Şuşanın
musiqi məclisləri
Şuşa əzəldən Azərbaycanın
musiqi beşiyi, iri mədəniyyət mərkəzlərindən
biri sayılıb. Hələ XIX əsrin ikinci
yarısında Bakı, Şamaxı kimi Şuşada da
muğam məclisləri təşkil olunub. Musiqi məclisləri
əsl sənətkarlıq məktəbinə çevrilməklə
yanaşı, bu sahənin inkişafında əvəzsiz xidmətlər
göstərib. Bu məclislərin əks-sədası nəinki
böyük şəhərlərdə, əyalətlərdə,
hətta kəndlərdə eşidilib, musiqisevərlər tərəfindən
muğam məclisləri təşkil edilib.
Azərbaycan musiqisinin və
muğam sənətinin inkişafında yeni-yeni xanəndələr
və musiqiçilər nəslinin yetişməsində
Şuşanın qədim musiqi məktəbləri də
mühüm rol oynayıb. Onlardan biri XIX əsrin məşhur
musiqişünası, klassik Şərq musiqisinin mahir bilicisi,
şair Xarrat Qulu tərəfindən yaradılıb. Xarrat
Qulunun məktəbinə səsi olan gənclər
götürülüb, musiqi məclisləri təşkil
olunub, iştirakçılara dini mərasimlərin,
xüsusilə məhərrəmlik təziyyəsinin
keçirilməsi üçün şəbih rollarında
oynamaq, eləcə də Şərq musiqisinin əsasları,
muğamlar, Azərbaycan el havalarını düzgün oxumaq
qaydaları öyrədilib. Məktəb dinə xidmət etmək
məqsədilə açılıb. Ancaq zaman keçdikcə
sırf musiqi məclislərinə çevrilib. Hacı
Hüsü, Məşədi İsi, Dəli İsmayıl,
Şahnaz Abbas, Əbdülbacı Zülalov, Sadıqcan,
Keçəçi oğlu Məhəmməd, Cabbar
Qaryağdıoğlu kimi bir çox ustad sənətkarların
yetişməsində Xarrat Qulunun məktəbi böyük
rol oynayıb.
XIX əsrin sonlarında
Şuşada fəaliyyət
göstərmiş bir başqa dini xarakterli musiqi məktəbi
isə Kor Xəlifənin məktəbi (1883-1893) olub. Məktəb
Qarabağ əhalisinin mədəni
inkişafına böyük təsir göstərib,
Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində
mühüm əhəmiyyəti olub.
Bu təhsil ocağı şəhərdə xəlifə vəzifəsində
çalışan və dini işlərə nəzarət
edən Molla Əli Molla Kəlbəli oğlu tərəfindən
açılıb. “Kor Xəlifə” onun ləqəbi idi. Kor
Xəlifənin məktəbində dini elmlər geniş tədris
olunub. Amma burada Şərq şairlərinin və mütəfəkkirlərinin
əsərləri, klassik muğamlar, onları oxumaq
qaydaları, xanəndəlik sənətinin incəlikləri,
musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq,
tar, kamança və digər musiqi alətlərində
çalmaq da öyrədilib, əhali arasında klassik musiqi
geniş təbliğ edilib, şagirdlər kamil
musiqişünas, ədəbiyyatçı kimi
yetişdirilib. Kor Xəlifənin məktəbində tez-tez təşkil
edilən poeziya və muğam müsabiqələrində
istedadlı gənclər üzə çıxarılıb.
Həvəsləndirmək üçün onlar
mükafatlandırılıb. Kor Xəlifənin məktəbi
onillik fəaliyyəti ərzində yalnız Qarabağda
deyil, qonşu vilayətlərdə və İranda da
tanınıb.
XIX yüzilliyin axırlarında, məşhur
musiqi xadimi Xarrat Qulu
dünyasını dəyişəndən sonra (1883)
böyük muğam ustası Hacı Hüsünün
yaxından iştirakı ilə
musiqişünas-alim Mir Möhsün Nəvvab Qarabaği
Şuşada musiqi məclisi təşkil edib. Bəzən
“Xanəndələr məclisi”
adlanan bu məclis uzun illər həm də musiqi məktəbi
rolunu oynayıb. Yaradılmasında əsas məqsəd isə
yeni xanəndələr nəsli yetişdirmək, bu sənəti
xalq arasında geniş yaymaq və klassik Azərbaycan
muğamlarını daha da inkişaf etdirmək olub. Gənc
istedadların üzə çıxarılması
üçün məclisdə mütəmadi olaraq muğam
müsabiqələri, musiqi yarışları təşkil
edilib. Məclisin yetirmələri arasında Keçəçi
oğlu Məhəmməd, Məşədi İsi,
Keştezan Haşım, Dəli İsmayıl, Malıbəyli
Cümşüd, Şahnaz Abbas, Cabbar Qaryağdıoğlu,
Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev,
İslam Abdullayev kimi məşhur sənətkarlar olub.
XIX əsrin sonlarında
Şuşada Molla
İbrahimin məktəbi
məşhur olub. Molla İbrahimin yaratdığı bu musiqi
məktəbi özündən əvvəl fəaliyyət
göstərən musiqi məktəbləri
kimi dini xarakteri daşıyıb. Yalnız məlahətli,
gözəl səsli, poeziyaya xüsusi həvəsli
istedadlı gənclərin
seçilib götürüldüyü bu təhsil
ocağında klassik muğamlardan dərs keçilib, fars, ərəb
dilləri, dini mərasimlər öyrədilib. Həmçinin
Hafiz Şirazi, Nizami Gəncəvi, Sədi Şirazi, Ömər
Xəyyam, Məhəmməd Füzuli, Qasım bəy Zakir,
Seyid Əzim Şirvani və başqa Şərq şairlərinin
qəzəlləri tədris olunub. Məktəbdə
Qarabağın bir sıra musiqi
xadimləri, xanəndələri, eləcə də
Bülbül, Mehralı oğlu Bahadır və digər sənətkarlar
musiqi təhsili alıblar. Molla İbrahimin məktəbi təxminən 1920-ci illərədək
fəaliyyət göstərib.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.
- 2021.-22 dekabr.- S.15.