Şəhid general

 

Unudulmazlar

 

Qarabağın unudulmaz şəxsiyyətlərindən biri də ötən əsrin əvvəllərində Azərbaycan Milli Ordusunun yaradılmasında müstəsna xidmətləri olmuş hərbçi Süleyman bəy Əfəndiyevdir. O, çar ordusunun sıralarından polkovnik rütbəsində tərxis olunduqdan sonra yeni yaradılan Azərbaycan Ordusu üçün təlimatçılar hazırlayan ilk komanda təşkil etmişdir.

Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev 1864-cü il oktyabrın 5-də Ağdamda anadan olub. İlk təhsilini Gəncədə progimnaziyada alıb. 16 yaşlı Süleyman təhsilini davam etdirmək üçün 1880-ci ildə Ukraynaya gedirYelizavetqrad Süvari Məktəbinə daxil olur. Həmin məktəbi 1885-ci ildə müvəffəqiyyətlə başa vurur. S.Əfəndiyev Qafqaz Süvari Ordusunun polis nəzarəti idarəsində xidməti fəaliyyətə başlayır və iki il sonra, mayın 18-də ona kornet (leytenant) rütbəsi verilir, 1900-cü ildə üçüncü dərəcəli “Müqəddəs Stanislavordeni ilə təltif edilir. Eskadron komandiri olan S.Əfəndiyev 1899-cu il martın 15-də çar ordusunun atlı qoşun hissəsində və jandarmeriyada kapitana bərabər olan rotmistr rütbəsinə yüksəlir, ona kavaler fəxri adı verilir. Nümunəvi xidmətlərinə görə “Müqəddəs Annaordeninin 2-ci və 3-cü, “Müqəddəs Vladimirordeninin 3-cü dərəcələri ilə mükafatlandırılır.

Xidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 1907-ci il fevralın 28-dən  Kutaisi quberniyası üzrə polis-keşikçi dəstəsinə baş nəzarətçi təyin olunur. Tez-tez Qori Müəllimlər Seminariyasına gələn S.Əfəndiyev burada təhsil alan azərbaycanlı tələbələrin güzəranı ilə maraqlanır, onlardan maddi köməyini əsirgəmir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firidun bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşır,Tiflisdə azərbaycanlıların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak edir.

Peşəkarlığı və qüsursuz xidmətləri nəzərə alınaraq S.Əfəndiyevə 1912-ci il dekabrın 6-da 48 yaşında polkovnik rütbəsi verilir.

Rusiyada 1917-ci il fevral inqilabından sonra Süleyman bəy Əfəndiyev həyatını Azərbaycanda milli ordu quruculuğuna həsr edib.

Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Türkiyə arasında 1917-ci il dekabrın 5-də imzalanmış barışıqdan sonra Qafqaz cəbhəsindəki rus qoşunları geri çəkilir. Bu zaman Zaqafqaziya Komissarlığı 1917-ci il dekabrın 19-da Qafqazdakı rus ordusunun buraxılmasına dair əmr verir, rus hərbi hissələrinin bazasında gürcü, erməni, Azərbaycan və rus milli korpuslarının yaradılması qərara alınır. Dünyanın bu qarmaqarışıq günlərində S.Əfəndiyev Tiflisdəki rəhbərliyini razılığa gətirərək komandiri olduğu alay üçün nəzərdə tutulmuş əmlakın çox hissəsini Gəncəyə çatdırır, qərargaha xeyli avadanlıq və ərzaq verir.

Rus ordusu buraxılarkən Zaqafqaziya Komissarlığının sərəncamı ilə Gəncəyə göndərilən polkovnik S.Əfəndiyev ilk günlərdən azərbaycanlılardan ibarət könüllü silahlı dəstələrin təşkilinə başlayır. AXC Hərbi Nazirliyi yaradılanda polkovnik S. Əfəndiyev Tərtərdə yerləşən 2-ci Qarabağ Süvari Alayının komandiri olur. Müsəlman korpusunun komandiri Əliağa Şıxlinski tərəfdaşları ilə söhbətlərdə milli ordunu yarada biləcək iki nəfərin adı gündəmə gəlir. Ə. Şıxlinski tərəddüd etmədən S.Əfəndiyevi qonaq çağırır, milli ordunu birgə qurmağın razılığını alır. Polkovnik S.Əfəndiyev peşəkar hərbçi olaraq Gəncədə ilk hərbiyyə məktəbinin və Gəncə Süvari Alayının yaradılmasına nail olur, hərbi kurslar açır, Rusiyadan sürgündən dönmüş Türkiyə Ordusunun zabiti Hüsaməddin Tuğacın iştirakı ilə Gəncənin yaxınlığındakı Zazallı yaşayış məntəqəsinin ətrafında təlim meydançaları yaradır. Azərbaycan Ordusu üçün 150 nəfərdən ibarət ilk təlim komandasını təşkil edir.

S.Əfəndiyevin fəaliyyəti milli hökumət rəhbərliyi və hərbi nazir S.Mehmandarovun diqqətində idi. Hərbi nazir S.Mehmandarovun təqdimatına əsasən AXC Nazirlər Şurasının qərarı ilə o, general-mayor rütbəsinə layiq görülürbirinci piyada diviziyasının başçısı təyin edilir. S.Əfəndiyev AXC tərəfindən general-mayor rütbəsi almış ilk hərbçi olmuşdur.

1919-cu il yanvarın 7-dən S.Əfəndiyev AXC ordusunun 1-ci piyada diviziyasının komandiri olaraq özünəməxsus işgüzarlıqla bu diviziyanın formalaşdırılmasına çalışır. Ağdamda ilk dəfə pulemyotçuluq üzrə kiçik zabitlər məktəbi yaradır. Bu məktəblərdə zabitlər əsgərlərlə birlikdə çalışır, həm öyrənir, həm də öyrədirdilər. General S. Əfəndiyev əlinə bir dəfə də olsun silah almayan gənc əsgərlərə şəxsən özü təlim keçir. S.Əfəndiyev qısa müddətdə alayı əsl hərbi hissə kimi formalaşdırır. Xatırladaq ki, Azərbaycan hökuməti üçün bu diviziyanın təşkilatlanması böyük əhəmiyyət kəsb edirdi. Çünki bu diviziya Qarabağda erməni təcavüzkarlığının qarşısını almaq üçün əsas qüvvə kimi nəzərdə tutulurdu.

Hərbçi əzmkarlığı və işgüzarlığı sayəsində S.Əfəndiyev korpusun 2-ci atıcı diviziyasının 5-ci atıcı alayının komandiri təyin olunur, bir müddət diviziya komandirinin vəzifələrini icra edir. Təəssüf ki, milli ordu quruculuğuna böyük töhfələr verən general S.Əfəndiyev vəzifə başında yoluxduğu səpmə-yatalaq xəstəliyindən 1919-cu il fevralın 21-də 54 yaşında Ağdamda vəfat edir.

Fevralın 24-də S.Əfəndiyevin tabutu Gəncə vağzalına gətirilir. Həyat yoldaşı Laləndar xanımın xahişi ilə S.Əfəndiyev Qazaxda dəfn edilir. Vəfatı ilə əlaqədar hərbi nazir, artilleriya generalı S.Mehmandarov, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nağı bəy Şeyxzamanlı, Şəfi bəy Rüstəmbəyli və digər siyasi xadimlər dövri mətbuatda verdikləri başsağlıqlarında general-mayor S.Əfəndiyevi tanınmış ictimai xadim, Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı kimi dəyərləndirərək onun xalqımız və ordumuz üçün böyük itki olduğunu bildirmişlər.

General S.Əfəndiyevin xatirəsi Azərbaycan xalqının qəlbində böyük ehtiramla yad edilir. Hazırda Qazax şəhərindəki 1 saylı orta məktəb Azərbaycanın ilk hərbi hissələrinin təşkilatçısı general S.Əfəndiyevin adını daşıyır.

 

R.SALMANLI

 

Azərbaycan.- 2021.- 21 dekabr.- S.11.