Zəfəri quruculuqla davam etdirən lider

 

Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı güclü, istiqrarlı dövləti ilə fəxr edir, qürur duyur. Çünki tariximizin yeni, dövlətimizin isə ən qüdrətli mərhələsini yaşamaqdayıq.

44 günlük Vətən müharibəsindəki böyük Zəfərdən sonra əldə edilən uğurlar, qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan daha möhtəşəm gələcəyə doğru inamla addımlayır. Bu şanlı tarix, böyük zəfər, müasir Azərbaycan tarixinin yeni mərhələsi Prezident İlham Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Son 18 ildə Azərbaycanı iqtisadi cəhətdən güclü dövlətə, dünyada söz sahibinə çevirən İlham Əliyev adı və sanı ilə xalqın qalib simvoluna, mütərəqqi əməlləri isə qürur rəmzinə çevrilib. Bütün bu həqiqətlərin təməlində isə onun doğma xalqına və torpağına sonsuz məhəbbəti, sədaqət meyarları dayanmaqdadır.

 

Xalqına və sözünə sadiq lider

 

Bu mərhələlərin reallaşması heç də asan başa gəlməyib. Amma görünən odur ki, dövlətçilik, milli-mənəvi dəyər ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında, ölkənin qalib gücə çevrilməsində şəxsiyyətin - İlham Əliyevin rolu çox böyükdür.

2003-cü ildə xalqın mütləq əksəriyyətindən etimad mandatı alaraq Azərbaycan Prezidenti seçilən İlham Əliyev verdiyi bütün vədlərinə sahib çıxaraq xalqına sadiq lider olduğunu dəfələrlə isbatlayıb. 

Bu gün isə Azərbaycan postmüharibə dövründə keyfiyyətcə yeni strateji mərhələyə daxil olub. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra ölkəmizdə mahiyyət etibarilə yeni dövr başlayıb. Artıq bütün addımlar yeni reallıqlara uyğun atılır.

Prezident İlham Əliyevin hazırladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı dövrdə inkişafın yol xəritəsi hesab olunur. Dünya iqtisadiyyatına hələ də ciddi təsir etməkdə olan qlobal pandemiya ilə mübarizə tədbirləri iqtisadiyyatımıza təsirsiz ötüşməsə də, dövlətin iqtisadi qüdrəti imkan verir ki, həm işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işləri, həm pandemiyaya qarşı mübarizə tədbirləri, həm də qarşıdakı dövr üçün yeni mütərəqqi islahatları reallığa çevirmək mümkün olsun.

Artıq Qarabağ münaqişəsi tarixə qovuşub və qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə, Qarabağı yenidən qurmaqdır. İşğaldan azad edilmiş torpaqlarımızda böyük tikinti-quruculuq işləri başlayıb.  Qarabağda böyük tikinti bumu yaşanır. Tezliklə işğaldan azad olunmuş ərazilərimiz “yaşıl enerji” zonasına çevriləcək. Bu ərazilərdə yüksək texnologiyaların, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının tətbiqi Azərbaycana dünyada misli görünməmiş dəyişikliklər həyata keçirmək imkanı verəcək.

Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Azərbaycanın bölgədəki rolunu daha da gücləndirəcək.

Zəngəzur dəhlizinin açılması isə Azərbaycanı Avrasiyada mühüm nəqliyyat logistika mərkəzlərindən birinə çevirəcək.

 

Yeni gənclər ordusu yetişəcək

 

XXI əsrin innovativ müharibəsini apararaq torpaqlarımızı düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan bu gün yeni minilliyin texnologiyaları ilə Qarabağı yenidən qurur. Azərbaycan dövləti böyük tikinti-quruculuq işlərinin miqyası ilə dünyaya göstərir ki, vandal ermənilərin 30 ildə darmadağın etdikləri Qarabağı qısa müddətdə yenidən dirçəltmək gücündədir. Özü də təkbaşına, kimdənsə maliyyə dəstəyi almadan.

Böyük Zəfərdən sonra Qalib Komandanın diplomatik qələbəsi ilə bir güllə atılmadan belə azad edilən Ağdama səfər etməsi isə tarixi günlə üst-üstə düşdü. Mayın 28-də - Respublika Günündə Ağdamda tarixi hadisə baş verdi. 27 ildən sonra düşmən tapdağından qurtulmuş qədim Ağdam şəhərinin yerində yeni, möhtəşəm şəhərin təməlqoyma mərasimi keçirilirdi. Prezidentin işğaldan azad edilmiş ərazilərlə bağlı təsdiqlədiyi ilk baş plan da Ağdam şəhəri ilə bağlı oldu. Bu, təkcə ağdamlılara yox, dünya azərbaycanlılarına böyük qürur, fəxarət hissi yaşatdı. Həmin mərasimdə Prezident bəyan etdi ki, Ağdam cənnətə çevriləcək və rahat  yaşamaq üçün gözəl şəhər olacaq.

Bu, təkcə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi məsələsi deyil. Bu qalibiyyətin arxasında çox ciddi məqamlar, hərbi, iqtisadi, ən önəmlisi isə, mənəvi yük var. Qarabağın təməl daşının qoyulması Respublika Günündə baş verdi və cənab Prezidentin özünün də bildirdiyi kimi, bu, rəmzi məna daşıyırdı. Çünki builki Respublika Günü həm də Ağdamın baş planının təqdimatı və Prezident İlham Əliyev tərəfindən yeni Ağdamın təməl daşının qoyulması ilə tarixə yazıldı.

Artıq Ağdamda icrasına start verilən layihələr şəhərin və bölgənin gələcək iqtisadi inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Şəhərdə inşa ediləcək müəssisələr onu deməyə əsas verir ki, Ağdam Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən biri olacaq. Respublikanın müxtəlif rayonlarında məcburi köçkün həyatı sürən ağdamlılar yenidən oz doğma yurdlarına qayıdıb xoşbəxt, firəvan həyat sürəcəklər.

Ağdam həm də elm-təhsil, innovasiya mərkəzinə çevriləcək. Ağdamda yaradılacaq “Qarabağ” Universiteti təkcə Qarabağ, Azərbaycan üçün adi bir universitet olmayacaq, həm də dünyanın ən tanınmış ali təhsil ocaqları ilə rəqabət apara biləcək nüfuzlu bir mərkəz olacaq.

Ağdamda yeni, müasir düşüncəli vətənpərvər, torpağa bağlı gənclər ordusu yetişəcək. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla, rəşadətlə tarixdə iz qoyan gənclərin övladları da özləri kimi igid, cəngavər kimi böyüyəcək. Torpaq etibarlı əllərdə olacaq.

Gənclərin üzərinə böyük məsuliyyət düşür

 

Bugünkü Azərbaycan gəncliyi Vətən təəssübkeşliyini, xalqa sədaqət nümunəsini məhz Prezident İlham Əliyevin həyat və fəaliyyətindən götürür. Çünki Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq Prezidentin gənclər siyasətinin mühüm rolu var.

Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatı 30 illik həsrətimizə son qoyaraq Qarabağı işğaldan azad etməsindən sonra biz gənclərin də üzərinə böyük məsuliyyət düşür.

Bu gün biz Qarabağın qədim və əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyən tarixi faktları dərindən mənimsəməli, dünyaya olduğu kimi çatdırmalı və xain düşmənlə informasiya müharibəsində hər zaman üstün olmalıyıq. Necə ki, Prezidentimiz diplomatik məharəti ilə erməni uydurmalarını bütün beynəlxalq toplantılarda ifşa edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırır, biz gənclər də bu istiqaməti özümüzə prioritet kimi müəyyənləşdirməliyik. Bu gün Azərbaycan gənclərinin mütləq əksəriyyəti birmənalı şəkildə bu yolu tutduğunu bəyan edir. Hər zaman cənab İlham Əliyevin yanında olan Azərbaycan gəncləri əmindirlər ki, müasir qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək.

Bir sözlə, hər birimiz möhtəşəm tarixi günlər yaşadıq və yaşamaqda davam edirik. Prezidentin söylədiyi kimi, çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Qarabağ yenidən cənnətməkana çevriləndə daha əzəmətli, qüdrətli Azərbaycan vətəndaşları kimi qürur hissi keçirəcəyik və bu günləri bizə yaşadan Prezidentimizə minnətdar olub, ona alqış edəcəyik. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyevin adı tariximizə müdrik lider, böyük strateq, qalib sərkərdə kimi qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində xalqın maraqlarını ən ali məqsəd kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi qətiyyətli liderdir.

Bu gün gəncliyin ən böyük dostu və himayədarı da İlham Əliyevdir. Öz lideri ətrafında sıx birləşən müasir gənclər Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi və onun məqsədyönlü siyasətinin reallaşmasına töhfə verən sadiq müdafiəçiləridirlər.

 

Vasif HƏSƏNOV,

YAP Ağdam Rayon Təşkilatının Gənclər Birliyinin sədr müavini

 

Azərbaycan. - 2021.-22 dekabr.- S.10.