Hər bir azərbaycanlının Prezidenti
Hər bir cəmiyyətdə hakimiyyətə münasibətin ən vacib meyarı vətəndaşın məmnunluq səviyyəsidir. Bu meyar müasir dövrdə təkcə politoloji-siyasi deyil, həm də mənəvi-psixoloji kateqoriya kimi çıxış edərək dövlət-vətəndaş münasibətlərinin real mənzərəsini, xarakterini müəyyən edir. Təcrübə göstərir ki, vətəndaş məmnunluğunun ümdə şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Başqa sözlə, məhz ictimai maraqların ifadəçisi olan lider fəaliyyətində xalqa təmənnasız xidməti və vətəndaş məmnuniyyətini ali məqsədə çevirir.
2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan pandemiyanın doğurduğu çətinliklərə rəğmən 2021-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurur: təsadüfi deyildir ki, respublikamızın iqtisadi tərəqqinin davamlılığını təmin edən milli inkişaf modelinə dünya miqyasında da ciddi maraq göstərilir. Ən böyük hakim olan zaman əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının əsaslarının nə dərəcədə uzaqgörənliklə müəyyənləşdirildiyni real nəticələr əsasında sübut edir.
Müasir dünyanın yeni çağırışları lider missiyasını üzərinə götürmüş şəxslərin xalq və dövlət qarşısındakı məsuliyyətini qabarıq önə çıxararaq idarəçilikdə yeni meyarlar diktə edir. Dövlətə rəhbərlik edən şəxsin siyasi peşəkarlığı, uzaqgörənliyi, xalqına, vətəninə bağlılığı, qlobal müstəvidəki inkişaf proseslərini ölkənin milli tərəqqisinə istiqamətləndirməsi onun siyasi peşəkarlığından, uzaqgörənliyindən, millətinə, vətəninə bağlılığından asılıdır. Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə görərik.
Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar milli dövlətçilik ənənələrinə sadiqlik amilinə söykənir. Cənab İlham Əliyev siyasətini bu ənənə çərçivəsində quraraq dövlətçilik konsepsiyasını Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ideoloji kurs üzərində formalaşdırıb. Hazırkı reallıqda cənab İlham Əliyevin ictimai rəydəki alternativsiz lider statusunun möhkəmlənməsinə təsir göstərən mühüm məqamlardan biri də dövlətimizin başçısının kifayət qədər mükəmməl siyasi təlimə - Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsinə istinad etməsidir.
Vətən müharibəsinin qürurverici nəticələri fonunda dövlət başçısının Azərbaycan və dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı fenomen liderə çevrilməsi obyektiv proseslərin məntiqindən irəli gələn danılmaz gerçəklikdir. Cənab İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, daxili və xarici siyasət sahəsində atdığı addımlar məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Dövlət başçısının istər ölkədə, istərsə də respublikamızın hüdudlarından kənarda baş verən hadisə və proseslərə münasibəti birmənalı və dəqiqdir. Auditoriyanın xarakterindən asılı olmayaraq Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Dövlət rəhbərinin hər bir nitqi onun cəmiyyət həyatının bütün əhəmiyyətli sahələri üzrə yüksək bilik səviyyəsinə malik olduğunu göstərir. Bütün məsələlərə ölçülüb-biçilmiş yanaşma tərzi Azərbaycan Prezidentinin çıxışlarının nəzəri və təcrübi hazırlıq üzərində kökləndiyini göstərir.
Siyasi illüziya və populizmdən kənar olması, problemlərə rasional mövqedən və real situasiyadan yanaşması, uzaqgörənliyi, praqmatizmi cənab İlham Əliyevin kamil və müdrik siyasətçi portretini formalaşdırır. Bütün bu keyfiyyətlərini onun malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial, işgüzarlıq tamamlayır. Cənab İlham Əliyev bütün müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə ünsiyyət yaratmağı, Prezident-vətəndaş arasındakı psixoloji səddi götürməyi bacarır. Bu da dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırır. Dövlət rəhbəri nitqlərində siyasi hadisələrə, problemlərə sadəcə münasibət bildirməklə kifayətlənmir, həm də proseslərin gələcək dinamikasını, problemlərin həlli yollarını göstərir.
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təməllər üzərində sivil Avropa ölkəsi kimi qurub-yaratmaq, daha da inkişaf etdirmək istədiyi müstəqil Azərbaycan dövlətini davamlı uğura aparan strateji yol xəritəsini dəqiqliklə cıza bilib. Məhz bu yol xəritəsi Azərbaycanı son onillikdə iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarı və təminatçısı statusunda çıxış edən ölkəmizin Avropa regionunun enerji təhlükəsizliyi missiyasını öz üzərinə götürməsi də danılmaz reallıqdır.
Hər bir cəmiyyətdə konseptual xarakterli dəyişikliklərin başlıca mahiyyəti insanı önə, diqqət mərkəzinə çəkməkdir: idarəetmədə demokratikləşmə prosesləri islahatlara yönəldilirsə, islahatlar cəmiyyətdəki hər bir insanın taleyinə təsir göstərir. Söhbət şəxsiyyət və hakimiyyətin qarşılıqlı əlaqələrinin prinsipcə yeni əsaslarının yaranmasından, şəxsiyyət və dövlətin qarşılıqlı münasibətlərində yeni üslubun formalaşmasından gedir. Bu baxımdan son illərdə Azərbaycanda demokratik transformasiya tamamilə yeni məzmun və forma alıb. Uğurla gerçəkləşdirilən iqtisadi strategiya nəticəsində vətəndaşların maddi rifah halının yüksəlməsi demokratikləşmə proseslərinin cəmiyyətdə adekvat dərkinə əlverişli zəmin yaradıb. Aktiv inkişaf fazasına daxil olmuş respublikamızda demokratik dəyərlərin inkişafı və total şüurda mənimsənilməsi üçün son illər əlverişli iqtisadi, siyasi, mənəvi mühit formalaşıb.
İqtisadi tərəqqi amilinin müasir dünyada dövlətlərin gücünü şərtləndirən başlıca amil olduğunu düzgün müəyyənləşdirən Prezident İlham Əliyev ötən 18 ildə rəhbərlik etdiyi komandanın bütün səylərini məhz bu istiqamətə yönəldib. İqtisadi modernləşmə siyasəti, habelə müasir çağırışlara əsaslanan strateji yol xəritələri qeyri-neft sektoru və sahibkarlığın yüksəlişinə təkan verməklə, innovativ bilik iqtisadiyyatının formalaşmasına, insan amilinin önə çəkilməsinə və səmərəli sosial modelin tətbiqinə imkan yaradıb. Müasir intibahın elmi-konseptual əsaslarını təşkil edən və hazırda uğurla icra olunan yol xəritələri iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətliyinin gücləndirilməsi, neftdən asılılığın aradan qaldırılması, keyfiyyətli ixrac məhsullarının artırılması, məşğulluq səviyyəsinin yüksəldilməsi baxımından dayanıqlı inkişafa möhkəm zəmin yaradır. Yeni iqtisadi şəraitdə sistemli islahatların böyük əzm və qətiyyətlə həyata keçirilməsi Azərbaycanı qarşıya qoyulmuş hədəfə - dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla aparmaqdadır.
Ötən 18 ildə cənab İlham Əliyevin təsdiq etdiyi 50-yə yaxın dövlət proqramı ölkə həyatının müxtəlif sahələrində islahatların əsasını qoymaqla, inkişaf prosesində ahəngdarlığı, yüksək dinamizmi təmin edib, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin aradan qaldırılmasına yönəlib. İnkişaf, sosial təminat və infrasrukturyönümlü bu layihələr, ilk növbədə, hər bir vətəndaşın layiqli həyat tərzinin təminatına, insan hüquq və azadlıqlarının qorunmasına, dövlət idarəçiliyinin çevik mexanizmlər əsasında həyata keçirilməsinə, bir sözlə, vətəndaş məmnunluğuna hesablanıb.
Keyfiyyətcə yeni mərhələdə sabit və sürətli inkişaf meyarlarına əsaslanan islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postpandemiya dövrünə hazırlanması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə regionlarda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məramını önə çəkir. Son illərdə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının azaldıması, icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması, sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya şuralarının yaradılması, ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması, sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və s. bu baxımdan etibarlı sipər rolunu oynayır.
“Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir” deyən dövlət başçısı cənab İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində yürütdüyü uğurlu siyasət pandemiya dövründə real nəticələrini verməyə başlayıb. Müstəqil respublikamız dünya iqtisadiyyatında neftin qiymətlərinin geosiyasi maraqlar əsasında müəyyənləşdiyi hazırkı mərhələdə sosial öhdəliklərini inamla icra edir, eyni zamanda sahibkarlığın inkişafına xidmət edən islahatları reallaşdırır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, cari ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 milyard dollar, qeyri-neft sektoru üzrə 2,4 milyard dollar təşkil edib.
İqtisadi baxımdan inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd kimi müəyyənləşdirən Azərbaycan hakimiyyəti hüququn aliliyinə, ictimai həyatın müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə, hər bir vətəndaşın qanuni maraq və mənayefinin təminatına yönəlmiş siyasət yürüdür. Açıq cəmiyyət quruculuğu məqsədini özündə ehtiva edən bu siyasətin prioritet istiqamətlərindən biri də aidiyyəti dövlət qurumlarında vətəndaşların maraqlarının müdafiəsi, ərizə və şikayətlərinin ölkə qanunvericiliyinə müvafiq qaydada araşdırılması, obyektiv qərarların qəbuludur. Son 18 ildə Prezident İlham Əliyevin imzaladığı çoxsaylı qanun, fərman və sərəncamlarda, dövlət proqramlarında bu ali məqsəd bir daha önə çəkilib, vətəndaş müraciətlərinə baxılmasının daha çevik və işlək mexanizmlərinin formalaşdırılması təmin edilib.
Xalq qarşısında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” keyfiyyətcə yeni dövrdə Azərbaycanın inkişaf həfəflərini mükəmməl şəkildə özündə ehtiva edir. Son bir ildə regionda yeni geosiyasi vəziyyətin yaranması, işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin aparılması, dördüncü sənaye inqilabının reallaşdırılması istiqamətində ardıcıl addımların atılması, habelə karbohidrogen gəlirlərindən asılılığın azaldılması Azərbaycanda inkişafın perspektiv hədəflərinin dəqiq müəyyənləşdirilməsini zəruri edir. Respublikamız bu meyillərə adekvat olaraq postkonflikt və postpandemiya gündəliyini tərtib edir. Makro və fiskal çərçivənin yenilənməsi, iqtisadiyyatın strukturunun optimallaşdırılması və rəqabətqabiliyyətliliyin yüksəldilməsi məhsuldarlığın artımından asılıdır.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” sərəncama əsasən, “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması təmin edilib. Strategiya layihəsinin hazırlanması prosesində müvafiq dövlət orqanları, beynəlxalq qurumlar və vətəndaş cəmiyyəti institutları ilə yanaşı, elmi təşkilatların və yüksəkixtisaslı mütəxəssislərin də iştirakı sənədin dərin elmi əsaslara söykəndiyinə dəlalət edir. Bu, gələcək üçün əsas hədəf və vəzifələrin açıq müzakirə və dinləmələrlə müəyyənləşdirilməsinə, bu zaman cəmiyyətin sosial gözləntilərinin və istəklərinin nəzərə alınmasına imkan verir.
İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün pik həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Bunu şərtləndirən əsas amillərdən biri sözügedən inkişafı təmin edən mükəmməl xarakterli bazanın formalaşdırılması, onun bütün əsas sahələri, o cümlədən sosial-iqtisadi dəstək paketini özündə ehtiva etməsidir. Sosial-iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət son iki ildə Azərbaycanın pandemiya ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb.
Əslində, inkişafın Azərbaycan modelinin xarakterik xüsusiyyətlərindən biri də yaşanan tərəqqinin bütün ölkə üzrə - proporsional qaydada paylanmasıdır. Yəni bu gün mövcud inkişaf təkcə mərkəzdə yox, siması gündən-günə dəyişən regionlarda da özünü qabarıq büruzə verir. Regionların inkişafı, onların potensialından səmərəli qaydada istifadə olunması Prezident
İlham Əliyevin hər zaman xüsusi diqqət mərkəzində yer alıb. Fərəhli haldır ki, bu gün regionların inkişafı sahəsində Azərbaycan böyük nailiyyətlər əldə edib.
Vətən müharibəsindən sonra dövlət rəhbərinin də qeyd etdiyi kimi, qazanılan tarixi Zəfər fonunda Azərbaycanda islahatlar prosesi daha da sürətlənib. Prezident İlham Əliyevin son sərəncamları ilə minimum əməkhaqqının 250 manatdan 300 manata qaldırılması, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması sosial müdafiə sisteminin getdikcə təkmilləşdirildiyini göstərir.
Onu da xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə, hüquqi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin bərqərar olmasına yeni təkan verib, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına zəmin yaradıb. Siyasi fəaliyyətinin əsas istiqamətlərini milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq, xalq amilinin hakim mövqeyə malik olması, qüdrətli və müasir Azərbaycanın dünya birliyində tutduğu layiqli mövqenin daha da gücləndirilməsi, qarşıya qoyulan məqsədlərə nail olunması və bu qəbildən olan digər amillər təşkil edən Prezident İlham Əliyev yeni yüzillikdə ölkəmizin intibahının möhkəm əsaslarını yaratmağa nail olub. Onun qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Ermənistanın təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşasında mühüm uğurlar qazanılıb və hazırda bu proses davam edir.
Dərin və hərtərəfli biliyə, yüksək siyasi mədəniyyətə malik olan cənab İlham Əliyev dünyada böyük hörmət və nüfuza malik lider kimi qloballaşma və inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə və apardığı yüksəksəviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edib. Dövlət başçısının hücum xətti üzərində reallaşdırılan xarici siyasəti sayəsində Azərbaycanın son illərdə beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artıb. Milli məsələlərdə yalnız bir amili - xalqının və dövlətinin milli maraqlarını əsas tutan cənab İlham Əliyev vətənpərvər lider olduğunu sübuta yetirməklə yanaşı, heç bir beynəlxalq gücə boyun əymədən, xarici təzyiqlər qarşısında müvazinətini itirmədən xalqımızı milli hədəflərə doğru aparmaq əzmini nümayiş etdirib.
Hələ 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev üzləşdiyimiz ədalətsiz münaqişənin həllini prioritet hədəflərdən biri kimi müəyyənləşdirərək demişdi: “Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir”.
Ümummili Lider Heydər Əliyevin uzaq hədəflərə hesablanmış iqtisadi siyasətini, mükəmməl ordu quruculuğu strategiyasını əzmlə davam etdirərək xalqımızın dərin mənəvi-siyasi dəstəyini qazanan cənab İlham Əliyev Zəfərə aparan şərəfli yolun yenilməz fatehinə çevrilib. Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı ilk gündən üzərinə götürərək “güclü ordu - güclü dövlət” konsepsiyasının fundamental bazisi olan yeni iqtisadiyyat quruculuğunu daim xüsusi diqqətdə saxlayıb. İqtisadi güc amili Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, transmilli şirkətlər, inkişaf etmiş ölkələrlə iqtisadi-siyasi münasibətlərinin dərinləşməsində mühüm rol oynayıb, eyni zamanda ərazilərimizin işğalı faktının etirafı, ərazi bütövlüyümüzün tanınması baxımından əhəmiyyətli olub. İqtisadi güc diplomatiyanın fundamental sütunu kimi çıxış edərək, ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirib, Ermənistanın işğalçı siyasətinin ifşası prosesi sürətlənib, paralel olaraq modern ordu quruculuğu istiqamətində ardıcıl tədbirlərin reallaşdırılmasına imkan verib.
Milli maraqları hər şeydən üstün tutması və ən çətin məqamlarda belə layiqincə qorumağı bacarması, siyasi iradəsi, qətiyyəti, hadisələrin inkişaf axarını öncədən müəyyənləşdirə bilməsi, cəsarətli qərarlar qəbul etməsi Ali Baş Komandan cənab İlham Əliyevə xalqımızın qəlbində qubara çevrilmiş Qarabağ yarasını əbədi olaraq sağaltmağa imkan verib.
ABŞ mütəfəkkiri Tomas Vudro Vilsonun sözüdür: “Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti isə ağır sınaq günlərində bəlli olur”. Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatlara - mülki əhalini və infrastrukturu hədəfə almasına cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmri əsasında ayağa qalxan Azərbaycan xalqı son əsrlərdəki tarixinin ən parlaq səhifəsini yazıb, qüdrətli Ordumuzun gücü ilə cəmi 44 gün ərzində işğal damğasını döyüş meydanında üzərindən atmağı bacarıb, milli natamamlıq kompleksindən xilas olub.
44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri Ermənistanın öz ordusu barəsində 30 il müddətində formalaşdırdığı saxta “yenilməzlik” obrazını darmadağın edib, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğrayıb, daxili vəziyyəti getdikcə gərginləşib. Azərbaycan apardığı əks-həmlə əməliyyatları ilə münaqişənin guya hərbi yolla həllinin olmaması barədə indiyədək səsləndirilən iddiaları alt-üst edib. “Status-kvo”nun və təmas xətti anlayışlarının aradan qalxması fonunda Ermənistanın danışıqların uzun illər ərzində formalaşmış formatını pozmaq, qondarma Dağlıq Qarabağ rejimini danışıqlarda tərəf kimi tanıtdırmaq cəhdlərinin qarşısı birmənalı alınıb.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla həm də 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyulması olub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məcburi köçkünlərin ən böyük arzusunu, doğma yurdlarına qayıtmaq amalını gerçəkləşdirib. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirib. Həmin günlərdə bir daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun mübarizə əzmini zəiflətməyib. Vətən müharibəsinin ən parlaq nəticələrindən biri də ondan ibarətdir ki, işğal faktına son qoyan Azərbaycan həm də regionda ikinci erməni dövlətinin yaradılması cəhdlərinin qarşısını birdəfəlik alıb, “Dağlıq Qarabağ” termini tarixin arxivinə gömülüb. Bu gün qondarma “Dağlıq Qarabağ” adlı inzibati ərazinin mövcudluğundan, separatçı rejimə hansısa statusun verilməsindən söhbət belə gedə bilməz. Bu, Ermənistanın ərazilərimizdə formalaşdırdığı qanunsuz, marionet rejiminin “müstəqilliyi” və ya ona hansısa statusun verilməsi ilə bağlı əsassız xülyalarının puç olması deməkdir.
Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə son səfəri zamanı İspaniyanın “El-Pais” qəzetinə müsahibəsində ölkəmizin qətiyyətli mövqeyini bir daha bəyan edib: “Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər”.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsindən ötən müddətdə Ermənistanın sülh və sabitliyə maneə yaradan davranışlarını ifşa edən Prezident İlham Əliyev bu məqsədlə beynəlxalq təşkilatların, mühüm toplantıların tribunasından diplomatik məharətlə yararlanıb. Dövlət başçısının Avropaya son səfəri, Brüsseldə keçirdiyi çoxsaylı görüşlər, səsləndirdiyi fikirlər bu baxımdan səmərəli olub. Ötən bir ildə Ermənistan diplomatiyası və diasporunun Avropa ölkələrinə fəal təsirlərini neytrallaşdırmağa nail olmuş Prezident İlham Əliyev qlobal beynəlxalq tədbirlərdə məhz bu auditoriyaya obyektiv informasiya və mesajlar ötürməyə çalışır. Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlər və NATO baş katibi ilə birgə mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər postmünaqişə mərhələsi ilə bağlı obyektiv mənzərənin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev “El Pais” qəzetinə müsahibəsində Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana dəfələrlə müraciət etdiyini bir daha xatırladıb. Dövlət başçısının bu konstruktiv fikirləri ölkəmizin regionda sülh, sabitlik tərəfdarı kimi münaqişə və qarşıdurma səhifəsinin bağlanmasında, ədavət mühitinin aradan qaldırılmasında maraqlı olduğunun, bu istiqamətdə ciddi siyasi iradə nümayişinin təcəssümüdür: “Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməmişdir. Mən bu cür bəyanatları altı aydan çoxdur ki, dəfələrlə etmişəm. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir”.
Postmüharibə mərhələsində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında yer alan əsas fikirlərdən biri də bundan ibarətdir ki, regionda dayanıqlı sülhün, sabitliyin təmin olunması Ermənistanın və müəyyən Qərb dövlətlərinin yeni geosiyasi reallıqları nəzərə almalarından, konstruktiv yanaşmalarından asılıdır. Ermənistan rəhbərliyi əgər bir neçə ay əvvələ qədər kommunikasiyaların bərpasına mane olmaq kimi destruktiv mövqe tutmuşdusa, Azərbaycanın uğurlu siyasi-diplomatik və hərbi üstünlüyü qarşısında hazırda geri çəkilməyə məcbur olub. Brüsseldə keçirilən üçtərəfli görüşdə iki ölkə arasında dəmir yolu xəttinin bərpası ilə bağlı razılaşma bir daha təsdiqlənib, eyni zamanda avtomobil yolunun bərpasına və Zəngəzur dəhlizinin hüquqi rejiminin müəyyənləşdirilməsi istiqamətində danışıqların davam etdirilməsinə qərar verilib.
Ermənistan ərazisindən keçərək Azərbaycanla Naxçıvanı birləşdirəcək yeni avtomobil və dəmir yollarının çəkilişi daha sərfəli, alternativ nəqliyyat-kommunikasiya marşrutu yaratmaqla, təkcə respublikamızın deyil, ümumən region dövlətlərinin (Türkiyə, Rusiya, Ermənistan, habelə Orta Asiya və Şərq ölkələri) geoiqtisadi maraqlarına uyğundur. Yeni nəqliyyat-kommunikasiya xətləri nəticəsində Azərbaycan Naxçıvan MR-ə və Türkiyənin Şərq hissəsinə daha əlverişli çıxış əldə edəcək. Bu yollar eyni zamanda Rusiya Federasiyasının Türkiyəyə Gürcüstandan kənar yeni avtomobil və dəmir yolu marşrutu əldə etməsinə imkan yaradacaq.
Azərbaycan Prezidenti İlham Əliyev son bir ildə işğaldan azad edilmiş ərazilərin iqtisadi fəaliyyətin aparıcı halqalarından birinə çevrilməsi və zamanla ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə çatdırılması üçün bütün zəruri tədbirləri reallaşdırır. Dövlət əsaslı kapital qoyuluşları ilə yanaşı, mövcud təbii resurslar və əlverişli mühit bu ərazilərə xarici sərmayə axınına zəmin yaradır. “Azərbaycan 2030: Milli Prioritetlər” sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, reinteqrasiyası və inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri elan edilib. Ölkə Prezidentinin həmin ərazilərə səfərləri zamanı hər bir rayon, kənd və qəsəbə üzrə genişmiqyaslı abadlıq, quruculuq prosesinin əsası qoyulur. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin vahid yanaşma və konsepsiya əsasında həyata keçirilməsi həmin ərazilərin qısa müddətdə müasir və abad məkana çevrilməsinə zəmin yaradır.
Prezident İlham Əliyev işğaldan azad edilmiş rayonların baş planının hazırlanması prosesinə şəxsən nəzarət etməklə ən incə detalların belə nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Bölgənin ümumi planının hazırlanması prosesi artıq yekun mərhələdədir. Son bir ildə Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin baş planları hazırlanaraq ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsdiq edilib. Hazırda digər şəhərlərin baş planlarının hazırlanması işi sürətlə davam etdirilir. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində yaşayış binalarının təməlinin qoyulması Böyük qayıdışın yaxın illərdə reallaşacağına əminlik yaradır.
Regionda sabitliyin əldə edilməsi xarici investisiya axınının sürətlənməsi və azad edilmiş ərazilərdə münbit biznes mühitinin formalaşmasına yaxşı imkanlar açıb. Bu baxımdan Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlinin qoyulması, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində müvafiq işlərin aparılması xüsusi qeyd olunmalıdır.
İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı baxımından quru və hava nəqliyyatı infrastrukturlarının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyətə malikdir. 2021-ci il oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası sürətlə davam etdirilən Zəngilan və Laçın beynəlxalq hava limanları regionda təkcə investisiya qoyuluşlarına deyil, həm də turizmin inkişafına əlverişli şərait yaradır. Son bir ildə Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlıda yarımstansiyaların, “Güləbürd” və “Kəlbəcər-1” Su Elektrik stansiyalarının istifadəyə verilməsi, habelə “Yaşıl enerji” konsepsiyasının tətbiqinə hazırlıq istiqamətində atılan addımlar bölgənin dayanıqlı enerji təminatına zəmin yaradır.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası ölkə vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Azərbaycanın Vətən müharibəsindəki layiqli qələbəsi Prezident İlham Əliyevin son bir ildə regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, bu ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında yer almasını təmin edib.
Ulu Öndər Heydər Əliyev siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri,
Milli Məclisin
deputatı
Azərbaycan.-
2021.-22 dekabr.- S.7.