GUAM Parlament Assambleyasının
büro və sessiya iclasları keçirilib
Dekabrın 21-də GUAM Parlament Assambleyasının
(PA) videokonfrans formatında
büro və sessiya iclasları keçirilib.
GUAM PA-nın
16-cı büro iclasına
qurumun sədri və bu təşkilatda
Gürcüstan nümayəndə
heyətinin rəhbəri
Georgi Xelaşvili moderatorluq edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
iclasda GUAM PA-da Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Elnur Allahverdiyev iştirak edib.
Tədbirdə GUAM Parlament
Assambleyası komitələrinin
dekabrın 20-də keçirilən
birgə iclasının
yekunları, qurumun komitələrində 2022-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin
təsdiqlənməsi, Gürcüstanda
keçirilən bələdiyyə
seçkilərində və
Moldovada keçirilən
parlament seçkilərində
qurumun müşahidə
missiyasının işi,
GUAM PA-nın 14-cü sessiyasının
yekun sənədinin layihəsi, GUAM PA-ya sədrliyin təhvil verilməsi və digər məsələlərə
baxılıb.
Gündəliyin 4-cü məsələsi olan Gürcüstandakı bələdiyyə
seçkilərində və
Moldovada keçirilən
parlament seçkilərində
qurumun müşahidə
missiyasının işi
ilə bağlı
GUAM-ın Baş katibi Altay Əfəndiyev ətraflı məlumat verib. Məsələ ilə
bağlı GUAM PA-da Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Elnur Allahverdiyev çıxış edərək
Gürcüstanda bələdiyyə
seçkilərinin, Moldovada
parlament seçkilərinin
yüksək səviyyədə
keçirildiyini vurğulayıb,
seçkilərin demokratik
şəkildə təşkilini,
seçicilərin yüksək
fəallığını qeyd edib.
Büro iclasında müzakirə
olunan məsələlərlə
bağlı çıxışlar
edilib, gündəlikdəki
mövzulara münasibət
bildirilib.
Günün ikinci yarısında isə GUAM Parlament Assambleyasının Gürcüstan
tərəfinin sədrliyi
ilə videokonfrans formatında 14-cü sessiyası
keçirilib.
Sessiyada Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin
rəhbəri Elnur Allahverdiyev və üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Nəsib
Məhəməliyev, Fatma
Yıldırım, Cavid
Osmanov iştirak ediblər.
Sessiyanın açılışında
üzv ölkələrin
qurumdakı nümayəndə
heyətlərinin rəhbərləri,
GUAM-ın Baş katibi Altay Əfəndiyev,
Baltik Assambleyasının
vitse-prezidenti Yanis Vutsans çıxış
ediblər. Azərbaycan Milli Məclisinin
GUAM PA-dakı nümayəndə
heyətinin rəhbəri
Elnur Allahverdiyev çıxışını 2021-ci ildə Azərbaycanda və regionda baş verən hadisələr üzərində
qurub. O, Azərbaycanın
Ermənistanın işğalından
azad etdiyi ərazilərdə apardığı
quruculuq və bərpa işləri barədə məlumat verib. Həyata keçirilən nəqliyyat və kommunikasiya layihələrindən,
bölgənin “Yaşıl
zona” elan edilməsindən danışıb.
Azərbaycanla Ermənistan arasında sülhün bərqərar
edilməsi, sərhədlərin
delimitasiya və demarkasiyası, dəmir yollarının açılması
ilə bağlı əldə edilən razılaşmaların tək
Azərbaycan üçün
deyil, həm də Ermənistan və bütün region üçün önəmini
vurğulayıb.
Elnur Allahverdiyev çıxışında
noyabrın 28-də İspaniya
paytaxtında Azərbaycan
tərəfinin təşəbbüsü
ilə Qoşulmama Hərəkatının Parlamentlər
Şəbəkəsinin təsis
iclasının keçirilməsi
barədə də məlumat verib.
COVID-19 pandemiyasından
söz açan E.Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin virusa qarşı vaksinlərin dünya dövlətləri
arasında ədalətli
şəkildə bölünməsi
ilə bağlı qlobal təşəbbüsünün
beynəlxalq aləmdə
rəğbət qazanmasından
danışıb.
Sonra sessiyada GUAM ölkələrinin yeni qlobal çağırışlar
kontekstində əməkdaşlığı,
COVID-19 pandemiyasına, onun
sosial və iqtisadi təsirlərinə
qarşı mübarizə
tədbirləri, Şərq
Tərəfdaşlığı və GUAM - perspektivlər
və imkanlar, quruma üzv ölkələrdəki münaqişələrin
mövcud vəziyyəti
və həlli perspektivləri, bu təşkilatın əsas
iqtisadi layihələrinin
dəstəklənməsi kimi
məsələlər müzakirə
edilib.
Sessiyada Milli Məclisin deputatları Fatma Yıldırım və Əli Məsimli çıxış ediblər. Deputatlar Azərbaycanın
44 günlük Vətən
müharibəsində Zəfərinin
Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi
və regional əməkdaşlığın
inkişafı baxımından
yaratdığı imkanlara
diqqət çəkiblər,
işğaldan azad edilmiş ərazilərin
iqtisadi potensialı və investisiya imkanları barədə danışıblar.
Sessiyada GUAM PA-ya sədrlik Gürcüstandan Moldovaya keçib.
İclasın sonunda yekun sənəd
olaraq kommünike qəbul olunub.
Azərbaycan.- 2021.- 22 dekabr.- S.2.