Böyük söz sərrafı Mir Möhsün Nəvvab

 

Şəxsiyyətlər

 

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında XIX əsr Qarabağ mühitinin böyük rolu olmuşdur. Bu zəngin mədəniyyət beşiyində çoxlu şair, musiqiçi, tarixçi, ədəbiyyatşünas, incəsənət xadimi, neçə-neçə sənət dühası yetişmişdir.

Onların içərisində məşhur olan görkəmli şəxsiyyətlərdən biriMir Möhsün Hacı Mirəhməd oğlu Nəvvab idi. O, Azərbaycan mədəniyyəti tarixinə şair, xəttat, rəssam, musiqişünas, astronom, eyni zamanda müxtəlif elmlərə bələd olan açıqfikirli ziyalı kimi daxil olmuşdur. Şuşanın ictimai həyatında həmişə qabaqcıl və o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur. Nəvvab ensiklopedik zəka sahibi, həm də böyük filoloq - söz sərrafı idi.

1833-cü ildə Şuşada anadan olan bu tanınmış şəxsiyyət ilk təhsilini ruhani məktəbində almış, ərəb, fars dillərini, sonradan isə rus dilini mükəmməl öyrənmişdir. A.Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərə yiyələnmişdir. Sonralar Nəvvab təhsilini sərbəst davam etdirmiş, biliyini artırmış, dövrünün mütərəqqi fikirli, öndə gedən, hər bir hadisəyə fəal münasibət bildirən nüfuzlu insanlarından olmuşdur. Çoxşaxəli yaradıcılığa malik Mir Möhsün Nəvvab elmin, təhsilin, incəsənətin müxtəlif sahələrində dərin iz qoyub getmişdir. Onun araşdırmaları, fikir və mülahizələri iyirmidən artıq əsərində öz əksini tapmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda 50-yə qədər əlyazma kitabı mühafizə edilir. Əksəriyyəti avtoqraf nüsxələrdən ibarət olan bu kitabların içərisində eyni əsərin M.M.Nəvvabın öz əli ilə işlədiyi, tərtib etdiyi, üzünü köçürdüyü üç nüsxəsinə də rast gəlmək mümkündür. Bu avtoqraflardan ikisi 1906-cı ilə, biri isə 1907-ci ilə məxsusdur. Böyük ensiklopedik zəka sahibi həm də yağlı boya ilə çəkilmiş bir sıra rəsmlərin, miniatürlərin müəllifi idi. OnunQuşlar”, “Güllər”, “Teymurun portreti” adlı rəsmləri xüsusilə məşhurdur, mütəxəssislər tərəfindən heyranlıqla qarşılanmışdır.

Nəvvab Azərbaycanın quzeyində kitab çapının bünövrəsini qoyanlardan biri olmuşdur. Tədqiqatçılar yazırlar ki, əslində, onun mətbəəsi çox ibtidai idi. Lakin buna baxmayaraq, orada həmin dövr üçün mühüm əhəmiyyət kəsb edən kitablar çapdan çıxmışdır. Haşımzadə Ağa Mir Mehdinin (Xəzani) “Şəriətül-islam”, Nəcəf bəy Vəzirovun “Sonrakı peşmançılıq fayda verməz” əsəri 1893-cü ildə, özününKitabi-divani-farsi”, “Kitabi-kəşfül-həqayiq. Şeirlər”, “Divani-farsi”, “Mərsiyə və qəzəllər”, “Dibaçeyi-divani-farsi”, “Kitabi-türki, əşari-Nəvvab” və s. əsərləri 1896-1899-cu illərdə daş basması üsulu ilə işıq üzü görmüşdür. M.M.Nəvvab yazdığı əsərlərin litoqrafiya üsulu ilə çapını təmin etmək üçün lazım olan boyaları, qızılı, gümüşü rəngləri fərdi reseptləri əsasında (bədir yağı, nişastas.) özü hazırlayırdı. Onun öz sevimli rəngləri və bu rənglərdən təşkil olunmuş xüsusi palitrası var idi. Rəssamlıq təhsili almasa da, təsvir etdiklərinə fərdi münasibət bəsləməyi bacaran Nəvvabın bədii irsi milli kitab mədəniyyəti xəzinəmizdə özünəməxsus yerlərdən birini tutur.

Nəvvab öz evinə iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmış, əsasən Günəş tutulmaları ilə bağlı cədvəllər tərtib etmişdir.

Qarabağbütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə bu şəxsiyyət özünün bədii yaradıcılığı ilə vermişdir. Onun bir çox akvarel rəsmləri, kitab miniatürləri, bina və məscidlərə vurduğu naxışlar dəyərli sənət əsərləri kimi yüksək qiymətini almışdır. Nəvvabın milli musiqişünaslıqda mühüm xidmətləri danılmazdır. O, XIX əsrin 80-ci illərində Hacı Hüsü ilə birgə “Musiqiçilər məclisi”ni yaratmşdır. Burada musiqi sahəsinin ən aktual məsələləri barədə müzakirələr aparılırdı. Məclisdə Hacı Hüsü, İslam Abdullayev, Cəmil Əmirov, Seyid Şuşinski, Sadıqcan və digər məşhur xanəndələr, nəzəriyyəçilər iştirak edirdilər.

Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) məşhur musiqi risaləsi ilk dəfə 1913-cü ildə Bakıda işıq üzü görmüşdür. Tanınmış musiqişünas alim, akademik Zemfira Səfərova yazır ki, həmin risalədə müəllif ayrı-ayrı muğamların, bəzi dəsgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırmış, muğamların şeir mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunmuşdur. Nəvvab ilk dəfə dəsgah terminindən istifadə etmiş, həmin dövrdə Qarabağda məlum olan altı dəsgahın adını çəkmişdir: “Rast”, “Mahur”, “Şahnaz”, “Rahavi”, (yaxudRahab”), “Çahargah” və “Nəva”. Mənbələrdə göstərilir ki, Nəvvabın sözlərinə əsasən ifa olunan dəsgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Həmin əsərdə Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın adı verilmişdir.

Mir Möhsün Nəvvab bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını da araşdırmışdır. Muğamların adlarını onların yaranmasında xüsusi rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirmişdir. Rast” muğamını bahar mehi, “Rahavini yağış damlaları, “Çahargah”ı ildırım çaxması, “Dügah”ı fontan vuran bulaqlarla, “Humayunu quşların uçuşu, “Nəva”nı bədbəxt sevgililərin ah-naləsi, “Mahuru suların şırıltısı, “Şahnaz”ı bülbüllərin cəh-cəhi, “Üşşaq”ı quşların havada süzməsi, “Üzzal”ı meteoritlərin hərəkəti ilə əlaqələndirmişdir. Beləliklə, maraqlı bir bənzətmə yaratmışdır. 1913-cü ildə Mir Möhsün Nəvvabın yazdığı bu kitab ona təkcə Azərbaycanda deyil, vətənimizin hüdudlarından kənarda da şöhrət qazandırmışdır.

XIX əsrin 70-ci illərində Şuşada fəaliyyətə başlayan “Məclisi-fəramuşan” (“Unudulmuşların məclisi”) ədəbi məclisinə başçılıq edən Mir Möhsün Nəvvab eyni zamanda Qarabağ şairlərinin əsərlərini toplayaraq sanballı bir kitab - təzkirə hazırlamışdır. 100-dən artıq şairin həyat və yaradıcılığı haqqında məlumatların və onların əsərlərinin yer aldığı təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur. Orada toplanan əsərlərin ədəbi təhlili Azərbaycanın Qarabağ bölgəsində ədəbiyyatımızın inkişaf yolu haqqında geniş bir təsəvvür yaratmışdır. Bu əsər yüksək səviyyədə dəyərləndirilmiş və Nəvvabın filoloq-alim kimi xidmətləri xüsusi qeyd edilmişdir.

Nəvvabın poetik irsi əsasən onun Azərbaycan və fars dillərində tərtib etdiyi divanlarında, təzkirəsində toplanmışdır. Şairin 148 səhifədən ibarət farsca divanı 1897-ci ildə, 128 səhifədən ibarət azərbaycanca divanı isə 1898-ci ildə özünün Şuşadakı şəxsi mətbəəsində çap edilmişdir. Azərbaycan dilindəki divanında klassik şeirin bir sıra janrlarında yazılmış əsərlər - qəzəl, mürəbbe, müxəmməs, müsəddəs, müəşşər, çarparə, müfrədlər, o cümlədən qoşmaları yer almışdır. Divanın dibaçəsində müəllifin özü haqqında məlumat, əsəri yazmağa başladığı tarix və əsərlərinin siyahısı verilmişdir. M.M.Nəvvabın “Pəndnamə” əsəri fars dilində 500, Azərbaycan dilində isə 499 nəsihətdən ibarətdir. Tanınmış pedaqoqalimin etik görüşləri müəyyən mənada onun “Kifayətül-ətfal, Nurül-Ənvar” və “Pəndnamə” kimi kitablarında öz əksini tapmışdır.

Mənbələrdə qeyd olunur ki, Nəvvab müxtəlif elmlərə bələd olduğu və açıqfikirli bir ziyalı kimi tanındığı üçün Şuşadan, ətraf bölgələrdən görkəmli saz-söz sərrafları, xanəndələr onun mənzilinə toplaşar, yeni şeirlərini oxuyar, musiqiyə qulaq asarmışlar. “Məclisi-üns” ədəbi məclisi Natəvanın sarayına köçdükdən sonra “Məclisi - fəramuşan” məclisi təşkil edilmişdir. Üzvləri isə “Məclisi-üns”ün unutduğu şairlər imiş. Məclisin məşğələləri qışda Mir Möhsünün mənzilində, yay aylarında isə Cıdır düzündəki “Ağzıyastı kaha” deyilən yerdə keçirilərmiş. Məclis üzvlərini dünya hadisələri və mədəni yeniliklərlə tanış etmək üçün Nəvvab Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya” və “Kəşkül” qəzetlərini, Hindistandan fars dilində nəşr olunan “Həblül-mətin” məcmuəsini alırmış. 1903-cü ildə Nəvvabın təşəbbüsü ilə qiraətxana-kitabxana açılmış və bundan sonra ədəbi məclisin fəaliyyəti zəifləməyə başlamışdır.

Nəvvabın Şuşa şəhərinin mədəni inkişafında rolu böyük olmuşdur. O, əvvəlki ruhani məktəblərindən, mədrəsələrdən fərqli olaraqüsuli cədid” məktəbləri açmış, burada coğrafiya, tarix, ədəbiyyat, dil dərsləri keçirilmişdir. Nəvvabın özübu məktəblərin birində dərs demişdir.

Nəvvabın yüksək bədii zövqü var idi. Bu, onun poeziyasında, kitablarının bədii tərtibatında, şəxsi evinin, işlədiyi məktəbin, Şuşanın “Böyük məscidi”nin iki minarəsinin naxışlarının vurulmasında, formasında özünü büruzə vermişdir.

Nəvvabın son dövrdə aşkarlanaraq ilk dəfə 1993-cü ildə nəşr edilmiş “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı isə müəllifin yaşadığı dövrün mürəkkəb və keşməkeşli hadisələrə fəal vətəndaş mövqeyini bildirməsi, alovlu publisist və qızğın vətənpərvər olduğunu sübut etmişdir. Bu kitab real faktlar əsasında qələmə alınmış və ermənilərin 1905-1906-cı illərdə xalqımıza qarşı törətdiyi vəhşilik və cinayət əməllərini tam gercəkliyi ilə əks etdirmiş, bir sıra aktual mətləblərə aydınlıq gətirmişdir.

Kitabda təsvir olunan hadisələr daha çox Qarabağ torpağında, xüsusilə də onun baş kəndi-tacı sayılan Şuşada baş verir. Bununla belə, müəllif yeri gəldikcə erməni millətçilərinin Bakı və İrəvanda, Naxçıvan və Təbrizdə, TiflisXorasanda törətdikləri təxribatları da nəzərdən qaçırmamış və onların bir mərkəzdən idarə olunmasını vurğulamışdır. Bu isə kitabın mötəbərliyinin bir əlaməti kimi dəyərləndirilə bilər.

Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak etmişdir. Şeirlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, “Məclisi-fəramuşan” adlı ədəbi, “Məclisi-xanəndə” adlı musiqi məclisləri qurmuşdur.

Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Mir Möhsün Nəvvab 1918-ci ildə Şuşada vəfat etmişdir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2021.-22 dekabr.- S.15.