İlham Əliyevə əbədi minnətdarıq
Məh daha köçkün
deyiləm
Ağdamla bağlı xatirələrim adda-budda, yarımçıq, çox dumanlıdır. Sadəcə 4-5 yaşlı uşağın hafizəsində ilişib qalan işartılar, boylanıb yoxa çıxan mənzərələr, hadisələr, yaşanmışlar var. Rayonumuz, şəhərimiz, kəndimiz necə idi, yadımdamıydı?! Bəs küçəmiz, evimiz, həyətimiz, bağımız?!
Nagüman suallarımın arxasınca xatirələr cığırına düşür, tanış izlərlə dəfələrlə Ağdama yollanardım. Həyətimizdə dövrə vurar, bağa qaçardım. Meyvələrin ağırlığından budaqları yerə dəyən ağacların bəhrələrini dərib ətəyimə yığardım. Evimizə yollanardım, otaqları bir-bir gəzər, əşyalara, divardakı rəsmlərə baxardım...
Üz tutardım təbiətin qoynuna. Sonra... Günəşin altında bərq vuran suya əyiləndə oradan üzümə tanış bir qızcığaz gülümsəyərdi... Və hər dəfə qəfil görüşün diksintisindən Ağdamlı xatirələrim də yarıda qırılar, çaya qoşularaq sürətlə axıb gedərdi...
Yoxluğun özü
Mən də həyatının böyük bir hissəsi Vətəndə qəribçiliklə, məcburi köçkünlüklə keçənlərdən biri olmuşam. Bilirsiniz, məcburi köçkünlük, həm də sözün əsl mənasında yoxluğun özü deməkdir - Vətənin yoxluğu, xatirələrin yoxluğu, gedə biləcəyin doğma yerlərin yoxluğu...
Təbii ki, həmin zaman ərzində biz məcburi köçkünləri problemlər qarabaqara izləyib. Bağçaya da, məktəbə də, universitetə də çətin sınaqlarla yollanmışıq. Ən dəhşətlisi isə mənəvi məhrumiyyətlərimiz, əzablarımız çox olub. Toy da etsək, bayramları da keçirsək, qonaq da getsək, bu məclislərin heç birində ürəkdən şad ola bilmirdik. Elə bil hər şey natamam, yarımçıq idi. Sanki nə isə gözləyirdik, hara isə getməyə can atırdıq, amma gedə bilmirdik. Yollarımız yarıda kəsilirdi, xəyallarımız, arzularımız puç olurdu. Bax, beləcə bütöv bir ömrü yoxluqlar sınağında, bu cür sıxıntılarla, əziyyətlərlə keçən rəngsiz, boz bir həyatda yaşamağa çalışırdıq...
İşğal nəticəsində yurdunu-yuvasını itirmiş vətəndaşların problemlərinin həllinə daim böyük qayğı göstərən, bizi anlayan, duyan Prezident İlham Əliyevin Türkiyənin “Anadolu” Agentliyinə verdiyi müsahibəsində kövrələrək bildirdiyi kimi, çox əzab-əziyyət çəkdik, amma sınmadıq, möhkəm dayandıq.
Vətən sevdamızdan vaz
keçmədik
Heç bir zaman ürəyimizdə, qəlbimizdə, ruhumuzda daşıdığımız Vətən sevdasından vaz keçmirdik. Bir gün mütləq işğal olunan bütün dədə-baba torpaqlarımıza, Ağdama qovuşacağımıza olan inamımızı itirmirdik.
Və bu inanc, ümid, arzudan doğan xöşbəxtliyi düz 27 ildən sonra, 2020-ci ilin 27 sentyabrında daddıq. Həmin gün bütün məcburi köçkünlərin diriliş, 2020-ci ilin 20 noyabrı isə biz ağdamlıların qurtuluş gününə çevrildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” haqq nidası doğma Ağdamın 27 illik əsarətinə, ağdamlıların isə 27 illik həsrətinə birdəfəlik son qoydu.
Ötən ilin şanlı 44 gününün hər birini Azərbaycan xalqı Zəfər sevinci ilə yaşadı. Biz keçmiş məcburi köçkünlər üçün isə bu günlərin hər biri möhtəşəm hisslər yaşadığımız, sevincdən, fərəhdən göz yaşlarına boğulduğumuz xoşbəxtliyimizin zirvə nöqtəsi oldu. Gecə-gündüz ekranların qarşısından çəkilməyərək Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəli xəbərlərini səbirsizliklə izlədik. Vətən müharibəmizin baş qəhrəmanı İlham Əliyevin hər müraciəti bitər-bitməz biz də öz doğmalarımıza, yaxınlarımıza gözaydınlığı verməyə tələsdik, xoşbəxtliyimizi bir-birimizlə bölüşdük, 30 ilə yaxındır ki, həsrəti, nisgili, qubarı ilə yaşadığımız doğma torpaqlarımıza, Ağdamımıza qovuşacağımız üçün Allaha şükürlər edirdik.
Kəlbəcər və Laçınla bərabər, Ağdamın da bir güllə belə atılmadan, bir şəhid belə verilmədən azad edilməsi isə Qələbə sevincimizi ikiqat artırmışdı.
“Əziz keçmiş
köçkünlər, siz artıq köçkün deyilsiniz”
Zəfərin ertəsi günü Prezident İlham Əliyev biz məcburi köçkünlərə müraciət edərək söylədi ki, “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz”. Dövlət başçımız qətiyyətlə bildirdi ki, biz sizi tezliklə öz doğma dədə-baba torpaqlarınıza qaytaracağıq və Azərbaycan dövləti bunun üçün əlindən gələni edəcək.
Bəli, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində indi biz Böyük qayıdışın astanasındayıq.
Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin öz yurdlarına ləyaqətli və təhlükəsiz qayıtmaları üçün işğaldan azad edilən torpaqlarımızda böyük layihələr gerçəkləşdirir. Onu da vurğulayaq ki, Qarabağa və Şərqi Zəngəzura tezliklə həyatın qaytarılmasında qarşıda duran əngəl sadəcə zamandır. Çünki 30 ilə yaxın bir müddətdə mənfur düşmən işğal etdiyi ərazilərimizi istismar edib, təbii sərvətlərimizi talayıb, şəhər və kəndlərimizi viran qoyub, təbiətimizi məhv edib. Erməni barbarları milli-mənəvi dəyərlərimizə, dinimizə qarşı da dözümsüzlük nümayiş etdirərək xalqımıza məxsus bütün tarixi, dini, mədəni abidələrimizi dağıdıblar. Təkcə bir fakta diqqət yetirək: statistikaya əsasən, işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrdən 67-si məscid olub ki, həmin məscidlərdən 65-i mənfur ermənilər tərəfindən tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb. Erməni barbarları Azərbaycan ərazilərini tərk edərkən də öz xain xislətinə xas davranaraq torpaqlarımızı minalayıb və bu da qayıdışın sürətini azaldan əsas səbəblərdəndir.
Amma mənfur düşmən nə qədər barbarlıqlar törədib bizi o torpaqlardan didərgin salmağa çalışsa da, məkrli niyyətinə nail ola bilmədi.
Yeni Qarabağın uğurlu təməli
qoyulub
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında işğaldan azad edilən bütün yurdlarımızda sürətli quruculuq-bərpa işləri aparılır, müasir infrastruktur qurulur, yeni yollar çəkilir, beynəlxalq hava limanları tikilir, “ağıllı kənd”, “ağıllı şəhər”lər salınır.
Eyni zamanda ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilən bölgələrimizdəki bütün tarixi, dini, mədəni abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılır. Birinci vitse-prezidentin tapşırığına əsasən, Qarabağda və Şərqi Zəngəzurda tarixən var olan mədəni ənənələrimiz bərpa edilir.
Ermənilərin yerlə-yeksan etdiyi və işğaldan azad olunduqdan sonra görənlərin dəhşətə gələrək “Qafqazın Xirosiması” adlandırdığı doğma yurdum Ağdam da sürətlə dirçəldilir. Artıq bu ilin may ayında bütün detalları dəqiq və incəliklə hazırlanmış Ağdam şəhərinin ideal baş planı da təsdiqlənib. Prezidentimiz Ağdamda yaşayış binasının, 1 nömrəli məktəbin, Qələbə və İşğal muzeylərinin təməlini qoyub. Çox qısa zamanda bütün işğaldan azad edilən yurdlarımız, o cümlədən də Ağdam bərpa olunacaq və gözoxşayan yeni sima alacaq, doğma sakinləri qoynuna qayıdacaq.
Sözlə ifadəsi çətin olan bu möhtəşəm anlara şahidlik etdiyimiz və həyatımızın qalan hissəsini doğma yurdumuzda yaşamaq kimi xoşbəxt qismətə nail olacağımız üçün özümüzü bəxtəvər sayırıq. Sadəcə bu günləri görmək nəsibi olmayan və yurd həsrəti ilə dünyadan köçənlərlə bağlı ürəyimizdə bir nisgillik var. Amma əminik ki, onların qərib ruhları da artıq rahatlıq tapıb.
Bəli, bu, Allahın bizlərə, illərdir yurd nisgili ilə yaşayanlara möcüzəvi ərməğanı və bir qərinədir ki, üzərimizdə daşıdığımız ağır “məcburi köçkünlük yükü”ndən azad olmağımız, sevinclə, qürurla, səsimiz gəldikcə dünyaya hayqırmağımızdır ki, “daha biz köçkün deyilik...”
Vüsalə HÜSEYNOVA,
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin
İctimaiyyətlə
əlaqələr şöbəsinin müdir müavini
Azərbaycan.-
2021.-22 dekabr.- S.10.