Ziyalı ömrünün dəyəri

 

Elm xadimləri

 

Bəlkə doğulduğu torpağın - Azərbaycana dəyərli ziyalılar, dünya şöhrətli alimlər bəxş etmiş gözəl Ordubadın təmiz havasından, saf suyundandır ki, ömür payını zəhmətlə, elmlə, şərəflə, işıqla yaşamaq yolunu seçdi Rafik Məmmədov. O, çoxlarından fərqli olaraq sadəyə, asana qane olmadı. Səmimiyyətini qoruya-qoruya elmin alimi olmaq üçün nahamar yollarda əziyyətlərə qatlaşdı, ən aşağı pillələrdən addım-addım zirvəyə doğru irəlilədi. Qatlaşdıqca, tablaşdıqca ziyası artdı, sevgisi çoxaldı - Vətənə, millətə, dostlara, qohum-qardaşa, tələbələrinə, ailəsinə... Bu zaman sevənləri də artdı - görkəmli alim, dəyərli ziyalı, sədaqətli dost, müəllim kimi... Həm də qayğıkeş ata, mehriban ailə başçısı kimi sevdilər Rafik müəllimi...

Mayasında zəhmət dayanan hər , hər mövqe dəyərlidir. Ancaq elə sahələr də var ki, orada gördüyün işin qiyməti ölçüyə gəlməz qədər böyükdür, əldə etdiyin hər uğurdan həm də dövlət, millət, xalq faydalanır, bir vasitə ilə hər evə çatır xeyrindən. Uca Yaradanın ana təbiətin əli ilə bizə əvəzsiz sərvət olaraq bəxş etdiyiqara qızıl”ımızı, mavi yanacağımızı istismar etmək, dövlətimizin və hər birimizin mülkiyyətinə çevirmək peşəsində çalışmaq, neftçi olmaq belə sahələrdəndir. Məhz bu sahənin çalışanı - fəhləsi, vəzifəlisi, alimi oldu 85-ci yaşını yola salmağa hazırlaşan Rafik müəllim...

Rafik Mirağa oğlu Məmmədov 1936-cı il dekabr ayının 25-də Ordubad rayonunun Vənənd kəndində müəllim ailəsində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub, əvvəlcə əyani, sonra isə qiyabi (istehsalatda işləməklə) təhsilini davam etdirib. 1963-cü ildə institutu bitirərək mühəndis-elektrik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1961-ci ildə Bakı Elektrik Maşınqayırma Zavodunda (BEMZ) fəhlə kimi başlayıb. 15 il burada çalışaraq fəhləlikdən zavodun Metrologiya və ölçmə texnikası şöbəsinin rəhbəri vəzifəsinə qədər yüksəlib.

R.Məmmədov işlədiyi hər bir sahədə elmi yanaşmaya üstünlük verib, istehsalatda çalışanların əməyinin yüngülləşdirilməsi, istehsalın artırılması və məhsulun keyfiyyətinin yüksəldilməsi üçün daim elmi axtarışlar aparıb.

1976-cı ildə “Neftkimyaavtomat” Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olub, 1981-ci ildə “Alkilbenzin isehsalında propan rektivikasiya kalonunun həyəcanlandırıcı təsirə görə optimal idarəetmə sisteminin tədqiqi və işlənməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Dissertasiya mövzusu neft-kimya proseslərinə həsr olunduğu üçün alim 1982-ci ildə Yeni Bakı Neftayırma Zavoduna (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) işə qəbul olunaraq əmək fəailiyyətini burada davam etdirib. R.Məmmədov 27 il ərzində (1982-2009) zavodun İnformasiya Hesablamaları Mərkəzinin (İHM) rəis müavini, rəisi, direktorun müavini vəzifələrində çalışıb.

Rafik müəllim İHM-in rəisi işləyərkən müəssisənin və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi üçün xeyli əmək sərf edib, ən mütərəqqi üsulların zavoda gətirilməsinə çalışıb. Məhz bu fəaliyyətin nəticəsi olaraq zavodda çoxsəviyyəli lokal kompüter hesablama şəbəkələri (LKHŞ) yaradılmış və bunun sayəsində istehsalatın müasir tələblər səviyyəsində idarə olunmasına geniş imkanlar açılmışdır. Belə ki, LKHŞ vasitəsilə kompüter parkından, onların proqraminformasiya resurslarından daha səmərəli istifadə önə çəkilmişdir. O zaman R.Məmmədovun və rəhbərlik etdiyi İHM-in kollektivinin böyük əməyi sayəsində müəssisənin müxtəlif bölmələrinin internetə daxil olması ilə beynəlxalq informasiya mərkəzlərinin resurslarından da istifadə etməyə şərait yaranmışdır.

R.Məmmədovun elmi istiqaməti əsasən mürəkkəb texnoloji proseslərin idarə olunması, optimal rejimlərin seçilməsi, böyük sistemlər üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması olduğundan öz elmi ideyalarını və təcrübəsini zavodun koordinasiya edilən intellektual idarəolunmasına yönəltmiş, nəticədə Yeni Bakı Neftayırma Zavodu idaretmə və informasiya emalı baxımından nümunəvi bir mərkəzə çevrilmişdir.

Rafik müəllim elmi işləri davam etdirməklə yanaşı, eyni zamanda tədris proseslərinin təşkilinin də fəal iştirakçısı olub. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) və Heydər Əliyev adına Neft Emalı Zavodunun birgə əmri əsasında tələbələrin istehsalatla yaxından təmasda olması üçün zavodun nəzdində İHM-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üç kafedrasının (“İstehsalat proseslərinin avtomatlaşdırılması”, “İnformasiya ölçmə və hesablama texnikası” və “Avtomatlaşdırılmış idarəetmə sistemləri”) filialları açılandan Rafik müəllim bu kafedraların hər üçündə və eyni zamanda uzun müddət ADNA-da müəllim kimi çalışmış, mühazirələr oxumuşdur. Elmi-pedoqoji fəaliyyətinə görə 1989-cu ildə ona İnformasiya ölçmə və hesablama texnikası kafedrasının dosenti elmi adı verilmişdir.

R.Məmmədov uzun illər ADNA-da müdafiə üzrə Elmi Şuranın üzvü, avtomatlaşdırılmış idarəetmə sistemləri üzrə dövlət attestasiya komissiyasının sədri olmuşdur.

O, avtomatlaşdırma və hesablama texnikası sahəsində dünyada aparılan elmi işlərlə də tanış  olmuş, çoxsaylı beynəlxalq konfranslara qatılaraq Almaniya, İtaliya, İspaniya, Finlandiya və Türkiyədə maraqlı məruzələrlə çıxışlar etmiş, eyni zamanda bu elmi yeniliklərin işlədiyi zavodda tətbiqinə nail olmuşdur.

R.Məmmədov ölkədə ictimai-siyasi proseslərdən də kənarda qalmamışdır. 1993-cü ildə təsis konfransında Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayonu Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ərazi ilk partiya təşkilatının sədri seçilən Rafik müəllim 16 il (1993-2009) bu vəzifədə çalışmışdır.

2009-cu ildən təqaüddə olsa da, tanınmış alim bu gün də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Onun neft sənayesində çoxillik səmərəli fəaliyyəti dövlətimizin də diqqətindən kənarda qalmayıb və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

...Tanrının bəxş etdiyi ömür payından yola saldığımız hər il bizi bir az da yaşlandırdığı, müdrikləşdirdiyi, eyni zamanda ucaltdığı kimi, həyatda tutduğumuz yolla, yaşadıqlarımızla o illəri də biz dəyərə mindiririk. Və nə vaxtsa ötən illərimizin hesabatını verəndə ya mənasız keçirdiyimiz günlərin acısına üzülür, ya daboşuna yaşamamışam” - deyə əldə etdiklərimizlə, qoyduğumuz irslə  qürurlanırıq. 85 yaşını haqlamış sadə insan, gözəl ziyalı və alim Rafik Məmmədov kimi.

 

Telman ƏLİYEV

 

Azərbaycan.- 2021.- 21 dekabr.- S.11.