Verilən vədə sadiqlik örnəyi
Azərbaycan Prezidenti İlham Əliyev 18 il ərzində
məcburi köçkünlərin sosial-məişət problemlərini həll etməklə
yanaşı, onların ən ümdə arzusunu
da gerçəkləşdirdi
Dünyaya daim sülh, əmin-amanlıq arzu edilsə də, bu istək hələ reallığa çevrilmir. Müxtəlif dövrlərdə insanlar münaqişə və müharibələrin qurbanları kimi həlak olur, yaralanır, mal-mülkü tar-mar edilir, onlar öz doğma yurdlarından, vətənindən didərgin salınıb, qaçqın-köçkünə çevrilirlər.
Azərbaycan xalqı da neçə illər bu dəhşətlərin qurbanına çevrilənlərin sırasında olub. Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz ana Vətənində ev-eşiyini tərk edib qaçmağa məcbur olan soydaşlarımız bu ağrı-acını 30 ilə yaxın yaşayıb. Təəssüf ki, bu gün də dünyanın az qala bütün qütblərində qaçqınlıq-köçkünlük problemi bəşəri fəlakət həddinə çatıb.
Buna görə də 2000-ci ildə BMT-nin Baş Məclisi 20 İyun tarixinin Ümumdünya Qaçqınlar Günü kimi müəyyən olunması üçün xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.
Ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkəmizi dünyanın ən çox qaçqın və məcburi köçkünü olan dövlətə çevirdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində isə qazandığımız Zəfər işğalçı quldurların simasını bir daha açıb dünyaya göstərdi. Lakin 30 ilə yaxın müddətdə azərbaycanlıların qaçqın-köçkün kimi yaşaması tarixin silinməz səhifələrinə yazıldı. Əslində, xalqımız bir əsrdə dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə 250 min nəfər azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovularaq Azərbaycana pənah gətirdi. 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axıska türkü də Azərbaycanda sığınacaq tapdı.
Ermənistan Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldanda XX əsrin ən faciəli hadisələrindən biri törədildi - 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilərək, yer üzündən silindi. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olundu. Qarabağın dağlıq hissəsindən, ətraf rayonlardan, həmçinin Ermənistanla və onunla həmsərhəd yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum edildi. Həmin hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak oldu. 100 min nəfər yaralandı, 50 min isə müxtəlif dərəcəli xəsarət aldı.
Azərbaycan dövləti öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini ötən illər ərzində birnömrəli vəzifəsi hesab etdi. Bu problemlərin həlli istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm daşıdı. Problemin siyasi yolla həllindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təmələ çevrildi. Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə uzunmüddətli dövlət proqramına əsasən, bu kateqoriyadan olan insanların sosial müdafiəsi gücləndirildi.
2003-cü ildən başlayaraq Prezident İlham Əliyev bu istiqamətdə aparılan işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirib. Ötən illərdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün böyük imkanlar yaradıb. Buna görə də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da genişlənib. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Sonradan həmin proqrama 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla əlavələr təsdiq edilib və onların icrasında uğurlu işlər görülüb.
Ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük problemi təcavüzkar Ermənistanın illərlə davam edən işğalçılıq siyasəti nəticəsində yaranıb. Ötən illər ərzində bu problemin idarə edilməsi sahəsində müəyyən təcrübə qazanılıb. Qaçqınlara və məcburi köçkünlərə dövlət qayğısı ilə bağlı Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Eyni zamanda dövrün çağırışlarına, ölkəmizin sosial-iqtisadi inkişafına uyğun daha da təkmilləşdirilib. Doğma yurdunu itirmiş, qaçqınlığın və məcburi köçkünlüyün məhrumiyyətlərini yaşayan insanlara Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi həssas münasibət göstərib, onların problemlərinin həllində fəal iştirak edib. Son illərdə məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında, uzun illər ağır vəziyyətdə yaşayan ailələrin yeni mənzillərə köçürülməsi üçün ardıcıl və davamlı tədbirlərin intensiv xarakter almasında birinci xanım Mehriban Əliyevanın xidmətləri olduqca böyükdür.
İlk növbədə bu kateqoriyadan olan ölkə vətəndaşlarının sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr diqqəti cəlb edir. Vaxtilə verilən “ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq” vəd yerinə yetirildi. Məcburi köçkünlərin məskunlaşdığı bütün çadır şəhərciklərinin ləğv edilməsi üçün bütün infrastruktura malik 120-dək yeni qəsəbə salındı. Paytaxt Bakıda, eləcə də respublikamızın müxtəlif bölgələrində tələbə, fəhlə yataqxanalarında, eləcə də tikintisi yarımçıq qalmış qeyri-yaşayış obyektlərində, bağça və pansionatlarda... müvəqqəti sığınacaq tapmış insanlar yeni salınan qəsəbə və məhəllələrdə mənzillə təmin olundular.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildi. Məcburi köçkün statusu olan vətəndaşlara vahid aylıq müavinət bu qaydada nəzərdə tutulan şərtlər əsasında təyin olunur. Bu, ilk növbədə, onların sosial müdafiəsinin gücləndirilməsi baxımından çox vacibdir. Hazırda 80 min nəfərdən artıq köçkün 33 manat, 4 yüz min nəfərdən çox məcburi köçkün isə 60 manat vahid aylıq müavinət alır. Bu məbləğlər indiki həddə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 fevral tarixli 993 nömrəli sərəncamı əsasında çatdırılır. Belə ki, dövlət başçısı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə vahid aylıq müavinətin məbləğini həmin sərəncamla 50 faiz artırıb. Ümumiyyətlə, son bir il ərzində vahid aylıq müavinətin məbləği 70 faizə qədər yüksəlib. Bu da, əlbəttə, məcburi köçkün soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə, onların ailə büdcəsinin daha səmərəli istifadə olunmasına böyük kömək deməkdir.
Məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən sosial müdafiəsi dövlət başçısının daim diqqət mərkəzindədir. Xalqın rifahının durmadan yüksəldilməsini ali məqsəd kimi qarşıya qoyan Azərbaycan dövləti və onun rəhbəri hər zaman öz vətəndaşının yanındadır. Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Həm də bu heç bir beynəlxalq konvensiyaya, yaxud öhdəliyə əsaslanmır, Prezident İlham Əliyevin iradəsinin, dövlətimizin siyasi, sosial-iqtisadi potensialının ifadəsidir.
Doğma yurdlarını, ev-eşiklərini Ermənistanın təcavüzkar siyasəti nəticəsində itirməyə məcbur olmuş bir milyondan artıq vətəndaşımızın sosial həyat şəratinin yaxşılaşdırılması istiqamətində bir sıra qanunlar qəbul edilib. Dövlət başçısının sərəncamları ilə yeni yaşayış massivləri salınıb, onların mənzil problemlərinin həlli diqqətdə saxlanılıb. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı dövlət başçısı bir daha qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunu deməyə əsas verən bir çox amillər, məsələn, hərbi gücümüz var və biz bunu göstərmişik: “2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar...”
Bəli, bu istiqamətdə də dövlət başçısı verdiyi vədi yerinə yetirdi: Ötən il 44 gün ərzində Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu Ermənistanın silahlı quldurlarının saxta mifini darmadağın etdi. Qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılan və həyata keçirilən hərbi əməliyyatlar, texniki imkanlardan yararlanaraq, cəsur igidlərimizin qəhrəmanlığına, rəşadətinə söykənərək, xalqımız, ordumuz Ali Baş Komandanımız başda olmaqla, işğalçıları ağ bayraq qaldırıb məğlubiyyətini boynuna almağa - 2020-cil il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu, düşmənin diz çökməsi, yalvarması demək idi.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz tarixi ədaləti bərpa etdik. Biz göstərdik ki, heç kim xalqımızın iradəsi qarşısında dura bilməz. Həqiqətin bir rəngi olur: verilən vədə sadiqlik nümunəsi göstərən Azərbaycan Prezidenti İlham Əliyev 18 il ərzində məcburi köçkünlərin sosial-məişət problemlərini həll etməklə yanaşı, həm də onların ən ümdə arzusunu gerçəkləşdirdi: “Qarabağ Azərbaycandır!”
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2021.-22 dekabr.- S.11.