Müasir sənaye zonalarının təşəbbüsçüsü
İndi bu zonalarda istehsal edilən məhsullar 30 ölkəyə
ixrac olunur
İqtisadçıların çoxdan qəbul etdikləri reallıqdır ki, dayanıqlı inkişaf daha çox istehsalyönümlü sənayenin miqyasından asılıdır. Bunun üçün isə sənaye məhsulları istehsalı ümumi istehsalda yüksək çəkiyə malik olmalıdır.
Azərbaycanda bu sahədə üstün mövqe neft sənayesinə məxsusdur. Lakin enerji daşıyıcılarının qiyməti dünya üzrə sabit olmadığı üçün bu dəyişkənlik maliyyə bazarına bəzən müsbət, bəzən də mənfi təsir göstərir.
Bu səbəbdən ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ön plana çəkilmiş və onun inkişafı üçün iqtisadi islahatlara start verilmişdir. Xüsusən ötən 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən işlər nəticəsində ümumi istehsalda qeyri-neft sektorunun payı xeyli artmışdır.
Məlumdur ki, Azərbaycanda sənayeləşmə prosesini sürətləndirmək məqsədilə 2015-2020-ci illəri əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Bu sənədlə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, əsasən sənaye potensialının gücləndirilməsi, rəqabətqabiliyyətliliyin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tululmuşdur.
Sənayeləşmədə ölkədə yaradılan texnoparkların əhəmiyyəti böyükdür. Texnoparklar yüksəkkeyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdir və buna elmin son nailiyyətlərindən və müasir texnologiyalardan istifadə etməklə nail olunur. Hazırda Bakıda, eləcə də bölgələrdə texnoparkların və sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Bununla yerli və xarici sahibkarlar üçün müxtəlif istiqamətlər üzrə yeni sənaye müəssisələrinin yaradılmasına kömək göstərilir.
Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli Fərmanı ilə ilk dəfə Sumqayıtda Kimya Sənaye Parkı yaradılmışdır. Məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul buraxmaq, onu dünya bazarına çıxarmaq, qeyri-neft sektorunun davamlı inkişafına nail olmaq, həmçinin əhalinin məşğulluğunu təmin etmək idi. Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin - parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılmışdır və proses davam edir. Hazırda bu müəssisələrdə istehsal edilən məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarına da ixrac olunur. Bu da onu göstərir ki, yüksək texnika və texnologiyalardan istifadə olunduğu üçün texnoparklarda rəqabətqabiliyyətli məhsul istehsal edilir.
İkinci böyük sənaye nəhəngi olan Balaxanı Sənaye Parkı da Prezident İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə yaradılıb. Qeyd edək ki, həmin parkda fəaliyyət göstərən sahibkarların marağı nəzərə alınaraq dövlət başçısının 1 mart 2018-ci il tarixli sərəncamına əsasən onun ərazisi 1,3 hektar artırılaraq 8,3 hektara çatdırılıb. Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılıb. Bu səbəbdən parkın idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. “Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik bu parkın təşkilində başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılması idi ki, ona da nail olunub.
Prezidentin 3 iyun 2015-ci il tarixli sərəncamına əsasən, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Bakıda daha bir - Qaradağ Sənaye Parkı yaradılmışdır. Eyni zamanda ölkənin hərtərəfli inkişafına nail olmaq üçün bölgələrdə də sənaye müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Dövlət başçısının 26 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılan Mingəçevir Sənaye Parkı məhz bu məqsədə xidmət edir. Üstəlik, sənayeləşmənin ağırlıq yükünün regionlara köçürülməsi həm ölkənin ümumi inkişafı baxımından əhəmiyyətlidir, həm də bölgələrdə yaşayan əhalinin məşğulluğunu təmin edir.
Xatırladaq ki, Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi Prezidentin iştirakı ilə 2016-cı il 21 sentyabr tarixində keçirilmişdir. Parkda rezident kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə dəyəri 85 milyon dollar, illik istehsal gücü 20 min ton iplik olan 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) də 2018-ci ilin 27 fevral tarixində dövlət başçısının iştirakı ilə istifadəyə verilmişdir. Buradakı avadanlıqlar Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən alınaraq quraşdırılmışdır. Texnoparkda fəaliyyət göstərən fabriklərdə şəhər əhalisi üçün 750 yeni iş yeri açılmışdır.
Yeri gəlmişkən, sənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında və əhalinin məşğulluq səviyyəsinin təmin edilməsində mühüm rol oynayır. İndiyədək sənaye zonalarında 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan çoxu artıq fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, onun da 1,4 milyard manatlığı (təqribən 28 faizi) ixrac olunub.
Göründüyü kimi, sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika var. Əgər 2020-ci ilin 9 ayında sənaye zonalarında 977 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin eyni dövründə bundan 56,7 faiz çox (1,5 milyard manatlıq) məhsul buraxılıb. İxracın dəyəri isə 2020-ci ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq 545 milyon manata çatıb. Digər fakt: 2021-ci ilin 9 ayında 1,5 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,2, qeyri-neft sənaye məhsullarının ixracında 25,9 faiz olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib.
Bütün bunlar həm də sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması hesabına mümkün olmuşdur. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hazırda Ağdamda və Cəbrayıl rayonunun Soltanlı kəndində də texnoparklar yaradılır. Həmin texnoparkların fəaliyyəti ilk növbədə işğaldan azad olunan ərazilərin potensialından istifadə etməyə hesablanıb. Bununla yanaşı, doğma yerlərə dönəcək soydaşlarımızın məşğulluğunun təmin ediləcəyinin hədəf seçilməsini də unutmaq olmaz. Bu isə o deməkdir ki, həmin texnoparklar bölgənin iqtisadi inkişafnı təmin etməklə yanaşı, həm də sosial məsələlərin həllinə müsbət təsirini göstərəcək.
Rüstəm KAMAL
Azərbaycan.- 2021.-21 dekabr.- S.6.