Möhtəşəm uğurlarımızın müəllifi

 

Dövlətlərin tarixində və xalqların taleyində lider amili müstəsna rol oynayıb. Azərbaycanın artıq 30 ili geridə qalan müstəqillik tarixi də liderlərin ölkənin taleyindəki rolunu aydın göstərir. Əgər müstəqilliyimizin ilk illərində xalqımız respublikamıza qətiyyətli şəxslərin rəhbərlik etməməsi səbəbindən siyasi-iqtisadi böhranlarla üzləşmişdisə, 1993-cü ildən qazanılan bütün uğurlara məhz qüdrətli liderlərin - Heydər Əliyevin və İlham Əliyevin rəhbərliyi sayəsində nail oldu.

Əbədiyaşar şəxsiyyət, Ulu Öndər Heydər  Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi, müstəqilliyimizi qoruduböyük siyasi dühası, xalqımız qarşısındakı xidmətləri ilə müasir dövlətimizin banisinə, xalqımızın Ümummilli Liderinə çevrildi. Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, müasir dövlətçiliyimizin və respublikamızın inkişafının möhkəm təməllərini yaratmaqla bərabər,  müəyyən etdiyi strateji kursu davam etdirməyə qadir  istedadlı, xalqını və vətənini sevən, zəngin idarəçilik keyfiyyətlərinə malik siyasi lider yetişdirib. Ötən 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bütün uğurlar bunu təsdiq edir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın enerji strategiyasının təntənəsi, neft-qaz ixracından əldə olunan gəlirlərin iqtisadiyyatın digər sferalarının yüksəlişi üçün səmərəli istifadə olunması, respublikamızın inkişaf yoluna çıxarılması və regionun aparıcı dövlətinə çevrilməsi, ordumuzun gücləndirilməsi, vətəndaşların sosial rifahının davamlı şəkildə yaxşılaşdırılması ötən 18 ilin reallıqlarını dəyərləndirməyə imkan verən möhtəşəm sosial-iqtisadi uğurlarımız sırasında yer alır. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başlamış “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsinə, kosmosa 3 peykin göndərilməsinə, Azərbaycanın regionun tranzit mərkəzinə çevrilməsinə qədər bütün möhtəşəm uğurların müəllifi Prezident İlham Əliyevdir.

Prezident İlham Əliyev ölkəmizin yüksəlişinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib. Dövlət başçısının  düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Bu siyasət Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, kosmik klubun üzvünə və beynəlxalq tədbirlərin məkanına çevrilməsini təmin edib.

Bütövlükdə, 2003-2021-ci illərin reallıqları deməyə əsas verir ki, Prezident İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu dəqiq müəyyən edir. Eyni zamanda dövlətimizin başçısı onların həlli üçün konkret planlara, proqramlara, yüksək qabiliyyətli komandaya malikdir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin ən əlamətdar hadisəsi isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunmasıdır. Vətən müharibəsindəki Zəfər cənab İlham Əliyevin siyasi liderAli Baş Komandan kimi qətiyyətinin və böyüklüyünün təntənəsidir. Dövlətimizin başçısı öz müdrikliyi ilə, Azərbaycanı inkişaf yoluna çıxarmaqla torpaqlarımızın işğaldan azad edilməsini təmin etdi. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidənqurulması isə İlham Əliyev siyasətinin növbəti təntənəsi kimi tarixə düşəcək.

Heydər Əliyev Azərbaycanı bir dövlət olaraq parçalanmaqdan xilas etmişdisə, möhtərəm Prezident İlham Əliyevin sayəsində Azərbaycan öz tarixinin ən güclü və ən şərəfli dövrünü yaşayır.  Ölkə vətəndaşları bu gün haqlı olaraq nail olduğumuz uğurlarla, güclü Azərbaycan dövləti ilə fəxr edirlər. Bütün bunlara çatmaq Prezident İlham Əliyevin fəaliyyətinin daimi prioritetləri olub. Vətən müharibəsindəki zəfər nəticəsində möhtərəm İlham Əliyev həm də Azərbaycanın yüksəlişində yeni mərhələnin əsaslarını yaradıb. Bu mənada xalqımız tezliklə dövlətimizin növbəti möhtəşəm nailiyyətlərinə şahidlik edəcək.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2021.-22 dekabr.- S.9.