21 dekabr.- S.1; 6.