Azərbaycan “peyvənd millətçiliyi”nə
qarşı qlobal mübarizənin
önündədir
Azərbaycan tərəfindən Qoşulmama
Hərəkatının adından irəli sürülmüş
qətnaməni 179 ölkə dəstəkləyib
Bəşəriyyəti ölüm hökmü ilə iki ildir hədələyən koronavirus pandemiyasının qarşısının alınması Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin əsas hissəsinə çevrilməsi də bu “gözəgörünməz bəla”dan xilas yolu deyilmiş. Buna görə də dünya xalqları və özlərini güclü dövlət hesab edənlər ilk növbədə vaksinlərin bərabər şəkildə bölüşdürülməsini təmin etməlidirlər. Təəssüf ki, bu istiqamətdə bir sıra məsələlərdə davam edən ikili standartlar burada da özünü gizlətmədi. Azərbaycanın dövlət başçısı İlham Əliyev problemin qlobal şəkildə həllinə nail olmaq üçün beynəlxalq tribunalarda haqq səsini qaldırmaqla bir daha özünün və xalqının humanistliyini göstərdi.
Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi ilə bağlı qətnamənin qəbulu təsadüfi deyil.
179 ölkənin dəstəyi ilə qəbul edilən qətnamənin əleyhinə heç bir səs qeydə alınmayıb. Bunun səbəbləri var, onların bəzilərinə diqqət yetirək. Birincisi, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir.
Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə dövlətimiz qlobal liderlik rolunu üzərinə götürdü. Həmçinin pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.
Artıq bütün dünya, eləcə də beynəlxalq təşkilatlar şahiddirlər ki, Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan Prezidenti “peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında vaksinlərə əlçatanlıqla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizəni daim gündəlikdə saxlayıb. Bununla belə, həm də Azərbaycan indiyə kimi 80-ə yaxın ölkəyə birbaşa və ÜST xətti ilə maliyyə və humanitar yardımlar edib. Hətta bəzi iqtisadi cəhətdən zəif ölkələrə təmənnasız olaraq COVID-19 əleyhinə vaksinlər göndərib.
Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə irəli sürdüyü təşəbbüslərin səmərəsini verməsi bir daha göstərir ki, dövlət başçısının mübarizəsi qlobal xarakter daşıyır və insanlıq naminə atılan addımlardır.
Azərbaycanın pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri ÜST və digər beynəlxalq qurumlar tərəfindən birmənalı şəkildə təqdir edilir. Bu, həm də o deməkdir ki, Azərbaycan beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət qazanıb, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq könüllü şəkildə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ayırıb. Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi ÜST rəhbərliyi tərəfindən dəfələrlə xüsusi qeyd edilib, digər ölkələrə nümunə göstərilibdir. Bu il may ayının 24-də ÜST-ün əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirildi. Prezident İlham Əliyevin sessiyada videoformatda çıxışı maraqlı olduğu qədər də vacib və diqqətçəkən idi. Çünki həmin çıxış Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və bəşəri dəyərlərinin fəal müdafiəçisi kimi statusunu gücləndirdiyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində mühüm rol oynadı.
Prezident İlham Əliyev həmin sessiyada ÜST-ün pandemiyaya qarşı qlobal mübarizəsini yüksək qiymətləndirərək 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsinin vacibliyini təqdir etmişdir.
Ölkəmizin rəhbəri dövlətimiz tərəfindən bu ilin əvvəlindən həyata keçirilən koronavirusla mübarizə tədbirlərinin səmərəliliyi sayəsində Azərbaycanda yoluxma hallarının sayının minimuma endirilməsini də diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, görülən qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə istər iqtisadiyyat, istərsə də əhali pandemiyanın dağıdıcı təsirinə ən az məruz qalmışdır.
Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi, vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər iki ildir ki, davamlı şəkilkdə həyata keçirilib. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ölkədə COVID-19-a yoluxan xəstələrin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir.
Davam edən “peyvənd millətçiliyi”, peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlikdən bir daha narahatlığını bildirən, donor təşkilatlarını xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağıran dövlət başçısı İlham Əliyev bununla əlaqədar ölkəmizin birmənalı mövqeyini də açıqlamışdır. Çünki pandemiyaya ölkələr milli deyil, beynəlxalq səviyyədə, birlikdə mübarizə apararaq qalib gələ bilərlər.
Bu ilin mart ayında Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin yekdilliklə qəbul olunması məhz dövlət başçısı İlham Əliyevin birbaşa təşəbbüsünün nəticəsidir.
Beləliklə, Azərbaycanın bu istiqamətdə daha bir təşəbbüsü BMT səviyyəsində dəstək tapdı.
M.NƏRİMANOĞLU
Azərbaycan.- 2021.- 21 dekabr.- S.9.