İrəvan kreditlər hesabına ayaqda qalmağa çalışır

 

Xarici şirkətlər səhmlərini ən ucuz qiymətə sataraq Ermənistandan qaçırlar

 

Ermənistanda getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyət hakimiyyət üçün əlavə problemlərə yol açır. Hətta fikirlər səslənir ki, bu gedişlə Nikol Paşinyan yaxın vaxtlarda iqtidardan devrilə bilər. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik yüksək həddə çatıb. Radikal revanşistlər isə bundan istifadə edərək hakimiyyət uğrunda mübarizədə qüvvələr nisbətinin dəyişməsinə imkan yaranacağına ümid bəsləyirlər.

“4rd.am” saytının verdiyi xəbərə görə, Ermənistan iqtisadiyyatı tamamilə çöküb, hətta iflas həddinə çatıb. İrəvan hazırda heç bir şey istehsal etmədən xarici maliyyə qaynaqlarından əldə olunan kreditlər hesabına ayaqda qalmağa çalışır. Dövlət borcu 10 milyard dollara yaxınlaşıb. Bu ilin yanvarından indiyə qədər 2 milyard dollara yaxın kredit götürüldüyü bildirilir. Qeyd olunur ki, iqtisadiyyatın çökməkdə olduğu şəraitdə Ermənistanın belə ağır borc yükünün altından qalxa biləcəyi ciddi şübhələr doğurur.

Ermənistanda gözlənilən defolt isə ölkənin xarici borc öhdəlikləri sahəsində ciddi çətinliklərin meydana çıxmasına rəvac verəcək. Defolt o deməkdir ki, dövlət borc öhdəliklərini vaxtında yerinə yetirə bilmir. Ermənistan isə onsuz da borc öhdəliklərini çətinliklə yerinə yetirir. Əslində, borc öhdəlikləri növbəti dəfə alınan başqa borclar hesabına yerinə yetirildiyindən ölkənin xaricdən olan iqtisadi asılılığı sürətlə artır. Məsələ bundadır ki, Ermənistanın iqtisadi vəziyyəti uzun illərdir ağırdır və müharibədə aldığı məğlubiyyətdən sonra düzəlməsi də sual altındadır. Əsas səbəb də odur ki, Ermənistanda dövlət adına heç nə qalmayıb, sanballı dövlət müəssisələrinin əksəriyyəti xarici şirkətlərə satılıb. Amma hazırda onlar da işlək vəziyyətdə deyil. Digər tərəfdən, baş nazir Paşinyanın komandası da sələfiləri kimi, sadəcə, oğurlamağı və mənimsəməyi daha yaxşı bacaran cinayətkar ünsürlərdən ibarətdir. Bu fonda xaricdən alınan borcların da əksər hissəsi mənimsəmənin qurbanı olur.

Bunların fonunda Ermənistan mətbuatı bir çox xarici şirkətin bu ölkənin iqtisadiyyatında iştirak paylarını ən ucuz qiymətə sataraq, getməyə çalışdığı barədə məlumat yayıb. Həmin məlumata görə, Rusiyanın “Rostelekom” şirkəti Ermənistandakı törəmə şirkətini cəmisi 25 milyon dollara satışa çıxarıb. Ancaq hələlik bu məbləği belə ödəməyə həvəs göstərən alıcı olmadığından “Rostelekom” Ermənistanı tərk etməkdə çətinlik çəkir.

Ağır sosial-iqtisadi vəziyyət fonunda Ermənistanda miqrasiya probleminin daha da dərinləşməsi müşahidə olunur. Hadisələrin real inkişaf axarı göstərir ki, bu gedişlə miqrasiya Ermənistanda əsl demoqrafik fəlakət yaradacaq. Hakimiyyətin bu məsələnin həlli istiqamətində atdığı addımlar isə faktiki olaraq iflasa uğrayıb. Təbii ki, müxalifət düşərgəsi ölkədən xaricə axını əsasən siyasi faktorlar ilə izah etməyə çalışırlar. Onların iddialarına görə, ermənilər ölkəni daha çox Paşinyan hakimiyyətinin repressiv siyasi kursu ucbatından tərk edirlər. Lakin bu fakt Ermənistanın tərk edilməsində birbaşa rol oynasa da, yeganə səbəb rolunu oynamır. Sabiq prezident Serj Sarkisyan Ermənistanın hər beş vətəndaşından birinin ölkəni tərk etdiyini vurğulayıb. Onun dediyinə görə, bu vəziyyət Paşinyan hakimiyyətinin xaricidaxili siyasətinin acı nəticəsidir: “Hazırda insanlar gözyaşları ilə öz ölkələrini tərk etmək məcburiyyətində qalırlar. Ölkədə demoqrafik böhran yaşanır. Hər üç vətəndaşdan biri səfalət içində yaşayır. Bu vəziyyət son iki ildə daha da ağırlaşıb. Ümumdünya Bankının dəyərləndirməsinə görə, Ermənistan əhalisinin 47,6 faizi kasıblıq həddində yaşayır. 44 günlük savaşdan sonra əhali gələcəyə ümidini itirib. İnsanlar çıxış yolunu ölkəni kütləvi şəkildə tərk etməkdə görürlər. Müharibədən sonra evlənmə azalıb, boşanma halları çoxalıb. Minlərlə uşaq doğulmayıb. Ermənistanda əsl demoqrafik fəlakət yaşanır”.

Göründüyü kimi belə vəziyyət daha çox sayda insanların Ermənistanı tərk etməsinə rəvac verir. Ümumiyyətlə, qarşıdakı dövr ərzində ölkəni həlli çətin olan böyük demoqrafik problemlər gözləyir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2021.- 21 dekabr.- S.9.