Gorus-Qafan yolunda SOCAR-ın yanacaqdoldurma məntəqəsi açılıb

 

Dekabrın 20-də Gorus-Qafan yolunun Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqəsinin (YDM) açılışı olub.

AZƏRTAC xəbər verir ki, YDM-də "Kapital Bank" ASC xidmət göstərir və onun vasitəsilə müştərilər istədikləri valyutada ödəniş edib yanacaq ala bilərlər.

Açılış mərasimində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün Şərqi Zəngəzur iqtisadi rayonunda Azərbaycanın - SOCAR-ın ilk yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayır. Bu məntəqə beynəlxalq yanacaqdoldurma məntəqəsidir. Həm yoldan istifadə edən xarici vətəndaşlar, həm də yerli sakinlər istifadə edəcəklər. Bu tədbirlər işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işləri çərçivəsində həyata keçirilir. Azad olunan torpaqların qazla təmin edilməsi proqramı da layihələndirilir və tez bir zamanda bu istiqamətdə də başlanacaq”.

R.Abdullayevin sözlərinə görə, Şuşa, Ağdam və Füzulidə də yeni YDM-lərin tikintisi davam etdirilir.

 

Azərbaycan.- 2021.- 21 dekabr.- S. 12.