Cıdır düzü

 

Şuşanın əsrarəngizliyi ilə seçilən bu məkanı həm də müqəddəs sayılır

 

Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, xalqımızın maddi və mədəni irsini, qədim adət-ənənələrini özündə əks etdirən füsunkar diyardır. Qarabağ Azərbaycanın dilbər guşəsidir. Şuşa isə Qarabağın tacıdır. Təmiz havası, uca dağları, şəfalı suyu, əsrarəngiz təbiəti dillər əzbəridir.

Qarabağın bu zirvələr səltənətinin adı gələndə adamın xəyalına o yerlərin nağılabənzər, şən, xoş əhvali-ruhiyyəli günləri düşür. Qala şəhərinin hər qarışı özündə tariximizlə yanaşı, mədəniyyətimizi də qoruyub saxlayıb.

Əlbəttə, Şuşanı dillər əzbəri edən həm də məşhur tarixi məkanı olan Cıdır düzüdür. Cıdır düzü Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramının keçirildiyi ərazidir.

Qarabağa kim gələrdisə, Cıdır düzünə də baş çəkərdi. Şuşaya səfər edənlərin sevimli yerlərindən biri də gözəl təbiətə malik əfsanəvi Cıdır düzü olub. Qərb tərəfi bir-birinin arxasında yerləşən üç yüksəklikdən ibarətdir. Bu yüksəkliklərə “Üçmıx” adı verilib.

Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında “Xarıbülbül” mahnı festivalları keçirilirdi. Əsrin əvvəllərindəki Qarabağ xanəndələrinin bir çoxu da Cıdır düzündəki ifalarından sonra məşhurlaşıb.

1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunmuşdu. Erməni əsirliyində olduğu müddətdə yolumuz bu müqəddəs məkana düşmədiyi üçün o, mədəniyyət və incəsənət əsərlərində yaşadıldı və unudulmadı. Rəssamlar əsərlərində Cıdır düzünün möhtəşəm gözəlliyə malik olduğunu göstərdilər. İngilis kraliçası “Cıdır düzütablosu qarşısında dayanaraq heyranlıqla ona tamaşa edib. Sakit Məmmədovun “Cıdır düzü” adlı rəsm əsəri hədiyyə olaraq II Elizabetə təqdim edilib. Azərbaycan nümayəndə heyətinin kraliçaya “Cıdır düzü” adlı rəsm əsərini təqdim etməsi Qarabağın məhz xalqımıza məxsusluğunu bir daha dünyaya nümayiş etdirdi. Şair-jurnalist Əli Mahmud deyir ki, Cıdır düzü təbiət abidəsidir və Azərbaycan tarixində özünəməxsus yeri var.

İşğalçı ermənilər bizim üçün müqəddəs məkan olan Şuşada xalqımızın heysiyyətinə toxunmaq üçün insanlığa yaraşmayan hərəkətlər etdilər: Ermənistanın baş naziri Nikol Paşinyan sərxoş olaraq Cıdır düzündə “Yallı” getdi...

Bir ildir ki, Cıdır düzü, Şuşa, külli-Qarabağ azaddır.

Cıdır düzündə həm də Qarabağ xanlarının atlarının ayaq izləri var. Şuşanın azad olunmasında verdiyimiz şəhidlərin də ayaq izləri o qayalarda və Cıdır düzündə qalıb. Ona görə də müqəddəsdir.

Cıdır düzü adicə düzəngah bir məkan deyil, Qarabağın igidləri burada at oynadıblar, qurşaq tutublar, üzüyün halqasından ox keçiriblər. Burada Qarabağın igidləri sevdikləri qızı gözaltı ediblər. Pənahəli xandan başlayaraq Qala camaatı “Yallı” gedib, ən xoş günlərini burada keçirib. Ona görə də Cıdır düzü Qala camaatı üçün ən müqəddəs yer olub. Onların ən çox sevdiyi, ibadət etdiyi şəxslər və şəxsiyyətlər dünyadan köç etdikdən sonra Cıdır düzünün aşağısındakı qəbiristanlıqda dəfn olunublar. Buna görə də hər zaman bura ziyarətə gəliblər, başda Molla Pənah Vaqif olmaqla.

Qalanın girəcəyi Ərimgəldidən başlayır. Bədii əsərlərdən də məlumdur ki, qalalı xanımlar döyüşə, həm də səfərə gedən ərlərinin və oğullarının yolunu Ərimgəldidə oturub gözləyərdilər. Ərimgəldidən yuxarıda, Cıdır düzünün aşağısında böyük bir qəbiristanlıq var. Vandal ermənilər buranı da dağıdıb, amma yer üzündən silməyə cürətləri çatmayıb, qalıqları qalmaqdadır. Mir Möhsün Nəvvabın, Məmməd ağa Müctəhidzadənin müqəddəs məzarları bu qəbiristanlıqdadır.

Cıdır düzü yenə də musiqli, nəğməli günlərində öz doğmalarını, əzizlərini qarşılayır, əsl sahiblərinə qucaq açır. Ötən il noyabrın 8-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətində demişdir:

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2021.-22 dekabr.- S.15.