İlham Əliyev qədim Gəncəyə yeni
gənclik dövrü yaşadır
Bu gün Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, dünya birliyində öz yeri olan dövlətə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır. Həyata keçirilən dövlət proqramları nəticəsində regionlarda iqtisadiyyatın vaxtilə əlçatmaz görünən sahələri inkişaf etmiş, müasir infrastruktur formalaşmışdır. Bu uğurlar şəhər və rayonlarımızın simasını büsbütün dəyişmişdir.
Ölkəmizin ümumi tərəqqisində nümunə göstərilə bilən şəhərlər sırasında Gəncənin xüsusi yeri var. Azərbaycanın davamlı və sürətli inkişafının təsdiqi olan Gəncə hazırda Qafqazın ən gözəl və abad şəhərlərindən, ölkənin isə mühüm iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilmişdir. Bərpa olunan qədim abidələr, yeni salınan meydan və prospektlər, park və xiyabanlar, çəkilən yollar, yüksək standartlara cavab verən beynəlxalq hava limanı, müasir səhiyyə ocaqları və s. Gəncənin yeni gənclik dövrünün göstəriciləridir.
Söz yox ki, bütün bunlar Prezident İlham Əliyevin Gəncəyə və onun sakinlərinə yüksək qayğıkeşliyi və diqqəti sayəsində mümkün olmuşdur. Prezident seçildiyi 18 il ərzində, demək olar ki, hər il Gəncəyə səfər edən dövlət başçısının hər gəlişində şəhərin ictimai və sosial-iqtisadi həyatında olduqca mühüm yeniliklər baş vermişdir. Bu illərdə yeni Cavad xan, Məhsəti, Natəvan, Sadıllı və Şeyxzamanlı qəsəbələri salınmış, 5 muzeyin qırmızı lenti kəsilmiş, bərabəri olmayan Heydər Əliyev Park-Kompleksi yenidən qurulmuş, burada Heydər Əliyev Mərkəzi inşa edilmiş, Məhsəti Gəncəvi Mərkəzi, Nizami Muzeyi, Müasir İncəsənət Muzeyi və Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi sakinlərin ixtiyarına verilmişdir. Bunlardan əlavə, ilk dəfə açıq səma altında muzey - Cavad xan küçəsi ərsəyə gəlmiş, 12 kilometrlik Nizami Gəncəvi prospekti tamamilə yenidən qurulmuşdur. Şəhərin iki giriş istiqamətini birləşdirən bu prospekti bəzəyən daş kitabələr, qədimliyi əks etdirən istinad divarları, arxitekturalı binalar Gəncəyə bir ayrı görkəm bəxş etmişdir.
Gəncəçayın sahilində salınan park-bulvar kompleksi indi sakinlərin ən çox istirahət etdikləri məkanlardandır. Dövlət başçısının sayəsində Qafqazın ən böyük filarmoniyası da məhz Gəncədə yerləşir. Altımərtəbəli binada 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları tamaşaçıların ixtiyarına verilmişdir. İnsanların inam və inanc yeri kimi üz tutduqları “İmamzadə” ziyarətgahının tamamilə yenidən qurulması isə dövlət başçısının ölkəmizdəki tarixi abidələrə hörmət və ehtiramının nümunəsidir. “Gəncə Mall” Ticarət və Əyləncə Mərkəzinin tikintisində dünyanın tanınmış brendlərinin məhsullarından istifadə olunmuşdur. 5 min nəfəri yeni iş yeri ilə təmin edən və ərazisi 20 hektar olan “Qrand Qafqaz” Ticarət Mərkəzi də Gəncənin yeni ünvanlarındandır.
Şəhərdə uzun illər qəzalı vəziyyətdə olan körpülərin əsalı təmiri də dövlət başçısının diqqətindən yayınmamışdır. Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Müseyib Bağırov və Mirzə Abbas Abbaszadə küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən 5 körpünün bərpası üçün Prezidentin Ehtiyat Fondundan 6,4 milyon manat vəsait ayrılmışdır.
Ümumiyyətlə, qədim Gəncənin müasir Avropa şəhərlərindən birinə çevrilməsi üçün Prezident İlham Əliyev diqqət və qayğıkeşliyini əsirgəmir. Bunun sayəsində şəhərdə qəza vəziyyətində olan yataqxana və yaşayış binaları tamamilə yenidən qurulmuş, 148 çoxmənzilli binanın dam örtüyü dəyişdirilmiş, istismara yararsız lift təsərrüfatı yenilənmişdir. Əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər görülmüşdür. Belə ki, 2011-ci ildən Gəncədə su və kanalizasiya xəttinin çəkilişinə başlanılmış, indiyədək uzunluğu 855 kilometr olan içməli su xəttinin 482, 813 kilometrlik kanalizasiya xəttinin isə 329,5 kilometrində işlər başa çatdırılmışdır.
Bu gün Gəncə həm də güclü sənaye şəhərinə çevrilir. Bunun nəticəsidir ki, 2020-ci ildə şəhərdə ümumi məhsul istehsalı 2003-cü ilə nisbətən 4,1, o cümlədən sənaye məhsulları istehsalı 2,8, kənd təsərrüfatı məhsulları istehsalı 2,5, əsas kapitala yönəldilmiş vəsait 59,5 dəfə artmışdır. Bu müddət ərzində 483 sahibkara 47 milyon manat güzəştli kredit verilmiş, yeni açılan müəssisələr hesabına 63,4 min yeni iş yeri yaradılmışdır.
İndi şəhərdə Gəncə Avtomobil Zavodundan savayı, çoxlu sayda digər sənaye müəssisələri də fəaliyyət göstərir. Bu müəssisələr şəhər iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Ölkədə ilk dəfə olaraq süni mərmər və qranit istehsalı zavodu da Gəncədə inşa edilmişdir və burada 50 nəfərdən artıq gəncəli daimi işlə təmin olunmuşdur.
Son 18 ildə Gəncədə çoxlu sayda yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Ədliyyə Nazirliyinin Regional Mərkəzi, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsi, Gəncə Şəhər Dövlət Arxivinin filialı, şəhər, eləcə də Nizami və Kəpəz rayonlarının Polis idarələri, Dövlət Sosial Müdafiə Fondunun Nizami və Kəpəz şöbələri, Statistika İdarəsi, Nizami Rayon Məhkəməsi, Uşaq Yaradıcılıq Mərkəzi üçün inşa edilən binalar şəhərin qədim arxitekturasına müasir çalarlar qatmışdır.
Şəhərin təhsil müəssisələrinin yenilənməsi istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Fondu tərəfindən bir neçə məktəb binası tikilərək istifadəyə verilmiş, o cümlədən ümumilikdə 2080 şagirdlik 3 məktəb binası inşa edilmiş, 24289 şagirdlik 31 məktəb binası əsaslı təmir olunmuş, 6 məktəb binası üçün 4580 şagirdlik əlavə tədris korpusu tikilmişdir. Məktəbəqədər müəssisələrə gəldikdə, təkcə son dövrlər 3 saylı Körpələr evi-uşaq bağçası əsaslı təmir edilmiş, 140 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunmuşdur. Bunlardan başqa, 1 və 3 nömrəli Peşə məktəbləri, həmçinin 2 və 3 nömrəli Peşə liseyləri təmir edilərək istifadəyə verilmişdir. Hacıkənd qəsəbəsində isə 37 saylı Körpələr evi-uşaq bağçası üçün yeni bina tikilmişdir.
Gəncəlilər qısa vaxt ərzində siması dəyişmiş qədim Nizami yurdunda görülən işləri yüksək dəyərləndirir və bütün bu işlərə görə ilk növbədə Prezident İlham Əliyevə minnətdardırlar.
Sabir ƏLİYEV
Azərbaycan.- 2021.-22 dekabr.- S.12.