Siyasi varisliyin ən parlaq nümunəsi
Xalqa xidmət epoxası gənclik və müdrikliyin vəhdətində
Bu yazıma şərəfli bir ömür yolu keçmiş müxtəlif təbəddülatlardan, keşməkeşlərdən, təlatümlərdən keçmiş Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ömür səhifələrinin məna çalarlarına nəzər salmaqla başlamaq istəyirəm. O, hazırda Müzəffər Ali Baş Komandan ünvanı daşıyan qalib Sərkərdə və QALİB xalqın lideridir! Onun ömür yolunda bu ünvanı ona tarixi qələbələrdən irəli gələn zərurət, eyni zamanda genetik amillər bəxş etmişdir.
Məsuliyyət ailədən başlayır desək, yanılmarıq. Belə ki, bu, atanın evin başçısı, ananın evin xanımı kimi, övladların isə övladlıq borcunun nədən ibarət olduğunu dərk etməsidir. Qeyd etdiyimiz bu ibtidai məsuliyyət cəmiyyətin bütün təbəqələrində və vəzifələrində görünənlərin məsuliyyətinə qədər əhatəli olur.
Dövlətçilikdə məsuliyyət
anlayışı
Dövləti idarə edən rəhbərin məsuliyyəti isə millət və dövlət qarşısında özünün təsdiqini tapır. Burada siyasi məsuliyyətin ancaq güclü ağıldan, əhatəli zəkadan güc aldığını qeyd etmək vacib şərtlərdəndir. Sözsüz ki, bu şəxsi amillər olmasa, siyasətin zərrə qədər incəliyi ilə tanış olmaq da mümkün olmaz.
Yəni siyasət - bəşəri ideyaları zərrə-zərrə qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktdır ki, Ulu Öndər Heydər Əliyev tarixi şəxsiyyət, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu gözümüzün işığı kimi qoruyan siyasi müdrikliyi, milli, mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən siyasi liderimiz olub.
İlham Əliyev məhz bu cür xarakterik xüsusiyyətlərə malik dünya lideri olan Heydər Əliyevin ailəsində dünyaya göz açıb. Azərbaycan boyda bir məmləkətin ağırlığını öz çiyinlərində daşıyan Heydər Əliyevin ailəsində böyüyüb.
İlham Əliyev bu məsuliyyəti dərindən dərk edirdi. O, çıxışlarından birində deyir: “Mən fəxr edirəm ki, Heydər Əliyevin oğluyam. Mən bu duyğu ilə erkən yaşlarımdan yaşayıram və bu hiss mənim bütün ömrümdən keçib. Onun haqqında siyasətçi, şəxsiyyət, qeyri-adi qabiliyyətlərə, yüksək insani keyfiyyətlərə malik bir insan kimi çoxlu sayda kitablar, məqalələr, elmi araşdırmalar yazıblar. Amma məndən ötrü o, ilk növbədə, istəkli atadır, övladlarımın babasıdır. Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir və eyni zamanda böyük məsuliyyətdir. Məsuliyyət, ilk növbədə, ona görədir ki, onun adına layiq olasan. Mən uşaq yaşlarımdan anlayırdım ki, nə isə bir ədalətsizliyə yol versəm, və ya nəyi isə düz eləməsəm, adamlar deyəcək: “Bunu Heydər Əliyevin oğlu törədib”. Mənim yanlış hərəkətim mənim atama ünvanlanacaq. Amma mən buna heç zaman yol verə bilməzdim. Həmçinin mənim uğurlarım da Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, mən həyatda nəyə nail olmuşamsa, bu, atamın mənə verdiyi tərbiyənin nəticəsidir. Heydər Əliyev qalibdir. O, bütün zamanlarda qələbələr qazanıb və qazanır.
Bunu hamı etiraf edir. Ancaq bəziləri heyrətə gəlib soruşurlar ki, o buna necə nail olur? Əlbəttə, bu suala tamamilə müfəssəl cavab vermək olar. Amma belə bir müxtəsər cavab yerinə düşər: “Xeyirxahlıq həmişə qalib gəlir”. Heydər Əliyevin qələbəsi ədalətin və həqiqətin təntənəsidir. Həqiqət onun varlığında, təbiətində, naturasındadır”...
“Heydər Əliyev xalqın, millətin lideridir, Azərbaycanın simasıdır. Bu gün də Azərbaycanın bir lider kimi ona ehtiyacı var, sabah da olacaqdır!”
İlham Əliyevin fikirlərinə sözardı: tarix sübut etdi ki, Azərbaycanın bu gün ehtiyacı olduğu lider məhz Ümummilli Liderin davamçısı İlham Əliyev özüdür!
İlham Əliyevin ailə mühitindən danışarkən anası, görkəmli akademik Zərifə Əliyevanı xatırlamamaq mümkün deyil. Zərifə xanım özü də böyük mənada ailə ənənələri olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyümüşdür. Zərifə xanımın müdrik və nəcib ana obrazının İlham Əliyevin yetişməsində müstəsna rolu olmuşdur.
İlk ictimai mühit: orta məktəb
illəri
İlham Əliyevin özü orta məktəb
illərini belə xatırlayır: “Mənim üçün
6 nömrəli məktəb doğma, əziz məktəbdir.
Mən on il burada, bu məktəbdə
oxumuşam. Bütün bu ətraf ərazilər
mənim üçün doğmadır. Mənim
uşaqlıq yaşlarım elə bu məhəllədə
keçibdir. Hər bir insan kimi mənim
üçün də məktəb illəri unudulmaz illərdir.
Burada, məktəbdə mənə verdikləri
biliklərə görə müəllimlərimə minnətdaram
və o xatirələri həmişə ürəyimdə
saxlayıram”.
6 saylı məktəbin müəllimi
Emma Kazımova Prezident İlham Əliyevin orta məktəb illərini
belə xatırlayır: “O, sinfin
gözü idi, hər şeyi o dəqiqə başa
düşən, enerjili, qaynar təbiətli, ünsiyyətcil,
həm də atasının yüksək mənsəbindən
sui-istifadə edən bəzi uşaqlardan fərqli olaraq sadə
və mehriban. Yaşıdlarından
hündür, yaraşıqlı, sinifdə hamı ilə
dostluq edən, həssas, eyni zamanda da bütün
tapşırıqları məsuliyyətlə yerinə yetirən
yaxşı şagrid təsəvvür edə bilirsinizmi?
Bax, bu, İlham Əliyev idi”.
Maraq doğuran
hadisə
6 saylı məktəbin
fizika müəllimi 10-cu sinifi bitirən İlham Əliyevə
4 qiyməti verdiyi üçün o, qızıl medal ala
bilmir. Həmin
vaxt o, Azərbaycana rəhbərlik edən atası Heydər
Əliyevə bu barədə heç bir söz demir və
aldığı bu qiyməti haqlı hesab edir.
6 saylı məktəbin başqa bir
müəllimi Lüdmila Konstantinovna İlham Əliyevi belə
xatırlayır: “Mən İlham Əliyevə 1972-1977-ci illərdə
tarix və ictimaiyyət fənlərindən dərs demişəm.
Enerjili, son dərəcə diqqətli İlham
Əliyev öz yaşıdlarından seçilirdi. O,
sinifdə yaşca kiçik olsa da, oxumaqda hamını
üstələyirdi. Tarixi mövzulara, tarixi
hadisələrin axarına maraqla qulaq asardı”.
Prezident İlham
Əliyevin ali təhsili haqqında
“Məni ali məktəbə
beş ay sonra 16 yaşımın tamam olacağını rəsmi
təsdiq edən arayışla qəbul ediblər. Təhsilin
birinci ili daha məsuliyyətli idi. Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibinin oğlu kimi təhsil almaq bir
şeydir, Moskvada bu cür cavan yaşda tamamilə fərqli
mühitdə təhsil almaq isə tamamilə başqadır.
Amma mən atamı pis vəziyyətdə
qoymadım, əvvəlcə institutda, sonra isə aspiranturada
yaxşı oxudum”.
İlham Əliyevin tələbə
yoldaşı Teymur Yəhyayev Prezidentin tələbəlik illəri
haqqında maraqlı xatirələrini paylaşır.:
“İlham Əliyev polemik
söhbətlər zamanı əsəbləşmir,
tutarlı dəlillərə əsaslanaraq opponentlərini
başa salırdı. Yadımdadır ki, bir dəfə Volodya
adlı bir tələbə yoldaşımız mədəniyyətcə
bizdən irəlidə olduqlarını söylədi.
Cavab kəskin də ola bilərdi. Mən onda İlham Əliyevin təmkininə heyran
qaldım. Təhqiredici ifadəyə qarşı
heç bir qəlbsındıran söz işlətməyərək,
sadəcə tarixlərin müqayisəsini verdi.
“İqor polku haqqında dastan”la “Kitabi-Dədə Qorqud”
dastanının əsr fərqlərini misal gətirdi,
Xaqaninin, Məhsətinin, Moskva şəhəri ilə
yaşıd Nizami Gəncəvinin adını çəkdi,
şeirlərindən parçalar söylədi. Diqqətlə qulaq asan Volodya işlətdiyi ifadəyə
görə üzrhaqlıq əvəzi kimi, Nizaminin əsərlərini
ona verməsini xahiş etdi. Sonralar həmin
Vladimir Ştol xalqımızın dostuna, təəssübkeşinə
çevrildi”.
Moskva həyatı
və ilk siyasi fəaliyyət
Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun professoru Yuri Dubinin: “O,
institutu bitirəndən sonra siyasi işlə məşğul
olmaq istəyirdi. Bunu özü bizə söyləmişdi.
O zaman institutda rayon komitəsi hüququna malik çox
güclü, böyük partiya komitəsi fəaliyyət
göstəriridi.
İlham Əliyev bizim
institutun partiya komitəsində təlimatçı kimi fəaliyyətə
başladı.
O, işlərinə çox böyük məsuliyyətlə
yanaşırdı. Çoxlu təşəbbüslər
irəli sürürdü. Hiss olunurdu ki, siyasi işlər
onun xoşuna gəlir.
İlham Əliyev heç
bir zaman bildirmirdi ki, o, məşhur ailədəndir. Baxmayaraq ki,
atası SSRİ boyda dövlətin rəhbərlərindən
biri idi”.
İlham Əliyevin elmi rəhbəri
ali təhsil ocağının sabiq rektoru
Nikolay Lebedev: “Gənc aspirant olan İlham Əliyevin namizədlik
dissertasiyasının mövzusunu o dövr üçün bəlkə
də qəribə saymaq olar. Qapalı və
totalitar bir dövlət olan SSRİ-də əsas mesajı
azad cəmiyyət olan ingilis liberalizmi barədə dissertasiya
müdafiə etmək standartlardan kənar
görünürdü. İlham Əliyev
məhz belə bir mövzunu-Böyük Biritaniyanın Liberal
Partiyası haqqında dissertasiya mövzusu götürdü.
Mövzunu müstəqil seçən gənc
İlham Əliyevin seçimi məni bir qədər təəccübləndirdi.
Mən əvvəl bu mövzunun aktual
olacağına əmin deyildim. Lakin aspirant
məni seçiminin düzgünlüyünə inandıra
bildi.
Yeni Azərbaycan
Partiyasındakı fəaliyyəti
Yeni Azərbaycan Partiyasının 21
noyabr 2001-ci il tarixində keçirilən
II qurultayı təşkilatın həyatında
taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın
nizamnaməsinə dəyişikliklər edilmiş və yeni
təsis olunan sədrin birinci müavini vəzifəsinə
yekdilliklə İlham Əliyev seçilmişdir.
15 oktyabr 2003-cü il
tarixində prezident seçkilərində YAP Sədrinin
birinci müavini, 26 mart 2005-ci il tarixdə keçirilən III
qurultayda isə yekdilliklə Yeni Azərbaycan Partiyasının
Sədri seçilmişdir.
Xüsusi vurğulamaq gərəkdir
ki, cənab İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan
Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin
birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən
sonra partiyanın fəaliyyətində yeni mərhələ
başlanmışdır.
“Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm”.
18 il əvvəl böyük dövlət
adamı Heydər Əliyevin dilindən səsləndirilmiş
bu fikirlərin Azərbaycan tarixinə Müzəffər Ali
Baş Komandan ünvanını qızıl hərflərlə
yazmış İlham Əliyev haqqında deyilməsi təsadüfi
deyil.
Siyasi varislik,
ata-oğul münasibəti dövlətçilik kontekstində
İlham Əliyev müsahibələrinin
birində deyir:
- Atam öz siyasi təcrübəsini
addım-addım mənə ötürür, bu və ya digər
vəziyyətdə özünün necə hərəkət
edə biləcəyini mənə izah edirdi.
- Neçə dəfə
eşitmişəm ki, arxamca deyirlər: “Onu atası qabağa
çəkir”, yaxud “Heydər Əliyev Prezident olmasa, İlham
bu nailiyyəti əldə edə bilməzdi”. Belələrinə
nə cavab verəsən? Bir neçə il
əvvəl müsahibələrimin birində mən belə
cavab vermişəm:
- Belə şayiələr
danışırlar ki, Heydər Əliyev öz oğlunu
prezidentliyə hazırlayır. Niyə də
hazırlamasın? Hər ata istəyər
ki, onun övladları əlçatmaz zirvələrə
yüksəlsin. Bu, tamamilə normal arzudur.
Prezident öz oğlunu elə tərbiyə etmişdir ki, o, həyatda
şəxsiyyət ola bilsin və
xalqın rifahı naminə onun işini davam etdirsin. Əgər İlham Əliyev belə bir pilləyə
qalxıbsa, deməli, atasının əməyi boşa getməyib.
Bu da yenə onun siyasətidir.
Hər bir ölkə
üçün hakimiyyət varisliyi çox aktualdır. Yaxşı məlumdur
ki, sabitlik cəmiyyətin məqsədyönlü və
dinamik vəziyyətinin rəhnidir. Bu tarix
boyu dəfələrlə təsdiqini tapıb.
Ona görə də Heydər
Əliyevin öz xələfi barədə
narahatçılıq keçirməsi təbiidir. Bundan əlavə, o, öz
xələfini əvvəlcədən hazırlamağa
başlamışdır: “Atam öz siyasi təcrübəsini
addım-addım mənə ötürür, bu və ya digər
vəziyyətdə özünün necə hərəkət
edə biləcəyini mənə izah edirdi. Ancaq
o, əvvəlcə məni dinləyir, bəzən
razılaşır, bəzən də etiraz edirdi. Mən getdikcə daha tez-tez Azərbaycan Prezidentinin rəsmi
danışıqlarında iştirak edirdim. Adətən susur, baş verənləri əxz
edirdim.
İndi mən tam əminəm
ki, Heydər Əliyevin tutduğu yol Azərbaycanın
uğurlu və təhlükəsiz inkişafının ən
mühüm amilidir. Təbii ki, bu yol müəyyən düzəlişlərlə
davam etdirilməlidir. Uzun illər və
onilliklər boyu. Mən qətiyyətlə
bunu gerçəkləşdirməyə
çalışacam”.
Siyasi varisliyin ən parlaq
nümunəsi olan İlham Əliyev fenomeninin sirri onun yüksək
diplomatik bacarığı, çevik düşüncəsi
və müdrikliyindən doğan uğurlu fəaliyyətidir.
Yeniliklərə
doğru addımlar
İlham Əliyev daim məmurları
sadə olmağa, həmçinin vətəndaşların
xidmətində dayanmağa təşviq etmiş, həmçinin
vətəndaşlara yüksək xidmətin təmin
olunması məqsədi ilə əməli fəaliyyət
göstərmişdir. Bu sırada Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin “ASAN xidmət” mərkəzlərinin
yaradılması şəffaflığın təmin
olunması və vətəndaşlara yüksək xidmət
göstərilməsi ilə bağlı ən gözəl
nümunədir. Əvvəlcə paytaxtda
fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri
artıq rayonlarda öz fəaliyyətini genişləndirməkdədir.
İlham Əliyevin hakimiyyəti dönəmində
ÜDM artım tendensiyasına görə Azərbaycan
dünya ölkələri sırasında öncül yerlərdə
qərar tutmuşdur. Onun hakimiyyəti dönəmində
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan
qazını Avropaya çatdıran “Cənub qaz dəhlizi”,
TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolu gerçəkləşmiş,
“Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizləri yaradılmış, ölkəmizdə
energetika və nəqliyyat infrastrukturunun tərkib hissəsi
olan transmilli layihələr icra edilmiş və hazırda da
bu istiqamətdə işlər görülməkdədir.
İlham Əliyevin dönəmində
“Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərinin kosmosda
uğurlu fəaliyyətinə nail olumaqla ölkəmiz
dünyada az sayda orbitdə peyki olan ölkələr
sırasına daxil olmuşdur.
Azərbaycan Ordusunun
maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində
atılan ardıcıl addımlar nəticəsində Azərbaycan
Ordusu dünyanın ən güclü 50 ordusu sırasında
yer almışdır. 27 sentyabr 2020-ci il əks-həmlə
əməliyyatından sonra isə Azərbaycan Ordusunun
apardığı əməliyyatlar hərbi mərkəzlərdə
öyrənilməyə başlanmışdır. 30 illik işğala 44 gün ərzində son qoyan
Ali Baş Komandan İlham Əliyev məhz bu müharibədə
Müzəffər Ali Baş Komandan adı
qazanmışdır. Bu ad ona Azərbaycan tarixinin son iki
yüz ilində işğal edilmiş torpaqlarımızı
düşməndən hərbi gücü ilə geri alan yeganə sərkərdə olaraq
verilmişdir.
Vətən müharibəsi
onun sərkərdəlik məharətini qabarıq şəkildə
üzə çıxartdı. Diplomatik gedişlər,
açıqlamalar, görüşlər və xarici KİV-ə
verilən geniş müsahibələr onun nə qədər
bacarıqlı diplomat və siyasətçi olduğunu
göstərdi. BMT-dən sonra dünyada ən
böyük siyasi qurum olan Qoşulmama Hərəkatına sədrlik
edən Azərbaycan Prezidenti İlham Əliyevin sədrlik
müddətinin daha bir il
artırılması onun qlobal liderlik səylərinə verilən
yüksək dəyərdir.
İlham Əliyevin tarixi qələbəsinin
təntənəsi olaraq Azadlıq meydanında keçirilən
Zəfər paradı bu şanlı qələbənin ən
gözəl təcəssümüdür. Azərbaycan
xaqlının qalib xalq kimi, böyük xalq kimi
yaşamağa haqqı olduğunu söyləyən İlham
Əliyevin Bakının mərkəzində
yaratdığı Hərbi Qənimətlər Parkı zəfər
müjdəli Prezidentin qələbəsinin daha bir simvoludur.
Bu tarixi qələbədən
sonra cənab İlham Əliyev ölkəmizin
inkişafında yeni quruculuq dönəminin
başladığını elan etdi. Bu siyasəti prioritet istiqamətlərinə
görə 3 qrupa bölmək olar: ordu potensialının daha
da gücləndirilməsi; işğal olunmuş ərazilərin
təhlükəsizliyinin təmin olunması; işğal
olunmuş ərazilərin yeni infrastrukturunun
formalaşması.
Əsası Ümummilli Lider Heydər
Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət Azərbaycan
xalqını etibarlı gələcəyə aparan ən
doğru yoldur!
Türk
dünyasına xidmət və türk dünyasının
gücləndirilməsi
İlham Əliyevin tələbə
yoldaşı T.Yəhyayev: “O zamanlar (sovetlər dönəmində)
bizə düşmən obrazı kimi təqdim olunan Türkiyənin
qardaş olduğunu İlham Əliyevin söhbətlərindən
bilmişdim...”
Türkdilli dövlətlərin siyasi-iqtisadi və mədəni
kontekstdə birləşdirilməsi ideyasının gerçəkləşməsində
Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
Məhz sözügedən qurumun təsis edilməsi ilə
bağlı ilk toplantının da Azərbaycanın qədim
yaşayış məskənlərindən olan
Naxçıvan şəhərində keçirilməsi təsadüfi
deyildi. 3 oktyabr 2009-cu ildə
Naxçıvan şəhərində Azərbaycan,
Qazaxıstan, Qırğızıstan və Türkiyə
dövlətlərinin iştirakı ilə tarixi bir addım
atıldı. Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının yaradılması
haqqında Naxçıvan Sazişi imzalandı. Türk dünyasının və türk
xalqlarının inteqrasiyasının təmin olunmasında bu
qurumun təsis edilməsi çox böyük addım oldu.
Saziş Azərbaycan Respublikası parlamenti tərəfindən
təsdiq edilərək beynəlxalq müqavilə statusu
qazandı.
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının Türk Dövlətləri
Təşkilatına çevrilməsi isə siyasi əhəmiyyət
daşıyır. Bir məsələni də qeyd etmək
lazımdır ki, Türk Dövlətləri Təşkilatının
üzvü olan dövlətlərin hər birinin digərləri
ilə müxtəlif sahədə ikitərəfli münasibətləri
mövcuddur. Lakin bu dövlətlərin
bir təsisat altında birləşdirilməsi onların
ümumtürk xalqlarının müxtəlif istiqamətlərdə
birgə inkişaf strategiyasının müəyyənləşdirilməsinə
səbəb olacaq.
Türk Dövlətləri
Təşkilatının ilk təsis toplantısının məhz
Naxçıvanda keçirilməsi də rəmzi xarakter
daşıyır. Naxçıvan Muxtar Respublikası Türkiyə-Azərbaycan
münasibətlərində Qars müqaviləsi kontekstində
xüsusi əhəmiyyət daşıdığı kimi,
Ali Baş Komandan cənab İlham Əliyevin Ali Orden
aldığı son toplantı da təsadüfi deyil ki,
Türkiyənin müstəqlillik və demokratiya adasında
keçirilmişdir. Həmin toplantıda
çıxış edən Prezident İlham Əliyev qurumun
təsis toplantısındakı çıxışına
istinad edir. Bu yaddaş xatırlatması təsadüfi
xarakter daşımır. Cənab Prezident
tarixi yaddaşı bir daha təzələyərək bu təşkilatın
üzunmüddətli məqsədlər üçün
qurulduğunu vurğulayır. Həmin
toplantıdan Prezident İlham Əliyevin
çıxışına diqqət edək. “Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq
edirik. BMT-də, İslam Konfransı Təşkilatında,
ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz
bir-birinə həmişə dəstək verir və bu, belə
də olmalıdır. Çünki bizi
müştərək tarix birləşdirir, tarixi-mədəni
köklər birləşdirir. Biz öz
işimizi bu möhkəm təməl üzərində
qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi
gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın
da çox vacib amilidir”.
Həmçinin Prezident
İlham Əliyev ilk toplantıda əməkdaşlığın
istiqamətlərini müəyyən edərək bu fəaliyyətin
spektrlərini göstərir. Prezident İlham Əliyev əməkdaşlıq
istiqamətlərini 4 kateqoriyaya ayırır - iqtisadi və neft-qaz sənayesi,
beynəlxalq münasibətlər, hümanitar-mədəni, nəqliyyat-logistika.
Göründüyü kimi,
bu kateqoriyalar iqtisadi və siyasi münasibətlərin
bütün spektrlərini əhatə edir. Prezident
İlham Əliyevin ilk toplantıda strateji olaraq səsləndirdiyi
fikirlərin artıq bir çoxu gerçəkləşib.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
reallaşmasını, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
çəkilişini, TÜRKSOY təşkilatının fəaliyyətini
buna misal çəkmək olar. Türk
xalqlarının mədəni inteqrasiyasında bu qurumun
böyük rolu danılmazdır.
Bu müddət ərzində
üzv dövlətlərin 4-dən 7-yə qalxması,
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Türk Dövlətləri Təşkilatına
çevrilməsi, həmçinin “Türk dünyasına
baxış - 2040” sənədinin qəbul edilməsi bu qurumun
uzunmüddətli perspektivə hesablandığının
göstərcisidir.
Dünyanın siyasi və iqtisadi
sferasında böyük potensiala malik olan türk
xalqlarının gələcək strategiyasının müəyyənləşdirilməsində
Türk Dövlətləri Təşkilatının müstəsna
rol oynayacağına böyük ümidlərlə “Tanrı
türkü qorusun” deyirik!
Prezident İlham
Əliyev və ailə dəyərləri
Ailə dəyərlərinə
cənab Prezidentin öz sözləri ilə başlamaq istəyirəm. Cənab Prezident deyir: “Mən
qəti inanıram ki, ailə hər şeydən əvvəl
həmfikirlər deməkdir. Ailə - kişi
və qadın bənzər həyat prinsipləri və mənəvi
dəyərləri olan iki adamdır. Ona görə
də mənim fikrimcə, ailədə bu sözün radikal mənasında
“müxalifət” olmamalıdır.
Bir çox məsələdə
Mehribanla mənim baxışlarım ümumidir. Biz təxminən
oxşar mühitdə böyümüşük. Ötən əsrin bütün çətinliklərinə
baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərinə,
milli ənənələrinə sədaqəti qoruyub
saxlamış Azərbaycan ziyalılarının ailəsindənik.
Belə köklərə mənsub olmaq əsl
xoşbəxtlikdir. O, Prezidentin həyat yoldaşı
olsa belə, qadındır, o, ailədə dincliyin, həmahəngliyin,
sevginin qarantıdır. Mənim üçün çox
vacibdir ki, inanılmaz dərəcədə dolğun və gərgin
iş günündən sonra evə gələndə məni
başa düşür və dəstəkləyir. Mehriban ictimai fəaliyyətlə də məşğul
olmağa macal tapır.
Mehriban Əliyeva azad
düşüncəyə, ülvi məqsədə,
böyük qəlbə malik nəslinin ailəsinin ən nəcib
kefiyyətlərini özündə birləşdirən, cəmiyyətin
inkişafına dəyərli töhfələr verən, fəaliyyəti
ilə müasir Azərbaycan tarixinin bir hissəsinə
çevrilən qətiyyətli və ciddi rəhbər, eyni
zamanda Şərq gözəlliyini təcəssüm etdirən
zərif və məlahətli qadın, xeyirxah və müdrik
şəxsiyyətdir...
O, uzun illərdir ki, ictimai-siyasi, mədəni
və beynəlxalq sferalarda fəaliyyətdə vacib rol
oynayır, ümumilikdə çoxtərəfli və
uğurlu fəaliyyət göstərir. Mən onun Azərbaycanın
Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsində
məhz bu amilləri rəhbər götürmüşəm...
O, peşəkar, təcrübəli və prinsipial
insandır, humanistdir”.
Əlbəttə, Mehriban
xanımın fəaliyyəti uğurlu bir azərbaycanlı
qadının nümunəsidir və hər kəsdə
qürur hissi doğurur. Onun “dövlət
başçısının xanımı kimi mənim
üçün ən vacibi o olmuşdur ki, mən öz
ölkəm üçün nə edə bilərəm” fikri
təkcə daxili gözəllik, zənginlik və ya təvazökarlıq
kimi deyil, Azərbaycan qadınlarına bir
çağrış kimi qiymətləndirilməlidir. Eyni zamanda bu fikirlər “Şərq ölkələrinə
xas olan siyasət yalnız kişilərin işidir” kimi
stereotipləri dağıdaraq Azərbaycan qadınının
və ailəsinin möhtəşəm obrazını
yaradır.
Oğlu Heydər Əliyevə
münasibətdə cənab İlham Əliyev bildirir ki, “mən
çalışıram ki, oğlumla imkan daxilində daha
çox birlikdə vaxt keçirim. Oğlan
uşağı üçün çox vacibdir ki, atası təsadüfdən-təsadüfə
deyil, həmişə yanında olsun”.
Cənab Prezidentin belə bir
nümunəvi ailə dəyərlərinə mənsub
olması cəmiyyətdə humanizim ideyalarının bərqərar
olmasına sirayət edir və cəmiyyəti bütövləşdirərək
yeni inkişaf perspektivlərinin təməlini yaradır.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii
ehtiyatlar,
energetika və
ekologiya komitəsinin sədri
Azərbaycan.-
2021.-22 dekabr.- S.8.