Müzəffər Ali Baş Komandanın Zəfər
salnaməsi
Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir HƏSƏNOV:“Ali Baş Komandanın
etimadını ən böyük məsuliyyət kimi qəbul
edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi
nəticəsində daha da güclənəcək, tam modern hərbi
gücə çevriləcək”
Böyük Zəfərdən zaman ötdükcə qələbə ilə nəticələnən döyüşlərin bütün istiqamətlər üzrə gedişi, nəticələri, yaratdığı dəyişikliklər daha dərindən araşdırılacaq, öyrəniləcək. Yerli və xarici tarixçilər, hərbi tədqiqat mərkəzləri, ekspertlər yalnız 44 günlük döyüş əməliyyatları dövrünü deyil, eyni zamanda müharibədən əvvəlki və sonrakı mərhələləri də dəqiqliklə təhlil edib araşdırmalar aparacaq, mükəmməl salnamələr yaradacaqlar. Gələcək nəsillər tarixin gedişini dəyişən 44 günlük Vətən müharibəsinin mənzərəsini dərindən, obyektiv və müfəssəl öyrənməli və düzgün nəticə çıxarmalıdır. Bu tarixin yazılmasında Ali Baş Komandan olmaqla “Dəmir yumruq” əməliyyatının iştirakçıları olan bütün şəxslərin mülahizələri və xatirələri xüsusi önəm daşıyır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir HƏSƏNOV da söhbətimizə elə bu məqamdan başlayır. Ömrünün 50 ilə yaxın bir dövrünü hərbi xidmətə həsr etmiş müsahibimiz söyləyir ki, indi Vətən müharibəsi ilə bağlı yazılan, deyilən fikirlər sabah mənbə kimi istifadə və istinad ediləcək. Ona görə də bu prosesə yanaşmada yüksək məsuliyyət hissi və əsl vətəndaş mövqeyi həmişə öndə olmalıdır. Müdafiə nazirinin bu müsahibəsi də Vətən müharibəsi salnaməsinin obyektiv və ədalətli izahı, Zəfərə aparan yolun mərhələlərini dolğun ifadə edən mənbə olacaqdır...
- Cənab nazir, Vətən müharibəsinin Zəfərlə
tamamlanmasından bir ildən artıq vaxt keçir. Azərbaycan
Ordusunun böyük rəşadətlə azad etdiyi mövqelər,
yaşayış məntəqələri indi quruculuq məkanına,
inkişaf ünvanına çevrilir. Dəyişikliklər hər
istiqamətdə, hər sahədədir və hər gün
daha geniş vüsət alır, miqyası böyüyür.
Qalib ordumuzun şəxsi heyəti bu dəyişiklikləri
hansı hisslərlə yaşayır?
- Ən əsası böyük məsuliyyət hissi ilə. Azad edilmiş ərazilərimizin qorunmasına görə daşıdığımız cavabdehliyə və etimada görə. Eyni zamanda böyük qürur, iftixar hissi ilə - başqa cür ola da bilməz. Vətən müharibəsinin qalibi, möhtəşəm Zəfərimizin müəllifi Müzəffər Ali Baş Komandanımıza hədsiz minnətdarlıq və sonsuz sədaqət bütün şəxsi heyətin əsas amalıdır.
Haqq savaşında canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə əbədi ehtiramımız daim davam edəcək, onların xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
Vətən müharibəsi bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Azərbaycan Ordusunun şəxsi heyətinin Vətən müharibəsində nümayiş etdirdiyi döyüş ruhu, qələbə əzmi, igidlik və qorxmazlıq, müasir ümumqoşun döyüşünün aparılması taktikası, o cümlədən tətbiq etdiyi yeni nəsil silah, hərbi texnika və digər döyüş vasitələri şanlı Zəfərimizə verilən qiyməti daha da yüksək edir.
Bir məqamı da xüsusi olaraq vurğulayım ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Böyük Qələbə, Şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, dünya hərb salnaməsinə də dərin iz qoyub. Bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi.
- Müdafiə naziri olaraq azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində yeni inşa olunan hərbi hissələrdə mütəmadi olursunuz. Əsgər və zabitlər ilə görüşlərinizdə onlarda hansı ovqatı, əhvali-ruhiyyəni görürsünüz?
- İşğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçuların xidmət, təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandanın verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq bu bölgələrə davamlı səfər edirəm. Hərbi hissələrə, yeni inşa edilən, əsaslı təmir olunmuş hərbi infrastruktura baxış keçirir, hərbi xidmətin vəziyyətini öyrənir, hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə yerində yaxından tanış oluram, müvafiq tapşırıqlar verirəm.
Görüşlər zamanı şəxsi heyəti hər zaman olduğu kimi ayıq-sayıq, gümrah, məğrur, əzmkar və xoş əhvali-ruhiyyədə görürəm. Onlar hərbi xidməti tarixi torpaqlarımızda, qədim yurd yerlərimizdə yerləşən hərbi hissələrdə keçdikləri üçün qürur duyur və bunu həyatlarının ən şərəfli mərhələsi kimi dəyərləndirirlər. Hərbi qulluqçularımız mürəkkəb relyefli, çətin iqlim şəraitində xidmət edərək ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyünün keşiyində mətin dayanaraq, Vətənə sədaqətlərini sübut edir, onlara göstərilən yüksək etimadı doğruldurlar.
Uzun illər işğal altında qalan, qoşunların təmas xətti və düşmənin səngər qurduğu, sədlər yaratdığı bu yerlərdə yaradılan yeni birləşmə və hissələrdə Azərbaycan Ordusunun xeyli sayda hərbi qulluqçusu xidmət edir. Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz Azərbaycan-Ermənistan, Azərbaycan-İran sərhədlərini, Arazboyu ərazilərdən Murovdağ silsiləsinə qədər olan Vətən torpaqlarını düşməndən azad edərək tam nəzarətə götürüb. Bu gün Füzulidən Kəlbəcərə, Xocavənddən Zəngilana, Ağdamdan Laçına, Cəbrayıldan Qubadlıya, Suqovuşandan Hadruta qədər torpaqlarımızda, eləcə də Zəfər simvolumuz olan Şuşada Azərbaycan bayrağı dalğalanır.
Əsgər, çavuş, gizir və zabitlərlə söhbətlərimdə Ali Baş Komandanımızın salamlarını çatdırdıqdan sonra torpaqlarımızı azadlığa qovuşduran şəhid döyüş yoldaşlarımızı yad edirik. Onların xatirəsi yalnız ailələrinin, yaxınlarının yaddaşında deyil, bütün xalqımızın yaddaşında yaşayır və yaşayacaqdır. İşğaldan azad olunmuş ərazilərimizin hər bir qarışında da əziz şəhid və qazilərimizin əməyi hörmətlə anılır.
Hərbi xidmət ciddi nizam-intizam tələb edir və xidməti fəaliyyət sərt hərbi qaydalarla tənzimlənir. Ancaq elə məqamlar olur ki, orada yüksək vəzifə və ali rütbələr sanki unudulur, hamımız döyüşçü və səngər qardaşlarına çevrilirik. Bu hissi yalnız döyüş və hərbi əməliyyatlar zamanında deyil, elə qəhrəmanlıqla azad edilən ərazilərdə xidmət keçərkən, burada olarkən də yaşayırıq. Yayın qızmar istisində, qışın sərt soyuğunda, mürəkkəb coğrafi relyefin yaratdığı çətinliklərə baxmayaraq bir an da olsun ayıq-sayıqlığını itirməyən, torpaqları şərəflə qoruyan əsgərləri öz övladlarımız, onların komandirlərini isə kiçik qardaşlarımız kimi qəbul edir, onlarla səmimi söhbətlər edirik. Ali Baş Komandanımızın təbiri ilə desək, “Qarabağı azadlığa qovuşduran əsgər və zabitlərimizin mütləq əksəriyyəti Qarabağın işğalından sonra dünyaya gəliblər. Bu vətənpərvər gənc nəsil Qarabağı görmədən onun həsrətini yaşayıblar və işğaldan qurtulması üçün qanlı mübarizəyə atılıblar”.
Yeni istifadəyə verilən hərbi hissələrdə, kazarmalarda, qurulan postlarda, səngərlərdə xidmət keçən igid övladlarımızla Zəfərimizdən və onun əhəmiyyətindən danışıram. Onlara həm də ordu quruculuğunun çətin və məsuliyyətli mərhələlərindən bəhs edirəm. Bugünkü Zəfərə gedən yolun başlanğıc məqamlarını, tarixi proseslərin mahiyyətini onlara açıqlayıram. Fikrimcə, bu, müdafiə nazirindən başlayaraq bütün komandir-rəis heyətinə qədər hamının əsas vəzifəsidir. Xatırlayıram, əvvəllər tarixi torpaqlarımıza qoşunların təmas xəttindəki səngərlərdən binokl vasitəsi ilə baxırdıq. Ali Baş Komandan hər dəfə ordu rəhbərliyinə qətiyyətlə bildirirdi ki, qarşıdakı əraziləri azad etmək bizim müqəddəs vəzifəmizdir və bu vəzifəni ləyaqətlə yerinə yetirməliyik. Ali Baş Komandanımızın bu əzmkarlığının tezliklə reallaşacağına zərrə qədər də şübhəmiz olmayıb. Biz daim hazır vəziyyətdə onun “İrəli!” əmrini şərəflə icra edəcəyimiz günü gözləyirdik.
Dünənədək hədəf kimi baxdığımız ərazilərimizdə bu gün Azərbaycan bayrağını möhtərəm Prezidentimizin şəxsən qaldırması, yeni layihələrin təməlini qoyması və qısa müddət ərzində xeyli infrastruktur obyektlərinin açılışını etməsi Ulu Öndərin əsasını qoyduğu mükəmməl ordu quruculuğu siyasətinin nəticəsidir.
- Cənab nazir, Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan hərbi islahatları adətən ordu
quruculuğu prosesinin əsas keyfiyyət dəyişikliyi kimi
səciyyələndirirlər. Sizin münasibətiniz necədir?
- Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirən əsas amillər güclü dövlət, zəngin iqtisadiyyat, siyasi iradə, məqsədyönlü diplomatiya və ən nəhayət, məhz ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlardır. Bütün bunlar nəticə etibarilə ölkənin Silahlı Qüvvələrinin gücünü formalaşdırır. Bu sahələrin vəhdətini və eyni vaxtda uğurlu olmasını təmin edən şəxs isə bacarıqlı dövlət başçısıdır. Biz bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində dövlətimizin əldə etdiyi nailiyyətlərdə və qazanılan böyük Zəfərdə aydın gördük.
Möhtərəm Prezident İlham Əliyev 2013-cü ilin oktyabr ayında məni müdafiə naziri vəzifəsinə təyin edərkən tapşırıq və göstərişlər verdi, Silahlı Qüvvələrdə islahatların yeni və daha səmərəli mərhələsinin başlandığını bildirdi. Ordu quruculuğunda tam yeni yanaşmaların, daha effektiv forma və metodların, üsulların, qabaqcıl dünya ordularında mövcud olan müasir hərbi innovasiyaların tətbiqini vacib sayan Ali Baş Komandan birmənalı bəyan etdi ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti peşəkar olmalı və istənilən vaxt tarixi vəzifənin icrasına tam hazır olmalıdır.
Peşəkar ordunun
formalaşdırılması çoxşaxəli prosesdir. Bunun
üçün uzun illər, bəzən onilliklər tələb
olunur. Bizim işimizi yüngülləşdirən və
əvvəlcədən də nəticənin uğurlu
olacağına təminat verən amil Ali Baş Komandanın
ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu
proseslə bağlı səmərəli ideyaların,
aydın təsəvvürlərin və onun rəhbərliyi
altında aparılan hərbi islahatların, atılan
addımların konkret istiqamətləri üzrə dəqiq
proqramın olmasıdır. Həmçinin yeni
hərbi islahatlar və quruculuq tədbirləri birbaşa
olaraq möhtərəm Prezidentin şəxsi nəzarəti,
diqqəti və himayəsi altında idi. Bu
isə, ilk növbədə, məsuliyyət, səmərəlilik
və şəffaflıq kimi meyarların təmin edilməsini
nəzərdə tutur.
Cənab Prezidentin müdrik hərbi
strateq olmasını xüsusi qeyd etməyim də əslində
elə sadaladığım faktlara əsaslanır. Vətən müharibəsi
bir daha təsdiq etdi ki, cənab Prezident nəinki Silahlı
Qüvvələrin peşəkarlığını
formalaşdıran və yüksəlişinə xidmət edən
təkmil nəzəriyyənin müəllifidir, o, eyni zamanda
bu nəzəriyyəni olduqca mürəkkəb şəraitdə,
döyüş meydanında, gərgin hərbi əməliyyatlarda
uğurla tətbiq etməklə qələbə qazanan
Müzəffər Ali Baş Komandandır.
Ordunun təşkilati-ştat
strukturunun təkmilləşdirilməsi və yenidən təşkilatlandırılması,
optimallaşdırılması tədbirləri də Ali
Baş Komandan tərəfindən prioritet kimi elan olundu. Azərbaycan
Ordusunun qoşun növləri və qismlərində operativ,
dayanıqlı və keyfiyyətli idarəetmə sistemi
yaradıldı. Döyüş qabiliyyəti
tələb edən vəzifələrə ixtisaslı
mütəxəssislərin təyin edilməsi prosesi sürətləndirildi.
Ordunun fəaliyyətini təmin edən və tənzimləyən
qanunvericilik bazası daha da təkmilləşdirildi,
müvafiq hüquqi sənədlər, şəxsi heyətin
sosial təminatını yüksəldən proqramlar qəbul
olundu.
Digər mühüm istiqamət
ordunun silahlanmasıdır. Dünyanın ən
müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan
Ordusunun arsenalına daxil edilməsi məsələsi
birbaşa Ali Baş Komandanın şəxsi nəzarətindədir.
Döyüş hazırlığının
artırılması və düşmən üzərində
daim hərbi üstünlüyün qorunub saxlanılması məqsədilə
ordumuzun silahlanmasına inkişaf etmiş ölkələrin
hərbi sənayesinin istehsalı olan yüksək dəqiqlikli,
müasir və keyfiyyətli silah və döyüş
texnikası, eləcə də digər hərbi təyinatlı
məhsullar daxil edilir.
Cənab Prezidentin rəhbərliyi
altında aparılan hərbi islahatların digər istiqaməti
şəxsi heyətin döyüş qabiliyyətinin
artırılmasını təmin edən hərbi
infrastrukturun təkmilləşdirilməsi və yenilənməsidir. Son 8 il ərzində Ali
Baş Komandanın birbaşa göstərişi ilə Azərbaycan
Ordusunun birləşmə, hərbi hissə və əlahiddə
bölmələrinin mövcud dislokasiya yerlərinin
infrastrukturu, hərbi şəhərciklərin, təlim
poliqonlarının və digər hərbi təyinatlı
obyektlərin təxminən 90 faizi yenidən tikilib. Şəxsi heyətin məişət şəraiti,
qidalanması, geyimlə təmin edilməsi və digər təminat
növləri ilə bağlı məsələlər tam həcmdə
həll edilib. Bu sahədə Azərbaycan
Ordusu dünyada ən yaxşı göstəricilərdən
birinə malikdir.
Xidməti-döyüş fəaliyyətlərinin
icrasında da əhəmiyyətli dönüş yaranıb. Ali Baş
Komandanın tapşırığına əsasən şəxsi
heyətin sırf döyüş hazırlığı ilə
məşğul olması məqsədilə mətbəx, təmizlik
və digər məişət işlərinin görülməsi
üçün müvafiq vəzifələrə mülki
şəxslər cəlb olunub. Beləliklə
də, şəxsi heyət təsərrüfat və məişət
işlərindən uzaqlaşdırılaraq yalnız hərbi
xidmətlə bağlı tapşırıqların
icrasına cəlb olundu. Həyata keçirilən bu
islahatların nəticəsində 20 mindən artıq
mülki şəxs yeni iş yerləri ilə təmin olundu.
Möhtərəm Prezident hərbi
qulluqçuların sosial təminatının və məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin
istifadəyə verilməsi prosesini sürətləndirdi. Bununla
yanaşı, hərbi qulluqçuların vəzifə
maaşlarının, müavinətlərinin
artırılması da ardıcıl davam etdirilir.
Qeyd etdiyim faktlar Ali Baş
Komandanın həyata keçirdiyi hərbi islahatlar
konsepsiyasının müəyyən bir hissəsidir. Möhtərəm
Prezident Azərbaycan Ordusuna dair bütün məsələləri
diqqət mərkəzində saxlayır. Məhz
Ali Baş Komandanın rəhbərliyi altında həyata
keçirilən ordu quruculuğu nəticəsində bu
gün Azərbaycan Ordusu çevik, peşəkar və
müasir tələblərə cavab verə bilən ordu kimi
formalaşıb.
Ali Baş Komandan qəbul
etdiyi qərarların səmərəli icra yollarını
bizə göstərməklə yanaşı, bütün
proseslərin özünün şəxsi nəzarəti
altında həyata keçirilməsini tələb edir. İşğal
altında olan torpaqlarımızın azad olunması cənab
Prezidentin fəaliyyətində ən əsas, ən vacib məsələ
idi. O, bu məsələni daim diqqət mərkəzində
saxlayır, hər gün bizə konkret tapşırıqlar
verirdi.
Ordunun, döyüş
hazırlığının, silahlanmasının, hərbi
qulluqçuların maddi təminatının və digər
sahələrin vəziyyəti barədə dövlət
başçısına gündəlik məruzə olunurdu. Müvafiq
tapşırıq və göstərişlər
alınır, komandir-rəis heyətinə
çatdırılır və tapşırıqların
operativ icrası təmin edilirdi. Cənab
Prezidentin islahatlarının əsas hədəflərindən
biri olan ordunun bütün hərbi hissələrinin vahid mərkəzdən
və operativ idarə edilməsinin təmin olunması ən
böyük nailiyyətlərdən sayılmalıdır.
Ali Baş Komandan nəinki
yeni tikilən böyük və ortamiqyaslı hərbi
infrastruktur obyektlərinin, hətta cəbhə xəttindəki
səngərin vəziyyəti ilə belə
maraqlanırdı. Ordumuzla bağlı ən sadə detallar
belə onun diqqətindən yayınmırdı. Onun tapşırığına əsasən mən
və nazirliyin rəhbər heyəti davamlı olaraq təmas
xəttində, ən ucqar, ən hündür nöqtələrdə
olarkən cənab Prezidentə vəziyyətlə
bağlı birbaşa oradan məruzə edilirdi. Bəli,
Ali Baş Komandanın iş metodu, fəaliyyət üslubu
belə idi, indi də eyni tərzdə davam edir.
Bu gün də dövlət
başçısı ön xətdə yerləşən hərbi
hissələri ziyarət edir, hərbi qulluqçularla dost
kimi söhbət edir, qayğıları ilə maraqlanır,
onları mükafatlandırır və bir süfrə
arxasında nahar edir. Belə tədbirlər
şəxsi heyətin mənəvi-psixoloji durumuna müsbət
təsir edir və hərbi qulluqçularda xoş əhvali-ruhiyyə
yaradır.
Cənab İlham Əliyevin göstərişinə
əsasən və rəhbərliyi ilə müxtəlif hərbi
təlimlərin keçirilməsi, hərbi hissələrin
döyüş hazırlığının yüksək səviyyəyə
çatdırılması, ordumuzun müasir silah, hərbi
texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər
Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində
qazandığı üstünlüyün qorunub
saxlanmasını təmin edir.
- Ali Baş
Komandan Zəfərə gedən yolun ən mühüm
dönüş mərhələsi kimi Aprel döyüşlərini
vurğulayır. Bu döyüşlərin əsas
nəticəsi nə oldu?
- Bir faktı xüsusi
vurğulamalıyam ki, Azərbaycan Ordusunun ən müasir,
yeni nəsil silahlarla təchiz olunması, hərbi təlimlərdə
məşq etdirilən xüsusi döyüş
tapşırıqları Müdafiə Nazirliyi tərəfindən
tam həcmdə açıqlanmırdı. Çünki
müharibə vəziyyətində olan ölkənin hərbi
potensialı məxfi saxlanılmalıdır.
Lakin düşmən Azərbaycan
Ordusunun güclü olduğunu çox yaxşı bilir və
hərbi potensialımızda baş verən müsbət dəyişiklikləri
diqqətlə izləyirdi. Ermənistanın
xüsusi xidmət və hərbi kəşfiyyat orqanlarının
bu məsələdə nə qədər həssas
olduğunu bilirdik. Eyni zamanda
anlayırdıq ki, Ermənistan vəziyyəti gərginləşdirmək
məqsədilə hərbi təxribatlar
planlaşdırır. Belə bir cəhd 2016-cı ilin
2-5 aprel tarixlərində baş verdi. Erməni silahlı birləşmələri
bütün cəbhəboyu mövqelərimizi,
yaşayış məntəqələrimizi, mülki
infrastrukturu və dinc əhalini iriçaplı silahlardan və
artilleriya qurğularından intensiv atəşə tutdu.
Ordumuzun həyata keçirdiyi cavab tədbirləri,
endirdiyi dəqiq zərbələr nəticəsində
düşmən canlı qüvvə və döyüş
texnikası sarıdan böyük itkilərə məruz
qaldı və Ermənistanın törətdiyi təxribat
onun özünün sarsıdıcı məğlubiyyəti
ilə nəticələndi.
Əməliyyatların
başladığı ilk dəqiqələrdən etibarən
hərbi vəziyyəti və döyüşlərin idarə
edilməsini Ali Baş Komandan birbaşa olaraq öz üzərinə
götürdü. Prezident həmin gecə Vaşinqtonda
keçirilən Nüvə Təhlükəsizliyi Sammitindən
qayıtdı. Aprelin 2-də Təhlükəsizlik
Şurasının iclasını çağıraraq konkret əmr
və göstərişlər verdi. Cənab Prezidentin rəhbərliyi ilə ordumuz
qısa müddətdə Ermənistan silahlı bölmələrinə
qarşı sarsıdıcı cavab tədbirləri həyata
keçirdi, bütün istiqamətlərdən əks-hücuma
keçərək düşmən mövqelərinə
ağır zərbələr endirdi.
Cəbhənin Ağdərə-Tərtər-Ağdam
və Xocavənd-Füzuli istiqamətində yerləşən
birliklər, artilleriya bölmələri və digər
qoşun növlərinin əlaqəli fəaliyyəti nəticəsində
qısa müddətdə həyata keçirilən sürətli
əks-həmlə əməliyyatı zamanı erməni birləşmələrinin
uzun illərdən bəri mühəndis-istehkam
baxımından möhkəmləndirdiyi birinci müdafiə
xətti yarıldı, strateji əhəmiyyətə malik
yüksəkliklər, ümumilikdə isə 2000 hektardan
çox ərazi düşməndən azad olundu. Geniş ərazini nəzarətdə saxlamaq
imkanı verən strateji əhəmiyyətli Lələtəpə
yüksəkliyi də azad edilərək bölmələrimizin
nəzarətinə keçdi. Döyüşlərdə
düşmənə məxsus tanklar, artilleriya və möhkəmləndirilmiş
mühəndis qurğuları məhv edildi, 300-dən
çox hərbi qulluqçusu öldürüldü və
500-dən artıq hərbçisi yaralandı. Aprelin 5-də
vasitəçi dövlətlərin, beynəlxalq
qurumların müraciətlərini nəzərə alan Azərbaycan rəhbərliyi atəşkəsə
razılaşdı və Azərbaycan Ordusu düşmənə
qarşı əks-həmlə əməliyyatını
dayandırdı, azad edilmiş torpaqlarda möhkəmləndirmə
işlərinə başladı.
Aprel döyüşləri
Ali Baş Komandan İlham Əliyevin yeni mərhələdə
həyata keçirdiyi hərbi islahatların və ordu
quruculuğunun ilk təntənəsi idi. Bu əməliyyatlar
Azərbaycan Ordusunun gücünü bütün dünyaya, o
cümlədən Ermənistana bir daha nümayiş etdirdi.
2018-ci ilin aprelində Ermənistanda
yeni qüvvələrin hakimiyyətə gəlməsi, təəssüf
ki, onları ənənəvi təxribat cəhdlərindən
çəkindirmədi. Həmin ilin may ayında Ermənistan-Azərbaycan sərhədinin
Naxçıvan Muxtar Respublikası sahəsində
düşmən növbəti təxribata əl ataraq vəziyyəti
gərginləşdirməyə cəhd göstərdi. 2018-ci
il mayın 20-dən 27-nə qədər bu istiqamətdə
keçirilən Günnüt əməliyyatı zamanı
Şərur rayonunun Günnüt kəndi, Ağbulaq,
Qızılqaya və Qaraqaya yüksəklikləri,
ümumilikdə 11 min hektardan artıq ərazi azad olundu. Dərələyəz mahalının Arpa kəndi,
dövlət sərhədi boyunca əlverişli mövqelər
Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
1683 metr hündürlükdə yerləşən
Qızılqaya yüksəkliyinin azad edilməsi nəticəsində
isə böyük strateji əhəmiyyətə malik İrəvan-Keşişkənd-Gorus-Laçın-Xankəndi
avtomobil yolu, yəni Böyük Zəfərədək
işğal altında olan Qarabağ ərazisi ilə Ermənistanın
cənubunu birləşdirən əsas magistral xəttin
mühüm hissəsi nəzarətimiz altına keçdi. Beləliklə, Ermənistanın növbəti təxribatı
yenə də onun məğlubiyyəti ilə nəticələndi.
- Elə Tovuz təxribatını da buna aid etmək olar. Bu döyüşlər həm də həlledici zərbədən
öncəki son sınaq idi...
- Bu mövzuya keçməmiş bir
məqamı da vurğulayım ki, 2019-cu ilin oktyabr
ayının 4-də “Valday” Beynəlxalq Diskussiya Klubunun
sessiyasında Prezident İlham Əliyevin bəyan etdiyi
“Qarabağ Azərbaycandır və nida işarəsi” fikri bir
an içində Azərbaycan dövlətinin və
xalqının yeni məramına, ümumxalq
şüarına çevrildi. Azərbaycan
Ordusunun şəxsi heyəti də “Qarabağ Azərbaycandır!”
milli şüarını müasir dövrün yeni
çağırışı, səfərbəredici hədəfi
kimi qəbul etdi. Ali Baş Komandanın
“nida” işarəsi dedikdə məhz Silahlı Qüvvələr
amilini nəzərdə tutduğunu tək biz hərbçilər
deyil, bütün xalqımız, bütün dünya
anlayırdı.
Həmin dövrdə Azərbaycan
Ordusunda döyüş hazırlığı səviyyəsinin
daha da yüksəldilməsi istiqamətində həyata
keçirilən tədbirlər daha intensiv hal aldı. Ali Baş Komandanın
tapşırığına və illik döyüş
hazırlığı planına uyğun olaraq iyul
ayının əvvəllərində Azərbaycan Ordusunun cəbhəboyu
zonada yerləşən hərbi hissələrində, o
cümlədən Naxçıvanda Əlahiddə
Ümumqoşun Orduda genişmiqyaslı hərbi təlimlər
başladı. Ali Baş Komandanın Azərbaycan
Ordusu qarşısında qoyduğu vəzifələrin
müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində
qoşunların döyüş qabiliyyətinin, şəxsi
heyətin isə döyüş ruhunun, qələbə əzminin
yüksəlməsini hərbi hissələrdə
keçirdiyim çoxsaylı görüşlərdə
şəxsən müşahidə etdim. Ön
xətdə xidmət edən hərbi qulluqçularla
görüşlərim, həmçinin üzbəüz yerləşən
düşmən mövqelərini müşahidələrim
ordumuzun nəinki düşmən təxribatına layiqli cavab
verməyə, hətta Zəfər qazanmağa tam hazır
olduğunu bir daha təsdiq etdi.
Təxribatçı əməllərindən
əl çəkməyən Ermənistanın daha bir
diversiyasının qarşısının alınması məqsədilə
keçirilən və tarixə Tovuz döyüşləri
kimi düşən cavab tədbirləri zamanı Azərbaycan
Ordusu növbəti dəfə düşmənə
sarsıdıcı zərbələr vurdu. 2020-ci il
iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan
silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət
sərhədinin Tovuz rayonu sahəsində atəşkəs
rejimini kobud şəkildə pozaraq artilleriya
qurğularından da istifadə etməklə mövqelərimizi
atəşə tutdu. Düşmənin məqsədi
yeni əraziləri ələ keçirmək idi. Lakin işğalçı qüvvələrin irəliləməsinin
qarşısı qətiyyətlə alındı, onlar itki
verərək geri çəkildilər və ərazi itkisinə
yol verilmədi. Əməliyyat şəraiti
Azərbaycan Ordusunun tam nəzarəti altında oldu.
Təhlükəsizlik
Şurasının iyulun 13-də keçirilən
iclasının qapalı hissəsində Prezident İlham
Əliyev hərbi vəziyyəti təhlil edərək konkret
tapşırıqlar, göstərişlər verdi.
İyulun 17-dək davam edən düşmən
təxribatına qarşı bölmələrimiz tərəfindən
sərt cavab tədbirləri görüldü. Azərbaycan
Ordusunun bölmələrinin daha üstün silahlardan
endirdiyi dəqiq zərbələrlə qarşı tərəfin
müxtəlif təyinatlı hərbi və avtomobil
texnikaları, zirehli transportyorları, döyüş vasitələri,
artilleriya qurğuları, komanda, idarəetmə və dayaq məntəqələri,
qərargahları, hərbi infrastrukturu, atəş nöqtələri,
müdafiəsinin dərinliyindəki ehtiyatlar, köməyə
gəlməyə çalışan bölmələri və
xeyli sayda canlı qüvvəsi məhv edildi.
Tovuz döyüşləri
yeni ərazilərin işğalına yönəlmiş Ermənistanın
növbəti uğursuz təxribat cəhdi idi. Bu
diversiyanın da qarşısı əvvəlkilər kimi qətiyyətlə
alındı və düşmənin bir çox strateji
mövqeləri darmadağın olundu. Bu
döyüşlər həm də Azərbaycan Ordusu
üçün bir sınaq oldu. Bütün
şəxsi heyətin yüksək döyüş
hazırlığına malik olduğu növbəti dəfə
təsdiqləndi. Ordumuz bu
döyüşdə də birmənalı olaraq əks-hücuma
keçərək düşmənə daha böyük zərbələr
endirə bilərdi. Lakin bu cinahda
qarşımızdakı hədəf məhz Ermənistan ərazisi
olduğu üçün Ali Baş Komandan “Biz ədalət
savaşı aparırıq, heç kəsin torpağında
gözümüz yoxdur” deyərək atəşi
dayandırmaq əmrini verdi.
Tovuz döyüşlərini
səciyyələndirən vacib nəticələrdən biri
də Azərbaycan xalqının Ali Baş Komandanın və
Azərbaycan Ordusunun ətrafında daha sıx birləşməsi,
Vətən uğrunda səfərbər olmaq arzusu idi. İyulun 14-dən
15-nə keçən gecə on minlərlə gənc
Bakıda yürüş edərək Prezidentə və
ordumuza həmrəylik nümayiş etdirdi. Növbəti günlərdə 50 mindən artıq
gənc, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda
olan hərbi qulluqçular, müharibə əlilləri və
veteranlar könüllü olaraq orduda xidmət etmək
arzularını bildirərək, qeydiyyata alınmaq
üçün müraciət etdilər. Artıq Xalq,
Ali Baş Komandan və Azərbaycan Silahlı Qüvvələri
torpaqların azad edilməsi üçün həlledici
döyüşə və Böyük Zəfərə tam
hazır idi.
- Cənab nazir,
müsahibənizin əvvəlində də qeyd etdiniz ki, Vətən
müharibəsi xalqımızın tarixində ən əhəmiyyətli
hadisə kimi daim yaşayacaq. Bu haqq savaşının necə
başlamasını, ilk dəqiqələrini məhz Sizdən
öyrənmək hamıya çox maraqlıdır...
- Hələ sentyabrın əvvəllərindən
etibarən cəbhə xəttində erməni silahlı
qüvvələrinin aktivliyinin artması, ayın
ortalarından isə döyüş hazırlığı tədbirlərinin
bütün istiqamətlərdə keçirilməsi kəşfiyyat
məlumatları əsasında təsdiqləndi. Ermənistanın artıq təxribata yox, müharibəyə
hazırlaşması aydın görünürdü. Düşmən tərəfindən mövqelərimizin
mütəmadi atəşə tutulması, eyni zamanda təmas
xəttini keçmək cəhdləri intensivləşirdi.
Təbii ki, biz də fəaliyyətsiz deyildik.
Şübhəsiz, qoşunlarımızın
yüksək döyüş hazırlığı baş
verə biləcək hər hansı təxribatın
qarşısını almaq üçün kifayət edirdi.
Sentyabrın 27-də saat
06.00 radələrində Ermənistan silahlı qüvvələrinin
genişmiqyaslı təxribatlara başlaması barədə
xəbər dərhal mənə məruzə edildi. Vəziyyət
barədə ölkə başçısına məruzə
etdikdən sonra Ali Baş Komandan hərbi əməliyyatların
idarə edilməsini birbaşa öz üzərinə
götürdü.
Bəli, 44 günlük Vətən
müharibəsinin ilk dəqiqəsindən sonunadək
döyüş əməliyyatlarına Ali Baş
Komandanın özü şəxsən rəhbərlik edirdi!
Düşmənin mövqelərimizi
və yaşayış məntəqələrimizi iriçaplı
silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya
qurğularından intensiv atəşə tutması nəticəsində
mülki əhali arasında şəhid və yaralananlar oldu. Mülki
infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Ali Baş Komandanın tapşırığı ilə
Azərbaycan Ordusunun ön xətt bölmələri
düşmənin təxribatının
qarşısını almaq və qoşunların
qarşıdurma xəttinə yaxın ərazilərdə
yaşayan mülki əhalinin təhlükəsizliyini təmin
etmək məqsədilə cavab tədbirlərinə
başladı və düşmənin hərbi obyektlərinə,
atəş nöqtələrinə sarsıdıcı zərbələr
endirdi.
Elə ilk həmlədən
qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət
etdi və cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl
istiqamətlərində yerləşən ön xətt hərbi
hissələri, raket və artilleriya bölmələri, cəbhə
aviasiyası, zirehli texnika və digər qoşun növlərinin
qarşılıqlı fəaliyyəti nəticəsində
Ermənistan silahlı qüvvələrinin atəş
nöqtələri susduruldu. Ardınca da
qoşunlarımızın bütün cəbhəboyu əks-hücum
əməliyyatı başladı.
Ali Baş Komandan
bütün prosesləri çevik idarə edirdi. Günorta
saatlarında xalqa müraciətində baş verən hadisələr
barədə ictimaiyyəti məlumatlandırdı və bu təxribatı
“erməni faşizminin növbəti təzahürü”
adlandırdı. Prezidentin “Biz öz
torpağımızda vuruşuruq. Bu
gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında
düşmənə sarsıdıcı zərbələr
endirir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər
çalacağıq!” sözləri xalqda ilk andan böyük
qələbə əzmi, döyüş əzmi, ruh yüksəkliyi
yaratdı. Bu müraciətdən sonra Təhlükəsizlik
Şurasının iclasını keçirən Ali Baş
Komandan birmənalı bəyan etdi ki, “bizim uğurlu əks-hücum
əməliyyatımız işğala və ədalətsizliyə
son qoyacaq!”
İclasda etdiyim məruzədə
Ali Baş Komandana onun rəhbərliyi ilə
başlamış əks-hücum əməliyyatının
ilk saatlarının qələbə hesabatını verdim. Ermənistan silahlı
qüvvələrinin ön xəttinin yarılması,
ordumuzun zərbələrinin artıq düşmən
müdafiəsinin dərinliyindəki mövqelərinə
endirilməsi və rəşadətli ordumuz tərəfindən
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz,
Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun
Böyük Mərcanlı, Nüzgar kəndlərinin
işğaldan azad edildiyi barədə məruzə etdim. Eyni zamanda Ağdərə və Murovdağ istiqamətlərindəki
hakim yüksəkliklərdə yerləşən düşmən
postları da darmadağın edilərək nəzarətə
götürülmüşdü.
Həmin gün düşmənin 3
silah-sursat anbarı, 22 tank və digər zirehli texnikası, 15
OSA zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı, 8
artilleriya qurğusu, 550 nəfərdən artıq canlı
qüvvəsi məhv edildi. Bu göstəricilər
ilk günün böyük uğuru idi və cəbhə xəttində
üstünlüyün sonadək bölmələrimizdə
olmasını təmin etdi.
- Yəni
savaşın ilk gününün ilk saatı Azərbaycan
üçün Zəfərlə başladı...
- Bəli, bu, məhz belə oldu. Mən deyərdim hətta ilk dəqiqələrdən
etibarən Azərbaycan Ordusu ilkin hərbi uğurlarını
qazanmağa başlamışdı. Ali
Baş Komandanın göstərişi ilə həmin gündən
etibarən düşmənin hərbi infrastrukturu və
döyüş texnikasının məhv edilməsinin
aeroçəkilişləri ictimaiyyətə təqdim
edildi. Bu kadrlar xalqımızda yüksək
əhvali-ruhiyyə, qələbəyə sarsılmaz inam, Ermənistan
ordusu və cəmiyyətində isə böyük xaos, təşviş
və çaşqınlıq yaradırdı.
Bir məqama da toxunum. Ali Baş
Komandanın mənə ilk gündən verdiyi
tapşırıq və göstərişlərində əsas
tələblərdən biri əməliyyat planlarında
şəxsi heyət itkisinin minimum səviyyəyə endirilməsini
təmin etmək idi. Möhtərəm
Prezident hər bir hərbi qulluqçunun həyatına önəm
verir, onun təhlükəsizliyinin təmin olunmasına
xüsusi diqqət yetirilməsini tələb edirdi. Onun üçün hər bir hərbi
qulluqçunun döyüşlərdən sağ-salamat
qayıtması olduqca önəmli idi. Ona
görə də əməliyyat planlarının
hazırlanmasında bu tapşırığı əsas
götürür, icrasına məsuliyyətlə
yanaşırdıq.
Döyüş əməliyyatlarının
gedişi bu tapşırığın icrasının
uğurlu olduğunu göstərdi. Şəhid olmuş
bütün hərbçilərimizə Allahdan rəhmət,
ailələrinə səbir diləyirəm. Hər bir şəhid yalnız ailəsinə deyil,
bütün xalqımız və ordumuza böyük itkidir.
Hərbi taktikaya görə, hücuma keçən ordunun
itkisi müdafiə olunan ordunun itkisi ilə müqayisədə
3-4 dəfə çox olmalı idi, lakin tam əksi baş verdi. Düşmən qüvvələrinin
itkisinin hücum mövqeyində olan Azərbaycan Silahlı
Qüvvələrinin itkisindən dəfələrlə
çox olması məhz Müzəffər Ali Baş Komandanımızın
müdrik hərbi strategiyasının nəticəsi idi.
- Müharibənin
gedişi ilə bağlı məlumatların əksəriyyəti
məxfi olur və adətən döyüşlər bitdikdən
sonra da qorunur. Bununla belə Siz hərbi əməliyyatların
planlaşdırılması, hazırlığı,
gedişi barədə hansı məsələləri
ictimaiyyətə açıqlaya bilərsiniz?
- Ali Baş Komandanın göstərişi
ilə ehtimal olunan hərbi əməliyyatların planları
hazırlanarkən təmas xətti boyunca düşmənin
güclü və zəif mövqeləri, hərbi
infrastrukturu, gizli hərbi obyektləri, mühəndis-istehkam
qurğuları, sədlər, təminat yolları, uzunmüddətli
atəş nöqtələri, komanda-idarəetmə məntəqələri,
canlı qüvvəsi, istifadəsində olan silah və hərbi
texnika, həmçinin digər mühüm xüsusiyyətləri
tərəfimizdən öyrənilir,
araşdırılır və dəqiqliklə müəyyənləşdirilirdi.
Təəssüf ki, bu proses barədə
sizin qeyd etdiyiniz kimi, məxfilik baxımından geniş
danışmaq olmur. Sadəcə onu demək
kifayətdir ki, işğal altında olan ərazilərin hər
bir qarışının coğrafi-topoqrafik vəziyyəti,
orada yerləşən düşmən obyektləri bizə məlum
idi.
Döyüşlər
başlayarkən artıq masamızda əməliyyatların xəritələri,
planlar var idi və hər bir komandir qarşısında duran
tapşırıqları dəqiq bilirdi. Xəritə
və planları real döyüş şəraitinə
uyğun müəyyən dəyişikliklərlə tətbiq
edirdik. Məsələn, döyüşlərin
ilk günləri hərbi əməliyyatları şimal-şərq
və şimal cəbhələrində, yəni Tərtər-Ağdam
və Kəlbəcər istiqamətində keçirməyimiz
nəticəsində düşmən bütün əsas
qüvvələrini bu istiqamətdəki cəbhə xəttinə
yönəltdi. Bu, Ali Baş Komandanın rəhbərliyi
ilə hazırlanan əməliyyat planına tam uyğun idi.
Yayındırıcı,
çaşdırıcı manevrlər tətbiq edildikdən
sonra Azərbaycan Ordusu əsas hücumu cənub-şərq cəbhəsindən,
Füzuli-Cəbrayıl istiqamətindən başladı.
Sentyabrın 30-dək, yəni
müharibənin ilk üç günündə düşmən
canlı qüvvə, hərbi və döyüş
texnikası sarıdan xeyli itki verərək bütün cəbhəboyu
tutduğu bir çox mövqelərdən geri çəkilməyə
məcbur edilmişdi.
Suqovuşan istiqamətində gedən
döyüşlər zamanı da düşmən istər
canlı qüvvə, istərsə də hərbi texnika
baxımından xeyli sayda itki verdi. Suqovuşanın azad edilməsi ilə Ağdərə
ilə Ağdamı birləşdirən əsas təminat
yolu Azərbaycan Ordusunun nəzarətinə keçdi. Azərbaycan Ordusu artıq dayanmadan irəliləyirdi.
Oktyabr ayının 4-də Cəbrayıl şəhəri,
həmin gün və səhərisi rayonun xeyli kəndi
işğaldan azad edildi. Bu
döyüşlərdə Azərbaycan Ordusunun müxtəlif
hərbi birləşmələri, o cümlədən
xüsusi təyinatlılar böyük qəhrəmanlıqlar
göstərdilər.
Cəbrayılın təcavüzünə
son qoyulması ilə Azərbaycan-İran sərhədinin
böyük hissəsinə dövlət nəzarəti bərpa
edildi. Eyni zamanda Azərbaycan Ordusunun Xocavəndin cənub kəndləri
və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi
əməliyyatlar keçirməsi üçün geniş
imkanlar yarandı. Oktyabrın 18-də Xudafərin
körpüsü üzərində Azərbaycan
bayrağının dalğalanması isə bütün
ölkəyə ruh yüksəkliyi bəxş etdi, ordunun
şəxsi heyətində mübarizliyi və qələbə
əzmini daha da artırdı.
- Silahlı Qüvvələrimizin əsas hərbi
nailiyyətlərindən biri də Hadrutun azad edilməsi idi. Həmin əməliyyatın gedişi ilə
bağlı hətta qlobal informasiya məkanında belə qərəzli
məlumatlar savaşı aparılırdı. Bu qəsəbə necə azad olundu?
- Oktyabrın 9-da Qarabağın
qapısı, Şuşanın açarı sayılan Hadrut
qəsəbəsinin işğaldan azad edilməsi “Dəmir
yumruq” əməliyyatının mühüm nailiyyətlərindən
oldu. Ali Baş Komandan bu qələbəni tarixi
Zəfər kimi dəyərləndirdi. Həqiqətən
də, mürəkkəb relyefdə,
qarşı-qarşıya dayanan yüksək dağ massivləri
arasında yerləşən bu qəsəbə həm də
Şuşaya doğru hücum istiqamətimizin əsas dayaq
nöqtəsi idi.
Müharibənin ilk günlərindən
Hadrut mühüm hədəfimizə çevrilmişdi. Ətraf ərazilərdəki
erməni hərbi hissələrinin idarə edilməsi və
təchizatı Hadrut istiqamətindən həyata
keçirilirdi. Burada həm də
böyük silah-sursat anbarı vardı. Ali
Baş Komandanın təsdiqlədiyi hərbi əməliyyat
planına görə Cəbrayıl şəhərinin və
rayonun digər yaşayış məntəqələrinin
azad olunmasından sonra ilk hədəfimiz, həmləmiz bu qəsəbə
idi. Yüksək peşəkarlıqla
hazırlanıb böyük əzmkarlıq və şücaətlə
icra olunan hərbi plana əsasən, cənub cəbhəsində
irəliləyən Azərbaycan Ordusu düşmənin
gözləmədiyi istiqamətə - Hadruta yönəldi.
Oktyabrın 7-dən başlayan
ağır artilleriya döyüşləri iki gün sonra
Hadrutu, eləcə də onun ətrafındakı
yaşayış məntəqələrinin və strateji
yüksəkliklərin Azərbaycan Ordusunun nəzarəti
altına keçməsinə imkan verdi. Qoşunlarımızın bir qruplaşması
düşmənin nəzarətində olan hakim yüksəklikləri
azad edərək, digər qruplaşması isə Cəbrayıl
və Xocavənd istiqamətindən gələn yolları nəzarətə
götürərək Hadruta daxil oldular.
Hadrutun işğaldan azad
edilməsi ilə erməni qoşunlarının cəbhənin
digər istiqamətlərində müqaviməti zəiflədi,
həm də ordumuzun sürətli hücumuna şərait
yarandı. Azərbaycan Ordusu bu istiqamətdən Şuşaya
doğru irəliləməyə başladı. Bizə məlum idi ki, düşmən Şuşaya
hücumu əsasən Laçın dəhlizindən və
Qırmızı Bazar istiqamətindən gözləyirdi.
Ardıcıl hücumlarımız
ciddi müqavimətlə qarşılaşsa da, sürətlə
davam edirdi. Ermənistan silahlı birləşmələri cəbhəboyu
dinc sakinlərin məskunlaşdığı
yaşayış məntəqələrimizi aramsız atəşə
tuturdu. Ali Baş Komandanın
vurğuladığı kimi, “təkcə orada qurulmuş
istehkamlar deyil, eyni zamanda azad edilmiş torpaqların hərbi
relyefi də ermənilər üçün daha sərfəlidir.
Çünki biz indi həm onların
istehkamlarına, toplarına, raketlərinə qarşı, həm
də təbii relyefə qarşı vuruşaraq
torpaqlarımızı işğalçılardan
qarış-qarış azad etməliyik”.
Qarşıda Füzulinin, Xocavəndin,
Cəbrayılın hələ azad olunmayan kəndləri,
Qubadlı, Zəngilan vardı. Sonrakı və əsas hədəf
isə əlbəttə ki, Şuşa
idi.
Müharibə dövründə
beynəlxalq vasitəçilərin, xüsusilə də Ermənistanın
israrlı xahişləri ilə üç dəfə -
oktyabrın 10-da, 18-də və 26-da humanitar atəşkəs
razılaşması əldə olundu. Xüsusi qeyd
edim ki, bu razılaşma Azərbaycanın ardıcıl davam
edən hücum əməliyyatlarına, apardığı
savaşın mahiyyətinə uyğun gəlmirdi. Birmənalı olaraq bu xaos, təşviş
içində olan erməni silahlı birləşmələrinin
xilasına xidmət edirdi. Lakin elə hər
üç atəşkəsi Ermənistan özü pozdu.
Birinci dəfə heç bir gün keçməmiş
Gəncəni bombalamış, ikinci və
üçüncü dəfə isə atəşkəsdən
cəmi bir neçə dəqiqə sonra
razılaşmanı pozmuş, yenə də xaincəsinə
dinc sakinlərimizi aramsız atəşə tutmuşdu.
Azərbaycan Ordusu isə
müharibənin gedişində dinc əhalini, mülki obyektləri
və infrastrukturu əsla hədəfə almadı. Hədəfimiz
atəş mövqeləri, hərbi obyektlər və hərbi
infrastruktur oldu. Bu, Ali Baş
Komandanımızın müharibənin ilk günü mənə
verdiyi əmr idi. Azərbaycan Ordusu
işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar
zamanı Cenevrə Konvensiyaları da daxil olmaqla beynəlxalq
humanitar hüququn müddəalarının tələblərinə
uyğun hərəkət edirdi.
Ali Baş Komandan cənab
İlham Əliyevin xüsusi nəzarətində olan sahələrdən
biri də əks-həmlə əməliyyatlarında
iştirak edən şəxsi heyətin təminat və təchizatının
fasiləsiz təşkil edilməsi idi. Qoşunlarımızın
ərzaq, geyim, məişət əşyaları, gündəlik
tələbat məhsulları, silah-sursat, yanacaq-sürtgü
materialları və digər zəruri vasitələrlə təminatı
yüksək operativliklə həyata keçirilirdi.
- Cənab nazir,
erməni silahlı qüvvələrinin durumu,
hazırlığı, müqaviməti necə idi?
- Azərbaycan hərbçiləri
döyüş meydanında hər gün Ermənistan silahlı
qüvvələrinin bölmələrinə layiqli cavab
verirdilər. Qoşunlarımız düşmən
hədlərini müxtəlif istiqamətlərdə
yarır, mövqelərindən sıxışdırıb
çıxarır, qaçmağa məcbur edir və daim irəliləyirdi.
Aparılan uğurlu hərbi əməliyyatlarla
döyüş təcrübəsini hər saat daha da təkmilləşdirən
şəxsi heyətimiz vacib istiqamətlərdə əlverişli
hədd, yüksəklik və mövqeləri azad edərək
nəzarətə götürürdü.
Bölmələrimiz
düşmənə atəş zərbələri endirərək
onun hərəkət fəaliyyətini tam məhdudlaşdırır,
minlərlə erməni döyüşçüsü
ölür və yaralanırdı. Ermənistan ordusu
arasında idarəetmə və qarşılıqlı əlaqə
itir, bölmələr arasında nizamsızlıq yaranır,
şəxsi heyətin intizamı, mənəvi-psixoloji durumu
pozulurdu. Bəzi istiqamətlərdə
düşmən ordusunun hərbi hissələri arasında
qarşılıqlı əlaqənin olmaması nəticəsində
onlar bir-birini atəş açaraq məhv edirdilər. Düşmən bölmələrində
döyüş sursatları və yanacaq təminatında da
ciddi problemlər mövcud idi. Müqaviməti
qırılan erməni qüvvələrində
döyüş mövqelərini özbaşına tərk
etmək, texnikanı, silah-sursat və digər hərbi vasitələri
ataraq qaçmaq, fərarilik kütləvi hal alırdı.
Belə bir şəraitdə
Azərbaycan Ordusu hərbi əməliyyatlarını
uğurla davam etdirərək oktyabrın 17-də Füzuli
şəhərini işğaldan azad etdi. Füzuli
rayonunun bütün ərazisi uğrunda döyüşlər
isə müharibənin son gününədək davam etdi.
Noyabrın 9-da rayonun daha 17 kəndi azad olundu.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi
altında 44 gün ərzində Füzuli şəhəri ilə
yanaşı, rayonun 53 kəndi də işğaldan azad edildi.
Füzulinin azad olunması cənub istiqaməti
üzrə yeni strateji həmlələrə əsaslı təkan
oldu. Bir faktı xüsusi vurğulayım
ki, şəhər azad olunarkən Azərbaycan
bayrağını ucaltmağa bir tikili də tapılmadı.
Füzuli ermənilər tərəfindən
tamamilə viran edilmiş, dağıdılmış,
xarabalığa çevrilmişdi.
Cəbhənin Ağdərə-Ağdam,
Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan
istiqamətlərində davam edən şiddətli
döyüşlər uğurla nəticələndi. Ali Baş Komandanın təsdiq etdiyi əməliyyat
planına əsasən Azərbaycan Ordusunun bölmələri
əsas istiqamətlərdə nəzarətə
götürdüyü əraziləri hər gün daha da
genişləndirir, düşmənə ciddi zərbə
vuraraq onun müqavimətini qırır, yeni mövqelərə
doğru irəliləyirdi. Düşmənin
canlı qüvvə baxımından ölən və
yaralılarının sayı minlərlə idi. Onların döyüş sursatları tükənmişdi,
artilleriya qurğuları isə dəqiq zərbələrlə
qoşunlarımız tərəfindən sıradan
çıxarılırdı.
Oktyabr ayının 18-də
Zəngilan uğrunda döyüşlər başladı. Ali Baş
Komandanın əmrinə əsasən qoşunlarımız
yüksək əzmkarlıq və rəşadətlə hədəfə
doğru irəliləyirdi. Oktyabr
ayının 20-si Zəngilan şəhəri və 6 kəndin
işğaldan azad edilməsi ilə bu cinahdakı əməliyyatımızın
ilk mərhələsi uğurla nəticələndi. Oktyabrın 22-də isə rayonun Ağbənd qəsəbəsinin
azad edilməsi ilə Arazboyu hərbi əməliyyatlar
yekunlaşdı və həmin ərazilər tam nəzarətə
götürüldü.
Bu döyüşlər nəticəsində
qoşunlarımızın həmin istiqamətdən
Qarabağın cənubuna, Zəngilan rayonunun kəndlərinə
və Qubadlı rayonu ərazisinə irəliləməsi
üçün strateji istiqamət açıldı. Ümumilikdə
isə Zəngilan rayonunun bütün ərazisi uğrunda
döyüşlər müharibənin son gününədək
aparıldı. Noyabrın 9-da isə
rayonun daha 6 yaşayış məntəqəsi azad edildi.
Vətən müharibəsində Zəngilan
şəhəri, 3 qəsəbəsi və 52 kəndi
işğaldan azad edildi.
Oktyabr ayının 22-dən
artıq cəbhənin Qubadlı istiqaməti uğrunda
döyüşlər başladı. Növbəti gün
rayonun 4 kəndi, oktyabrın 25-i isə Qubadlı şəhəri
işğaldan azad edildi. Azərbaycan Ordusu
Zəngilandan sonra indi Qubadlıdan Ermənistanla sərhədə
doğru irəliləyir, dövlət sərhədini
qarış-qarış döyüşərək bərpa
edirdi. Qubadlı uğrunda döyüşlər
də son günədək davam edib. Noyabrın
9-da rayonun 15 yaşayış məntəqəsi, ümumilikdə
isə müharibə dövründə 41 kəndi azad edildi.
Cəbrayıl, Füzuli, Zəngilan
və Qubadlıdan sonrakı hədəf hamıya məlum
idi. Bütün yollar artıq Şuşaya
aparırdı.
- Cənab nazir, Şuşa əməliyyatına keçməmişdən
öncə bir məqama da aydınlıq gətirək. Hərbi
əməliyyatların koordinasiyası, komandanlığı
necə həyata keçirilirdi?
- Hərbi əməliyyatlar birmənalı
olaraq Prezidentin vahid komandanlığı altında
keçirilirdi. Hər gün təqdim edilən
hərbi məruzələr Ali Baş Komandan tərəfindən
dəqiqliklə öyrənilir və növbəti gün
üçün yeni döyüş
tapşırıqları verilirdi. Azərbaycan
Ordusunun rəhbərliyi Prezidentin
tapşırıqlarını planlaşdırır və
uğurlu icrasını təmin edirdi. Düşmən
qoşunlarına qarşı Azərbaycan Ordusunun əks-həmlə
əməliyyatı keçirilir, yeni yaşayış məntəqələrinin
azadlığı uğrunda döyüşlər
aparılırdı. Döyüş əməliyyatları
zamanı Prezident qeyd edirdi ki, “əməliyyat planı tam icra
edilir, əməliyyat planı müasir döyüş
prinsiplərinə əsaslanır. Azərbaycan
Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda,
döyüş hazırlığı baxımından
döyüş meydanında tam üstünlüyə
sahibdir”.
Ali Baş Komandanın
tapşırığı ilə mənim tərəfimdən
mütəmadi xidməti müşavirələr
keçirilir, cənab İlham Əliyevin strateji və taktiki
tapşırıqları komandir-rəis heyətinə
çatdırılır, əməliyyat planlarının
gündəlik icrası və digər hərbi məsələlər
müzakirə olunurdu. Əks-həmlə əməliyyatlarının
mövcud vəziyyəti təhlil olunaraq düşmən
qüvvələrinin planlı, məqsədyönlü və
ardıcıl darmadağın edilməsi,
torpaqlarımızdan qovulması istiqamətində göstərişlər
verilirdi. Azad olunmuş ərazilərdə
yerləşdirilən qoşunlara zəruri tədbirlərin
görülməsi həvalə olunurdu. Azərbaycan
Ordusuna arsenalındakı yüksəkdəqiqlikli və
böyük dağıdıcı qüvvəyə malik
müasir silah növlərini tətbiq etməklə
düşmən tərəfinin hərbi infrastrukturuna
böyük zərbələr endirməyi və əks-hücum
əməliyyatları üçün əlverişli şəraitin
yaradılmasını əmr etmişdim.
Vətən müharibəsindən
sonra Ali Baş Komandan bildirmişdi ki, “biz əməliyyatların
gedişini canlı rejimdə izləyirdik”. Həqiqətən
də fasiləsiz koordinasiya nəticəsində cənab
İlham Əliyev tərəfindən vahid komandanlıq həyata
keçirilirdi. Bu prosesdə Prezident Azərbaycan
Ordusunun rəhbərliyi ilə görüşməyə də
xüsusi önəm verirdi.
Oktyabrın 7-də Müdafiə
Nazirliyinin Mərkəzi Komanda Məntəqəsinə gələn
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
operativ müşavirə keçirildi. Müdafiə Nazirliyinin rəhbər
heyəti və cəbhə bölgəsində yerləşən
birlik komandirlərinin iştirakı ilə keçirilən
müşavirədə cənab Prezident hərbi nailiyyətləri
vurğulamaqla yanaşı, əməliyyatların gedişində
yaranan sualların dərhal həlli və döyüşlərin
daha effektiv aparılması ilə bağlı göstərişlərini
verdi. Planlaşdırılan növbəti
əməliyyatlara hazırlıqla əlaqədar vəziyyəti
öyrənərək müvafiq əmrlərini verdi.
Oktyabrın 25-də Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində
nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində
yerləşən birlik komandirlərinin iştirakı ilə
növbəti operativ müşavirə keçirildi. Cəbhə xəttindəki
vəziyyət, ordunun hərbi, mənəvi-psixoloji durumu, təminat
və təchizat məsələləri, yeni əməliyyat
planları barədə Ali Baş Komandana məruzə edildi.
Prezident ən kiçik detallar və proseslərlə bir daha dərindən
maraqlandı, dəqiqləşdirdi, müvafiq
tapşırıqlarını və əmrlərini verdi. Ali Baş Komandan artıq Azərbaycanın
həlledici qələbəsinin qaçılmaz olduğunu bəyan
etdi.
Prezidentin dediyi kimi, Vətən
müharibəsi Azərbaycan Ordusu üçün
böyük təcrübə idi. Prezident
döyüşlərin ilkin nəticəsi olaraq bundan sonra
ordu quruculuğu prosesinin daha effektiv üsullarla həyata
keçirilməsinin vacibliyini, silah arsenalının daha da zənginləşdirilməsini,
ən əsası isə müharibənin nəticələrinin
ətraflı təhlil edilməsini qarşımızda vacib vəzifə
kimi qoydu. Əsas hissəsi məxfi davam edən
müşavirə barədə onu əlavə edə bilərəm
ki, növbəti mərhələ üçün hərbi hədəfləri
dəqiqliklə müəyyənləşdirən Ali Baş
Komandan hərbi əməliyyatların daha səmərəli
aparılması barədə tapşırıqlar verdi. Mənim və cəbhə
bölgəsində yerləşən hərbi birlik komandirlərinin
təkliflərini, fikirlərini öyrəndikdən sonra
Prezident öz qərarlarını elan etdi. Bu müşavirənin nəticəsi olaraq
bütün cəbhə boyu hücumlarımız daha kəskin
və uğurlu oldu.
- Vətən
müharibəsinin Zəfər zirvəsi əlbəttə ki,
Şuşanın azad olunması idi. Bu
döyüşü dünya hərb tarixinin ən önəmli
əməliyyatlarından biri kimi qiymətləndirirlər.
Bu əməliyyatın əsas özəlliyi nə
idi?
- Oktyabr ayının sonlarından cəbhə
bölgəsində Şuşa ətrafındakı
halqa cənubdan, şərqdən və qərbdən
qoşunlarımız tərəfindən sıxılmağa
başlamışdı. Ali Baş Komandanın
rəhbərliyi ilə hazırlanan və onun təsdiq etdiyi əməliyyat
planının bütün detallarının, icra mexanizminin
tam açıqlanması məxfilik baxımından bu gün
mümkün deyil.
Şuşa ermənilər
üçün bütün Qarabağı nəzarətdə
saxlayan strateji yüksəklik və bölgənin əsas
müdafiə sütunu idi. Şuşa Xankəndinin
müdafiəsini təmin edirdi. Onu
Laçın dəhlizi vasitəsilə Ermənistanın
Gorus vilayəti ilə bağlayan yol da məhz buradan
keçirdi. Şuşanı azad etmək
Vətən müharibəsinin ən mühüm zirvəsi
idi.
Ali Baş Komandan əməliyyatın
hazırlanması, ilkin icrası və gedişi prosesində
komandanlığı şəxsən özü həyata
keçirirdi.
Günün hər saatı, hər dəqiqəsi
əməliyyat barədə hərbi komandanlıqdan məlumat
alır, konkret əmrlərini verirdi. Hər
dəqiqə cənab Prezidentə yeni məlumatları təqdim
etmək üçün məruzələrimiz hazır
olmalı idi.
Bölmələrimiz
Laçın dəhlizinə doğru
yaxınlaşmışdı. Oktyabrın son günlərindən
Azərbaycan Ordusunun bölmələri, o cümlədən
Xüsusi Təyinatlı Qüvvələr Şuşanın
müdafiəsini yarmaq üçün müxtəlif istiqamətlərdən
əməliyyata başladılar.
Əməliyyat hazırlanarkən
cənab Prezidentin verdiyi tapşırıqlardan biri də o idi
ki, Şuşanın mədəniyyət mərkəzi
olduğu nəzərə alınmalı, şəhər
dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə
azad olunmalıdır. Yəni bu döyüşlərdə
ağır artilleriyadan tam gücü ilə istifadə edə
bilməyəcəkdik. Artilleriyadan əsasən Şuşa ətrafında olan Ermənistan
qoşunlarının mövqeləri və atəş
nöqtələri hədəf götürüldü və
darmadağın edildi. Onlar həm canlı qüvvə, həm
də hərbi texnika sarıdan çox böyük itki verdi. Biz isə doğma şəhərimizi,
tarixi abidələrimizi artilleriya ilə vurmadıq, hava zərbələri
endirmədik.
Hava buludlu keçdiyindən
pilotsuz uçuş aparatlarının imkanlarından da
yararlana bilmədik və kəşfiyyatın
aparılmasında müəyyən çətinlik
yarandı. Lakin peşəkar, mübariz, əzmkar
qoşunlarımız üçün bunlar maneə
olmadı. Ordumuz Azərbaycan Prezidentinin, Azərbaycan
xalqının onun qarşısında müəyyənləşdirdiyi
bu tarixi vəzifəni ləyaqətlə icra etdi.
Müəyyən məsələlərə
diqqət yetirmək istərdim. Kəşfiyyat məlumatına
görə, ermənilər bizi iki istiqamətdən gözləyirdilər.
Onlar Qırmızı Bazardan Şuşakəndə,
oradan isə Şuşaya qalxan yolda və Laçın istiqamətində
şiddətli döyüşlərə
hazırlaşırdılar. Ona görə
də əsas qüvvələrini orada cəmləşdirmişdilər.
Azərbaycan hərbi
komandanlığının əməliyyat planına görə
isə Şuşaya sıx meşələrdən yeni yol
açıldı. Qəhrəman mühəndis-istehkam
qoşunlarımız qısa müddətdə inanılmaz
işə imza ataraq bu yolu istifadəyə hazır etdi. Mühəndis-istehkamçılarımız ensiz
dağ cığırını texnikanın hərəkət
edə biləcəyi meşə yoluna çevirdilər.
Bu yol ermənilər üçün
sözün əsl mənasında böyük şok oldu.
Nəticədə artilleriya
qurğularını Şuşa ətrafına
çəkə bildik. Mən
artilleriyaçılarımızın qəhrəmanlığını
xüsusi qeyd etmək istəyirəm. Yol çəkilmişdi,
amma hava şəraiti yaxşı deyildi,
palçığın içində ağır topları
yüksək peşəkarlıq nümayiş etdirərək
yüksəkliklərə qaldırdılar, atəş
nöqtələri qurdular və Şuşa
ətrafındakı düşmən mövqelərinə dəqiq
zərbələr endirdilər.
Noyabrın ilk günlərindən Şuşa uğrunda döyüşlər kəskinləşdi.
Xüsusi Təyinatlı Qüvvələrin və
digər hərbi birləşmələrin şəxsi heyəti
artıq Şuşaya doğru atəş dəstəyi olmadan
sıldırım qayalar, yarğanlar, meşələr vasitəsilə
irəliləyir, ciddi mühafizə olunan Laçın dəhlizindən
keçərək ətraf kəndləri mühasirəyə
alırdı. Belə əməliyyat isə
düşmənin ağlına gəlmirdi və o, belə bir
addım atılacağını əvvəlcədən
hesablaya bilməmişdi. İgid
döyüşçülərimizin çətin relyefli ərazilərlə
hərəkəti hətta düşmən kəşfiyyatçıları
tərəfindən belə müşahidə olunmurdu.
Mərhələlərlə Şuşa ətrafındakı kəndlər,
yüksəkliklər azad edilir, hərbçilərimiz gizli
yollarla Şuşaya doğru irəliləyirdilər. Laçın dəhlizinin əsas hissələrinə
nəzarətin təmin olunması, Daşaltı kəndi ətrafındakı
strateji yüksəkliklərin nəzarətə
götürülməsi nəticəsində
Şuşanın mühasirəsi daralırdı.
Noyabrın 6-da
qoşunlarımız və bölmələrimiz artıq
şəhərin hüdudlarına çatmışdılar. Bir həftəyə
yaxın müddətdə əlverişsiz hava şəraitində
sıldırım qayalarla, keçilməz yollarla
böyük məsafəni dəf edən hərbçilərimiz
artıq şəhərə dörd tərəfdən daxil
olmuşdu və yaxın məsafədən ağır
döyüşlər başlamışdı.
Həmin gün hava çox
buludlu, dumanlı, yağmurlu idi. Şuşaya daxil olan
şəxsi heyətin əlində yalnız yüngül
silahlar var idi. Şəhərdə hər küçə,
məhəllə, ev uğrunda qanlı
döyüş baş verirdi. Ermənilərin
itkiləri kütləvi idi və böyük təşviş
içində Şuşadan qaçırdılar. Sonradan ermənilər bir neçə dəfə
yenidən şəhərə daxil olmağa cəhd göstərsələr
də, bütün həmlələri igid hərbçilərimiz
tərəfindən dəf edildi. Hətta
noyabr ayının 7-də Şuşaya Ermənistan tərəfindən
qadağan olunmuş “İsgəndər-M” ballistik raketləri
atıldı. Düşmənin bir
neçə əks-hücumuna baxmayaraq, Azərbaycan Ordusu
öz mövqelərini qorudu, möhkəm müdafiə
yaratdı və şəhərdə qalan Ermənistan
silahlı qüvvələrinin bölmələrini məhv
edərək əraziləri düşməndən təmizlədi.
Noyabr ayının 8-də
Ali Baş Komandanın Şəhidlər xiyabanından verdiyi
“Əziz Şuşa, sən azadsan!” müjdəsi Azərbaycan
xalqının taleyində dönüş mərhələsinə
çevrildi.
Bununla təkcə 28 illik işğala son
qoyulmamışdı, eyni zamanda Azərbaycan bayrağı
Şuşanın timsalında bütün Qarabağda
dalğalanırdı.
Şuşa zəfərinin
növbəti günü Azərbaycan Ordusunun irimiqyaslı hərbi
əməliyyatları davam etdi və mühüm uğurlar
qazanıldı. Bir gün ərzində 72
yaşayış məntəqəsi və 8 strateji yüksəklik
azad olundu.
Noyabrın 9-dan 10-na keçən
gecə Ermənistanın baş naziri Azərbaycan Prezidenti
İlham Əliyevin bütün şərtlərini qəbul
etdiyini bildirərək razılaşmanı imzaladı. Bu sənəd
Ermənistanın kapitulyasiya aktı idi. Rusiya
Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanan
üçtərəfli Bəyanat Qarabağ münaqişəsinin
ölkəmizin və ordumuzun qələbəsi ilə
başa çatdığını rəsmiləşdirdi.
Bu razılaşmanın tarixi əhəmiyyəti
ilə yanaşı, mühüm strateji önəmi də
var. Ağdam, Kəlbəcər və Laçın
rayonları cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində
bir güllə də atılmadan, itkisiz Azərbaycana
qaytarıldı. Bu rayonların hərbi əməliyyatlar
nəticəsində azad olunacağı təqdirdə itkilərin
sayı arta bilərdi. Lakin Ali Baş
Komandan bu məsələni də böyük peşəkarlıq
və məharətlə həll etdi.
Azərbaycan və Türkiyə
prezidentlərinin iştirakı ilə keçirilən
möhtəşəm Zəfər paradı Azərbaycan
Ordusunun dünyanın ən güclüləri
sırasında olduğunun əyani göstəricisi olmaqla bərabər,
eyni zamanda “bir millət, iki dövlət” qardaşlıq
münasibətlərinin növbəti təntənəsi idi. Azərbaycan
xalqı Vətən müharibəsində qardaş Türkiyənin
mənəvi dəstəyini heç vaxt unutmayacaq.
Azərbaycan Böyük Zəfərini
döyüş meydanında qazandı və siyasi qələbəsini
hərbi qələbəsi ilə tamamladı. Azərbaycan
xalqı və ordumuz bu Zəfərin nailiyyətlərini əsrlər
boyu qoruyub saxlamalı və Ali Baş Komandanın yorulmaz fəaliyyətini
hər zaman yüksək dəyərləndirməlidir.
- Cənab nazir, bu
müsahibə həm də tarixi bir mənbəyə
çevriləcək. Bu baxımdan gələcək nəsillərin,
elə müasirlərimizin də prosesləri dəqiq bilməsi
üçün bu suala cavab vermənizi istərdim: Biz necə
düşmənə qalib gəldik?
- Bu sualın kontekstində mən
Böyük Zəfərin əldə olunması prosesindəki
müəyyən məqamlarla bağlı fikirlərimi bildirmək
istəyirəm. Ulu Öndər Heydər
Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas
amalını Qarabağın işğaldan azad olunması
kimi elan etmişdi. Təsadüfi deyil ki, cənab
Prezident İlham Əliyev də dəfələrlə bildirib
ki, qüdrətli sələfinin ona ən önəmli vəsiyyəti
məhz Qarabağın işğalına son qoyulması olub.
1993-cü ilin sonlarından başlayan ordu quruculuğu Prezident
İlham Əliyev tərəfindən daha müasir və
sürətli mərhələyə qədəm qoydu,
2013-cü ildən Ali Baş
Komandanın rəhbərliyi altında keçirilən hərbi
islahatların yeni mərhələsi isə Azərbaycan
Ordusunu dünyanın ən güclü 50 ordusu
sırasına çıxardı.
2020-ci ilin sentyabrınadək
dünyada və regionda bəziləri hesab edirdilər ki, Ermənistanın
Qarabağ ərazisində “keçilməz hərbi sədlər”,
“radiolokasiya sistemləri”, “silah və hərbi texnika”,
“döyüşkən ordu” və bu kimi digər
“üstünlüklərə” malik olması səbəbindən
torpaqlarımızın guya işğaldan azad edilməsi
mümkünsüzdür. Lakin Azərbaycan
Ordusu Müzəffər Ali Baş Komandanının rəhbərliyi
ilə qazandığı tarixi Zəfərlə əsl hərbi
reallığın necə olduğunu bütün dünyaya
nümayiş etdirdi və işğalçı Ermənistan
ordusu haqqındakı mifləri darmadağın etdi.
Müdafiə naziri və
uzun illər xidmət edən hərbçi kimi bir məsələyə
aydınlıq gətirmək istəyirəm. Döyüşlərin
gedişində biz Ermənistan silahlı qüvvələrinin
şəxsi heyətinin hazırlıq səviyyəsinin
aşağı olduğunun və çətin vəziyyətlərdə
fərarilik etdiyinin şahidi olduq. Ancaq onu
da etiraf etməliyik ki, Ermənistan ordusu bir
çoxlarının düşündüyü qədər
zəif və gücsüz deyildi. Onlar 30 il
ərzində işğalda saxladıqları əraziləri
mühəndis-istehkam baxımından tam möhkəmləndirə
bilmişdilər. Ərazidə düşmənin
kifayət qədər silah və hərbi texnikası var idi.
Maraqlısı odur ki, iqtisadiyyatı zəif olan bir ölkə
bu qədər silaha necə sahib ola
bilmişdi?
Təbii ki, Ermənistan bu qədər
silahı döyüşmək üçün əldə
etmişdi və onlar cəbhənin əksər istiqamətlərində
ciddi müqavimət göstərirdilər. Onların
böyük silah arsenalı, komanda-müşahidə və
idarəetmə məntəqələri, qərargahları var
idi. Həmin ərazilərdə
salınmış müxtəlif təminat yolları,
qurulmuş geniş hərbi infrastruktur uzunmüddətli
döyüşün aparılmasına hesablanmışdı.
Eyni zamanda ərazidəki strateji yüksəkliklərin
təxminən 95 faizi onların nəzarətində idi.
Dünyanın müxtəlif
ölkələrində yaşayan ermənilər, o cümlədən
erməni lobbisi və onların havadarları illər boyu
böyük miqdarda maliyyə vəsaitini bu ərazilərdə
keçirilə biləcək döyüş əməliyyatlarında
ermənilərin üstünlüyə malik olmasına,
oradakı separatçı rejimin, Ermənistan ordusunun və
qanunsuz silahlı dəstələrin güclənməsinə,
təminatına xərcləmişdi. Məhz bunun
müqabilində erməni hərbi birləşmələri
yetərincə müqavimət göstərmək imkanına
malik idi. Sadəcə Azərbaycan Ordusunun
qələbə əzmi, döyüş ruhu, peşəkarlığı,
gücü və təchizatı qarşısında
düşmən aciz idi.
Mən müdafiə naziri
kimi bu prosesləri işıqlandıraraq tarixə çevirən
yazarlara, jurnalistlərə və digər peşə sahiblərinə
tövsiyə edərdim ki, Vətən müharibəsi barədə
fikir yürüdəndə, rəy yazanda, münasibət
bildirəndə mütləq bu amilləri nəzərə
alsınlar. Bir daha xatırlatmaq istəyirəm ki, düşməndir
deyə onun gücünü kiçiltmək, həddən
ziyadə zəif göstərmək yanlışdır və
ordumuzun misilsiz qəhrəmanlığına kölgə
salmaqdır.
Danılmaz faktdır ki, “Dəmir
yumruq” əməliyyatı nəticəsində arxasında
dünyanın böyük gücləri dayanan, müxtəlif
lobbi təşkilatları tərəfindən maliyyələşdirilən,
sıralarına peşəkar və yüksək
hazırlıqlı xarici muzdlu döyüşçüləri
cəlb edən işğalçı bir ordu əzildi,
darmadağın edildi.
- Ali Baş
Komandan, xalq və ordu möhtəşəm Zəfər
tarixini birgə yazdı. Bu üç amilin vəhdəti həm
də qarşılıqlı inamı, etimadı əks
etdirir...
- Əlbəttə ki, məhz
bu inam, etimad Zəfəri gerçəkləşdirdi. Ali Baş
Komandan Azərbaycan Ordusunun şəxsi heyətinə hər
zaman inanıb, güvənib və onun qarşısında
qoyduğu tapşırıqların uğurla yerinə yetiriləcəyinə
əmin olub. Vətən müharibəsindən
danışarkən Ali Baş Komandanın söylədiyi
“Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad
edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək,
heç nədən qorxmayaraq əlində bayraq, əlində
silah düşməni qovan da əsgərdir, düşməni
məhv edən də əsgərdir. Eşq
olsun bizim əsgərlərimizə!” sözləri ordumuza
göstərilən yüksək etimadın bariz nümunəsidir.
Hərbi qulluqçular da Ali
Baş Komandanımızın bu etimadını şərəflə,
ləyaqətlə, qanı bahasına doğruldub və məsuliyyətli
vəzifələri yüksək vətənpərvərlik
hissi və peşəkarlıqla yerinə yetirib. Məhz
ordumuza olan inam Vətən müharibəsinin Zəfərlə
başa çatmasının ən birinci səbəblərindəndir.
Müharibədən sonra cənab
Prezident tərəfindən Zəfər təltifləri
adını almış orden və medalların təsis
olunması, on minlərlə hərbi qulluqçunun bu
mükafatlarla təltif edilməsi Vətən müharibəsi
iştirakçılarına - şəhidlərə, qazilərə,
hərbi qulluqçulara və könüllülərə
dövlətin, xalqın yüksək ehtiramının
nümunəsidir. Bu orden və medalları igidlərimiz bir
ömür boyu sinələrində qürur və iftixarla gəzdirəcəklər.
44 gün ərzində Ali Baş
Komandanı olduğu Azərbaycan Ordusunun döyüş
meydanında irəliləyib, qələbə qazanmasına
nail olan, dünyanın hərb tarixinə düşən əməliyyatları
hazırlayıb, yüksək peşəkarlıqla idarə
edən, güclü strategiyası ilə yeni nəsil hərbi
sərkərdəlik nümunəsi formalaşdıran cənab
İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı Azərbaycanın
birliyinin və gücünün təcəssümü oldu.
Qazanılan Qələbədə
dövlətimizin başçısının illər boyu
apardığı uğurlu diplomatiyasının da
mühüm töhfəsi vardır. Müharibənin
gedişində isə biz cənab Prezidenti Müzəffər
Hərbi Sərkərdə olmaqla yanaşı, informasiya
qarşıdurmasının bacarıqlı Komandanı kimi də
gördük, böyük qürur yaşadıq. Həmin dövrdə dünyanın aparıcı
KİV-inə verdiyi 30-dan artıq müsahibəsində cənab
İlham Əliyev Azərbaycanın haqq işini, bu müharibədə
ədalətli tərəf olduğunu beynəlxalq ictimaiyyətə
çatdırmaqla yanaşı, erməni faşizminin acı
fəsadlarını da bütün dünyaya nümayiş və
ifşa etdirdi.
Prezident qazanılan Zəfərdə
xalqın rolunu çox dəqiq ifadə edib: “Biz
hamımız, bütün Azərbaycan xalqı
xalqımızın, dövlətimizin ən parlaq səhifəsini
birlikdə yazırıq. Biz həm-rəylik,
qarşılıqlı dəstək, birlik göstərərək
bu şanlı tarixi yazırıq. Döyüş
meydanında göstərdiyimiz güc və onun mənbəyi
Azərbaycan xalqının iradəsidir”.
Daim ordumuzun yanında olan
xalq 2020-ci ilin iyul ayında onun bir parçasına
çevrildi.
Ordu ilə xalq vəhdət təşkil edərək
vahid gücə çevrildi. Elə
döyüş meydanında da hər addımda
xalqımızın dəstəyi aydın
görünürdü, hiss olunurdu, səmimi şəkildə
özünü göstərirdi. Müharibənin
gedişində vətəndaşlarımız ordumuza hər
cür dəstək göstərib. Saysız-hesabsız
müraciətlər edir, yardım karvanları ilə hərbi
hissələrin qarşısına gəlirdilər. Müdafiə Nazirliyi olaraq dəfələrlə
minnətdarlıqla bəyan etdik ki, Azərbaycan Ordusu dövlətimizin,
şəxsən cənab İlham Əliyevin hərtərəfli
diqqət və qayğısı ilə əhatə olunub.
Azərbaycan Ordusunun hərbi hissələri,
xüsusilə də ön xətt bölmələri
bütün təminat növləri ilə tam təmin edilib və
əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan
əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə
ehtiyacı var ki, bu da daim göstərilir. Lakin vətəndaşların davamlı
yardımlarının ardı-arası kəsilmirdi. Xalq öz ordusunun yanında olmağı özünə
borc sayırdı. Bu da qələbəmizin
əsas səbəblərindən biri idi.
Vətən müharibəsinin
gedişində dövlət qurumları və onların mənsubları
da bir yumruq kimi birləşib Ali Baş Komandanın sədaqətli
əsgərləri kimi vahid məqsəd uğrunda
çalışdılar. Eyni zamanda ölkənin
ictimai, siyasi, elmi təbəqəsinin mənsublarına,
qeyri-hökumət təşkilatları və kütləvi
informasiya vasitələrinin nümayəndələrinə də
təşəkkür edirəm. Hərbi və
mülki tibbi heyət Vətən müharibəsi
dövründə xüsusi fəaliyyətləri ilə
seçilirdi. Onlar Müdafiə Nazirliyinin
hərbi-səhra hospitallarında hərbçilərimizə
fasiləsiz tibbi xidmət göstərir, minlərlə hərbçimizin
sağlamlığını qoruyur, həyatını xilas
edirdilər. Həkimlər, tibb
bacısı və qardaşları, sanitarlar, texniklər, təcili
yardım sürücüləri hospitallarla yanaşı,
ön cəbhədə, döyüş meydanında da fəaliyyət
göstərirdilər. Tibbi heyət
arasında şəhid və yaralıların olması bu
insanların cəsarətinin, qəhrəmanlığının
əyani göstəricisidir.
Azərbaycan Ordusunun
böyük qayğıkeşi, himayədarı olan Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın Vətən müharibəsi günlərində
və sonrakı dövrdəki xeyirxahlıq missiyası şəxsi
heyətimizin yaddaşında daim yaşayacaq. Ali Baş
Komandan ilə dəfələrlə Müdafiə Nazirliyinin
Baş Klinik Hospitalına gələrək yaralı hərbçilərimizlə
görüşən Mehriban xanım onların müalicə
prosesini şəxsi nəzarətinə götürdü.
Minlərlə hərbi
qulluqçumuz bu qayğının nəticəsində
sağlamlığını bərpa edib, sonrakı dövrdə
isə Mehriban xanımın maddi və mənəvi dəstəyi
ilə tibbi, sosial, psixoloji reabilitasiyanı uğurla
keçdilər. Onlarla hərbçimizin yeni nəsil
protezlər ilə təmin edilməsi, xarici ölkələrdə
müalicələrinin davam etdirilməsi də məhz Mehriban
xanımın şəxsi diqqətinin nəticəsidir.
Mehriban xanım Əliyevanın həyata
keçirdiyi sosial layihələr Azərbaycan Ordusuna
böyük dəstəkdir və bu qayğıya görə
Azərbaycan Ordusunun şəxsi heyəti ona daim minnətdardır.
- Cənab nazir, Zəfərin
yaratdığı yeni reallıqlar Azərbaycan Ordusu
qarşısında indi hansı yeni vəzifələr müəyyənləşdirir?
- Müharibədən sonra Ali Baş
Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar
qoyub və hərbi islahatların növbəti mərhələsinin
başlanması barədə göstəriş verib. Cənab İlham Əliyev modernləşmə,
silahlanma və hazırlıq sahələrində ordunun ən
yüksək göstəricilərə sahib olması
üçün konkret plan və tədbirlər
hazırlayıb, onların təxirəsalınmaz
icrasını tapşırıb. Ali
Baş Komandanın etimadını ən böyük məsuliyyət
kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi
nəticəsində daha da güclənəcək, tam modern və
qüdrətli hərbi gücə çevriləcək.
Azərbaycan-Ermənistan
dövlət sərhədində və Rusiya sülhməramlı
kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan
Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz
altındadır. Burada baş verən hər hansı bir təxribata
dərhal adekvat cavab verilir. Azad edilmiş ərazilərdə
dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin
təşkili, şəxsi heyətin döyüş
hazırlığının və döyüş qabiliyyətinin
daim yüksək səviyyədə saxlanılması, yeni hərbi
infrastruktur obyektlərinin yaradılması, bölmələrin
və idarəetmə məntəqələrinin fəaliyyətinin
yaxşılaşdırılması, döyüş
planlarının dəqiqləşdirilməsi, maddi-texniki,
tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin
mina və partlamamış döyüş sursatlarından təmizlənməsi
və bu kimi digər məsələlərin həlli gündəlik
fəaliyyətimizin əsas prioritetlərindəndir.
Ali Baş Komandanın rəhbərliyi
ilə keçirilmiş “Dəmir yumruq” əməliyyatı
Ermənistanın faşizm və
işğalçılıq siyasətinin başını əzdi. Cənab
İlham Əliyev şəxsində Azərbaycan Ordusu Ermənistan
silahlı qüvvələrini darmadağın etdi. Bu, Azərbaycan tarixinin ən möhtəşəm
hərbi zəfəridir. Bu, əsrlər
boyu davam edəcək qürur mənbəyimizdir.
Vətən müharibəsinin
Zəfərindən sonra Azərbaycanın tarixində yeni mərhələ
başlayıb. Tarixin ən şərəfli
dövrünü yaşayan ölkəmiz bütün sahələr
üzrə qazandığı nailiyyətlərin
miqyasını genişləndirir, gələcəklə
bağlı düzgün hədəflər müəyyənləşdirir
və ona doğru böyük əzmlə gedir. Azərbaycan xalqı bugünündən razı,
sabahına isə daha inamlıdır. Prezident
İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi,
iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək
bütün platformalarda böyük nüfuz sahibinə
çevirərək qlobal miqyasda lider mövqeyinə
çıxardı.
Ən əsası isə 30 il
müddətində xarabalığa çevrilən, erməni
vandalları tərəfindən dağıdılan Qarabağ
torpağı və Şərqi Zəngəzur artıq
quruculuq, inkişaf mərkəzinə, Qafqazın ən
böyük inşaat meydanına çevrilir. Bir
müddət öncə hər qarışı uğrunda
şəhidlərimizin qanının töküldüyü
torpaqlar indi gülüstana çevrilir.
Vaxt keçdikcə
amansız işğalın və savaşın izləri bu
torpaqlardan silinəcək. Lakin xalqımız
tariximizin həm faciəli, həm də şərəfli
dövrlərini əhatə edən 32 illik zaman kəsiyini -
işğaldan Zəfərədək olan mərhələni
heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan
xalqının və Azərbaycan Ordusunun müəllifləri
olduqları möhtəşəm əsər - Vətən
müharibəsinin böyük Zəfəri əsrlər boyu
xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə
istiqamətləndirəcək.
Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı. Qarabağ Azərbaycandır!
Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2021.-22 dekabr.- S.1; 4-5.